Dünyanın bu günü - 19.11.2020
HÖKÜMƏ NƏCƏFOVA
(1915-2002)
İlk azərbaycanlı qadın tarzən, bəstəkar Hökümə Yusif qızı Nəcəfova 19 noyabr 1915-ci ildə Bakıda anadan olub. Asəf Zeynallı adına musiqi məktəbində və Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq və tar bölmələrində təhsil alıb. "Həliməcan", "Səninləyəm", "Kaş ki, gözəl olmayaydım", "Qaça bilməzsən məndən, ey yar", "Xalidəcan", "Ceyran balası" və başqa mahnıların, "Şənlik rəqsi" və "Rəqs melodiyası" rəqslərinin müəllifidir. "Şərəf nişanı" ordeninə və Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Azərbaycanın ilk qadın bəstəkarlarından biri olan Hökümə Nəcəfova 2002-ci ildə Bakıda vəfat edib.
İNDİRA QANDİ
(1917-1984)
Hindistanın görkəmli dövlət və siyasi xadimi İndira Qandi 1917-ci il noyabrın 19-da Hindistanın Uttar-Prandeş ştatının Allahabad şəhərində anadan olub. Xalq Universitetində və Oksford Universitetində təhsil alıb. Hindistan Milli Konqresinin sədri, parlamentin deputatı və informasiya naziri vəzifələrində çalışıb. 1966 və 1980-ci illərdə keçirilən seçkilərdə qalib gələrək baş nazir seçilib. Hindistan tarixində yeganə qadın baş nazir, həmçinin ən uzun müddət fəaliyyət göstərən ikinci baş nazir olub. Milli Konqres Partiyasının parçalanmasından sonra Müstəqil Konqres Partiyasını yaradıb. İndira Qandi 1984-cü il oktyabrın 31-də Dehlidə baş nazirin iqamətgahında mühafizəçiləri tərəfindən güllələnərək qətlə yetirilib.
ZEMFİRA VERDİYEVA
(1935-2010)
Azərbaycan EA-nın müxbir üzvü, xarici dillər üzrə ilk qadın elmlər doktoru, professor, Zemfira Nadir qızı Verdiyeva 1935-ci ilin bu günü Tiflis şəhərində doğulub. Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun İngilis-fransız dili fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunda laborant, pedaqoji təcrübə müdiri, müəllim, kafedra müdiri, rektor və Azərbaycan Qadınlar Cəmiyyətinin sədri vəzifələrində çalışıb. 190-a qədər kitab, monoqrafiya və dərs vəsaitlərinin, 372 məqalənin müəllifidir. 1990-1995-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olub. Xarici dillər üzrə ilk qadın elmlər doktoru kimi Azərbaycan Ensiklopediyasına daxil edilib. “Şöhrət” ordeninə layiq görülüb, ictimai fəaliyyətinə görə ABŞ, İngiltərə, Kanada, Cənubi Koreya və s. ölkələrin mükafatlarını alıb. Zemfira Verdiyeva 9 noyabr 2010-cu ildə Bakıda vəfat edib.
ASLAN KƏMƏRLİ
(1942-1992)
Şair Aslan Mustafa oğlu Mustafazadə 19 noyabr 1942-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. Bakı Rabitə Texnikumunda və Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil alıb. "Neft daşları" qəzeti redaksiyasında ədəbi işçi, redaktor, "Azərbaycan gəncləri" qəzeti redaksiyasının xüsusi müxbiri, "Pioner" jurnalında məsul katib, "Azərbaycan" qəzetində müxbir, Gəncə-Qazax zonası üzrə xüsusi müxbir vəzifələrində çalışıb. "Qazax" Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və ilk sədri olub. “Kəndimizin baharı”, “Obamıza yönüm düşüb”, “Ömrümə düşən işıq”, “Yolumu gözləyən var” və bir çox əsərlərin müəllifidir. Aslan Kəmərli 1992-ci il oktyabrın 21-də avtomobil qəzasında həlak olub və doğma kəndində dəfn olunub.
HÜSEYNAĞA HADIYEV
(1946-1994)
Tanınmış Azərbaycan müğənnisi Hüseynağa Məmməd oğlu Hadıyev 1946-cı il noyabrın 19-da Bakıda anadan olub. Musiqi ilə "Pionerlər Evi"nin qarmon dərnəyində məşğul olmağa başlayıb. "Dan Ulduzu" ansamblının solisti olub. "Gecələr bulaq başı", "Bu gecə", "Mənim dünyam" mahnıları dinləyicilər tərəfindən daha çox sevilib. Hüseynağa Hadıyev 12 yanvar 1994-cü ildə Bakıda vəfat edib.
SAMİR CƏFƏROV
(1976)
Azərbaycanın xalq artisti, opera ifaçısı Samir Qadir oğlu Cəfərov 1976-cı ilin bu günü Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr və kino sənəti ixtisası üzrə, Bakı Musiqi Akademiyasında solo oxuma ixtisası üzrə və Moskva şəhərində “Qalina Vişnevskayanın Opera Mərkəzi”ndə təhsil alıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın solistidir. 2017-ci ildə Gəncə Dövlət Filarmoniyasının direktoru təyin edilib. Repertuarında Avropa və Azərbaycan bəstəkarlarının operalarının aparıcı partiyaları, mahnı və romanslar yer alıb. Rusiya, İspaniya və başqa ölkələrdə qastrol səfərlərində olub. Samir Cəfərov dəfələrlə Prezident Mükafatına layiq görülüb.
ZƏRDÜŞT ŞƏFİ
(1986-2012)
Yazıçı, şair Zərdüşt Şəfi 19 noyabr 1986-cı ildə Qəbələ rayonunun Bum qəsəbəsində ziyalı ailəsində dünyaya gəlib. Xəzər Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 2005-ci ildən hekayə və esseləri dövrü mətbuatda dərc olunmağa başlayıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mədəniyyət və Turizm Nazirliyinin və Yazıçılar Birliyinin birgə layihəsi olan "Gənc Ədiblər Məktəbi"nin məsul katibi və fəal üzvlərindən biri olub. 2009-cu ildə “Bizim Yol” qəzetinin keçirdiyi sorğuya əsasən, "İlin gənc yazıçısı" mükafatı ilə təltif olunub, gənclərə dəstək məqsədilə verilən bir illik Prezident təqaüdünə layiq görülüb. 2012-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” fəxri adına layiq görülüb. 2011-ci ildə nəşr olunan "Başqa adamlar" kitabında müəllifin son beş ildə yazdığı hekayələr toplanıb. Hekayə və esselərdən əlavə, həm də bir çox şeirlərin, iki yarımçıq qalmış romanın müəllifidir. Zərdüşt Şəfi 2012-ci il avqustun 3-də qan xərçəngindən vəfat edib və doğulduğu kənddə torpağa tapşırılıb.
NADİR MANSUROV
(1916-1972)
Tarzən Nadir Məşədi Süleyman bəy oğlu Mansurovun anım günüdür. O, 1916-cı il aprelin 14-də Bakıda məşhur Mansurovlar ailəsində doğulub. 1937-1938-ci illərdə Gəncədə bir çox yerli xanəndələri müşayiət edib. 1940-cı ildə hərbi xidmətə çağırılıb və İkinci Dünya müharibəsində iştirak edib. Müharibədən sonra uzun illər Azərbaycan Dövlət Filarmoniyasının və “Azkonsert” Birliyinin solisti olub. Azərbaycan Dövlət Səsyazma Arxivində onun müxtəlif illərdə çaldığı həm solo ifaları, həm də trio müşayiətləri qorunub saxlanılır. Nadir Mansurov 19 noyabr 1972-ci ildə Bakıda vəfat edib. O, Bakı Muğam Məclislərinin yaradıcısı Məşədi Məlik bəy Mansurovun nəvəsi, tarzən Bəhram Mansurovun qardaşı, bəstəkar Eldar Mansurovun əmisidir.
ZƏFƏR NEMƏTOV
(1917-1971)
Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor, pedaqoq və ictimai xadim Zəfər Əlipaşa oğlu Nemətovun xatirə günüdür. O, 6 iyun 1917-ci ildə Bakıda anadan olub. 1931-1941-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, 1942-1953-cü illərdə quruluşçu rejissor, 1954-1969-cu illərdə isə baş rejissor vəzifəsində çalışıb. “Məlik Məmməd”, “Müfəttiş”, “Qaraca qız”, “Yaşar”, “Romeo və Culyetta”, “Komsomol poeması”, “Əlvida Hindistan” və başqa tamaşalara quruluş verib. Zəfər Nemətov 1971-ci il noyabrın 19-da vəfat edib. O, Azərbaycanın xalq artisti Azər Paşa Nemətin atasıdır.
DAVUD AXUNDOV
(1918-2003)
Azərbaycan-sovet memarı və tarixşünası, Dövlət Mükafatı laureatı, Beynəlxalq Şərq Akademiyasının fəxri üzvü Davud Ağa oğlu Axundov da bu gün xatırlanır. O, 1918-ci il fevralın 14-də Bakı şəhərində doğulub. Azərbaycan Sənaye İnstitutunda təhsil alıb. Əmək fəaliyyətinə layihəçi-memar kimi başlayıb. Bakı, Sumqayıt, Ağdam, Mingəçevir və digər şəhərlərdə bir sıra yaşayış binalarının müəllifi olub. Onun layihələri əsasında 1949-1963-cü illərdə Bakı, Krasnovodsk, Mahaçqala, Həştərxan və s. şəhərlərdə 100-dən artıq çoxmərtəbəli yaşayış evləri, yataqxana, klub, sənaye binaları tikilib. Azərbaycan Politexnik İnstitutunda çalışıb, Memarlıq konstruksiyaları kafedrasının müəllimi olub. “Şöhrət” ordeninə və Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Davud Axundov 2003-cü il noyabrın 19-da Bakıda vəfat edib.
NƏRİMAN ƏZİMOV
(1936-2016)
Azərbaycanın xalq artisti, bəstəkar və dirijor Nəriman Abbasqulu oğlu Əzimovun anım günüdür. O, 1 iyun 1936-cı ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu fakültəsində təhsil alıb. Tələbəlik dövründən Azərbaycan Televiziyası və Radiosunun Xalq Çalğı Alətləri Orkestrində tarzən kimi fəaliyyətə başlayıb, ömrünün 60 ili bura ilə bağlı olub. Uzun illər Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb, mahnılar və digər musiqi əsərləri bəstələyib. “Şöhrət” ordeni ilə təltif edilən Nəriman Əzimov 2016-cı ilin noyabrında Bakıda vəfat edib və Gəncədə torpağa tapşırılıb.
AYAZ ƏFƏNDİYEV
(1938-2007)
Azərbaycanın əməkdar elm xadimi, akademik Ayaz Adil oğlu Əfəndiyevin xatirə günüdür. O, 1938-ci il yanvarın 15-də Bakı şəhərində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunda kimya texnologiyası fakültəsində, Moskva şəhərində Fiziki Kimya İnstitutunun aspiranturasında təhsil alıb. Müxtəlif illərdə kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri, laboratoriya müdiri, direktor, baş redaktorun müavini, sədr müavini, Kimya Elmləri Bölməsinin akademik-katibi , AMEA-nın akademik-katibi, Yüksəkmolekullu birləşmələr kimyası üzrə Problem Şurasının sədri vəzifələrində çalışıb. 220-dən çox elmi əsərin və ixtiranın müəllifidir. Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Amerika Kimya Cəmiyyətinin üzvü və Rusiya EA Yüksəkmolekullu birləşmələr Elmi Şurasının üzvü olub. AMEA-nın Fəxri fərmanları, Ankara Orta Şərq Texniki Universitetinin xatirə medalı, "Şərəf Nişanı" və "Şöhrət" ordenləri ilə təltif olunub. Ayaz Əfəndiyev 19 noyabr 2007-ci ildə Bakıda dünyasını dəyişib.