Dünyanın bu günü - 21.09.2020
BEYNƏLXALQ SÜLH GÜNÜ
(1981)
21 sentyabr BMT-nin 30 noyabr 1981-ci il tarixli qərarı ilə bütün dünyada Beynəlxalq Sülh Günü elan edilib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh Günü sentyabr ayının hər üçüncü çərşənbə axşamı qeyd edilsə də, 2002-ci ildə BMT Sülh Günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib, bu tarix həm də Ümumdünya Atəşkəs Günü elan edilib. Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb.
CAHANGİR ZEYNALOV
(1865-1918)
Azərbaycanda realist aktyor məktəbinin banisi, teatr xadimi Cahangir Məşədi Rza oğlu Zeynalov 21 sentyabr 1865-ci ildə Bakıda doğulub. Atası kimi o da tacirlik edib. İbtidai təhsil alsa da, rus və fars dillərini mükəmməl öyrənib, geniş mütaliə bazası olub. Səhnəyə ilk dəfə 1885-ci ildə qız rolunda çıxıb. Əvvəllər Həbib bəy Mahmudbəyovla Sultanməcid Qənizadənin hazırladıqları tamaşalarda oynayıb. XIX əsrin sonlarında isə sənət dostu Nəcəfqulu Vəliyevlə birgə müxtəlif əsərləri tamaşaya qoyub. Müsəlman dram artistləri şirkətinin təşkilində müstəsna rolu olub. "Nicat" və "Səfa", "Nəşri-maarif" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında əsasən aktyorluq edib, tamaşalara quruluş verib. Bakıda qabaqcıl elm ocaqlarından sayılan "Səfa" məktəbində dərs deyib. Dəfələrlə "Səfa" teatr bölməsi idarə heyətinin rəhbərləri sırasına seçilib, 1914-cü ildə isə sədr vəzifəsini tutub. Mirzə Fətəli Axundzadənin "Hacı Qara"sında Hacı Qara, "Müsyö Jordan və Dərviş Məstəli şah"da Şahbaz bəy və Məstəli şah, "Molla İbrahimxəlil kimyagər"də Molla İbrahimxəlil, "Hekayəti-Xırs quldurbasan"da Tarverdi, "Lənkəran xanının vəziri"ndə Mirzə Həbib və bir sıra başqa obrazları canlandırıb. Təntənəli yubileyi keçirilən ilk Azərbaycan aktyoru kimi tarixə düşüb. Cahangir Zeynalov 1918-ci il noyabrın 4-də Bakıda dünyasını dəyişib. O, xalq artisti Nəsibə Zeynalovanın atası, əməkdar incəsənət xadimi, rejissor Cahangir Novruzovun babasıdır.
NURƏNGİZ GÜN
(1938-2014)
Azərbaycan şairəsi, aktrisa və diktoru Nurəngiz Gün 1938-ci il sentyabrın 21-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbini və Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Azərbaycan Televiziyasında diktor vəzifəsində çalışıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləyib. Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" (1981) povesti ilə gəlib. Eyni adlı poeması əsasında “Xocalı simfoniyası” filmi çəkilib. Prezident təqaüdçüsü Nurəngiz Gün 20 dekabr 2014-cü ildə Bakı şəhərində vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub. O, Milli Məclisin üzvü Jalə Əliyevanın anasıdır.
ASLAN MƏSHƏDOV
(1951-2005)
Çeçenistanın keçmiş dövlət başçısı Aslan Əliyeviç Məshədov 1951-ci ilin bu günü Qazaxıstanın Karaqanda vilayətində dünyaya gəlib. 1957-ci ildə ailəsi ilə birlikdə Çeçenistana qayıdıb. 1972-ci ildə Tiflis Hərbi Topçu Akademiyasını bitirdikdən sonra Macarıstan, Litva və Rusiyanın bəzi bölgələrində xidmət edib. 1992-ci ildə Çeçenistan Prezidenti Cövhər Dudayev tərəfindən Baş Qərargah rəisi vəzifəsinə təyin olunub. Birinci Rus-Çeçen müharibəsində Çeçenistanın qələbəsində mühüm rol oynayıb. 1996-cı ildə Cövhər Dudayev öldürüldükdən sonra müvəqqəti olaraq baş nazir postunu tutub, 1997-ci ildə isə Çeçenistan Prezidenti seçilib. 1999-cu ildə İkinci Rus-Çeçen müharibəsində partizan lideri obrazına geri qayıdıb. Prezidentlik statusu 2001-ci ildə ləğv edilən Aslan Məshədov 8 mart 2005-ci ildə İnquşetiyanın Tolstoy-Yurt şəhərindəki bir evin zirzəmisində Rusiya xüsusi təyinatlıları tərəfindən öldürülüb. Rəsmi Moskva meyitini ailəsinə verməyib.
NİZAMİ CƏFƏROV
(1959)
AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, türkoloq və dilçi alim, filologiya elmləri doktoru, professor Nizami Qulu oğlu Cəfərov 21 sentyabr 1959-cu ildə Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi, 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru və Filologiya fakültəsinin dekanı vəzifələrində çalışıb. 2000-ci ildən Bakı Dövlət Universitetinin kafedra müdiri, Milli Məclisin deputatıdır. 20 sentyabr 2019-cu ildə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.
HACIMƏMMƏD QAFQAZLI
(1898-1982)
Azərbaycanın əməkdar artisti, teatr və kino aktyoru Hacıməmməd Qafqazlının anım günüdür. Hacıməmməd Ələkbər oğlu Quliyev 22 mart 1898-ci ildə Lənkəranda şair ailəsində doğulub. Əvvəlcə mollaxanada oxuyub, 9 yaşından təhsilini 7-ci rus-müsəlman məktəbində davam etdirib. 14 yaşında Orucov qardaşlarının mətbəəsində mürəttib kimi əmək fəaliyyətinə başlayıb. Sənətə və teatra olan hədsiz marağı həmin dövrdə Cəfər Cabbarlı, Seyid Hüseyn, Nəriman Nərimanov və bir sıra tanınmış maarifçilərlə, ziyalılarla yaxından tanışlığına səbəb olub. 1920-ci ildə Maştağada ilk fəhlə-kəndli klubu yaradıb və klubun nəzdində dram dərnəyi təşkil edib. Burada Azərbaycan dramaturqlarının əsərlərini tamaşaya qoyaraq, rejissor kimi fəaliyyət göstərib. İstedadını görən Abbas Mirzə Şərifzadə təkidlə onu Milli Dram Teatrına dəvət edib. Dəvəti qəbul edən aktyor ömrünün sonuna qədər bu teatrda çalışıb. Teatrın səhnəsində 200-dən artıq müxtəlif səpkili obrazlar yaradıb. Eyni zamanda "Fətəli xan", "Bir məhəllədən iki nəfər", "Yeddi oğul istərəm", "Şərikli çörək", "Tehran-43" və digər filmlərdə çəkilib. Hacıməmməd Qafqazlı 1982-ci il sentyabrın 21-də Bakıda dünyasını dəyişib.
ŞİRİN ŞÜKÜROV
(1910-1987)
Sovet İttifaqı Qəhrəmanı Şirin Ağabala oğlu Şükürov da bu gün xatırlanır. O, 21 mart 1910-cu ildə Şirvan şəhərində anadan olub. 1941-ci ildə cəbhəyə yollanıb. Krım, Qafqaz, Voronej, Belarus və Polşada vuruşub. 12 yanvar 1945-ci ildə Vislada başından və ayağından yaralanmasına baxmayaraq, sona qədər döyüşüb. 1945-ci il fevralın 27-də bu qəhrəmanlığına görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. Şirin Şükürov 21 sentyabr 1987-ci ildə Şirvan şəhərində vəfat edib.
ZÜLFƏLİ İBRAHİMOV
(1910-1972)
Azərbaycan EA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Zülfəli İmaməli oğlu İbrahimovun xatirə günüdür. O, 1910-cu il dekabrın 25-də Cənubi Azərbaycanın Sərab şəhərində anadan olub. 1924-cü ildə ailəsi ilə birgə Bakıya köçüb və burada təhsil alıb. 1935-də Moskva Ümumittifaq Jurnalistlər İnstitutunu bitirdikdən sonra Bakıya qayıdaraq, "Kommunist", "Nuxa fəhləsi", "Yeni yol", "Gənc işçi" və başqa qəzet redaksiyalarında məsul vəzifələrdə çalışıb. 1936-cı ildən pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb. 1941-1942-ci illərdə Urmiya şəhərində Zaqafqaziya cəbhəsi 15-ci Qafqaz korpusunun 23-cü diviziyasında "Qızıl Əsgər" qəzetinin məsul redaktoru, 1960-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru olub. 300-ə qədər elmi məqalənin və bir neçə monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 80-ə qədər namizədlik və doktorluq dissertasiyaları müdafiə edilib. Azərbaycan SSR Dövlət Mükafatı, bir sıra orden və medallarla təltif olunub. Zülfəli İbrahimov 1972-ci il sentyabrın 21-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
TEYMUR BƏKİRZADƏ
(1942-1996)
Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor Teymur Bəkir oğlu Bəkirzadənin anım günüdür. O, 14 sentyabr 1942-ci ildə Bakı şəhərində anadan olub. 1974-cü ildə Moskvada ali rejissor kurslarını bitirib. "Azərbaycanfilm" kinostudiyasında 40-dan çox sənədli və bədii filmlərin rejissoru olub. 1978-ci ildə çəkdiyi "Dissonans" sənədli filmi bir neçə festivalda mükafat alıb, bir çox medal və diplomlarla təltif edilib. Teymur Bəkirzadə 1996-cı il sentyabrın 21-də vəfat edib. O, mərhum səs operatoru Bəkir Bəkirzadənin atasıdır.