Dünyanın bu günü - 19.05.2020

MUSTAFA KAMAL ATATÜRK

(1881-1938)

 

1. Türkiyə Cümhuriyyətinin qurucusu, görkəmli dövlət, hərbi və siyasi xadimi Mustafa Kamal Əli Rza oğlu Atatürk 1881-ci il mayın 19-da indiki Yunanıstan ərazisindəki Selaniki şəhərində doğulub. Şəmsi Əfəndi Məktəbində, Selaniki Mülkiyyə Rüşdiyyəsində təhsil alıb, daha sonra İstanbulda Hərbi Akademiyada təhsilini davam etdirib. 1911-ci ildə İstanbulda Baş Qərargah mərkəzində xidmətə başlayıb. Birinci Dünya müharibəsi zamanı Dardanel boğazının müdafiəsində şücaət göstərərək general rütbəsi - paşa titulu alan  Mustafa Kamal 1919-cu ildə Anadoluda başlayan və sonra onun adı ilə adlandırılan “kamalçılar” hərəkatına başçılıq edib. 1920-ci ildə Ankarada yeni parlament - Türkiyə Böyük Millət Məclisini yaradıb, eyni zamanda məclisin və təşkil etdiyi hökumətin sədri seçilib. Onun təşəbbüsü ilə 1923-cü il oktyabrın 29-da "Hakimiyyət qeyd-şərtsiz millətindir" və "Yurdda sülh, cahanda sülh" ideologiyası əsasında Türkiyə Cümhuriyyəti yaradıb. O, 1923-1938-ci illərdə Türkiyənin ilk prezidenti olmaqla ölkəyə rəhbərlik edib. 1934-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə ona Atatürk adı verilib. Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci ildə İstanbuldakı Dolmabaxça sarayında vəfat edib. Cənazəsi müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, mavzoleyi tikildikdən sonra isə 1953-cü ildə oraya köçürülüb.

 

 

RƏSUL RZA 

(1910-1981)

 

2. Azərbaycanın xalq şairi, dramaturq, tərcüməçi, ictimai xadim Rəsul İbrahim oğlu Rzayev 1910-cu il mayın 19-da Göyçay rayonunda anadan olub. Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. Azərbaycan Yazıçılar İttifaqının sədri, Kinematoqrafiya naziri, Ensiklopediyanın baş redaktoru, Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri olub. 1927-ci ildə Tiflisdə dərc olunan "Qığılcım" almanaxında "Bu gün" adlı ilk şeri çap olunub. "Vətən", "İntiqam! İntiqam…", "Ölməz qəhrəmanlar", "Qəzəb və məhəbbət", "Vəfa" pyesinin, "Şerlər", "Pəncərəmə düşən işıq", "Duyğular, düşüncələr", "Dözüm", "Dünən, bu gün, sabah", "Güneylər, quzeylər", "Üzü küləyə", "Rənglər" və başqa əsərlərin, kitabların müəllifidir. Rəsul Rza 1981-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. O, Azərbaycanın xalq şairi Nigar Rəfibəylinin həyat yoldaşı, xalq yazıçısı Anarın atasıdır.

 

 

HÜSEYNAĞA HACIBABABƏYOV 

(1898-1972)

 

3. Azərbaycanın xalq artisti, opera müğənnisi (lirik tenor) Hüseynağa Soltan oğlu Hacıbababəyov 1898-ci il mayın bu günü Şamaxıda doğulub. “Alekseyevski” məktəbində, sonra məşhur teatr xadimi Həbib bəy Mahmudbəyovun təşkil etdiyi təhsil ocağında oxuyub. “Səfa” mədəni-maarif cəmiyyətinin teatr truppasında, Hüseynqulu Sarabskinin rəhbərlik etdiyi “Müsəlman opera artistləri” dəstəsində, Milli Dram Teatrının truppasında, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti”ndə dramatik və musiqili teatr aktyoru, Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çalışıb. “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Şah İsmayıl”, “Məşədi İbad”, “Qar qız”, “Sevilya bərbəri” və başqa tamaşalarda yaddaqalan obrazlar yaradıb. Hüseynağa Hacıbababəyov 1972-ci il noyabrın 10-da Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

FİKRƏT HACIYEV

(1964-1992) 

 

4. Azərbaycanın Milli Qəhrəmanı Fikrət Əli oğlu Hacıyev 1964-cü  il mayın bu günü Goranboy rayonunun Qızılhacılı kəndində anadan olub. Gəncə texniki-peşə məktəbində və Bakı Kooperativ Texnikumunda təhsil alıb. 1982-ci ildə hərbi xidmətə çağırılıb, xidmətini Ufa şəhərində keçirib. Daha sonra doğma kəndində öz ixtisası üzrə əmək fəaliyyətinə başlayıb. 1991-ci ildə könüllü olaraq Goranboy özünümüdafiə batalyonuna yazılıb. 5 may 1992-ci ildə Talış kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olub və Qızılhacılı kənd qəbiristanlığında dəfn edilib. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

 

RAMİZ ABBASOV

(1964-1994)

 

5. Şəhid Ramiz Hüseyn oğlu Abbasov 19 may 1964-cü ildə Beyləqanda anadan olub. Buradakı 4 saylı orta məktəbi, daha sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. Təyinatla Almaniya və Gürcüstanda xidmət edib. Vətənə qayıtdıqdan sonra Yevlax Rayon Hərbi Komissarlığında bölmə rəisi işləyib. Qarabağ münaqişəsi başlayandan sonra könüllü olaraq cəbhəyə yollanıb və könüllülərdən ibarət batalyonun komandiri olub. Ramiz Abbasov 1994-cü il aprelin 27-də  Tərtər rayonunun Qaraqoyunlu kəndi səmtində gedən döyüşdə şəhid olub və Beyləqanda dəfn olunub. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

 

 

ÖZCAN DƏNİZ

(1972) 

 

6. Məşhur türkiyəli müğənni, aktyor və bəstəkar Özcan Deniz 1972-ci il mayın 19-da Ankarada anadan olub. Aydında təhsilini başa vurduqdan sonra İzmir və Antalyada  səhnəyə çıxıb. Aydının Sultanhisar qəsəbəsində təşkil edilən və aparıcılığını Cenk Korayın etdiyi ənənəvi Səs Festivalında iştirak edərək birincilik mükafatı alıb. "Aşkın Dağlarda Gezer", "Asmalı Konak", "Haziran Gecesi”, " Karagül ", "Su Və Atəş" kimi serial və filmlərdə oynayıb.

 

 

ƏHMƏD BƏY AĞAOĞLU

(1869-1939)

 

7. Azərbaycan və Türkiyənin görkəmli ictimai-siyasi xadimi, jurnalist, pedaqoq, yazıçı və türkoloq Əhməd bəy Həsən bəy oğlu Ağayevin (Əhməd bəy Ağaoğlu) anım günüdür. O, 1869-cu ilin dekabrında Azərbaycanın qədim torpağı olan Qarabağ xanlığının mərkəzi Şuşa şəhərində zadəgan ailəsində dünyaya göz açıb. Şuşada, ardınca Tiflisdə liseyi bitirdikdən sonra Sankt-Peterburq Texnologiya İnstitutunda və Parisin Sorbonna Universiteti yanında Paris Hüquq Məktəbində təhsil alıb. Şuşada ilk kitabxana, qiraətxana açan Əhməd bəy Ağaoğlu “Kaspi” qəzetində məqalələr yazıb, həmçinin Əli bəy Hüseynzadə ilə birlikdə “Həyat” qəzetini təsis edib və redaktoru olub, erməni terrorçuluğuna qarşı “Difai” (müdafiə) təşkilatını qurub. O, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olub. “Mən kiməm”, “İran və inqilabı”, “Könülsüz olmaz”, “İxtilalmı, inqilabmı?”, “Sərbəst insanlar ölkəsində”, “Tanrı dağında”, “İngiltərə və Hindistan”, “Dövlət və fərd”, “Üç mədəniyyət” və başqa dəyərli əsərlərin müəllifidir. Əhməd bəy Ağaoğlu  1939-cu ilin mayında İstanbulda vəfat edib və Feriköy məzarlığında dəfn edilib.

 

 

İBRAHİM BƏY CAHANGİRZADƏ

(1874-1948)

 

8. Görkəmli dövlət xadimi, hərbçi İbrahim bəy Məhəmməd bəy oğlu Cahangirzadə 1874-cü ildə İrəvan quberniyasının Gümrü rayonunda anadan olub. Mollaxana adlandırılan məhəllə məktəbində, Qarsda mədrəsədə və şəhər məktəbində təhsil alıb. Üç il Qarsda oxuduqdan sonra geri dönərək Gümrü kazak alayına qəbul olunub və beş il burada təlim keçib. Təhsilini başa vurduqdan sonra zabit rütbəsi alıb Rusiya ordusunda xidmətə başlamalı olsa da, 1903-cü ildə Qars şəhərindəki anti-Rusiya əhval-ruhiyyəli "İslam cəmiyyəti" ilə əlaqəli olduğu müəyyənləşdiyi üçün Dağıstana sürgün olunub. Altı ay sonra çar II Nikolayın əfv fərmanı ilə sürgündən azad olunub və Dağıstandan Qarsa qayıdaraq, maliyyə məmuru işləməyə başlayıb. "Nəşri-maarif' cəmiyyətini qurub və erməni-rus istilaçılarına qarşı fəal mübarizə məqsədilə Azərbaycanda "Difai" partiyası ilə gizli əlaqə yaradıb, "İttihad və Tərəqqi" partiyası Ərzurum şöbəsinin üzvü, Araz-Türk Respublikası hökumətinin hərbi naziri olub. 1919-cu ildə ingilis ordusunun hücumu nəticəsində hökumət ləğv edilən zaman İbrahim bəy və digər hökumət üzvləri Maltaya sürgünə göndərilib. O, 1921-ci ildə Nərimanovun səyi ilə sürgündən azad edilərək Qarsa qayıdıb, şəhər valisi və bələdiyyə rəisi işləyib. İbrahim bəy Cahangirzadə 1948-ci ilin mayında dünyasını dəyişib.

 

 

MÜSEYİB ALLAHVERDİYEV

(1909-1969)

 

9. Sovet İttifaqı Qəhrəmanı Müseyib Abdulla oğlu Allahverdiyevin anım günüdür. O, 1909-cu il aprelin 22-də Qazax rayonun Dağ Kəsəmən kəndində dünyaya gəlib. 1936-cı ildə hərbi-siyasi məktəbi bitirib, 1941-ci ildən könüllü olaraq orduda xidmət edib. İkinci Dünya müharibəsində batalyon komandiri olub, Moskvadan Budapeştə qədər döyüş yolu keçib. Mayor Müseyib Allahverdiyevin komandiri olduğu batalyonun 1944-cü ilin 1 dekabrında apardığı döyüşdə düşmənin 500 əsgəri məhv edilib və 2200 əsgəri əsir alınıb. SSRİ Ali Soveti Rəyasət Heyətinin 24 mart 1945-ci il tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Müseyib Allahverdiyev 1969-cu ilin mayında vəfat edib.

 

 

ƏHMƏD ƏLƏSGƏROV 

(1935-2015)

 

10. Bu gün Azərbaycan, Tacikistan və Ukraynanın əməkdar məşqçisi, fəxri idman ustası, Azərbaycan milli futbol komandasının ilk baş məşqçisi Əhməd Lətif oğlu Ələsgərovun xatirə günüdür. O, 5 oktyabr 1935-ci ildə Bakıda anadan olub. Bakı Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1955-1965-ci illərdə Bakının "Neftyanik" (sonradan "Neftçi") klubunda 115 oyun keçirib və 6 qola imza atıb. Bakının "Neftçi", Tacikistanın "Pamir", Ukraynanın "Çernomorets", Naxçıvanın "Araz", Moldovanın "Nistru" və "Şerif" komandalarını çalışdırıb. 2005-2006-cı illərdə "Bakı" klubunda müşavir və vitse-prezident vəzifələrində çalışan Əhməd Ələsgərov 2015-ci ilin mayında vəfat edib.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv