Dünyanın bu günü - 21.04.2021
BƏHAƏDDİN ÖGƏL
(1923-1989)
Görkəmli Türkiyə tarixçisi, professor Mehmet Bəhaəddin Ögəl 21 aprel 1923-cü ildə Elazığda anadan olub. İlk və orta təhsilini Elazığ və Malatyada tamamlayıb. 1940-1941-ci illərdə Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsinin Tarix bölümündə təhsil alıb. Bir müddət Ərzurum Liseyində tarix-coğrafiya müəllimi işləyib, daha sonra təhsil üçün Almaniya və Tayvana gedib. 42 illik akademik həyatını Ankara Universitetində keçirib və kafedra müdiri vəzifəsində çalışıb. Orta Asiyanın türk tarixi ilə əlaqədar Çin arxivlərində tədqiqatlar aparan azsaylı tarixçilərdən biridir, xüsusilə türk mədəniyyət tarixi sahəsində əhəmiyyətli əsərlər hazırlayıb. 20 cild kitab və 120-dən çox məqalə yazıb, bir çox ölkələrdə elmi araşdırmalar aparıb. Mehmet Bəhaəddin Ögəl 7 mart 1989-cu ildə Ankarada vəfat edib.
RAZİYƏ ŞABANİ
(1925-2013)
Azərbaycanlı siyasətçi və aktivist, İran tarixində ilk qadın siyasi məhbus sayılan Raziyə Qulami Şabani 21 aprel 1925-ci ildə Təbriz şəhərində doğulub. Tudə Partiyasına, Azərbaycan Demokrat Firqəsinə üzv olduqdan sonra Azərbaycan Milli Hökumətinin fəallarından olub. 20 yaşında əyninə hərbi forma geyərək belində tapança gəzdirib, Azərbaycan Milli Hökumətinin süqutundan iki ay sonra - 1947-ci ilin fevralında Tehranda Pəhləvi rejiminin məmurları tərəfindən həbs edilib. 1979-cu ildə baş vermiş İslam inqilabından sonra İrana geri dönüb, 8 il də orada yaşadıqdan sonra Şimali Azərbaycana keçib, buradan isə Almaniyaya mühacirət edib. Xatirələrini kitab şəklində nəşr etdirib. Raziyə Şabani 2013-cü il yanvarın 28-də Almaniyanın Köln şəhərində dünyasını dəyişib.
II ELİZABET
(1926)
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Fici Respublikasının Ali Başçısı, Men adalarının lordu, Anqlikan Kilsəsinin başçısı, polkovnik II Elizabetin doğum günüdür. O, 21 aprel 1926-cı ildə Londonda anadan olub. İton Kollecinin vitse-rektoru Henri Martendən konstitusiya tarixinə dair dərslər alıb və fransız dili öyrənib. Əmisi VIII Eduard hakimiyyət iddiasından əl çəkəndən və atası 1936-cı ilin dekabrında taxt-taca sahib olandan sonra 10 yaşlı Elizabet vəliəhd elan olunub. 1943-cü ildə qvardiya polkuna səfəri zamanı özünün ilk böyük çıxışını edib və bu hərbi hissəyə bir il müddətinə polkovnik, beş aylığa fəxri kiçik komandir vəzifələrinə təyin edilib, sürücü-mexanik peşəsinə yiyələnib. Hazırda İkinci Dünya müharibəsində hərbi xidmətdə olmuş yeganə dövlət başçısıdır. 6 fevral 1952-ci ildə atası VI Georqun vəfatı ilə əlaqədar II Elizabet adı ilə kraliça elan edilib. Şahzadə Çarlz onun oğlu, Şahzadə Anna qızı, Şahzadə Uilyam və Şahzadə Harri isə nəvələridir.
TAMİLLA MAHMUDOVA
(1931-2014)
Azərbaycanın xalq artisti, Rusiyanın əməkdar artisti, pianoçu Tamilla Zahid qızı Mahmudova 1931-ci ilin bu günü Bakıda dünyaya gəlib. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi məktəbdə məşhur pedaqoq, professor Kövkəb Səfərəliyevanın sinfində alıb. 1954-cü ildə Moskva Konservatoriyasını, 1957-ci ildə isə aspiranturanı bitirib. Azərbaycan Radio Komitəsində işləyib. 1954-cü ildən “Moskonsert”in solisti, Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professoru olub. Azərbaycan bəstəkarlarından Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev və Arif Məlikovun fortepiano əsərlərinin ilk ifaçılarındandır. İngiltərə, Belçika, Macarıstan, Hindistan, Polşa, Zambiya və başqa ölkələrdə qastrol səfərlərində olub. Tamilla Mahmudova 3 sentyabr 2014-cü ildə Moskva şəhərində vəfat edib.
SƏXAVƏT MƏMMƏDOV
(1958-1990)
20 Yanvar şəhidi Səxavət Heydər oğlu Məmmədov 1958-ci il aprelin 21-də Bakı şəhərində anadan olub. Bakıdakı 4 №-li avtonəqliyyat dəstəsində sürücü işləyib. 1990-cı il yanvarın 20-də onun meyiti xəstəxanadan tapılıb. Hansı şəraitdə güllələndiyi məlum deyil, xəstəxanaya gətiriləndə artıq ölübmüş. Səxavət Məmmədov Digah kənd qəbiristanlığında dəfn edilib.
CƏMALƏDDİN MƏMMƏDOV
(1988-2020)
Şəhid Cəmaləddin Türbəndə oğlu Məmmədov 21 aprel 1988-ci ildə Ağcabədi rayonunun Kürdlər kəndində anadan olub. 2006-2007-ci illərdə hərbi xidmətdə olub. Daha sonra 12 il ərzində mühafizə polisi xidmətində çalışıb. 2020-ci ilin yanvarında müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik çavuş Cəmaləddin Məmmədov elə həmin gün şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
ELNUR XƏLİLOV
(1990-2020)
Şəhid Elnur Ramiz oğlu Xəlilov 1990-cı ilin bu günü Beyləqan rayonunun Bolsulu qəsəbəsində anadan olub. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik çavuş Elnur Xəlilov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
ƏLÖVSƏT İBRAHİMOV
(1995-2020)
Şəhid Əlövsət Seyidxan oğlu İbrahimov 1995-ci il aprelin 21-də Şamaxı şəhərində anadan olub. 2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. Kiçik gizir Əlövsət İbrahimov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub və Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
RƏŞAD ZEYNALLI
(1998-2020)
Şəhid Rəşad Qiyas oğlu Zeynallı 21 aprel 1998-ci ildə Bakı şəhərində anadan olub. 2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetində təhsil alıb. Təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Rəşad Zeynallı oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
ELŞƏN MƏMMƏDOV
(1999-2020)
Şəhid Elşən Əziz oğlu Məmmədov 1999-cu ilin bu günü Şərur rayonunun Danyeri kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Elşən Məmmədov oktyabrın 21-də Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
SULTANMƏCİD ƏFƏNDİYEV
(1887-1938)
Həkim, ictimai-siyasi xadim və inqilabçı Sultanməcid Məcid oğlu Əfəndiyevin xatirə günüdür. O, 1887-ci ildə Şamaxı şəhərində tacir ailəsində doğulub. 1904-cü ildən RSDFP üzvü, RSDFP Bakı Komitəsi yanında “Hümmət” qrupunun rəhbərlərindən biri olub. Birinci Rus inqilabında fəal iştirak edib, zəhmətkeşlər arasında təbliğat aparıb. 1907-ci ilin fevral ayında inqilabi və anti-çarizm fəaliyyətinə görə Kazan şəhərinə sürgün olunub, burada Kazan Dövlət Universitetindən məzun olub və həkimlik peşəsinə yiyələnib. 1919-cu ilin avqustunda Həştərxanda həkim kimi dəmir polka daxil olub, bir qədər sonra RK(b)P MK yanında Şərq xalqları kommunist təşkilatlarının Mərkəzi bürosunun sədr müavini təyin olunub. 1919-cu ilin iyunundan Milli işlər üzrə Xalq Komissarlığı yanında Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar olub. 1920-ci ilin aprel işğalından sonra Azərbaycana qayıdıb. 1920-ci ilin iyunundan Azərbaycan K(b)P MK-nın Gəncə quberniyasında fövqəladə müvəkkil və Gəncə quberniyasının fövqəladə komissarı, 1921-ci ildə Azərbaycan SSR xalq torpaq komissarı təyin edilib. 1929-cu ildən Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədr müavini, 1931-ci ilin dekabrından 1937-ci ilin iyununadək sədri olub. 1937-ci ilin yayında həbs olunan Sultanməcid Əfəndiyev 21 aprel 1938-ci ildə güllələnib.
CƏLİL BAĞDADBƏYOV
(1887-1951)
Azərbaycanın əməkdar artisti, ilk sənətşünas və etnoqraf, teatr aktyoru, rejissor və tərcüməçi Cəlil bəy Əmrah bəy oğlu Bağdadbəyovun anım günüdür. O, 1887-ci ildə Şuşada anadan olub. İlk təhsilini Şuşadakı mütərəqqi məktəbdə alıb, daha sonra Azərbaycan Dövlət Teatr Texnikumunda oxuyub, Moskvada teatr təhsili alıb. Müxtəlif neft mədənlərində dəftərxana işlərində çalışıb. Milli Dram Teatrında, Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında, "Nicat" və "Səfa" teatr truppalarında işləyib. Rejissorluq fəaliyyətinə 1920-ci ildə Bibiheybət və Balaxanı teatr klublarında başlayıb. Azərbaycanın bir sıra şəhərlərinin dram dərnəklərində və dövlət teatrlarında həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərib, yaddaqalan rollar ifa edib. 1929-cu ildə Aşqabadda musiqi texnikumunda dram kurslarına rəhbərlik edərək, türkmən dram truppasını yaradıb. "Aulda radio", "Tacik qızı", "Komsomol və nişan", "Buxaranın əmiri", "Parlayan ulduzlar" və başqa pyeslərin, "Nişan", "Paltarbiçmə", "Toy", "Duvaqqapma", "Kənd toyları" kimi yazıların müəllifidir. Azərbaycan muğamlarının tarixini ilk dəfə qələmə alan Cəlil Bağdadbəyov 1951-ci ilin 21 aprelində Bakıda vəfat edib.
HƏYAT ABDULLAYEVA
(1912-2006)
Əməkdar incəsənət xadimi, heykəltəraş Həyat Həmdulla qızı Abdullayevanın xatirə günüdür. O, 1912-ci il oktyabrın 14-də Dərbənd şəhərində doğulub. 1942-ci ildə Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olub, dəzgah heykəltəraşlığı sahəsində ilk ali təhsilli heykəltəraş qadın olub. Bakı Rəssamlıq Texnikumunda dərs deyib. "Ana", "Yeddi gözəl" heykəlciklərinin, "Həcər", "Gənclik", "Lay-lay" heykəl-kompozisiyalarının, Molla Pənah Vaqifin abidəsinin, "İki qız", "Şah İsmayıl", "Natəvan" və başqa yaddaqalan əsərlərin müəllifidir. Həyat Abdullayeva 2006-cı il aprelin 21-də Bakıda vəfat edib.
CÖVHƏR DUDAYEV
(1944-1996)
Çeçenistanın ilk prezidenti, hərbçi, siyasətçi və dövlət xadimi Cövhər Musa oğlu Dudayev də bu gün xatırlanır. O, 1944-cü ilin fevralın 15-də Çeçenistanın Yalho kəndində anadan olub. 1944-cü ilin 23 fevralında Sibirə sürgün olunduqları üçün orta təhsilini orada alıb. 1962-ci ildə Tambov Təyyarəçilik Akademiyasından, 1966-cı ildə isə Uzaq Məsafə Təyyarələri üçün Pilot və Mühəndis Yetişdirilməsi Akademiyasından məzun olub. 1974-cü ildə Yuri Qaqarin adına Hərbi Hava Akademiyasını da bitirərək, birinci sinif pilot və mühəndis dərəcəsini qazanıb və keçmiş SSRİ hökuməti tərəfindən 12 medalla təltif edilib. 1989-cu ildə Estoniyada Strateji Hava Qüvvələri Komandanlığında çalışarkən Baltikyanı ölkələrdə başlayan azadlıq hərəkatlarını zor gücünə yatırmaq üçün Moskvadan əmr alıb, lakin bu əmri yerinə yetirmədiyi üçün Qroznıya sürgünə göndərilib. 1990-cı ilin noyabrında Çeçen Xalqının Qurultayına dəvət edilib və sonradan "Çeçen Beynəlxalq Konqresi" adını almış Xalq Məclisi İdarə Heyətinin sədri seçilib. 11 dekabr 1994-cü ildə Rusiyanın Çeçenistana ordu yeritməsinə qarşı "cihad" əmrini verib. İki illik mübarizə öncə uğur qazansa da, sonradan tənəzzülə doğru getməyə başlayıb. Cövhər Dudayev 21 aprel 1996-cı ildə raket zərbəsi nəticəsində öldürülüb.
MƏZAHİR İSMAYILOV
(1961-1994)
Şəhid Məzahir Sədi oğlu İsmayılovun anım günüdür. O, 1961-ci il oktyabrın 9-da Laçın rayonunun Yuxarı Cicimli kəndində doğulub. Sumqayıt Texniki Peşə Məktəbində təhsil alıb. 1980-1982-ci illərdə SSRİ Daxili Qoşunlarında hərbi xidmətdə olub. 1990-cı ildə Laçın rayon Daxili İşlər Şöbəsinin nəzdində yaradılan könüllü bölükdə polis serjantı kimi xidmətə başlayıb. Kəlbəcər, Qubadlı, Cəbrayıl, Füzuli və Laçın rayonları uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Məzahir İsmayılov 1994-cü il aprelin 21-də Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə həlak olub və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
YUSİF BAYRAMOV
(1966-1994)
Şəhid Yusif Əli oğlu Bayramovun xatirə günüdür. O, 11 may 1966-cı ildə Laçın rayonunda anadan olub. 1973-1981-ci illərdə oradakı 1 saylı orta məktəbdə təhsil alıb, 1984-cü ildə isə traktorçu-maşinist ixtisası alıb. Rusiyanın Sverdlovsk şəhərində hərbi xidmətdə olub. 1992-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsinin Post-Patrul Xidmətində sıravi heyətə işə qəbul edilib. Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Yusif Bayramov 21 aprel 1994-cü ildə Horadiz qəsəbəsi uğrunda döyüşdə şəhid olub və Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.
NAZİM ABDULLAYEV
(1967-1994)
Şəhid Nazim Xanlar oğlu Abdullayevin anım günüdür. O, 10 noyabr 1967-ci ildə Laçın şəhərində doğulub. Orada orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 1992-ci ildə oxuduğu Bakı Neft-Kimya Texnikumunu yarımçıq qoyaraq, Laçın rayon Daxili İşlər Şöbəsinin Post-Patrul Xidmətinə baş serjant rütbəsində işə qəbul edilib. Laçın rayonunun Zabux, Tığik, Cicimli, Güləbird, Zerti kəndləri və Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. Horadiz uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə 1993-cü ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Nazim Abdullayev 1994-cü ilin aprelində Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə şücaət göstərərək həlak olub və Bakıdakı II Fəxri Xiyabanda dəfn edilib.
HƏMİD XƏLİLOV
(1969-1994)
Şəhid Həmid Xudu oğlu Xəlilov da bu gün xatırlanır. O, 1969-cu ildə Laçın rayonunun Qovuşuq kəndində anadan olub. 1992-ci ildə Laçındakı polis batalyonu sıralarına qoşularaq müharibəyə qatılıb. Kəlbəcər, Daşkəsən və Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Həmid Xəlilov 1994-cü il aprelin 21-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub və Ağdam rayonunun Quzanlı kəndində dəfn edilib.
FUAD NƏSİROV
(1971-1994)
Şəhid Fuad Məhərrəm oğlu Nəsirovun xatirə günüdür. O, 1971-ci il martın 29-da Xocavənd rayonunun Muğanlı kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb. Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar könüllü olaraq Milli Ordu sıralarına yazılıb. 1994-cü il aprelin 21-də səhər saatlarında Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirib geriyə qayıdarkən pusquda dayanmış ermənilərlə səkkiz nəfər arasında qeyri-bərabər döyüş baş verib. Bu döyüşdə kəşfiyyat dəstəsinin yeddi üzvü, o cümlədən Fuad Nəsirov şəhid olub. Göyçay Şəhidlər Xiyabanında dəfn edilib.