Dünyanın bu günü - 19.04.2021

FİRUDİN BƏY VƏZİROV 

(1850-1925)

 

General-mayor Firudin bəy Camal bəy oğlu Vəzirov 1850-ci il aprelin 19-da Tiflisdə zadəgan ailəsində anadan olub. İlk təhsilini Tiflis klassik gimnaziyasında alıb. 1868-ci ildə Kropivnitskidəki (əvvəlki Yelizavetqrad) süvari məktəbini əla qiymətlərlə bitirib. Hərbi xidmətə unter-zabit rütbəsində 7-ci Belarus qusar alayında başlayıb. 1877-1878-ci illər Rus-Türk müharibəsində iştirak edib. 1906-cı ildə ordudan tərxis olunub və Tiflisdə yaşayıb. 1919-cu ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda işləməyə dəvət edilib. Bakı şəhər qarnizonunun rəisi və Bakı şəhər komendantı olub. Firudin bəy Vəzirov 1925-ci ildə həbs olunub və iyunun 30-da 75 yaşında ikən güllələnib.

 

 

ƏFRASİYAB BƏDƏLBƏYLİ 

(1907-1976)

 

Azərbaycanın xalq artisti, bəstəkar, dirijor və musiqişünas Əfrasiyab Bədəl bəy oğlu Bədəlbəyli 1907-ci ilin bu günü Bakıda dünyaya gəlib. 1912-ci ildə 6-cı rus-müsəlman məktəbinə daxil olub və 1916-cı ildə bütün fənlərdən "əla" qiymətlərlə oranı bitirib. 1917-1924-cü illərdə Bakıdakı 1-ci realnı məktəbində oxuyub. Ali Pedaqoji İnstitutun nəzdindəki məktəbdə, Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində və Leninqrad Konservatoriyasının nəzdindəki musiqi məktəbində təhsil alıb. 1938-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet teatrında dirijor işləyib. Onun repertuarında Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri əsas yer tutub. Azərbaycanın musiqi mədəniyyəti tarixinə ilk milli baletin – «Qız qalası»nın müəllifi kimi daxil olub. Bundan başqa, «Nizami», «Söyüdlər ağlamaz» operalarını yazıb, bir çox dram tamaşasına musiqi bəstələyib. Bir neçə kitabın müəllifi olan Əfrasiyab Bədəlbəyli 1976-cı il yanvarın 6-da Bakıda dünyasını dəyişib. O, Azərbaycanın ilk balerinası Qəmər Almaszadənin həyat yoldaşı, xalq artisti Şəmsi Bədəlbəylinin qardaşı, xalq artisti Fərhad Bədəlbəylinin əmisidir.

 

 

XALİDƏ HASİLOVA 

(1920-1996)

 

Yazıçı-dramaturq Xalidə Məmməd qızı Hasilova 1920-ci ildə Zaqatalada anadan olub. Orta məktəbi bitirdikdən sonra Leninqrad Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Müxtəlif illərdə "Azərbaycan qadını" jurnalında ədəbi işçi, "Göyərçin" jurnalının baş redaktoru, uzun illər isə "Azərbaycan qadını" jurnalının baş redaktoru kimi çalışıb. 20-dən çox kitabı çap edilib. Rus ədəbiyyatından tərcümələri ayrıca kitab şəklində buraxılıb. Xalidə Hasilova 5 dekabr 1996-cı ildə Bakıda dünyasını dəyişib.

 

 

TOFİQ HÜSEYNOV 

(1954-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı, Xocalı şəhidi Tofiq Mirsiyab oğlu Hüseynov 19 aprel 1954-cü ildə Xocalı şəhərində doğulub. 1961-1971-ci illərdə burada tam orta təhsil alıb. 1974-1976-cı illərdə hərbi xidmətdə olub. “Mixaylo” ləqəbi ilə tanınan döyüşçü 1991-ci ildə Xocalıda özünümüdafiə taborunun yaradıcılarından olub, daha sonra komandir təyin edilib. Xocalını müxtəlif istiqamətlərdən top atəşinə tutan düşmənin artilleriya qurğularını məhv edib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə onlarla dinc sakini Xocalıdan təhlükəsiz yerə çıxarıb. Son gülləsinə qədər vuruşan mayor Tofiq Hüseynov axırıncı qumbarasını sinəsinə sıxaraq, özü ilə bərabər yaxınlığında olan erməni quldurlarını da partladıb və şəhid olub. Bakının Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 7 iyul 1992-ci il tarixli fərmanı ilə Tofiq Hüseynov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

 

RÖVŞƏN ALMURADLI 

(1954-2019)

 

Tanınmış rejissor və ssenarist Rövşən Əziz oğlu Almuradlı 19 aprel 1954-cü ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb, 1984-1987-ci illərdə isə Moskva SSRİ Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirib. Müxtəlif illərdə Şəki Dövlət Dram Teatrında, Sumqayıt Dövlət Dram Teatrında, Mingəçevir Dövlət Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor kimi vəzifələrdə çalışıb. "Kral Lir", "Aydın", "Adamın adamı" və başqa tamaşalarda müxtəlif obrazlar yaradıb. "Dərviş və ölüm", "Bayramın birinci günü", "Dəyirman" kimi əsərlərin, "Azadlığa gedən yollar", “Cavad xan” kimi filmlərin quruluşçu rejissoru olub. AzTV-nin "Sabah", "Telefilm" yaradıcılıq birliklərində filmlərin, əsərlərin quruluşçu rejissoru olub, bir müddət Akademik Milli Dram Teatrında quruluşçu rejissor işləyib. Rövşən Almuradlı 2019-cu il aprelin 2-də Sumqayıtda dünyasını dəyişib.

 

 

AĞAHƏSƏN AĞAHÜSEYNOV

(1957-1990)

 

20 Yanvar şəhidi Ağahəsən Yarı oğlu Ağahüseynov 1957-ci il aprelin 19-da Bakıda anadan olub. Xətai rayonundakı 8 nömrəli elektrik şəbəkəsində elektrik montyoru işləyib. Ağahəsən Ağahüseynov 1990-cı il yanvarın 20-də sovet əsgərlərinin açdığı atəş nəticəsində yaralananları maşına daşıyarkən güllələnib və Əhmədli qəbiristanlığında dəfn edilib.

 

 

XEYRULLA İBRAHİMOV

(1971-2020)

 

Şəhid Xeyrulla Mais oğlu İbrahimov 1971-ci ilin bu günü Bakı şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Xmelnitski Ali Artilleriya Komandanlıq Məktəbində təhsil alıb. 1992-1994-cü illərdə Birinci Qarabağ Müharibəsi zamanı Laçın, Tərtər, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə, İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 2011-ci ildə ordudan tərxis olunsa da, 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinə könüllü olaraq yollanıb. Polkovnik-leytenant Xeyrulla İbrahimov oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

KAMİL RƏHİMLİ

(1993-2020)

 

Şəhid Kamil Vəli oğlu Rəhimli 19 aprel 1993-cü ildə Yardımlı rayonunda anadan olub. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsində iştirak edib. Baş leytenant Kamil Rəhimli sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub və Yardımlı rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

QURBAN HACIYEV

(1997-2020)

 

Şəhid Qurban Əsəbəli oğlu Hacıyev 19 aprel 1997-ci ildə Balakən rayonunun Mahamalar kəndində anadan olub. 2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Əsgər Qurban Hacıyev sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub və Balakən Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

 

RAMİN BAĞIROV

(1999-2020)

 

Şəhid  Ramin Nəriman oğlu Bağırov 1999-cu il aprelin 19-da Şahbuz rayonunun Badamlı qəsəbəsində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2020-ci ilin may ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra Naxçıvana geri qayıdaraq yenidən orduya yazılıb. Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun kəşfiyyatçı kursunu keçərək, xüsusi təyinatlı hərbi hissədə kəşfiyyatçı vəzifəsində xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Ramin Bağırov oktyabrın 27-də şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

MƏŞƏDİ SÜLEYMAN BƏY MANSUROV 

(1872-1955)

 

Azərbaycan musiqisinin tədqiqatçısı, Bakı muğam məclislərinin rəhbəri Məşədi Süleyman bəy Məşədi Məlik bəy oğlu Mansurovun anım günüdür. O, 1872-ci il oktyabrın 15-də Bakıda anadan olub. Onun musiqiyə həvəsi Bakıda muğam məclislərinin yaradıcısı olan atasından keçib. Atasının vəfatından sonra Bakı muğam məclislərinə başçılıq edib, onun təşkil etdiyi məclislər 1935-ci ilə qədər davam edib. Musiqi, söz, sənət bilicisi olmaqla yanaşı, həm də böyük iş adamı - dövrünün savadlı şəxslərindən, həmçinin tanınmış icarədarlarından biri idi. "Səbuhi" bədii filmində ağsaqqalların yığıncağı olan səhnədə epizodik rolda çəkilib. Məşədi Süleyman bəy Mansurov 19 aprel 1955-ci ildə Bakıda vəfat edib. O, tarzənlər Bəhram Mansurov və Nadir Mansurovun atası, bəstəkar Eldar Mansurov, tarzən Elxan Mansurov və kinooperator Aydın Mansurovun babasıdır.

 

 

TOFİQ BAYRAM 

(1934-1991)

 

XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, şair Tofiq Bayramın anım günüdür. O, 1934-cü il dekabrın 16-da Bakının Əmircan qəsəbəsində dünyaya gəlib. Gənc yaşlarından poeziya aləminə qədəm qoyub. Tez bir zamanda səmimi, müasir ruhlu şeirləri ilə oxucuların rəğbətini qazanıb. 15-ə qədər kitabın müəllifidir, bir çox şeirlərinə mahnılar yazılıb. Tərcüməçi kimi də səmərəli fəaliyyət göstərən Tofiq Bayram 1991-ci il aprelin 19-da Əmircan qəsəbəsində vəfat edib.

 

 

AZADƏ RÜSTƏMOVA 

(1932-2005)

 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Azadə Cəfər qızı Rüstəmova da günü xatırlanır. O, 1932-ci il iyulun 18-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib, keçmiş SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspirantı olub. AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb. 15-dən artıq kitabın, 300-ə qədər məqalənin müəllifidir. "Şərəf Nişanı" ordeni ilə təltif edilən Azadə Rüstəmova 2005-ci il aprelin 19-da Bakıda vəfat edib.

 

 

NADİR ABDULLAYEV 

(1973-1994)

 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid Nadir Mənsim oğlu Abdullayevin anım günüdür. O, 1973-cü il iyunun 9-da Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olub. 1993-cü ildə hərbi xidmətə yollanıb və bir sıra döyüşlərə qatılıb. 1994-cü ilin aprelində isə Ağdam rayonunda itkin düşüb. Şamaxı rayon Məhkəməsinin 2008-ci ildə qəbul etdiyi qətnamə ilə Nadir Abdullayev şəhid hesab edilir.

Müəllif | Apa.Tv
Apa.tv