Dünyanın bu günü - 20.06.2021

ƏLİ QURBANOV

(1898-1962)

 

Azərbaycanın xalq artisti, aktyor Əli Mirzə oğlu Qurbanov 1898-ci il iyunun 20-də Tiflis şəhərində dünyaya gəlib. Uşaqlıq və gənclik illəri çox ağır keçdiyi üçün işləyə-işləyə orta təhsilini bitirib. Tiflisdə Azərbaycan Dram Teatrında, "İttihad" ikinci teatr truppasında və Azərbaycan Dövlət Akademik Dram Teatrında fəaliyyət göstərib. Nəriman Nərimanov adına klubda xalq çalğı alətləri orkestri təşkil edərək, yerlərdə konsertlər verib. 200-ə yaxın müxtəlif rolda çıxış edib. 40 ildən artıq "Azərbaycanfilm" kinostudiyasında filmlərə çəkilib. "Hacı Qara", "Kəndlilər", "Almaz", "Səbuhi", "Qara daşlar", "Ögey ana", "Bir qalanın sirri" və başqa filmlərdə yaddaqalan obrazlarda çıxış edib. "Şərəf Nişanı", "Qırmızı Əmək Bayrağı", “Lenin” ordenləri və medallarla təltif olunan Əli Qurbanov 1962-ci il oktyabrın 14-də Bakıda dünyasını dəyişib.

 

 

RƏHİM SULTANOV

(1912-2000)

 

Azərbaycanın əməkdar elm xadimi, şərqşünas alim Rəhim Sultanməmməd oğlu Sultanov 20 iyun 1912-ci ildə Ərdəbil yaxınlığındakı Kəhrəlan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində təhsil alıb. İkinci Dünya müharibəsi illərində Qırmızı Ordu sıralarında hərbi tərcüməçi və jurnalist, Şərqşünaslıq fakültəsinin dekanı, Yaxın Şərq dilləri kafedrasının müdiri vəzifələrində çalışıb. Fars dili tarixi, müasir fars dili və onun tədris metodikası üzrə tədqiqatların, ali və orta məktəblər üçün fars dili dərsliklərinin müəllifidir. Nəsirəddin Tusinin "Əxlaqi-Nasiri", Nizamülmülkün "Siyasətnamə", Sədi Şirazinin "Gülüstan", Caminin "Baharıstan", "Qabusnamə", "Kəlilə və Dimnə" və digər klassik əsərləri Azərbaycan dilinə tərcümə edib. Rəhim Sultanov 2000-ci ildə Bakıda vəfat edib.

 

 

SÜLEYMAN ƏLƏSGƏROV

(1915-1998)

 

Azərbaycanın xalq artisti, aktyor Süleyman Ağababa oğlu Ələsgərov 1915-ci ilin bu günü Bakıda doğulub. Maliyyə Texnikumunda və Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. Müxtəlif illərdə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində, "Azərbaycanfilm" kinostudiyasında və Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib. "Qızıl quş", "Qaraca qız", "Hacı Qəmbər", "Polad necə bərkidi", "Səfillər" və başqa tamaşalarda çıxış edib. Onun ən populyar və irihəcmli ekran obrazı "Bizim Cəbiş müəllim" filmində əsas qəhrəman olan Cəbiş müəllim roludur. 1961-ci ildə oynadığı Səməd Vurğun roluna görə Respublika Lenin Komsomolu Mükafatına layiq görülən Süleyman Ələsgərov 10 dekabr 1998-ci ildə Bakıda vəfat edib.

 

 

CAHANGİR CAHANGİROV

(1921-1992)

 

Azərbaycanın xalq artisti, bəstəkar Cahangir Şirgəşt oğlu Cahangirov 20 iyun 1921-ci ildə Balaxanıda anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1949-cu ildən Azərbaycan radiosunun nəzdində yaradılan xora 15 ildən artıq rəhbərlik edib. Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. “Arazın o tayında” poeması, “Dostluq mahnısı” kompozisiyası, “Azad” və “Xanəndənin taleyi” operaları, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantataları, “Sabir” oratoriyası xor musiqisi sahəsində maraqlı əsərlərindəndir. Bəstəkarın “Ana”, “Aylı gecələr”, “Bakı”, “Dan ulduzu, bir də mən”, “Ay qız”, “Ala göz” və başqa mahnıları dillər əzbəridir. Nizaminin 800 illik yubileyi günlərində şairin sözlərinə “Gül camalın” romansını və xor üçün “Qəzəl” əsərini, Nəsiminin 600 illik yubileyi münasibətilə “Ənəlhəq” adlanan mahnı-romans əsərini yazıb. Cahangir Cahangirov 1992-ci il martın 25-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

FARİZ SƏFƏROV

(1920-1964)

 

Sovet İttifaqı Qəhrəmanı Fariz Məcid oğlu Səfərov 1920-ci il iyunun 20-də Ağdaş rayonunun Ləki qəsəbəsində doğulub. Qəsəbədəki 6 nömrəli orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Bakı şəhəri Biləcəri qəsəbəsindəki 5 nömrəli rusdilli məktəbin hazırlıq kursunu bitirib. Kürdəmir rayonunda rus dili müəllimi işləyib. 1939-cu ildə hərbi xidmətə çağırılıb, Litvada və Minsk şəhərində Hərbi Hava Qüvvələrində, 416-cı Taqanroq diviziyasında xidmət edib. İkinci Dünya müharibəsində göstərdiyi şücaətlərə görə 19 mart 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1957-ci ildə mayor rütbəsində ehtiyata göndərilən Fariz Səfərov 27 avqust 1964-cü ildə vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Ləki qəsəbəsində ev muzeyi açılıb, Ağdaş Tarix-Diyarşünaslıq muzeyində xatirəsinə guşə yaradılıb.

 

 

VÜQAR HÜSEYNOV

(1969-1991)

 

Azərbaycanın Milli Qəhrəmanı Vüqar Tofiq oğlu Hüseynov 1969-cu ilin bu günü Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub. 1986-cı ildə Daşkəsəndə orta məktəbi bitirib, 1987-1989-cu illərdə hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycana qayıdıb və elektrik qaynaqçısı kimi fəaliyyətə başlayıb. 1990-cı ildə DİN-in Xüsusi Təyinatlı Polis Dəstəsinə yazılıb, Xocalı və Goranboy istiqamətindəki döyüşlərdə iştirak edib. 1991-ci il iyulun 20-də erməni qəsbkarlarının Goranboy rayonuna hücumunu dəf edərkən qəhrəmancasına həlak olub və doğulduğu kənddə dəfn edilib. Vüqar Hüseynov ölümündən sonra "Qırmızı Ulduz" ordeni və "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı ilə təltif olunub. Oxuduğu orta məktəb onun adını daşıyır.

 

 

ƏDALƏT PAŞAYEV

(1956-1992)

 

Şəhid Ədalət Sabir oğlu Paşayev 20 iyun 1956-cı ildə Tərtər rayonunun Balakəngərli kəndində doğulub. Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1991-ci ildə yaranan Tərtər özünümüdafiə batalyonuna zabit kimi daxil olub. Cəbhədə “Topçu Ədalət” adı ilə tanınıb. 1992-ci il avqustun 23-də Drambon kəndi uğrunda döyüşlərdə yaralanıb və avqustun 25-də Bakıda Respublika Kliniki Xəstəxanasında vəfat edib. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

 

 

RƏŞADƏT MUSAYEV

(2002-2020)

 

Şəhid Rəşadət Vüqar oğlu Musayev 2002-ci il iyunun 20-də Şəki rayon Baş Göynük kəndində anadan olub. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Rəşadət Musayev oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub və Şəkidə torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

FAZİL SALAYEV

(1931-1978)

 

Aktyor Fazil İdris oğlu Salayevin anım günüdür. O, 1931-ci il sentyabrın 1-də Bakıda dünyaya gəlib. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində və Teatr İnstitutunda təhsil alıb. Bir müddət orta məktəbdə müəllim işləyib. Daha sonra Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyət göstərib, "Mozalan" satirik kinojurnalında müxtəlif tipajlar yaradıb. "Möcüzələr adası", "Ulduz", "Alma almaya bənzər", "Bizim Cəbiş müəllim", "Dərviş Parisi partladır", "Şərikli çörək" və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. "Komediyalar aləminə səyahət" verilişində tez-tez səhnəciklərdə çıxış edib. Heç bir fəxri adla təltif olunmayan Fazil Salayev 1978-ci il iyunun 20-də Bakıda vəfat edib.

 

 

HÜSEYN HƏŞİMLİ

(1965-2020)

 

Azərbaycanın əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Məmməd oğlu Həşimlinin xatirə günüdür. O, 25 avqust 1965-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Teyvaz kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali təhsil alıb. 1986-2019-cu illərdə Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və tədris işləri üzrə prorektor vəzifələrində işləyib. 2019-cu ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Naxçıvan MR Ali Məclisinin III, IV, V və VI çağırış deputatı, 30 kitabın, 350 elmi məqalənin müəllifi olub. Hüseyn Həşimli 2020-ci il iyunun 20-də Naxçıvanda vəfat edib.

 

 

ELŞAD YƏHYAYEV

(1966-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Elşad Məmmədhənifə oğlu Yəhyayev də bu gün xatırlanır. O, 1966-cı il mayın 5-də Şəki şəhərində anadan olub. 1983-cü ildə Bakıdakı 56 saylı orta məktəbi bitirib. 1984-1986-cı illərdə hərbi xidmətdə olub. 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olub və 1991-ci ildə leytenant rütbəsi ilə Vətənə dönüb. "N" saylı hissəyə taqım komandiri təyin olunub. Sırxavənd, Naxçıvanik, Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edib. Elşad Yəhyayev 20 iyun 1992-ci ildə Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

 

İLYAS CABBAROV

(1966-1993)

 

Şəhid İlyas Vaqif oğlu Cabbarovun xatirə günüdür. O, 2 mart 1966-cı ildə Laçın rayonunun Güləbird kəndində doğulub. Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. 1986-1988-ci illərdə Ukraynada hərbi xidmətdə olub. 1990-cı ildən könüllü olaraq Milli Ordu sıralarında kəşfiyyatçı kimi xidmət edib, Güləbird batalyonunun kəşfiyyat bölüyünün komandiri təyin edilib. Dəyhan, Fərəcan, Səfiyan, Suarası, Dəyirmanyanı və digər kəndlər uğrunda gedən döyüşlərdə vuruşub. İlyas Cabbarov 1993-cü ilin iyununda kəşfiyyatdan qayıdarkən Xanalılar kəndi yaxınlığında minaya düşərək həlak olub və Güləbird kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 9 oktyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Müəllif | Apa.Tv
Apa.tv