Dünyanın bu günü - 21.02.2021

BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

(1999)          

 

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Bu gün 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

 

 

HƏBİB İSMAYILOV

(1931-1966)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, kino rejissoru Həbib Ələkbər oğlu İsmayılov 21 fevral 1906-cı ildə Naxçıvanda anadan olub. 1931-ci ildə Moskvada Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq və aktyorluq fakültəsini bitirib. Bakı, Gəncə və Mahaçqala teatrlarında bədii rəhbər, rejissor və baş rejissor işləyib. 1938-ci ildə Musiqili Komediya Teatrına baş rejissor təyin edilib, 1943-cü ildən isə “Bakı” kinostudiyasında kinoxronika şöbəsinin rəisi kimi fəaliyyətə başlayıb və çoxlu sayda sənədli filmlər lentə alıb. 1958-ci ildə kinoda ilk böyük işi olan “Ögey ana” filmini ekranlaşdırıb, 1962-ci ildə isə Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında “Böyük dayaq” filmini çəkib. Həbib İsmayılov 31 dekabr 1966-cı ildə Bakıda dünyasını dəyişib.

 

 

BÖYÜKAĞA MİRZƏZADƏ

(1921-2007)

 

Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Böyükağa Məşədi oğlu Mirzəzadə 1921-ci il fevralın 21-də Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra 1940-cı ildə Moskva Rəssamlıq İnstitutuna daxil olub. Lakin 1941-ci ildə İkinci Dünya müharibəsi səbəbindən təhsilini davam etdirə bilməyib, sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Rəssamlıq Texnikumunun müəllimi kimi başlayıb və ömrünün son günlərinədək pedaqoji fəaliyyətlə məşğul olub. Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, Rəssamlıq Akademiyasının professoru, yaradıcılıq emalatxanasının rəhbəri vəzifələrində çalışıb. Teatr-dekorasiya sənəti sahəsində də böyük nailiyyətlər əldə edib. Böyükağa Mirzəzadə 3 noyabr 2007-ci ildə Bakıda vəfat edib.

 

 

OQTAY SADIQZADƏ

(1921-2014)

 

Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə 21 fevral 1921-ci ildə yazıçı Seyid Hüseynin və şairə Umgülsümün ailəsində anadan olub. Bakı Rəssamlıq Texnikumunda və Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. 1941-ci ildə repressiyaya məruz qalmış ailənin nümayəndəsi kimi sürgün olunub, lakin düşdüyü ağır şəraitə baxmayaraq, yaradıcılığını davam etdirib. 1946-cı ildə Bakıya qayıtdıqdan sonra “Azərnəşr”də bədii redaktor kimi əmək fəaliyyətinə başlayıb. Nəşriyyatda çalışdığı ilk illərdən Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası aləminə qədəm qoyub. Əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, eləcə də Tretyakov Qalereyası kimi mötəbər mədəniyyət mərkəzində, ABŞ, Almaniya, Kanada, İsrail və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır. “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edilən Oqtay Sadıqzadə 20 dekabr 2014-cü ildə Bakıda vəfat edib.

 

 

MƏMMƏD İLQAR

    (1950)

 

Şair Məmməd Mədət oğlu  Məmmədov (Məmməd İlqar) 1950-ci il fevralın 21-də Qazax mahalında ziyalı ailəsində anadan olub. 1967-ci ildə orta məktəbi bitirib Azərbaycan Politexnik İnstitutuna daxil olsa da, 1972-ci ildə təhsilini yarımçıq qoyaraq, hərbi xidmətə gedib. 1974-cü ildə hərbi xidmətdən qayıdaraq, Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 2003-2014-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. "Məni baxtıma tapşırma" adlı ilk şeirlər kitabı 1991-ci ildə işıq üzü görüb. 2000-ci ildə "Biz ölməyə doguluruq", 2002-ci ildə "Quzey qönçəsi" şeirlər kitabı oxucuların ixtiyarına verilib. 

 

 

ELXAN MANSUROV

      (1955)

 

Azərbaycanın əməkdar artisti,  tarzən Elxan Bəhram oğlu Mansurov 1955-ci ilin bu günü  Bakıda musiqiçi ailəsində doğulub. 1975-ci ildə Asəf Zeynallı adına orta musiqi məktəbinin, 1983-cü ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar sinfini bitirib. 1972-ci ildən M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrində solist-konsertmeyster vəzifəsində işləyib. Dəfələrlə xarici ölkələrdə Azərbaycan musiqisini öz ifası ilə təbliğ edib. 2005-ci ildə qardaşı, bəstəkar Eldar Mansurovun məşhur "Bəhramnamə" layihəsində solo tar partiyalarını ifa edib.

 

 

ABBASQULU MƏMMƏDOV

(1965-1990)

 

Şəhid Abbasqulu Əzim oğlu Məmmədov 21 fevral 1965-ci ildə Gəncə şəhərində anadan olub. Burada 5 saylı orta məktəbdə təhsil alıb. 1983-1985-ci illərdə sovet ordusunda hərbi xidmətdə olub. Gəncə mexaniki-quraşdırma idarəsində işləyib, dəfələrlə Nüvədi kəndinin müdafiəsində fəal iştirak edib. Abbasqulu Məmmədov 1990-cı il yanvarın 12-də  Todan-Çaykənd bölgəsinin müdafiəsi uğrunda erməni yaraqlıları ilə döyüşdə şəhid olub və Gəncənin Səbiskar qəbiristanlığında dəfn edilib. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülüb.

 

 

RASİM ABDULLAYEV

(1975-2020)

 

Şəhid Rasim Miryaqub oğlu Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunda anadan olub. Burada 1 nömrəli orta məktəbdə və Azərbaycan Tibb Universitetində təhsil alıb. 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayev noyabrın 10-da Şuşa döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

İKRAM SƏMİDOV 

(1991-2020)

 

Şəhid İkram Şirvan oğlu Səmidov  1991-ci ilin bu günü Saatlı rayonunun Əlisoltanlı kəndində dünyaya gəlib. Kənd orta məktəbində və Sumqayıt Dövlət Texniki Kollecində təhsil alıb. Kolleci bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Hadrut, Füzuli və Qubadlı uğrunda gedən döyüşlərdə vuruşub. Əsgər İkram Səmidov 12 noyabr 2020-ci ildə Şuşada şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

MƏMMƏDHƏSƏN SADIQLI

(1992-2020)

 

Şəhid Məmmədhəsən Meydan oğlu Sadıqlı 1992-ci il fevralın 21-də Şərur rayonunun Dəmirçi kəndində anadan olub. Kənd orta məktəbində, Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsində iştirak edib. Baş leytenant Məmmədhəsən Sadıqlı oktyabrın 27-də Şuşa döyüşləri zamanı şəhid olub və Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

 

 

ƏMRAH ƏKBƏROV 

(1998-2020)

 

Şəhid Əmrah Şahid oğlu Əkbərov 21 fevral 1998-ci ildə Lerik rayonunun Livədirqə kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində baş kəşfiyyatçı kimi xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Leytenant Əmrah Əkbərov oktyabr 12-də Hadrut döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

NİKOLAY QOQOL

(1809-1852)

 

Böyük rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun anım günüdür. O, 1809-cu il aprelin 1-də dünyaya gəlib. Tələbə ikən rəssamlığa, aktyorluğa həvəs göstərib, şeir və pyeslər yazıb. Ona ədəbi şöhrət gətirən ilk əsər “Dianka yaxınlığındakı xutorda axşamlar” povestidir. Lakin “Müfəttiş” komediyası və “Ölü canlar” roman-poeması onu bütün Avropada məşhurlaşdırıb. “Şinel” povesti isə rus ədəbiyyatında xüsusi yer tutur. Təsadüfi deyil ki, Qoqolun müasirləri olan gənc yazıçıların əksəriyyəti “Hamımız Qoqolun şinelindən çıxmışıq” deməyi xoşlayırdılar. Sonralar bu ifadə zərb-məsələ çevrilib. Nikolay Qoqol 1852-ci il fevralın 21-də Moskva şəhərində dünyasını dəyişib.

 

 

XƏLİL MƏMMƏDOV

(1916-1989)

 

Sovet İttifaqı Qəhrəmanı, general-mayor Xəlil Məmməd oğlu Məmmədovun xatirə günüdür. O, 5 may 1916-cı ildə Şuşada anadan olub. 1938-ci ildə Sənaye Texnikumunu bitirdikdən sonra ordu sıralarına çağırılıb. İkinci Dünya Müharibəsində Krım, Donbas və Ukrayna uğrunda döyüşlərdə şücaət göstərib. 1944-cü ilin avqust-sentyabr aylarında onun başçılıq etdiyi tank batalyonu Rumıniya ərazisində bir sıra uğurlu əməliyyatlar keçirib, faşistlərin 4 tankını, 64 artilleriya qurğusunu, 191 avtomobilini, 108 pulemyotunu, 1375 əsgər və zabitini məhv edib. SSRİ Ali Sovetinin 24 mart 1945-ci il tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibədən sonra vətənə qayıdan Xəlil Məmmədov Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İctimai Asayişi Mühafizə İdarəsində və Nazirlər Sovetinin Sovet orqanları şöbəsinin müdiri işləyib, 1960-1965-ci illərdə Azərbaycan SSR-in daxili işlər naziri olub. Xəlil Məmmədov 1989-cu ilin 21 fevralında dünyasını dəyişib.

 

 

ZİYA BÜNYADOV

  (1923-1997)

 

Sovet İttifaqı Qəhrəmanı, Azərbaycanın əməkdar elm xadimi, Dövlət Mükafatı Laureatı, görkəmli tarixçi, akademik Ziya Musa oğlu Bünyadovun anım günüdür. O, 1923-cü il dekabrın 21-də Azərbaycanın Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub. Hərbi məktəbi bitirdikdən sonra İkinci Dünya müharibəsində iştirak edib. 1946-cı ildə sovet ordusu sıralarından tərxis olunduqdan sonra Moskva Şərqşünaslıq İnstitutuna, 1950-ci ildə isə həmin institutun aspiranturasına daxil olub. 1954-cü ildə Bakıya qayıdıb və Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda böyük elmi işçi, Şərqşünaslıq İnstitutunda direktoru, Azərbaycan Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin müəllimi vəzifələrində çalışıb, Yaxın və Orta Şərq Xalqları İnstitutunun Şərqin orta əsrlər tarixi şöbəsinə rəhbərlik edib, “Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri. İctimai elmlər seriyası (tarix, fəlsəfə və hüquq seriyası)” jurnalının baş redaktoru təyin olunub. Allahşükür Paşazadə ilə birlikdə Qurani-Kərimin tərcüməsinə görə H.Z.Tağıyev adına mükafata, A.A.Bakıxanovun ”Gülüstani-İrəm” əsərinin şərhli nəşrinə görə A.A.Bakıxanov adına mükafata layiq görülüb. Yeni Azərbaycan Partiyasının sədr müavini, I çağırış Milli Məclisin deputatı olub. Ziya Bünyadov 1997-ci il fevralın 21-də Bakıda yaşadığı binanın blokunda qətlə yetirilib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

ƏLƏMDAR MAHİR

(1950-2014)

 

Görkəmli qəzəlxan-şair, füzulişünas tədqiqatçı Ələmdar Mahir də bu gün xatırlanır. O, 26 may 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlib. Buradakı orta məktəbdə oxuyub, lakin ailə-məişət qayğıları ali təhsil almasına imkan verməyib. İslam dini ehkamlarını, klassik Şərq poeziyasını, muğam və əruz elmlərini bütün incəlikləri ilə bilən müdrik ağsaqqalların söhbətlərini dinləyib, maariflənib. İstər din və şəriət məsələlərində, istər klassik Azərbaycan poeziyası sahəsində canlı ensiklopediya sayılıb. Ələmdar Mahir 2014-cü ilin fevralın 21-də vəfat edib və Nardaranda dəfn olunub.

Müəllif | Apa.Tv
Apa.tv