Dünyanın bu günü - 20.04.2020

ƏBÜLFƏZ QARAYEV     

(1885-1952)

1. Əməkdar elm xadimi, ilk azərbaycanlı pediatr Əbülfəz Fərəc oğlu Qarayev 1885-ci il aprelin 20-də Bakı şəhərində anadan olub. 1907-ci ildə gimnaziyanı bitirdikdən sonra Odessa şəhərindəki Novorossiysk Universitetinin tibb fakültəsinə daxil olub. O, Azərbaycanda ana və uşaqların sağlamlığının müdafiəsi sisteminin yaradıcısı, Respublika Uşaq Xəstəxanasının təşkilatçılarından biridir. 1930-cu ildən Azərbaycan Tibb Universitetində assistent, dosent, professor, kafedra müdiri kimi vəzifələrdə çalışıb. 1938-ci ildən ömrünün sonuna qədər Azərbaycan Uşaq Həkimləri Cəmiyyətinə rəhbərlik edib. Əbülfəz Qarayev 1952-ci il oktyabrın 24-də vəfat edib. Hazırda Bakıdakı 2 saylı Uşaq Klinik Xəstəxanası onun adını daşıyır. O, dahi bəstəkar Qara Qarayevin atası, görkəmli pianoçu və caz bəstəkarı Cahangir Qarayevin və Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin babasıdır.

 

XURŞİD AĞAYEVA   

 (1906-1953)

2. Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı musiqişünas qadın Xurşid Həsən bəy qızı Ağayeva 1906-cı il aprelin bu günü doğulub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləyib. Azərbaycan Dövlət Konservatoriyasında musiqi tarixindən dərs deyib, elmi işlər üzrə prorektor olub. O, "Üzeyir Hacıbəyov" monoqrafiyasının, Azərbaycan musiqisinə aid məqalələrin, ölümü ilə əlaqədar tamamlanmamış "XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları" əsərinin müəllifidir. Xurşid Ağayeva 3 dekabr 1953-cü ildə vəfat edib. O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk sədrinin birinci müavini olmuş Həsən bəy Ağayevin qızı, görkəmli göz həkimi Bahadur Eyvazovun həyat yoldaşı, musiqişünas Xurşid Abdullayevanın nənəsidir.

 

NƏSİBƏ ZEYNALOVA 

(1916-2004)

3. Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktrisası, Dövlət Mükafatı laureatı Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakıda dünyaya göz açıb. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə atası Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdarkən gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra vəfat edib. Nəsibə xanım orta məktəbdən rəqqasəlik edib, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnib. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda 1934-cü ildən mövsümi fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bir il burada aktrisalıq etdikdən sonra 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb və həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. Azərbaycan Televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış edib, "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə, Telli, Züleyxa, Cənnət xala, Gülsüm, Əsli xala rolları daha çox populyarlıq qazanıb. Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

ADOLF HİTLER  

(1889-1945)

4. İkinci Dünya müharibəsinin əsas səbəbkarı, nasizm ideyasının banisi, III Reyxin reyxs-kansleri və füreri Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriyada doğulub. Təhsil həyatında uğurlu olmayıb, rəsmlə məşğul olub, 2000-ə yaxın rəsm əsəri var. Birinci Dünya müharibəsi zamanı çavuş olub, Avstriya ordusu tərəfindən həbs edilsə də, fiziki cəhətdən səfərbərliyə yararlı olmadığından azad olunub. Yeni yaradılan “Alman Fəhlə Partiyası”na daxil olub və ona liderlik edib, daha sonra partiyanın adını dəyişərək “Almaniya Nasional Sosialist Fəhlə Partiyası” edib. 1 aprel 1924-cü ildə “Pivə Qiyamı” hadisəsindən sonra 5 illik həbsə məhkum edilib. Həbsxanada “Mənim Mübarizəm” adlı kitab yazıb. 30 yanvar 1933-cü ildə seçkilər nəticəsində Almaniyada hakimiyyətə gəlib. 1 sentyabr 1939-cu ildə Polşaya hücumla başlatdığı İkinci Dünya müharibəsində məğlubiyyəti qəbul edə bilməyən Adolf Hitler 1945-ci il aprelin 30-da həyat yoldaşı Yeva Braunla birlikdə intihar edib.

 

ÇİNGİZ HÜSEYNOV 

(1929)

5. Əməkdar incəsənət xadimi, nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, professor Çingiz Həsən oğlu Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. İkinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilərək oranı bitirib. Daha sonra SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, burada dissertasiya müdafiə edib. SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olub, Sov.İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləyib. İlk mətbu əsəri "Bakinski raboçi" qəzetində işıq üzü görüb. Çingiz Hüseynov “Fətəli fəthi”, “Mənim bacım”, “Novruzgülü”,” Adını demədi”, “Adalar”, “Əriyən heykəl” və başqa əsərlərin müəllifidir.

 

ZEMFİRA NƏRİMANOVA 

 (1959)

6. Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü Zemfira Əli qızı Nərimanova 1959-cu il aprelin bu günü Bakıda dünyaya gəlib. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino fakültəsinə daxil olub. 1980-ci ildə Akademik Milli Dram Teatrın aktyor truppasına ştata götürülüb. "Xurşidbanu Natəvan", "Atabəylər", "Torpağa sancılan qılınc", "Lənkəran xanının vəziri", "Kölgələrin oyunu" və başqa tamaşalarda çıxış edib. Azərbaycan Televiziyasında hazırlanmış film-tamaşalarda da oynayıb. “Ordan-burdan”, “Girişmə, öldürər!”, “Müqəddəs torpaq”, “İtkin gəlin”, “Pəncərədə işıq”, “Sarıköynəklə Valehin nağılı” kimi filmlərdə rol alıb.

 

CABBAR FAİQOV 

(1963-1994)

7. Şəhid Cabbar Cavad oğlu Faiqov 1963-cü il aprelin 20-də Saatlı rayonunun Varxankənd kəndində anadan olub. 1980-ci ildə Varxankənd orta məktəbini, 1987-ci ildə isə  Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. Saatlı rayonunun Məmmədabad kənd xəstəxanasına baş həkim təyin olunub. 1988-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda azadlıq hərəkatının öncüllərindən olub. 1989-cu ildə Fərqanə hadisələrindən sonra Özbəkistandan Azərbaycana pənah gətirən Ahıska türklərinin regionlarda yerləşdirilməsində çox böyük əməyi olub. 1993-cü ilin noyabr ayında könüllü olaraq hərbi xidmətə yollanıb, Tərtər, Ağdam və Ağdərə istiqamətində də hərbi həkim kimi xidmət edib. Tibb xidməti leytenantı Cabbar Faiqov 1994-cü ilin mayın 12-də - Qarabağda aktiv hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan atəşkəs sazişinin imzalandığı gün düşmən mühasirəsinə düşərək şəhid olub. Ölümündən 17 il sonra - 2011-ci il iyunun 25-də Azərbaycan Prezidenti tərəfindən “Vətən uğrunda” medalına və tibb xidməti baş leytenantı rütbəsinə layiq görülüb.

 

BƏHRAM BƏY NƏBİBƏYOV 

(1884-1930)

8. Bu gün Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Sovet ordusunun zabiti, polkovnik, 1930-cu il Şəki üsyanının rəhbərlərindən olmuş Bəhram bəy Qasım bəy oğlu Nəbibəyovun anım günüdür. O, 1884-cü il dekabr 6-da Şəki şəhərində bəy ailəsində anadan olub. Kutaisi Realnı Məktəbini və Peterburq Konstantin Artilleriya Məktəbini bitirib. 1904-cü ildən Rusiya ordusunun Qafqazdakı topçu briqadasında xidmətə başlayıb. 1909-cu ildə poruçik, 1912-ci ildə ştabs-kapitan rütbəsinə layiq görülüb. İkinci dərəcəli "Müqəddəs Anna" və "Müqəddəs Stanislav" ordenləri ilə təltif edilib. 1918-ci ilin noyabrında Azərbaycan topçu briqadasına təyinat alıb, sonra isə 2-ci topçu briqadasının 3-cü batareya komandiri vəzifəsində xidmət edib. 1919-cu ilin noyabrından Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda xidmətə başlayıb. 1920-ci ilin mart-aprel aylarında Cümhuriyyət hərbi qüvvələrinin Qarabağda erməni-daşnak işğalçılarına qarşı apardığı əməliyyatlarda fəal iştirak edib. 1930-cu ilin aprelində Şəki-Zaqatala bölgəsində sovet hakimiyyətinə qarşı baş vermiş xalq üsyanının rəhbərlərindən biri olub və elə həmin ilin iyulunda üsyanın yatırılması üçün göndərilmiş çoxsaylı sovet hərbi qüvvələri ilə döyüşdə həlak olub.

 

İMRAN QASIMOV  

(1918-1981)

9. Azərbaycanın xalq yazıçısı, dramaturq və kinossenarist İmran Haşım oğlu Qasımovun xatirə günüdür. O, 1918-ci il noyabrın 25-də Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, sonra Moskvada kinossenaristlər kursunda oxuyub. Moskvada kino-ssenaristlər şöbəsinin rəisi, Azərbaycan Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsi sədrinin birinci müavini, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin birinci katibi vəzifələrində çalışıb. "Uzaq sahillərdə", "İllər keçir", "Fransız qobeleni (Yol qeydləri)", "İtaliya mozaikası" kimi kitabların yazarı, “Bizim küçə”, “Mən Xəzər dənizçisiyəm”, “Mənim dostum”, “Yolda əhvalat”, “Yollar və küçələrlə”, “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “İnsan məskən salır“  və başqa filmlərin ssenari müəllifidir. “Lenin”, "Qırmızı Əmək Bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilən İmran Qasımov 1981-ci ilin aprelində vəfat edib.

 

ASİF RƏHİMOV 

 (1974-1994)

10. Şəhid Asif Dadaş oğlu Rəhimovun anım günüdür. O, 21 oktyabr 1974-cü ildə doğulub. 1993-cü il noyabrın 7-də Hacıqabul rayonundan hərbi xidmətə çağırılıb. Asif Rəhimov 1994-cü ilin aprelin 20-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olub və Hacıqabul rayonunun Atbulaq kəndində dəfn olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv