Dünyanın bu günü - 21.05.2021

SƏLİMƏ MEHDİYEVA

(1941)

 

AMEA-nın müxbir üzvü,  fizika-riyaziyyat elmləri doktoru, professor Səlimə İbrahim qızı Mehdiyeva 21 may 1941-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. AMEA-nın Fizika İnstitutunda elmi katib, laboratoriya rəhbəri və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb, hazırda laboratoriya rəhbəridir. 1995-ci ildən başlayaraq BDU-da vaxtaşırı saathesabı pedaqoji fəaliyyətlə məşğul olub. “AMEA-nın Xəbərləri” jurnalının fizika-riyaziyyat və texnika elmləri seriyasının, “Fizika” jurnalının redaksiya heyətinin üzvüdür. 224 elmi məqalənin, xaricdə çap olunmuş 127 elmi əsərin, 14 müəlliflik şəhadətnaməsinin və patentlərin müəllifidir.

 

 

İLBƏR ORTAYLI

(1947)

 

Türkiyənin tanınmış tarixçisi, professor İlbər Ortaylı 1947-ci il mayın 21-də Avstriyada anadan olub. Ankara Universitetinin Siyasi biliklər fakültəsini və Dil, tarix, coğrafiya fakültəsinin tarix bölməsini bitirib. Magistr təhsilini Çikaqo Universitetində alıb. 1974-cü ildə doktorluq dissertasiyasını müdafiə edib, 1979-cu ildə dosent, 1989-cu ildə isə professor olub. Ankara Universitetinin Siyasi elmlər fakültəsinin Tarix bölməsinin müdiri, Topqapı muzeyinin rəhbəri olub. Bir çox elmi məqalə və kitabların müəllifidir. İlbər Ortaylı AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb.

 

 

HASİL ABDULLAYEV

(1985-2020)

 

Şəhid Hasil Miryusif oğlu Abdullayev 21 may 1985-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Hasil Abdullayev oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

 

TALEH YUSİFOV 

(1992-2020)

 

Şəhid Taleh Valeh oğlu Yusifov 1992-ci ilin bu günü Bakı şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Taleh Yusifov oktyabrın 10-da Füzuli döyüşləri zamanı şəhid olub. Uzun müddət sonra tapılan nəşi dekabrın 18-də dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

 

ELGİZ ABBASLI

(1998-2020)

 

Şəhid Elgiz Fuad oğlu Abbaslı 1998-ci il mayın 21-də Sabirabad rayonunda anadan olub. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl və Hadrut uğrunda olan döyüşlərdə iştirak edib. Əsgər Elgiz Abbaslı oktyabrın 10-da şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

 

GÜLƏDDİN ŞAHBABAYEV 

(2001-2020)

 

Şəhid Güləddin Zəfər oğlu Şahbabayev 21 may 2001-ci ildə Şabran rayonunun Düz Bilici kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Murovdağ, Xocavənd və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Güləddin Şahbabayev oktyabrın 17-də Füzulidə şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

 

 

TƏRLAN RZAYEV 

(2001-2020)

 

Şəhid Tərlan Rövşad oğlu Rzayev 2001-ci ilin bu günü Sumqayıt şəhərində anadan olub. 2019-cu ildə hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Tərlan Rzayev sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

 

AŞIQ TALIB

(1877-1979)

 

Göyçə aşığı, Aşıq Ələsgərin oğlu Aşıq Talıbın anım günüdür. O, 1877-ci ildə Ağkilsə kəndində anadan olub, aşıqlıq sənətini atasından öyrənib. İlin yaz-yay aylarında əkinçilik edib, payız-qış aylarında isə xalqımızın toylarında, el şənliklərində sazlı-sözlü söhbətləri ilə şərəfli ömür yolu keçib. XX əsr Göyçə aşıq sənətinin uğurlarında böyük rolu olub. "Könlüm Vətən arzular" kitabın müəllifidir. Aşıq Talıb 1979-cu ilin 21 mayında Ağkilsə kəndində vəfat edib.

 

 

XIDIR MUSTAFAYEV

(1905-1976)

 

Sovet İttifaqı Qəhrəmanı Xıdır Həsən oğlu Mustafayevin xatirə günüdür. O, 1905-ci il martın 27-də Qərbi Azərbaycanın Kirovakan rayonunun Gözəldərə kəndində doğulub. 1937-1941-ci illərdə Tiflis Ali Piyadalar Məktəbində hərbi təhsil alıb. İkinci Dünya müharibəsinin ilk günlərində motoatıcı batalyonun komandiri olub, bir sıra döyüşlərdə şücaət göstərib. 1945-ci ildə Bakıya qayıdıb, bir müddət İçərişəhərdə yerləşən Bakı Hərbi Komendaturasına rəhbərlik edib. Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyində şöbə rəisi, 1 nömrəli Bakı Taksomotor Parkının direktoru vəzifələrində çalışıb. Xıdır Mustafayev 21 may 1976-cı ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

KAMAL ƏLƏKBƏROV

(1928-2009)

 

Azərbaycanın xalq rəssamı, heykəltəraş Kamal Camal oğlu Ələkbərovun anım günüdür. O, 1928-ci il martın 20-də Füzuli şəhərində dünyaya gəlib. 1948-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1948-1954-cü illərdə Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. 1953-cü ildən sərgilərdə iştirak edib. "Neftçi", “Əcəmi Naxçıvani”, "Qız", "Xanım" və başqa heykəltəraşlıq portretlərini yaradıb. Prezident təqaüdçüsü olan Kamal Ələkbərov 2009-cu ilin mayında vəfat edib.

 

 

RACİV QANDİ

(1944-1991)

 

Hindistanın tanınmış siyasi xadimi Raciv Ratna Qandinin anım günüdür. O, 20 avqust 1944-cü ildə İndira Qandi və Feroz Qandinin ailəsində anadan olub. Babası Cəvahirləl Nehrunun evində böyüyüb. London Universitetində və Kembric Universitetinin Triniti Kollecində təhsil alıb. 1984-1989-cu illərdə Hindistan tarixində ən gənc baş nazir olub. Ölkədə silahlanmanın inkişafına yeni təkan verib, silahlı qüvvələri gücləndirməyə başlayıb. Raciv Qandi 1991-ci ilin 21 mayında seçkiqabağı kampaniya zamanı “Tamil Pələngləri” terror təşkilatı tərəfindən törədilən sui-qəsd nəticəsində öldürülüb. 1998-ci ildə bu qətlin təşkilində iştirak edən 28 sui-qəsdçi ittiham olunub.

 

 

VƏFA FƏTULLAYEVA

(1945-1987)

 

Azərbaycanın əməkdar artisti, aktrisa Vəfa Nüsrət qızı Fətullayeva 1987-ci ilin 21 mayında Bakıda vəfat edib. O, 25 avqust 1945-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rejissorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb. 1970-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. "Mahnı dağlarda qaldı", "Məhəbbət əfsanəsi", "Sən yanmasan", "Heç nədən hay-küy", "Göz həkimi", "Alov", "Atayevlər ailəsi" və başqa televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb. Atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, anası xalq artisti, aktrisa Hökumə Qurbanova, əmisi aktyor Fateh Fətullayev, əmisi oğlu musiqişünas Hafiz Fətullayevdir.

Müəllif | Apa.Tv
Apa.tv