Dünyanın bu günü - 19.03.2021

19 MART METRO TERRORU

 (1994)

 

1994-cü il martın 19-da erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında terror aktı törədilib. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanlar arasında Azərbaycanın xalq artisti Rafiq Babayev də olub. Məhkəmə sübut edib ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilib. Müəyyən olunub ki, "Sadval" separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olub. Bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib.

 

 

ƏLƏKBƏR SEYFİ

   (1901-1977)

 

Azərbaycanın xalq artisti, aktyor, teatr inzibatçısı və tərcüməçi Ələkbər Seyfulla oğlu Seyfi 19 mart 1901-ci ildə Tiflisdə anadan olub, "İttifaq" məktəbində təhsil alıb. 1917-ci ildə "İbrət" dram dərnəyinə üzv olan aktyor bir sıra teatr tamaşalarında çıxış edib. 1922-ci ildən başlayaraq Tiflis Dövlət Azərbaycan Dram Teatrında yeddi il işləyib, 1929-cu ildə isə Bakı Türk İşçi Teatrına dəvət alıb. 1932-ci ildən Gəncə Dövlət Dram Teatrında çalışıb. 1937-ci ildə repressiya olunaraq, 19 il müddətinə Sibirə sürgün edilib. Ələkbər Seyfi 1977-ci ilin dekabrın 15-də Gəncədə vəfat edib.

 

 

SADIQ SALEH BAĞIROV 

 (1907-1977)

 

Azərbaycanın əməkdar artisti, teatr və kino aktyoru Sadıq Saleh Xəlil oğlu Bağırov 19 mart 1907-ci ildə Bakı şəhərində doğulub. 1920-1922-ci illərdə sovet fəhlə məktəbində təhsil alıb. 1926-cı ildə Əbilov adına klubun dram dərnəyinə üzv olub, 1929-1932-ci illərdə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində, Azərbaycan Dövlət Teatr Məktəbində aktyorluq təhsili alıb. Sənətə 1925-ci ildə gəlib, bir sıra tamaşalarda çıxış edib. Filmlərdə, dublyajlarda, televiziya və radio verilişlərində də çıxış edən aktyor "O olmasın, bu olsun" bədii filmində Mirzə Ələkbər Sabir, Nəsimi filmində isə epizodik rolda iştirak edib. Sadıq Saleh Bağırov 1977-ci il sentyabrın 27-də Bakıda vəfat edib.

 

 

ƏFRASİYAB MƏMMƏDOV

     (1928-1990)

 

Azərbaycan aktyoru və teatr rejissoru Əfrasiyab Əli oğlu Məmmədov 1928-ci il martın 19-da Gəncədə dünyaya göz açıb. 1945-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində məşhur rejissor və pedaqoq Məhərrəm Haşımovun rejissorluq kursuna daxil olub, daha sonra aktyorluq kursuna keçib. Dövlət Akademik Milli Dram Teatrının truppasına qəbul edilən aktyor bir sıra səhnə əsərlərində çıxış edib. Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru işləyib, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub. Əfrasiyab Məmmədov 1990-cı il noyabrın 18-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

RÖVŞƏN AĞAYEV

  (1949-2015)

 

Kinossenarist, dramaturq və musiqiçi Rövşən Azər oğlu Ağayev 1949-cu ilin bu günü Gəncə şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun elektrifikasiya fakültəsini energetika mühəndisi ixtisası üzrə bitirib. Şəxsi təşəbbüsü ilə oxuduğu institutun nəzdində kino şöbəsi yaradıb və bu şöbəni lazımi avadanlıqlarla təmin edib. “Azərbaycanfilm” kinostudiyasının bir illik ssenaristlər kursunu bitirməklə yanaşı, tammetrajlı bədii filmin ssenarisinin yazılması üçün kinostudiya ilə müqavilə bağlayıb və həmin ssenari “Azərbaycanfilm” tərəfindən alınıb. 1988-ci ildə isə “Mosfilm” kinostudiyası (Moskva) ilə “Azərbaycanfilm” kinostudiyasının birgə istehsalı olan, onun ssenarisi əsasında "Lətifə" bədii filmi çəkilib və həmin film Avropa ölkələrində də göstərilməklə sosialist məkanından kənara çıxa bilən azsaylı filmlərimizdən olub. “Yeddi oğlan və bir qız”, “Dayaq nöqtəsi”, “Deyilənlərdən sonra”, “Bir gecənin nağılı”, "Bu sən, bu da mən" pyesləri tamaşaya qoyulub. Kino və teatrla yanaşı, musiqi fəaliyyəti ilə də diqqəti cəlb edən Rövşən Ağayev 2015-ci il martın 9-da Bakıda dünyasını dəyişib.

 

 

SAHİBƏ QAFAROVA 

   (1955)

 

Azərbaycan Milli Məclisinin 4-cü sədri, filologiya elmləri doktoru, professor Sahibə Əli qızı Qafarova 1955-ci ilin bu günü Şəmkirdə anadan olub. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) bitirib. Əmək fəaliyyətinə Şəmkir şəhərində rus dili və ədəbiyyatı müəllimi kimi başlayıb, Bakı Slavyan Universitetində müəllim, baş müəllim, Beynəlxalq əlaqələr üzrə prorektor, Qərb Universitetində Qərbi Avropa dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifi olan Sahibə Qafarova 2010-cu ildə Milli Məclisə seçkilərdə Şəmkirdən deputat seçilib, 2010-cu ildən Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi 10 il müddətində AŞPA komitəsinə sədrlik edən ilk azərbaycanlı parlamentar olub. 2016-2017-ci illərdə AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri, 2015-2017-ci illərdə isə AŞPA-nın "Qadınlara qarşı zorakılıqla mübarizə" üzrə baş məruzəçisi seçilib və həmin qurumun "Qadınlara qarşı zorakılığa yox!" şəbəkəsinin siyasi koordinatoru və rəhbəri vəzifəsində də çalışıb. Sahibə Qafarova 10 mart 2020-ci ildə Milli Məclisin sədri seçilib.

 

 

HƏMDULLA ABDULLAYEV

(1994-2020)

 

Şəhid Həmdulla Aslan oğlu Abdullayev 19 mart 1994-cü ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Orta təhsilini tamamladıqdan sonra 2012-2013-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli, Zəngilan, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Həmdulla Abdullayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub və doğulduğu qəsəbədə torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

 

 

ZƏKA ABIŞOV

(2001-2020)

 

Şəhid Zəka Zakir oğlu Abışov 2001-ci il martın 19-da Bakının Qaradağ rayonunun Qızıldaş qəsəbəsində dünyaya göz açıb. 180 saylı orta məktəbi və 8 saylı peşə məktəbini bitirib. 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi zamanı Füzuli və Cəbrayıl uğrunda döyüşlərdə iştirak edib. Noyabr ayının əvvəlində düşmənin əks-həmləsinin qarşısını alarkən qəhrəmancasına şəhid olub və noyabrın 23-də Qızıldaş qəsəbəsinin Şəhidliyində torpağa tapşırılıb. Əsgər Zəka Abışov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

NƏRİMAN NƏRİMANOV

(1870-1925)

 

Bu gün görkəmli dövlət xadimi, yazıçı, həkim  Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanovun anım günüdür. O, 14 aprel 1870-ci ildə Tiflis şəhərində anadan olub. İlk təhsilini Tiflis müsəlman ruhani məktəbində alıb, 1890-cı ildə Qori Müəllimlər Seminariyasını bitirib. Hacı Zeynalabdin Tağıyevin köməyi ilə isə Odessadakı Novorossiya Universitetinin tibb fakültəsində təhsil alıb. Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndində müəllim, 1914-cü ildə isə Bakının Qaraşəhər rayonunda pulsuz müalicəxanasında işləyib. Bakıda türk-müsəlman əhali üçün ilk xalq qiraətxanası təşkil edib. 1920-ci ildə Azərbaycanda sovet hökumətinin qurulmasında yaxından iştirak edib, Azərbaycan SSR-in ilk Xalq Xarici İşlər Komissarı, Azərbaycan SSR İnqilab Komitəsinin sədri, Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci sədri, ZSFSR İttifaq Sovetinin 1-ci sədri, SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən 1-ci sədri olub. Onun qətiyyəti sayəsində 1921-ci ildə Naxçıvan, Qarabağ, Zaqatala Azərbaycanın tərkibində saxlanılıb və Bakı Azərbaycanın paytaxtı kimi tanınıb. Azərbaycan dramaturgiyasında ilk tarixi faciə olan "Nadir şah" pyesinin, "Bahadır və Sona", "Nadanlıq", "Dilin bəlası" və başqa əsərlərin müəllifi olan Nəriman Nərimanov 1925-ci ildə Moskvada müəmmalı şəkildə vəfat edib və Kreml divarları yaxınlığında dəfn edilib.

 

 

DADAŞ BÜNYADZADƏ

 (1888-1938)

 

Sovet partiya və dövlət xadimi Dadaş Xoca oğlu Bünyadzadənin xatirə günüdür. O, 1888-ci il aprelin 8-də Bakı qəzasının Fatmayı kəndində dünyaya gəlib. İlk təhsilini 1907-ci ildə "Nicat" cəmiyyətinin açdığı cümə günləri kursunda alıb, 1908-ci ildə isə 8 aylıq türk pedaqoji (axşam) kursunu bitirib. Kursu bitirdikdən sonra dəmirçi işləməklə yanaşı, axşam kurslarında türk dilindən dərs verib, türkdilli qəzetlərlə əməkdaşlıq edib, müxtəlif qəzetlərdə redaktor vəzifəsində çalışıb. 1911-ci ilin sonlarında Bakıda bir neçə qəzet redaktoru ilə birlikdə həbs olunub və Türküstana sürgün edilib. 1912-ci ildə sürgün vaxtı amnistiyaya düşərək Bakıya qayıdıb. 1912-1916-cı illərdə Bakı daş karxanalarının birində işləsə də, qəzetlərdə başqa imzalarla məqalələr dərc etdirib. 1917-ci ilin Fevral burjua inqilabından sonra Nərimanovun Nərimanovun sədrlik etdiyi Hümmət təşkilatının katibi seçilib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Müvəqqəti İnqilab Komitəsinin üzvü, Azərbaycan SSR-in xalq maarif komissarı, ZSFSR xalq torpaq komissarı və s. vəzifələrdə çalışıb. Dadaş Bünyadzadə repressiyaya məruz qalıb və 1938-ci ilin martında həbs edilərək güllələnib.

 

 

TEYMUR ELÇİN

 (1924-1992)

 

Bu gün şair, publisist, Azərbaycan mədəniyyət nazirinin müavini Teymur Elçinin anım günüdür. Teymur Süleyman oğlu Əliyev 1924-cü il martın 28-də Şuşada anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. "Gənc işçi" qəzetinin redaksiyasında ədəbi işçi kimi fəaliyyətə başlayıb. Azərbaycan Radio Komitəsində ictimai-siyasi verilişlər baş redaksiyasında ştatdankənar müxbir, diktor, redaktor və məsul redaktor vəzifələrində işləyib. 1938-ci ildə “Azərbaycan” adlı ilk şeiri Bakı Pionerlər Evinin dərc etdiyi şeirlər məcmuəsində çap edilib. Ən məhsuldar uşaq şairlərindən biri və uşaqlar üçün yazılmış ən gözəl mahnıların sözlərinin müəllifi olan Teymur Elçin 1992-ci il martın 19-da Bakıda vəfat edib. Hazırda paytaxt küçələrindən biri şairin adını daşıyır.

Müəllif | Apa.Tv
Apa.tv