Dünyanın bu günü - 20.11.2020

QARAKƏND FACİƏSİ 

(1991)

 

20 noyabr Qarakənd faciəsinin ildönümüdür. 1991-ci ilin noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında içərisində Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələrinin də olduğu hərbi vertolyot erməni quldurları tərəfindən vurulub. Nəticədə Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər və jurnalistlər də daxil olmaqla ümumilikdə 22 nəfər həlak olub. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, köməkçisi Rafiq Məmmədov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezidentin mətbuat katibi Osman Mirzəyev, Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini Qurban Namazəliyev, Qazaxıstan daxili işlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının əməkdaşları Alı Mustafayev, Fəxrəddin Şahbazov və Arif Hüseynzadə də var idi. Əvvəllər rəsmi olaraq vertolyotun dumana düşərək qayaya çırpılması fərziyyəsi səsləndirilib. Ancaq bir neçə gün onun ermənilər tərəfindən vurulması öz təsdiqini tapıb.

 

 

İZZƏT SEYİDOVA

(1910-1973)

 

Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı qadın teatr rəssamlarından biri İzzət Əli qızı Seyidova 20 noyabr 1910-cu ildə Xarkovda anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. Peşəkar karyerasına 1938-ci ildə Azərbaycan Opera və Balet Teatrında başlayıb. "Bir qadının portreti", "Şair Mirvarid Dilbazi", "Sidqi Ruhullanın porteti" və bir çox rəsmlərin müəllifidir. Uzun illər Bakı İncəsənət Texnikumunda dekorasiya kompozisiyası üzrə dərs deyib. Əsərləri günümüzdə Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Teatr Muzeyi kimi bir çox muzeylərdə sərgilənir. "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunan İzzət Seyidova 30 noyabr 1973-cü ildə Bakıda vəfat edib.

 

 

QULU XƏLİLOV

(1930-1995)

 

Azərbaycanın əməkdar elm xadimi, professor, publisist, tənqidçi Qulu Qasım oğlu Xəlilov 1930-cu il noyabrın 20-də Qərbi Azərbaycanın Qızılcıq kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Bir müddət AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda, daha sonra Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində professor vəzifəsində çalışıb. “Yaşamaq istəyirəm”, “Qocaların söhbəti”, “Qulun yaman kişnədi”, “Müəllimə”, “Hörümçək”, “Ömrün baharı”, “Atam və mən” və başqa əsərlərin müəllifidir. Qulu Xəlilov 1995-ci ildə Bakıda vəfat edib və Xəzər rayonunun Şağan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

 

 

GÜNDÜZ ABBASOV

(1930-1995)

 

Azərbaycan kino aktyoru, yazıçı, tərcüməçi və rəssam Gündüz Şəmsəddin oğlu Abbasov 1930-cu ilin bu günü Bakının Dağlı məhəlləsində, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasovun ailəsində dünyaya gəlib. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. "Onun böyük ürəyi" və "Bir qalanın sirri" filmlərində ifa etdiyi rollar ona böyük populyarlıq gətirib. Ciddi rollarla yanaşı, "Mozalan" kinojurnalının bir çox süjetlərində də iştirak edib. Gündüz Abbasov 21 avqust 1995-ci ildə Bakıda vəfat edib.

 

 

QƏDİR RÜSTƏMOV

(1935-2011)

 

Azərbaycanın xalq artisti, Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri Qədir Çərkəz oğlu Rüstəmov 20 noyabr 1935-ci ildə Ağdam rayonunda anadan olub. Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanıb və xanəndə kimi məşhurlaşıb. İfa etdiyi bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun qızıl fondunda saxlanılır. Onun ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir. Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Qədir Rüstəmov 14 dekabr 2011-ci ildə Türkiyənin İstanbul şəhərində vəfat edib və Bakı şəhərində dəfn olunub.

 

 

CO BAYDEN 

(1942)

 

Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti Co Bayden 1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində irland əsilli ailədə dünyaya gəlib. Katolik hazırlıq məktəbində, Delaver Universitetində və Nyu-Yorkda hüquq kollecində təhsil alıb. 1972, 1978, 1984, 1990, 1996 və 2002-ci illərdə Senata üzv seçilib. 2001-2003-cü illərdə Senatın Xarici siyasət komitəsinə başçılıq edib. 2008-ci il prezident seçkisinə qatılıb, lakin Ayova ştatında keçirilən praymerizdə sonuncu yeri tutduğu üçün geri çəkilib. Həmin il 4 noyabr seçkisində səs çoxluğu qazanaraq, Prezident Barak Obamanın vitse-prezidenti seçilib və 8 il bu vəzifədə çalışıb. Co Bayden Demokratlar Partiyasının prezidentliyə namizədi kimi 2020-ci il noyabrın 7-də keçirilən prezident seçkilərində qalib gəlib.

 

 

EMEL SAYIN

(1945)

 

Türkiyəli müğənni, aktrisa Emel Sayın 1945-ci ilin bu günü Sivasda anadan olub. Qazi Turhan bəy orta məktəbində, Uzunköprüdəki Çapa Anadolu Müəllim Liseyində və İstanbul Universitetinin Dövlət Konservatoriyasında təhsil alıb. 17 yaşında ikən ilk dəfə səhnəyə çıxıb, 1963-cü ildə Ankara radiosunun solisti olub. “Mavi Boncuk”, “Şampiyon”, “Rüzgar” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. Müxtəlif illərdə bir sıra albomlar çıxarıb. Emel Sayın 53-cü Beynəlxalq Antalya Film Festivalında "Ömür Boyu Başarı Mükafatı" nı alıb.

 

 

ƏLABBAS İSGƏNDƏROV

        (1958-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Əlabbas Qara oğlu İsgəndərov 20 noyabr 1958-ci ildə Ağdam rayonunun Kürdlər kəndində anadan olub. 18 yaşı tamam olduqdan sonra sovet ordusu sıralarına çağırılıb, tərxis edildikdən sonra isə öz doğma yurduna dönərək təsərrüfatla məşğul olub. 1991-ci ildə Ağdamda könüllülərdən ibarət batalyona yazılıb. 1992-ci ildə Umudlu kəndində mühasirəyə düşmüş 40 döyüşçümüz məhz Əlabbasın qəhrəmanlığı sayəsində gizli yollarla mühasirədən çıxaraq, hərbi hissəyə dönə bilib. Əlabbas İsgəndərov 4 mart 1992-ci ildə Qazançı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

GÜLTƏKİN ƏSGƏROVA

(1960-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Məlik qızı Əsgərova 1960-cı il noyabrın 20-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlayıb, 1991-ci ildən Uroloji Kliniki Xəstəxanada işləyib. 1992-ci il aprelin 4-də könüllü olaraq cəbhəyə yollanıb, Turşsu və Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Gültəkin Əsgərova 19 iyul 1992-ci ildə Aranzəmin yüksəkliyi uğurunda gedən döyüşdə şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Əminə adlı qızı yadigar qalıb. Azərbaycan Prezidentinin 20 noyabr 1993-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakıda oxuduğu 200 saylı orta məktəbə onun adı verilib və büstü qoyulub, yaşadığı binaya xatirə lövhəsi vurulub. Xəzərdə üzən gəmilərdən biri onun adını daşıyır, gəmidə muzeyi yaradılıb.

 

 

LEV TOLSTOY

(1828-1910)

 

Görkəmli rus yazıçı, publisist və filosof Lev Nikolayeviç Tolstoyun anım günüdür. O, 9 sentyabr 1828-ci ildə Tula quberniyasının Yasnaya Polyana malikanəsində anadan olub. 13 yaşı olanda ailəsi ilə birlikdə Kazana köçüb. 1844-cü ildə İmperator Kazan Universitetinə daxil olub. Universitetdə oxumaq onun üçün darıxdırıcı olduğundan, təhsilini yarımçıq qoyub və dağlılarla döyüşmək məqsədilə 1851-ci ildə qardaşı Nikolayla birlikdə Qafqaza yollanıb, hərbi əməliyyatlarda iştirak edib. 1855-ci ildə "Ailə xoşbəxtliyi" əsərini çap etdirib. 1862-ci ildə "Yasnaya Polyana" pedaqoji jurnalını nəşr etdirməyə başlayıb. "Hərb və sülh", "Anna Karenina" və “Dirilmə” romanları, "Kazaklar", "Hacı Murad" povestləri onun ən məşhur əsərlərindəndir. Lev Tolstoy 1910-cu il noyabrın 10-da malikanəsini xəlvətcə tərk edib, yolda sətəlcəm olub və noyabrın 20-də Ural  dəmir yolunun Astapovo stansiyasında vəfat edib, Yasnaya Polyanada dəfn olunub.

 

 

KEÇƏÇİOĞLU MƏHƏMMƏD

(1864-1940)

 

Azərbaycan xanəndəsi Məhəmməd Məşədi Xəlil oğlu xatirə günüdür. O, 18 iyun 1864-cü ildə Şuşa şəhərində doğulub. Xanəndəlik sənətini Şuşada Xarrat Qulunun məktəbində və məşhur xanəndə Məşədi İsidən öyrənib. Xanəndəliklə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. 1926-cı ildə Üzeyir Hacıbəyov tərəfindən Azərbaycan Dövlət Filarmoniyasına dəvət olunub və gənc xanəndələr yetişdirib. Onun repertuarında klassik muğamlar, təsnif və xalq mahnıları əsas yer tutub. Cabbar Qaryağdıoğlu ilə birgə Füzulinin "Leyli və Məcnun" poemasından səhnələri duet şəklində oxuması çox məşhur idi. Onun ifasında bir sıra muğam, təsnif və xalq mahnıları "Sport-rekord" və "Ekstrafon" şirkətləri tərəfindən qrammofon valına yazılıb. Keçəçioğlu Məhəmməd 20 noyabr 1940-cı ildə Qubada vəfat edib.

 

 

KAZIM ZİYA

(1896-1956)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Kazım Cəfər oğlu Kazımzadə də bu gün xatırlanır. O, 1896-cı il martın 21-də Ordubad rayonunun Yuxarı Əylis kəndində dünyaya gəlib. "İttihad" İran gimnaziyasında təhsil alıb. Bakı, İrəvan və Tiflis Dram teatrlarında, 1938-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışıb. “Ölülər”, “Vaqif”, “Yaşar”, “Bismillah”, “Səbuhi” və başqa tamaşalarda, filmlərdə yaddaqalan obrazlar yaradıb. Yüksək aktyorluq texnikasına, aydın diksiyalı məlahətli səsə malik sənətkar bədii qiraət ustası kimi də tanınıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunda dərs deyib. 1949-cu ildə “Səhnə dili” kitabı çapdan çıxıb. Dövlət Mükafatı və "Lenin" ordeni ilə təltif olunub. Kazım Ziya 1956-cı il noyabrın 20-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

HƏMİD ARASLI

(1909-1983)

 

Azərbaycanın əməkdar elm xadimi, ədəbiyyatşünas, akademik Həmid Hacı Məmmədtağı oğlu Araslı‎nın anım günüdür. O, 20 noyabr 1909-cu ildə Gəncədə dünyaya gəlib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil alıb. Uzun illər elmi tədqiqatla məşğul olmaqla yanaşı, ali məktəblərdə dərs deyib, orta və ali məktəblər üçün çox sayda dərslik hazırlayıb. “Kitabi-Dədə Dorqud”, “Koroğlu” dastanları, aşıq ədəbiyyatı, Xaqani, Nizami, Füzuli, Nəsimi, Saib Təbrizi, M.F.Axundov, M.Ə.Sabir və başqa görkəmli sənətkarlar haqqında kitablar nəşr etdirib. Türkiyə Dilçilik Cəmiyyətinin fəxri üzvü, İraq Akademiyasının fəxri akademiki, İslam mədəniyyətini qoruyan Kral Cəmiyyətinin müxbir üzvü seçilib. Həmid Araslı 20 noyabr 1983-cü ildə Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

NOVRUZ NOVRUZLU 

(1960-2018)

 

Müğənni və aktyor Novruz Novruzlunun xatirə günüdür. O, 12 may 1960-cı ildə Ordubad şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb. İnstitutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. "Ulduz" tamaşasında Zəfər, "Arşın mal alan"da Əsgər, "O olmasın, bu olsun"da Sərvər rollarını ifa edib, “Qüdsi” filmində çıxış edib. Bir müddət "Şərq ansamblı"nda solist kimi fəaliyyət göstərib, Akademik Opera və Balet Teatrının solisti, "Savalan" qrupunun yaradıcısı və  bədii rəhbəri olub. Novruz Novruzlu 20 noyabr 2018-ci ildə dünyasını dəyişib və Xırdalan qəbiristanlığında dəfn olunub.

Müəllif | Apa.Tv
Apa.tv