Dünyanın bu günü - 21.01.2021

ƏLİSÖHBƏT SUMBATZADƏ

(1907-1992)

 

Görkəmli şərqşünas və tarixçi alim, tarix üzrə elmlər doktoru, professor, akademik Əlisöhbət Sumbat oğlu Sumbatzadə 21 yanvar 1907-ci ildə Bakının Əmircan kəndində dünyaya gəlib. 1926-cı ildə Azərbaycan Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin tarix-etnologiya şöbəsinə daxil olub, 1930-cu ildə təhsilini başa vurub. 1930-cu ildə namizədlik, 1948-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib, 1954-cü ildə professor elmi adını alıb. 1957-1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, 1959-1963-cü illərdə İqtisadiyyat İnstitutunda şöbə müdiri, 1963-1969-cu illərdə Yaxın və Orta Şərq Xalqları İnstitutunun, 1970-1972-ci illərdə Tarix İnstitutunun direktoru, 1970-1981-ci illərdə Azərbaycan Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin akademik-katibi olub. 1982-1992-ci illərdə İctimai elmlər üzrə Elmi Məlumat Mərkəzində şöbə müdiri vəzifəsində çalışıb. “Qırmızı Əmək Bayrağı” ordeni və müxtəlif medallarla təltif edilib, əməkdar elm xadimi fəxri adına layiq görülüb. Əlisöhbət Sumbatzadə 28 yanvar 1992-ci ildə Bakı şəhərində vəfat edib.

 

ABBAS ÇAYXORSKİ

(1917-2008)

 

Kimya elmləri doktoru, professor Abbas Çayxorski 1917-ci il yanvarın 21-də indiki Ermənistanın Basarkeçər qəzasının Çaxırlı kəndində anadan olub. 1918-ci ildə ailəsi ilə əvvəlcə Ağdama, oradan da Ağdaşa köçüb. Bakı Dövlət Universitetinin və Leninqrad Universitetinin kimya fakültələrində təhsil alıb. Bakı Artilleriya Məktəbində təhsil aldıqdan sonra 1941-ci ilin avqustundan Qafqaz və Krım cəbhələrində vuruşub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə 3-cü dərəcəli “Şöhrət” və “Qızıl Ulduz” ordenlərinə layiq görülüb. 1947-ci ildə o, Çelyabinskdə təşkil olunmuş Atom mərkəzinə işləməyə göndərilib. 1969-cu ildə atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə SSRİ Dövlət Komissiyasının rəhbəri təyin olunub və bu vəzifədə SSRİ-nin süqutuna qədər - 22 il çalışıb. Neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçı kimi AMEA-nın fəxri doktoru seçilib. Abbas Çayxorski 2008-ci il noyabrın 30-da ABŞ-ın Nevada ştatının Rino şəhərində vəfat edib.

 

 

ŞƏFİQƏ AXUNDOVA

(1924-2013)

 

Azərbaycanın xalq artisti, Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Qulam qızı Axundova 1924-cü ilin bu günü Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirib. 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilən Şəfiqə Axundova 2013-cü ilin iyulun 26-da Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

ZƏLİMXAN YAQUB

       (1950-2016)

 

Azərbaycanın xalq şairi Zəlimxan Yusif oğlu Yaqub 21 yanvar 1950-ci ildə Borçalıda, Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirib. 1994-cü ildən Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü, 1995-2005-ci illərdə Milli Məclisin deputatı, 2008-ci il avqustun 29-dan Azərbaycan Aşıqlar Birliyinin sədri olub. Bir çox əsərlərin müəllifidir. "Şöhrət" ordeni və Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilən Zəlimxan Yaqub 2016-cı il yanvarın 9-da Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

RƏMZİ ƏSGƏROV

(1967-1992)

 

Qarabağ müharibəsi şəhidi Rəmzi Əsgər oğlu Əsgərov 1967-ci il yanvarın 21-də Laçında anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub, lakin ali təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb. Moskva ətrafındakı hərbi hissələrdən birində xidmətdən sonra yenidən Azərbaycana dönüb, ali təhsilini davam etdirib. İnstitutun V kursunda oxuyarkən təhsilini yenidən yarımçıq qoyaraq, Laçına – vətəninin müdafiəsinə yollanıb. Rəmzi Əsgərov 1992-ci il mayın 25-də Laçının Güləbird kəndi uğrunda gedən gərgin döyüşlərdə qəhrəmancasına həlak olub.

 

 

MİRMÖHSÜM ƏHMƏDOV

(2002-2020)

 

Şəhid Mirmöhsüm Mirdaməd oğlu  Əhmədov 21 yanvar 2002-ci ildə Neftçala rayonunda anadan olub. Neftçala rayon Elton Həbibov adına 4 saylı tam orta məktəbi bitirdikdən sonra Bakı Biznes və Kooperasiya Kollecinə daxil olub. 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb və sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Oktyabrın 28-də Qubadlı rayonunda yaralı döyüş yoldaşını çiyinləri üzərində ərazidən çıxarmağa çalışarkən düşmən snayperinin gülləsinə tuş gələrək şəhid olub və Neftçala rayonunda dəfn edilib. Mirmöhsüm Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

VLADİMİR LENİN

(1870-1924)

 

SSRİ-nin qurucusu, marksist inqilabçı, leninizm nəzəriyyəsinin yaradıcısı Vladimir İliç Leninin anım günüdür. O, 22 aprel 1870-ci ildə Ulyanovskda anadan olub. 1879-1887-ci illərdə təhsil aldığı Simbirsk gimnaziyasını qızıl medalla qurtarıb. Daha sonra Kazan Universitetinin Hüquq fakültəsinə daxil olub. Tələbə hərəkatlarında iştirak etdiyi üçün universitetdən xaric olunub. 1889-cu ildə Sankt-Peterburq Universitetində imtahanlardan keçib. 1895-ci ildə Y.O.Çederbaumun rəhbərliyi ilə "İşçi Sinfin Azadlığı Uğrunda Mübarizə İttifaqı" adlı cəmiyyət formalaşdırıb. Dəfələrlə həbs və sürgün həyatı yaşayıb. 1917-ci ilin fevral burjua inqilabından sonra Rusiyaya qayıdaraq, Müvəqqəti Hökuməti devirib və ölkədə ateist dünyagörüşlü təkpartiyalı sistemin - dünyada ilk sosialist dövlətinin əsasını qoyub. Vladimir İliç Lenin 21 yanvar 1924-cü ildə Moskva ətrafında vəfat edib.

 

 

CORC ORUELL

(1903-1950)

 

Əsl adı Erik Artur Bleyer olan ingilis yazıçısı Corc Oruell də bu gün xatırlanır. O, 1903-cü il iyunun 25-də Hindistanın Motixari şəhərində doğulub. 15 yaşında Londonun elitar məktəblərindən sayılan İton kollecinə daxil olub. Tələbəlik illərindən bədii yaradıcılığa başlayıb, ilk hekayələrini kollecin dərgilərində çap etdirib. Təhsil haqqını ödəyə bilmədiyindən, kolleci yarımçıq qoyaraq Birmaya gəlib və kral polisində direktor köməkçisi işləməyə başlayıb. İkinci Dünya müharibəsi illərində BBC telekanalında və "Observer" qəzetində işləyib. Bir neçə əsərin müəllifidir. 1943-cü ildə özünün məşhur "Heyvanıstan" əsərini yazıb. Yazıçıya dünya şöhrəti gətirən ikinci əsəri isə "1984" romanıdır. Corc Oruell 1950-ci il yanvarın 21-də Londonda vəfat edib.

 

 

SÜLEYMAN ƏLƏSGƏROV

(1924-2000)

 

Azərbaycanın xalq artisti, bəstəkar Süleyman Əyyub oğlu Ələsgərovun anım günüdür. O, 22 fevral 1924-cü ildə Şuşada doğulub. 1948-ci ildə Konservatoriyanı bitirib. Respublika Radio Verilişləri Komitəsində Xalq Çalğı Alətləri Orkestrinin dirijoru, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru, musiqi hissə müdiri, Kinematoqrafiya Komitəsinin kinoteatr orkestrlərinin bədii rəhbəri, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası mahnı və rəqs ansamblının bədii rəhbəri, Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru, Mədəniyyət Nazirliyinin İncəsənət İşləri İdarəsinin rəisi, Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru, Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri və professor vəzifələrində çalışıb. Yaradıcılığında operetta janrı əsas yer tutub.

 

 

LÜTFİYAR İMANOV

(1929-2008)

 

Görkəmli opera müğənnisi, SSRİ və Azərbaycanın xalq artisti Lütfiyar Müslüm oğlu İmanovun xatirə günüdür. O, 1929-cu il aprelin 17-də Sabirabad rayonunda anadan olub. 1943-cü ildə Sabirabad Musiqi Teatrının səhnəsində "5 manatlıq gəlin" tamaşasında ilk dəfə səhnəyə çıxıb. 18 yaşı olanda ilk dram dərnəyini yaradıb. Asəf Zeynallı adına Musiqi Məktəbində, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsində təhsil alıb. Azərbaycan televiziya və radiosunun xor solisti, Azərbaycan Dövlət Estrada Orkestrinin, 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləyib. Azərbaycan Dövlət Konservatoriyasında, İstanbul və İzmirin opera teatrlarında dərs deyib. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri olub, 1980 və 1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" ordenlərinə layiq görülən Lütfiyar İmanov 21 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Müəllif | Apa.Tv
Apa.tv