Dünyanın bu günü - 19.01.2021

AZƏRBAYCAN TELEVİZİYASININ ENERJİ BLOKUNDA PARTLAYIŞ

(1990)

 

1990-cı il yanvarın 19-da saat 19:27-də Azərbaycan Televiziyasının enerji bloku partladılıb. Məqsəd Sovet ordusunun Bakıya hərbi təcavüzü barədə xalqa məlumat verilməsini əngəlləmək olub. Saat 20:00-da SSRİ Ali Soveti yanvarın 20-də saat 00:00-dan etibarən Bakıda fövqəladə vəziyyət elan edilməsi barədə qərar verib. Saat 23:00-da sovet qoşun hissələri Türkan-Qala istiqamətindən Bakı üzərinə hücuma başlayıb.

 

 

NAXÇIVAN SSRİ-NİN TƏRKİBİNDƏN ÇIXIB

(1990)

 

19 yanvar 1990-cı ildə sovet ordusunun Bakıya, Ermənistanın isə Naxçıvana hərbi təcavüzü ilə əlaqədar Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası keçirilib. Sessiyada muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul olunub və Qars müqaviləsinə əsasən BMT-yə, Türkiyəyə, eləcə də dünyanın digər dövlətlərinə kömək üçün müraciət edilib. Qeyd edək ki, həmin dövrdə Naxçıvan MSSR Ali Sovetinə Səkinə Əliyeva, Nazirlər Sovetinə isə Afiyəddin Cəlilov rəhbərlik edib.

 

 

AZƏRBAYCANIN DÖVLƏT GERBİNİN TƏSDİQİ

(1993)

 

1993-cü ilin bu günü Azərbaycan Respublikasının Dövlət Gerbi 460 saylı Konstitusiya Qanunu ilə təsdiq edilib. Azərbaycan Respublikasının Dövlət Gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Dövlət Bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var. Dövlət Gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.

 

 

HƏMİDƏ MƏMMƏDQULUZADƏ-CAVANŞİR

(1873-1955)

 

Azərbaycanın ilk maarifçi qadınlarından biri, xeyriyyəçi və tərcüməçi Həmidə Məmmədquluzadə-Cavanşir 1873-cü il yanvarın 19-da Şuşa qəzasının Kəhrizli kəndində dünyaya gəlib. Hələ yeniyetmə illərində rus dilini yüksək səviyyədə mənimsəyib. 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açıb və burada dərs deyib. Həyat yoldaşı Cəlil Məmmədquluzadənin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutub. Yazıçılar İttifaqına üzv seçilib, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı xatirələrini böyük ustalıqla qələmə alıb. Həmidə Məmmədquluzadə 6 fevral 1955-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunub. O, tarixçi Əhməd bəy Cavanşirin qızıdır.

 

 

ŞAMOY ÇOBANOV

(1965-1990)

 

Azərbaycanın Milli Qəhrəmanı Şamoy Məhyəddin oğlu Çobanov 1965-ci ilin bu günü  Qazax rayonunun Ağköynək kəndində anadan olub. 1982-ci ildə 1 saylı Qazax şəhər orta məktəbini bitirdikdən sonra avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlayıb. 1989-cu ildə Qazax Rayon Polis Şöbəsində işə qəbul olunub. Ermənilərin Xeyrimli, Yuxarı Əskipara və Bağanis Ayrım kəndlərinə hücumu zamanı rəşadət nümayiş etdirib. 1990-cı il avqustun 19-da Yuxarı Əskipara kəndində "Qanlı dərə" deyilən yerdə baş verən döyüşdə qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Şamoy Çobanova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 

 

ŞAMİL RAMAZANOV

(1976-1995)

 

Azərbaycanın Milli Qəhrəmanı Şamil Ağasəf oğlu Ramazanov 19 yanvar 1976-cı ildə Ağsu rayonunun Rəhimli kəndində anadan olub. 1983-1993-cü illərdə burada orta məktəbdə təhsil alıb. 19 mart 1994-cü ildə hərbi xidmətə çağırılıb. Gəncə şəhərindəki "N" saylı hərbi hissədə təlim keçib, tez bir zamanda bütün silahlardan istifadə etməyi öyrənib. 1995-ci ilin 13-17 mart hadisələri zamanı dövlət çevrilişinə cəhd edən silahlı dəstəni zərərsizləşdirərkən qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Şamil Ramazanova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 

 

HABİL ƏZİZOV

(1968-1990)

 

20 Yanvar şəhidi Habil Kommunar oğlu Əzizov  1968-ci il yanvarın 19-da Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. Hərbi xidmətini Riqada başa vurub. Ağstafada sovxoz idarəsində işləyib. Habil Əzizov 1990-cı il yanvarın 19-da Bakını işğal edən sovet tankının altında qalaraq şəhid olub və Ağstafa rayonunun Vurğun qəsəbəsində dəfn edilib.

 

 

FƏRİD ƏHMƏDOV

(1986-2010)

 

Şəhid Fərid Güloğlan oğlu Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhər Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2007-ci ildə oranı bitirib, 2007-2008-ci illərdə Təlim-Tədris Mərkəzində kurs keçib. 2008-2009-cu illərdə Gəncədə xidmət edib. 2010-cu il sentyabrın 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün nəşi düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Azərbaycana qaytarılıb. Azərbaycan Prezidentinin sərəncamı ilə baş leytenant Fərid Əhmədov ölümündən sonra “İgidliyə görə” medalına layiq görülüb.

 

 

SƏBUHİ ƏSƏDOV

(1999-2020)

 

Şəhid Səbuhi Azər oğlu Əsədov 19 yanvar 1999-cu ildə Bakı şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Həsənli kəndindəndir. Suraxanı rayonundakı 85 saylı orta məktəbdə təhsil alıb. Mingəçevir şəhərində N saylı hərbi hissədə xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi zamanı cəbhənin Tərtər istiqamətində, Talış və Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib. Səbuhi Əsədov 8 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində şəhid olub. Ölümündən sonra “Suqovuşanın azad edilməsinə görə” və "Vətən uğrunda" medalları ilə təltif edilib.

 

 

MƏMMƏDAĞA SULTANOV

(1910-1991)

 

Azərbaycanın əməkdar mədəniyyət işçisi, filologiya elmləri namizədi, tərcüməçi, şair və ədəbiyyatşünas Məmmədağa Sultan oğlu Sultanovun anım günüdür. O, 1910-cu il yanvarın 5-də Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Kiçik yaşlarında ailəliklə Bakıya köçüb, ibtidai məktəbi qurtardıqdan sonra fərdi təhsil alıb. Müxtəlif illərdə qəzet və jurnallarda məsul katib, redaktor, şöbə müdiri, Mühəndis və Təsərrüfatçıların ixtisasını artıran İnstitutun Dil və Ədəbiyyat kafedrasının müdiri vəzifələrində çalışıb. Azərbaycan Dövlət Universitetində müəllim, Azərbaycan EA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutu Əlyazmalar şöbəsinin müdiri, Əlyazmalar Fondunun direktoru, şöbə müdiri, Yaxın və Orta Şərq Xalqları İnstitutunda Şərq ölkələri ilə ədəbi əlaqələr şöbəsinin müdiri olub. Ədəbi fəaliyyətə 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Sənət məktəbi” adlı ilk şeiri ilə başlayıb, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Bir çox  kitabları mətnşünas kimi tərcümə və tərtib edib. Xidmətlərinə görə 7 medalla təltif edilən Məmmədağa Sultanov 1991-ci il yanvarın 19-da Bakıda vəfat edib.

 

 

CƏLAL ALLAHVERDİYEV

(1929-2017)

 

Azərbaycanın əməkdar elm xadimi, akademik, fizika-riyaziyyat elmləri doktoru, professor Cəlal Eyvaz oğlu Allahverdiyevin xatirə günüdür. O, 1929-cu il sentyabrın 17-də Şuşada anadan olub. Azərbaycan Dövlət Universitetində təhsil alıb, Mstislav Keldışın rəhbərliyi ilə Moskva Dövlət Universitetinin aspirantı olub. Müxtəlif illərdə Azərbaycan Dövlət Universitetində və Azrbaycan EA-nın Kibernetika İnstitutunda baş müəl­lim, dosent, şöbə mü­diri, direktor müa­vini, direktor, labo­ratoriya müdiri, prorek­tor və kafedra müdiri vəzifələrində çalışıb. Azərbaycanda ilk dəfə stoxas­tik sistemlər­də idarəetmə, optimal idarəetmə sahəsində işlərə başlayıb. 130-dan çox elmi əsərin müəl­lifidir. “Allah­ver­diyev teoremi”, “Allahver­diye­vin variasiya prinsipi”, “Allah­ver­diyev lem­ması” kimi elmi nailiyyətləri funksional analiz və cəbr üzrə xarici ədəbiyyatda yeni nə­­ticələrin alınması üçün istifadə olun­ub. Beynəlxalq Eko­ener­getika Akademiyasının üzvü olub. Azərbaycanın Dövlət Mükafatına  layiq görülən Cəlal Allahverdiyev 2017-ci il yanvarın 19-da Bakıda vəfat edib.

 

 

NİZAMİ RƏMZİ

(1947-1997)

 

 

Tanınmış meyxana ustası Nizami Rəmzi də bu gün xatırlanır. Nizami Rza oğlu Baxşıyev 20 dekabr 1947-ci ildə Bakıda doğulub. Ticarət texnikumunu bitirib, əmək fəaliyyətinə sürücü kimi başlayıb. 1988-ci ildə “Meyxana” folklor ansamblını yaradıb. Meyxananı toy, el şənliklərindən yüksək sənət zirvəsinə qaldırmağa nail olub. Azərbaycan Dövlət Filarmoniyasında və Heydər Əliyev Sarayında meyxana janrını geniş auditoriya qarşısında nümayiş etdirib. Bədahətən meyxana deməklə yanaşı, bir çox bəstələri də var. Xeyli şeir, qəzəl, yanıltmac və qaravəlli müəllifidir. “Qəzəlxan” bədii filmində, “Göy qurşağı” sənədli filmində çəkilib. Xarici ölkələrdə çıxış etmiş ilk meyxana ustasıdır. Nizami Rəmzi 19 yanvar 1997-ci ildə həmkarı Kəbir Azəri ilə birlikdə avtomobil qəzasında həlak olub.

 

 

MƏMMƏD MƏMMƏDOV

(1949-1990)

 

Şəhid Məmməd Əli oğlu Məmmədovun anım günüdür. O, 1949-cu il mayın 1-də Şərur rayonunun Danzik kəndində anadan olub. 1966-cı ildə həmin kənddə orta məktəbi bitirib. 1969-1971-ci illərdə hərbi xidmətdə olub. Uzun illər Şərur rayon 6 nömrəli mexanikləşdirilmiş səyyar dəstəsində sürücü işləyib. Məmməd Məmmədov 19 yanvar 1990-cı ildə ermənilərin Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsini artilleriya atəşinə tutması nəticəsində şəhid olub və Şərur rayonunun Yenikənd (indiki Danyeri) kənd qəbiristanlığında dəfn edilib.

 

 

MƏHƏRRƏM SEYİDOV

(1952-1990)

 

Azərbaycanın Milli Qəhrəmanı Məhərrəm Mirəziz oğlu Seyidovun xatirə günüdür. O,  7 sentyabr 1952-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olub. 1969-cu ildə burada orta məktəbi bitirdikdən sonra Bakı Xüsusi Milis Məktəbinə qəbul olub, Şərur rayonunda baş inspektor işləyib. 19 yanvar 1990-cı ildə ermənilərin Sədərək rayonunun Kərki kəndinə hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olub və Şərur rayonunun Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə kapitan Məhərrəm Seyidov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

 

QULAM QƏDİROV

(1972-1990)

 

Şəhid Qulam Əkbər oğlu Qədirov da bu gün xatırlanır. O, 27 noyabr 1972-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində doğulub. 1990-1991-ci illərdə Özbəkistanın Çirkik şəhərindəki sovet ordusunda xidmət edib. 10 may 1991-ci ildə Bərdə rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılıb və  701-ci hərbi hissənin sıravi avtomatçı əsgəri olub. Qulam Qədirov 19 yanvar 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində gedən döyüşdə şəhid olub və doğulduğu kənddə dəfn edilib.

Müəllif | Apa.Tv
Apa.tv