Dünyanın bu günü - 21.04.2020
BƏHAƏDDİN ÖGƏL
(1923-1989)
1. Görkəmli Türkiyə tarixçisi, professor Mehmet Bəhaəddin Ögəl 21 aprel 1923-cü ildə Elazığda anadan olub. İlk və orta təhsilini Elazığ və Malatyada tamamlayıb. 1940-1941-ci illərdə Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsinin Tarix bölümündə təhsil alıb. Bir müddət Ərzurum Liseyində tarix-coğrafiya müəllimi işləyib, daha sonra təhsil üçün Almaniya və Tayvana gedib. 42 illik akademik həyatını Ankara Universitetində keçirib və kafedra müdiri vəzifəsində olub. Orta Asiyanın türk tarixi ilə əlaqədar Çin arxivlərində tədqiqatlar aparan azsaylı tarixçilərdən biridir, xüsusilə türk mədəniyyət tarixi sahəsində əhəmiyyətli əsərlər hazırlayıb. 20 cild kitab və 120-dən çox məqalə yazıb, bir çox ölkələrdə elmi araşdırmalar aparıb. Mehmet Bəhaəddin Ögəl 7 mart 1989-cu ildə vəfat edib.
RAZİYƏ ŞABANİ
(1925-2013)
2. Azərbaycanlı siyasətçi və aktivist, İran tarixində ilk qadın siyasi məhbus sayılan Raziyə Qulami Şabani 21 aprel 1925-ci ildə Təbriz şəhərində doğulub. Tudə Partiyasına, Azərbaycan Demokrat Firqəsinə üzv olduqdan sonra Azərbaycan Milli Hökumətinin fəallarından olub. 20 yaşında əyninə hərbi forma geyərək belində tapança gəzdirib, Azərbaycan Milli Hökumətinin süqutundan iki ay sonra - 1947-ci ilin fevralında Tehranda Pəhləvi rejiminin məmurları tərəfindən həbs edilib. 1979-cu ildə baş vermiş İslam inqilabından sonra İrana geri dönüb, 8 il də orada yaşadıqdan sonra Şimali Azərbaycana keçib, buradan isə Almaniyaya mühacirət edib. Xatirələrini kitab şəklində nəşr etdirib. Raziyə Şabani 2013-cü il yanvarın 28-də Almaniyanın Köln şəhərində dünyasını dəyişib.
TAMİLLA MAHMUDOVA
(1931-2014)
3. Azərbaycanın xalq artisti, Rusiyanın əməkdar artisti, pianoçu Tamilla Zahid qızı Mahmudova 1931-ci il aprelin bu günü Bakıda dünyaya gəlib. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi məktəbdə məşhur pedaqoq, professor Kövkəb Səfərəliyevanın sinfində alıb. 1954-cü ildə Moskva Konservatoriyasını, 1957-ci ildə isə aspiranturanı bitirib. Azərbaycan Radio Komitəsində işləyib, 1954-cü ildən isə “Moskonsert”in solisti, Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professoru olub. Azərbaycan bəstəkarlarından Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev və Arif Məlikovun fortepiano əsərlərinin ilk ifaçılarındandır. İngiltərə, Belçika, Macarıstan, Hindistan, Polşa, Zambiya və başqa ölkələrdə qastrol səfərlərində olub. Tamilla Mahmudova 3 sentyabr 2014-cü ildə Moskva şəhərində vəfat edib.
II ELİZABET
(1926)
4. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Fici Respublikasının Ali Başçısı, Men adalarının lordu, Anqlikan Kilsəsinin başçısı, polkovnik II Elizabetin doğum günüdür. O, 21 aprel 1926-cı ildə Londonda anadan olub. İton Kollecinin vitse-rektoru Henri Martendən konstitusiya tarixinə dair dərslər alıb və fransız dili öyrənib. Əmisi VIII Eduard hakimiyyət iddiasından əl çəkəndən və atası 1936-cı ilin dekabrında taxt-taca sahib olandan sonra 10 yaşlı Elizabet vəliəhd elan olunub. 1943-cü ildə qvardiya polkuna səfəri zamanı özünün ilk böyük çıxışını edib və bu hərbi hissəyə bir il müddətinə polkovnik, beş aylığa fəxri kiçik komandir vəzifələrinə təyin edilib, sürücü-mexanik peşəsinə yiyələnib. Hazırda İkinci Dünya müharibəsində hərbi xidmətdə olmuş yeganə dövlət başçısıdır. 6 fevral 1952-ci ildə atası VI Georqun vəfatı ilə əlaqədar II Elizabet adı ilə kraliça elan edilib. Şahzadə Çarlz onun oğlu, Şahzadə Anna qızı, Şahzadə Uilyam və Şahzadə Harri isə nəvələridir.
CƏLİL BAĞDADBƏYOV
(1887-1951)
5. Azərbaycanın əməkdar artisti, ilk sənətşünas və etnoqraf, teatr aktyoru, rejissor və tərcüməçi Cəlil bəy Əmrah bəy oğlu Bağdadbəyovun anım günüdür. O, 1887-ci ildə Şuşada anadan olub. İlk təhsilini Şuşadakı mütərəqqi məktəbdə alıb, daha sonra Azərbaycan Dövlət Teatr Texnikumunda oxuyub, Moskvada teatr təhsili alıb. Müxtəlif neft mədənlərində dəftərxana işlərində çalışıb. Milli Dram Teatrında, Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında, "Nicat" və "Səfa" teatr truppalarında işləyib. Rejissorluq fəaliyyətinə 1920-ci ildə Bibiheybət və Balaxanı teatr klublarında başlayıb. Azərbaycanın bir sıra şəhərlərinin dram dərnəklərinə və dövlət teatrlarında həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərib, yaddaqalan rollar ifa edib. 1929-cu ildə Aşqabadda musiqi texnikumunda dram kurslarına rəhbərlik edərək, türkmən dram truppasını yaradıb. "Aulda radio", "Tacik qızı", "Komsomol və nişan", "Buxaranın əmiri", "Parlayan ulduzlar" və başqa pyeslərin, "Nişan", "Paltarbiçmə", "Toy", "Duvaqqapma", "Kənd toyları" kimi yazıların müəllifidir. Azərbaycan muğamlarının tarixini ilk dəfə qələmə alan Cəlil Bağdadbəyov 1951-ci ilin aprelində Bakıda vəfat edib.
HƏYAT ABDULLAYEVA
(1912-2006)
6. Əməkdar incəsənət xadimi, heykəltəraş Həyat Həmdulla qızı Abdullayevanın xatirə günüdür. O, 1912-ci il oktyabrın 14-də Dərbənd şəhərində doğulub. 1942-ci ildə Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olub, dəzgah heykəltəraşlığı sahəsində ilk ali təhsilli heykəltəraş qadın olub. Bakı Rəssamlıq Texnikumunda dərs deyib. "Ana", "Yeddi gözəl" heykəlciklərinin, "Həcər", "Gənclik", "Lay-lay" heykəl-kompozisiyalarının, Molla Pənah Vaqifin abidəsinin, "İki qız", "Şah İsmayıl", "Natəvan" və başqa yaddaqalan əsərlərin müəllifidir. Həyat Abdullayeva 2006-cı ilin aprelində Bakıda vəfat edib.
NAZİM ABDULLAYEV
(1967-1994)
7. Şəhid Nazim Xanlar oğlu Abdullayevin anım günüdür. O, 10 noyabr 1967-ci ildə Laçın şəhərində doğulub. Orada orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 1992-ci ildə oxuduğu Bakı Neft-Kimya Texnikumunu yarımçıq qoyaraq, Laçın Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinə baş serjant rütbəsində işə qəbul edilib. Laçın rayonunun Zabux, Tığik, Cicimli, Güləbird, Zerti kəndləri, Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. Horadiz uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə 1993-cü ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Nazim Abdullayev 1994-cü ilin aprelində Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə şücaət göstərərək həlak olub və Bakıdakı II Fəxri Xiyabanda dəfn edilib.
YUSİF BAYRAMOV
(1966-1994)
8. Bu gün şəhid Yusif Əli oğlu Bayramovun xatirə günüdür. O, 11 may 1966-cı ildə Laçın rayonunda anadan olub. 1973-1981-ci illərdə oradakı 1 saylı orta məktəbdə təhsil alıb, 1984-cü ildə isə traktorçu-maşinist ixtisası alıb. Rusiyanın Sverdlovsk şəhərində hərbi xidmətdə olub. 1992-ci ildə Laçın Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinə sıravi heyətə işə qəbul edilib. Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərən Yusif Bayramov 21 aprel 1994-cü ildə Horadiz qəsəbəsi uğrunda döyüşdə şəhid olub və Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.