Dünyanın bu günü - 19.02.2021

NİKOLAY KOPERNİK

         (1473-1543)

 

Milliyyətcə polyak olan astronom, riyaziyyatçı, mexanik, iqtisadçı və ilahiyyatçı, Günəş sisteminin heliosentrik modelinin müəllifi Nikolay Kopernik 19 fevral 1473-cü ildə Polşanın Toruni şəhərində Almaniyadan gəlmiş tacir ailəsində anadan olub. 1491-ci ildə Krakov Universitetinə, 1497-ci ildə İtaliyanın Bolonya Universitetinə daxil olub. Həmin ildə astronom Domeniko Maria Novara ilə birgə ilk elmi təcrübəsini həyata keçirib. Yer kürəsindəki müşahidəçi Yerin tərpənməz olduğunu, Günəşin isə onun ətrafında fırlandığını düşünüb. 1543-cü ildə "Göy cisimlərinin fırlanması haqqında" əsərini çap etdirmək qərarına gəlib. Nikolay Kopernik 1543-cü il martın 24-də Frombork şəhərində dünyasını dəyişib.

 

 

MƏMMƏDAĞA MURADOV 

         (1921-1969)

 

Azərbaycanın əməkdar artisti, tarzən Məmmədağa Məmmədhəsən oğlu Muradov 1921-ci il fevralın 19-da Bakı şəhərində dünyaya göz açıb. Gənc yaşlarından ifaçılığa başlayıb və 1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinə qəbul olunub. Orkestrin solisti, konsertmeysteri, Bakının bir sıra musiqi məktəblərində, Asəf Zeynallı adına musiqi məktəbində uzun müddət müəllim işləyib. Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova kimi korifey müğənnilərlə birgə çıxış edib. Həbəşistanda iki dəfə müvəffəqiyyətli qastrol çıxışlarının yüksək qiyməti olaraq bu ölkənin imperatoru Hayle Selasiye tərəfindən “Qızıl İmperator” ordeni ilə iki dəfə təltif olunub. Məmmədağa Muradov 1969-cu il noyabrın 14-də Bakıda vəfat edib.

 

 

SAPARMURAT NİYAZOV

    (1940-2006)

 

Dünyanın ən qəribə hökmdarlarından sayılan, 1991-2006-cı illərdə Türkmənistan prezidenti olmuş Saparmurat Atayeviç Niyazov 1940-cı il fevralın 19-da fəhlə ailəsində anadan olub. Leninqrad Texniki Universitetini bitirərək energetika mühəndisi ixtisasını alıb. 1985-ci ildə Türkmənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 13 yanvar 1990-cı ildə Türkmənistanın ali qanunverici orqanı olan Ali Sovetinin sədri, 1990-cı il oktyabrın 27-də keçirilən seçkilərdə Türkmənistanın ilk prezidenti seçilib. 1993-cü ildə özünü Türkmənbaşı elan edib, ölkənin Krasnovodsk şəhərinin adını dəyişdirərək Türkmənbaşı qoyub. Türkmənistanın "ömürlük prezidenti" elan edilən Türkmənbaşı ilin aylarının və həftənin günlərinin adlarını da dəyişdirib, aylardan birinə özünün, o birinə anasının adını qoyub. 2001-ci ildə "Ruhnamə" adlı kitabı işıq üzü görüb. Saparmurat Niyazov 21 dekabr 2006-cı ildə Aşqabadda vəfat edib.

 

 

ELÇİN HÜSEYNOV

      (1973-1994)

 

Şəhid Elçin Əlif oğlu Hüseynov 19 fevral 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 16 aprel 1992-ci ildə Bərdə rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılıb. Sıravi əsgər kimi 703-cü hərbi hissənin kəşfiyyatçısı olub. Elçin Hüseynov 24 aprel 1994-cü ildə Ağdərə bölgəsində döyüş zamanı şəhid olub və Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunub.

 

 

VASİF QULİYEV

(1988-2020)

 

Şəhid Vasif Tahir oğlu Quliyev 1988-ci ilin bu günü Beyləqan şəhərində anadan olub. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib və sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Çavuş Vasif Quliyev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

RUSLAN İBADLI 

(1995-2020)

 

Şəhid Ruslan Sakit oğlu İbadlı  19 fevral 1995-ci ildə Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olub. Kənd orta məktəbində orta təhsil alıb. 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və oktyabrın 10-da doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ƏLİ QASIMOV

     (1892-1983)

 

Pedaqoq, yazıçı, jurnalist, tərcüməçi Əli Camal oğlu Qasımovun anım günüdür. O, 1892-ci ilin aprelin 15-də Babək rayonun Nehrəm kəndində anadan olub. 1913-cü ildə Qori Müəllimlər Seminariyasını, 1925-30-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1914-cü ildən başlayaraq “Molla Nəsrəddin” jurnalında çıxış edib, “Solğun çiçək” adlı ilk kitabı 1914-cü ildə nəşr olunub. Bir müddət Bakıda müəllimlik etdikdən sonra Naxçıvana qayıdıb, həmyerlilərinin erməni-daşnak təcavüzünə qarşı mübarizəsində və könüllü xalq dəstələrinin yaradılmasında təşəbbüskarlıq göstərib. 1919-cu ilin yayında ingilis-daşnak hərbi hökumətinin Şərur-Naxçıvan ərazisində apardığı kütləvi repressiyalar zamanı həbs olunaraq, Aleksandropola (Gümrü) sürgün edilib. “Maarif işçisi” jurnalının redaktoru, “Azərnəşr”in bədii ədəbiyyat şöbəsində redaktor, Azərbaycan Yazıçılar İttifaqının ədəbiyyat fondunun sədri vəzifələrində çalışan Əli Qasımov 1983-cü il fevralın 19-da Bakıda dünyasını dəyişib.

 

 

MƏHƏMMƏD BİRİYA

    (1914-1985)

 

Bu gün Azərbaycan Demokrat Firqəsinin maarif naziri Məhəmməd Hacı Qulam oğlu Biriyanın xatirə günüdür. O, 1914-cü ildə Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olub, ilk təhsilini Bakıda alıb. 1929-cu ildə anası vəfat etdikdən sonra yenidən atası ilə birlikdə Təbrizə qayıdıb. Bakıda ilyarım oxuduğu neft-maşınqayırma texnikumunu yarımçıq qoysa da, Təbrizdə təhsilini tamamlayıb və orada nəşr olunan "Şahin" qəzetinin redaksiyasında korrektor kimi işləyib. 1943-cü ildən 1945-ci ilə qədər fəaliyyət göstərən "Ədəbiyyat səhifəsi" adlı qəzet çıxarıb. 1943-cü ildə İran Azərbaycanı Həmkarlar İttifaqının sədri vəzifəsinə seçilib və 1945-ci ildə Parisdə keçirilmiş Ümumdünya Həmkarlar İttifaqı konqresində nümayəndə kimi iştirak edib. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsi hökuməti qurulandan sonra maarif naziri təyin olunub və Azərbaycan dilinin tədrisinin proqramını yaradıb. Pişəvəri hökuməti süqut edəndən sonra 1947-ci ildə  Şimali Azərbaycana gəlib və 1947-ci il dekabrın 28-də həbs edilərək 10 il müddətinə əvvəlcə Qazaxıstana, sonra isə Sibirə sürgün olunub. 1956-cı ildə qondarma cinayət işinə yenidən baxılıb və əməlində cinayət tərkibi olmadığına görə işə xitam verilib. 1985-ci ilin 19 fevral tarixində isə Məhəmməd Biriya ziddiyyətli ömrünü Təbrizdəki kimsəsizlər evində başa vurub.

 

 

VƏZİR SƏDİYEV

       (1961-1993)

 

Azərbaycanın Milli Qəhrəmanı Vəzir İsa oğlu Sədiyevin anım günüdür. O, 6 iyun 1961-ci ildə Gürcüstanın Marneuli rayonunun Aşağı Qullar kəndində doğulub. Orta təhsilini Qərbi Azərbaycanda alıb, daha sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olub. Əfqanıstan müharibəsində iştirak edib və yüksək səviyyəli xidmətinə görə mayor rütbəsi alıb. Ermənistanın Azərbaycana təcavüzü başladıqdan sonra könüllü olaraq Laçın, Qubadlı, Füzuli və Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak edib. Vəzir Sədiyev 19 fevral 1993-cü ildə Həsənriz kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

 

YUSİF MİRZƏYEV

        (1958-1993)

 

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Yusif Əli oğlu Mirzəyevin xatirə günüdür. O, 1958-ci il mayın 23-də Babək rayonunun Böyükdüz kəndində anadan olub. 1975-ci ildə 1 saylı orta məktəbi bitirib. 1988-ci ildə xalq hərəkatına qoşulub. 20 Yanvar faciəsi zamanı etdiyi etirazlara görə Bakı şəhər komendantı tərəfindən həbs edilib. Həbsdə işgəncələr gördüyü üçün böyrəkləri zədələnib. Daha sonra könüllü olaraq cəbhəyə yollanıb, Goranboy və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Yusif Mirzəyev 1993-cü il fevralın 19-da Ağdərədə mühasirəyə düşmüş əsgərləri xilas etməyə çalışarkən şəhid olub və Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Naxçıvan şəhərində büstü qoyulub. Bakının Nəsimi rayonundakı 44 saylı orta məktəbə onun adı verilib, qarşısında büstü qoyulub. Ailəli idi, bir övladı qalıb.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv