Dünyanın bu günü - 20.02.2021
ARİF BABAYEV
(1938)
Azərbaycanın xalq artisti, xanəndə, professor Arif İmran oğlu Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhəri yaxınlığında Sarıhacılı kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Əvvəlcə Azərbaycan Dövlət Filarmoniyasına, daha sonra Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunan xanəndə bu teatrın səhnəsində muğam operalarında bir sıra yaddaqalan obrazlar yaradıb. 1982-ci ildə ilk muğam müəllimi kimi Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, 1984-cü ildə isə Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunub. 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alan Arif Babayev hazırda Milli Konservatoriyanın muğam kafedrasının müdiridir, eyni zamanda Xəzər Universitetində də muğam dərsi verir.
ƏLİAĞA KÜRÇAYLI
(1928-1980)
Şair, dramaturq, tərcüməçi Əliağa Həsənağa oğlu Vəliyev (Əliağa Kürçaylı) 1928-ci il fevralın 20-də Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub, 1944-1946-cı illərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlayıb. Daha sonra Bakı Təbabət Texnikumunda bir illik mühasiblər kursunda oxuduqdan sonra baş fəhlə olub, Salyan Dram Teatrında eyni vəzifədə işləyib. "Sənin gözlərin" adlı ilk şeiri ilə ədəbiyyata gəlişi uğurlu olub. Bakıda fəhlə-gənclər orta məktəbinin son sinfini bitirib və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Müxtəlif illərdə qəzet və jurnallarda məsul katib, şöbə müdiri, redaktor vəzifələrində çalışıb. Əliağa Kürçaylı 1980-ci il fevralın 11-də vəfat edib. Qızı Ülkər atasının ölüm xəbərini eşitdikdən yarım saat sonra özünü dənizə ataraq intihar edib.
SOLMAZ RÜSTƏMOVA-TOHİDİ
(1953)
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, İran tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Əli qızı Rüstəmova-Tohidi 1953-cü ilin bu günü Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib. 1995-ci ildən Niderlandın Sosial Tarix İnstitutunun Qafqaz üzrə, 2010-cu ildən Qafqaz və Orta Asiya üzrə nümayəndəsidir. 6 kitabın, 50 məqalə və 100-dən çox elmi nəşrlərin müəllifi, 7 kitabın elmi redaktoru, 4 sənəd kolleksiyasının və dövrü nəşrin tərtibatçısıdır. XX əsrin birinci yarısında Qafqaz, Azərbaycan, İran və Türkiyənin siyasi-ideoloji və mətbuat tarixi, Komintern tarixi, milli-azadlıq hərəkatlarının tarixi, Qafqazda repressiya, deportasiya və onun nəzəri aspektləri, miqrasiya və İran tarixi Solmaz Rüstəmova-Tohidinin əsas elmi tədqiqat istiqamətləridir.
ELMİN MİRZƏYEV
(1995-2020)
Şəhid Elmin Əvəz oğlu Mirzəyev 20 fevral 1995-ci ildə Xocavənd rayonunun Əmiranlar kəndində dünyaya göz açıb. Əslən Qaradağlı kəndindəndir. Qaradağlı işğal olunan zaman babası, əmisi, dayısı və digər qohumları ermənilər tərəfindən qətlə yetirilib. Salakətin kənd tam orta məktəbini bitirdikdən sonra 2013-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. 2015-ci ildən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində iştirak edib. Çavuş Elmin Mirzəyev 2 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
XALİD MECDUNOV
(1995-2020)
Şəhid Xalid Zahir oğlu Mecdunov 1995-ci il fevralın 20-də Qobustan rayonunun Poladlı kəndində anadan olub. Kənd tam orta məktəbini bitirdikdən sonra 2014-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Çavuş Xalid Mecdunov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub və Qobustan rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. O, xalq artisti Zabit Nəbizadənin bacısı oğludur.
FİKRƏT ƏMİROV
(1922-1984)
SSRİ və Azərbaycanın xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, bəstəkar Fikrət Əmirovun anım günüdür. O, 1922-ci il noyabrın 22-də Gəncədə məşhur musiqiçi Məşədi Cəmil Əmirovun ailəsində dünyaya gəlib. Azərbaycan Dövlət Konservatoriyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin və Boris Zeydmanın sinfində oxuyub. 1942-1943-cü illərdə Gəncə Filarmoniyasının, 1947-ci ildə Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1956-1959-cu illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifələrində çalışıb. Uzun illər Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub, SSRİ Bəstəkarlar İttifaqının katibi seçilib. “Sevil” operası, “Min bir gecə” və “Nizami” baletləri, “Şur”, “Kürd ovşarı” və “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamları kimi məşhur əsərlərin müəllifidir. Fikrət Əmirov 20 fevral 1984-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
FİRƏNGİZ ŞƏRİFOVA
(1924-2014)
Azərbaycanın xalq artisti, aktrisa Firəngiz Şərifovanın xatirə günüdür. O, 1924-cü fevralın 6-da Bakıda xalq artistləri Abbas Mirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində anadan olub. Səkkiz yaşında Azərbaycan məktəbinin birinci sinfinə gedib və növbəti ildə yenidən rus məktəbinin birinci sinfində oxumağa başlayıb. Paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub, beş il Konservatoriya təhsili alıb. 1947-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub. 1949-1961-ci illərdə və 1965-ci ildən ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrında yaratdığı dramatik, komik, faciə və psixoloji səhnə obrazları onun yaradıcılığında xüsusi yer tutub. Gənc yaşlarından başlayaraq "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Qaraca qız" (Yasəmən), "Bir ailəlik bağ evi", "Bayquş gələndə", “Qərib cinlər ölkəsində”, "Qətl günü" kinolentlərində müxtəlif rollara çəkilib. Firəngiz Şərifova 2014-cü il fevralın 20-də Bakıda dünyasını dəyişib.
LEYLA VƏKİLOVA
(1927-1999)
Azərbaycanın xalq artisti, milli balet sənətinin əfsanəvi və klassik dühalarından Leyla Məhəd qızı Vəkilova da bu gün xatırlanır. O, 1927-ci il yanvarın 29-da Bakıda doğulub. Bakı Xoreoqrafiya Məktəbini bitirdikdən sonra Moskvada təcrübə keçib. 1943-1971-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Milli baletlərdə klassik rəqs texnikası və xalq rəqslərinə xas elementlərdən məharətlə istifadə edib. Dünya və Azərbaycan bəstəkarlarının balet tamaşalarında yaddaqalan obrazlar yaradıb, dünyanın bir çox şəhərlərində qastrollarda olub. Leyla Vəkilova 20 fevral 1999-cu ildə Bakıda vəfat edib.
MƏMMƏDXAN BAKIXANOV
(1890-1957)
Azərbaycanın əməkdar artisti, tarzən Məmmədmirzə (Məmmədxan) Məmmədrza oğlu Bakıxanovun anım günüdür. O, 1890-cı ildə Bakıda anadan olub. İlk təhsilini İranda alıb. 1916-cı ildən başlayaraq tarzən kimi xalq məclislərində çıxış edib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakıya gəlib və burada musiqi təhsilini davam etdirib. 1921-ci ilin martında Konservatoriyanın inspektoru vəzifəsinə təyin edilib, 1923-cü ildən Bakıda Əli Bayramov adına əməkçi türk qadınlarının Mərkəzi Mədəniyyət Sarayına işə dəvət edilib və qadınlar klubunda 13 il tar müəllimi vəzifəsində çalışıb. 1934-cü ilin iyun ayında Tiflis şəhərində keçirilən Zaqafqaziya olimpiadasında rəhbərlik etdiyi “Şərq orkestri” birinci yer tutduğuna görə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanı ilə təltif edilib, pul mükafatına layiq görülüb. “Əmək igidliyinə görə”, “Qafqazın müdafiəsinə görə” medalları və bir sıra fəxri fərmanlarla təltif olunan Məmmədxan Bakıxanov 1957-ci il fevralın 20-də Bakıda dünyasını dəyişib.
RÖVŞƏN MUSTAFAYEV
(1960-2009)
Görkəmli elm xadimi, Azərbaycanda ilk siyasi elmlər doktoru, professor Rövşən Faiq oğlu Mustafayevin xatirə günüdür. O, 1960-cı il oktyabrın 5-də Bakıda anadan olub. Bakıdakı 134 saylı məktəbi sonra və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1982-ci ildə əmək fəaliyyətinə başlayıb. Əvvəlcə Şabran rayonunun Siyəzən qəsəbəsində orta məktəb müəllimi işləyib, 1985-1990-cı illərdə isə "Molodyoj Azerbaydjana", "Bakiskiy raboçi" qəzetlərində, "Gənclik" jurnalında jurnalist fəaliyyəti ilə məşğul olub. Eyni zamanda Şərq fəlsəfəsi və poeziyası üzrə araşdırmalar aparıb, Mirzə Şəfi Vazehin yaradıcılığına dair dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsi alıb. 1993-cü ildə AMEA-da Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunu təsis edib və institutun direktoru vəzifəsində çalışıb, eyni zamanda institutun elmi nəşri olan "Dirçəliş - XXI əsr" jurnalının baş redaktoru olub. 1996-cı ildə "Azərbaycan cəmiyyətinin mümkün inkişaf yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycanda ilk siyasi elmlər doktoru elmi dərəcəsinə layiq görülüb. 1998-ci ildən ömrünün sonunadək AMEA-nın İnsan Hüquqları İnstitutuna rəhbərlik edib. Rövşən Mustafayev 2009-cu il fevralın 20-də Türkiyənin İstanbul şəhərində dünyasını dəyişib, fevralın 21-də isə Yasamal qəbiristanlığında dəfn olunub.
GUMAN XOCAYEV
(1942-1991)
Şəhid Guman Əvəz oğlu Xocayev də bu gün xatırlanır. O, 2 iyun 1942-ci ildə Xocalı rayonunun Cəmilli kəndində olub. 1961-1965-ci illərdə sovet ordusunda hərbi xidmətdə olub. 1990-cı ildə 15 yaşlı oğlu ilə birlikdə erməni terrorçuları tərəfindən girov götürülüb, on gündən sonra geri qaytarılıb. Guman Xocayev 1991-ci il fevralın 20-də Xankəndi-Şuşa yolunda “KamAz” markalı avtomobilin partladılması nəticəsində şəhid olub.
MALİK BAĞIŞOV
(1974-1995)
Şəhid Malik Sədaqət oğlu Bağışovun anım günüdür. O, 18 avqust 1974-cü ildə Lerik şəhərində doğulub. 3 saylı şəhər orta məktəbində, 1 saylı riyaziyyat təmayüllü şəhər məktəbində və Bakı Maşınqayırma Texnikumunda təhsil alıb. 1992-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar silaha sarılaraq, Vətən torpaqlarının müdafiəsinə qoşulub. Ağdam, Füzuli, Xocavənd, Beyləqan rayonlar və Haramı düzündə gedən döyüşlərdə iştirak edib. Malik Bağışov 20 fevral 1995-ci ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Təhsil aldığı 3 saylı məktəb hazırda onun adını daşıyır.