Dünyanın bu günü - 21.12.2020

NAMİQ KAMAL

(1840-1888)

 

Türkiyədə roman janrının banilərindən və Tənzimat ədəbiyyatının əsas nümayəndələrindən biri, yazıçı, şair, jurnalist, tərcüməçi və ictimai xadim Namiq Kamal 21 dekabr 1840-cı ildə Təkirdağda anadan olub. "Gənc Osmanlılar" cəmiyyətinin yaradıcılarından və rəhbərlərindən biri olub. Dərc etdiyi "Azadlıq" və "Təlimat" qəzetləri Türkiyədə konstitusion fikirlərin yayılmasında böyük rol oynayıb. 1876-cı ildə ilk türk konstitusiya layihəsinin hazırlanmasında iştirak edib. "Əli bəyin sərgüzəştləri", "Cəzmi", "Vətən, yaxud Silistrə", "Zavallı uşaq", "Akif bəy", "Gülnihal" və başqa əsərlərin müəllifidir. Hökumət əleyhinə yazıları səbəbindən Kiprdəki Maqoz qalasında 38 ay məhbus həyatı yaşayıb. Namiq Kamal 2 dekabr 1888-ci ildə Yunanıstanın Saqqız adasında vəfat edib və Çanaqqalanın Bolayır qəsəbəsində dəfn olunub.

 

 

İOSİF STALİN

(1879-1953)

 

Dünyanın ən məşhur diktatorlarından biri, SSRİ-yə ən çox rəhbərlik etmiş İosif Vissarionoviç Stalin 1879-cu il dekabrın 21-də Gürcüstanın Qori şəhərində dünyaya gəlib. 1894-cü ildə Tiflisdə seminariyaya daxil olub. Məhz burada marksizm ideyalarının təsiri altına düşərək, inqilabi cərəyanlara qoşulub. Fəaliyyətinin müəyyən dövrü Bakı şəhəri ilə sıx bağlı olub. Bolşevik partiyasının maddi ehtiyacını təmin etməkdən ötrü qarətlərə əl atmaqdan da çəkinməyib. 1924-cü ildə Leninin vəfatından sonra Sovet İttifaqına rəhbərliyi ələ keçirib. Tarixin yaddaşında həm İkinci Dünya müharibəsində qazanılan qələbənin rəhbəri, həm də xalqları qan içində boğan, dəhşətli repressiyalara əl atan diktator kimi qalıb. İki dəfə SSRİ-nin ən ali hərbi ordeni olan "Qələbə" ordeni ilə təltif edilib. İosif Stalin 5 mart 1953-cü ildə vəfat edib. Vəfatından sonra balzamlanmamış cəsədi Lenin Mavzoleyində yerləşdirilib, həmin mavzoley 1953-1961-ci illərdə "Lenin və Stalin Mavzoleyi" adlanıb. 1961-ci il noyabrın 1-nə keçən gecə cəsədi Mavzoleydən çıxarılıb və Kreml divarları yanında dəfn olunub. 

 

 

ƏLİÖVSƏT SADIQOV

(1906-1970)

 

Azərbaycanın xalq artisti, muğam operalarında baş rolların mahir ifaçısı Əliövsət Şirəli oğlu Sadıqov 1906-cı ilin bu günü Şəki şəhərində doğulub. 1928-1930-cu illərdə konservatoriya təhsili alıb. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. "Leyli və Məcnun", "Koroğlu", "Şahsənəm", "Nərgiz", "Arşın mal alan", "Məşədi İbad" və başqa operalarında, operettalarında yaddaqalan obrazlar yaradıb. Ömrünün son illərində teatrda məsləhətçi pedaqoq kimi çalışıb. Əliövsət Sadıqov 17 noyabr 1970-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

ƏLƏKBƏR ZİYATAY

(1913-1982)

 

Azərbaycan şairi, tərcüməçi Ələkbər Həsən oğlu Cəfərov 21 dekabr 1913-cü ildə Gəncədə qulluqçu ailəsində doğulub. Yeddi illik şəhər məktəbini bitirib və orada inşaat texnikumuna daxil olub, daha sonra Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsində təhsil alıb. İnstitutu qurtaran il "Ədəbiyyat qəzeti" redaksiyasında poeziya şöbəsinin müdiri təyin olunub. Qiyabi Pedaqoji İnstitutda baş müəllim, Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsində məsul katib, eyni zamanda Gəncə Pedaqoji İnstitutunda baş müəllim, iki illik və qiyabi pedaqoji institutlarda, partiya məktəbində müəllim, Azərbaycan Yazıçılar İttifaqının Gəncə filialında məsul katib olub. Gəncə şəhər Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında poeziya şöbəsinin müdiri işləyib. 1973-cü ilin dekabrında fərdi təqaüdə çıxan Ələkbər Ziyatay 1982-ci il iyulun 2-də Bakı şəhərində dünyasını dəyişib.

 

 

ZİYA BÜNYADOV

  (1923-1997)

 

Azərbaycanın əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, görkəmli tarixçi, akademik Ziya Musa oğlu Bünyadov 1923-cü il dekabrın 21-də Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub. 1941-ci ildə hərbi məktəbi leytenant rütbəsində bitirdikdən sonra İkinci Dünya müharibəsində iştirak edib. 27 fevral 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1946-cı ildə sovet ordusu sıralarından tərxis olunduqdan sonra Moskva Şərqşünaslıq İnstitutuna, 1950-ci ildə isə həmin institutun aspiranturasına daxil olub. 1954-cü ildə Bakıya qayıdıb və Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda böyük elmi işçi, Şərqşünaslıq İnstitutunda direktor, Azərbaycan Dövlət Universitetində şərqşünaslıq fakültəsinin müəllimi vəzifələrində çalışıb, Yaxın və Orta Şərq Xalqları İnstitutunun Şərqin orta əsrlər tarixi şöbəsinə rəhbərlik edib, “Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri. İctimai elmlər seriyası (tarix, fəlsəfə və hüquq seriyası)” jurnalının baş redaktoru olub. Qurani-Kərimin tərcüməsinə görə akademik Vasim Məmmədəliyevlə birlikdə H.Z.Tağıyev adına mükafata, A.A.Bakıxanovun ”Gülüstani-İrəm” əsərinin şərhli nəşrinə görə A.A.Bakıxanov adına mükafata layiq görülüb. Yeni Azərbaycan Partiyasının sədr müavini, I çağırış Milli Məclisin deputatı olub. Ziya Bünyadov 1997-ci il fevralın 21-də yaşadığı binanın blokunda qətlə yetirilib və Fəxri Xiyabanda dəfn edilib.

 

 

TÜKƏZBAN İSMAYILOVA

(1923-2008)

 

Azərbaycanın xalq artisti, müğənni Tükəzban Məhərrəm qızı İsmayılova 1923-cü ilin bu günü Bakıda anadan olub. 1939-1944-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb və peşəkar xanəndə kimi çıxış etməyə başlayıb. İkinci Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verib. Azərbaycan Radio Komitəsinin xor kollektivinin, Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olub, Respublika İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərib. Repertuarında muğam, təsnif, xalq mahnıları və Azərbaycan bəstəkarlarının mahnıları əsas yer tutur. Özünəməxsus üslubda oxuduğu “Qatar”, “Xaric segah”, “Şahnaz”, digər muğam və mahnılar milli musiqi xəzinəmizi zənginləşdirib. Onu tarda müşayiət edən həyat yoldaşı, xalq artisti Həbib Bayramovun vəfatından sonra səhnə fəaliyyətini dayandırıb. "Şöhrət" ordenli Prezident təqaüdçüsü olan Tükəzban İsmayılova 2008-ci il martın 24-də Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub. O, Xalq artisti İlhamə Quliyevanın anasıdır.

 

 

ÖMƏR ELDAROV

(1927)

 

Azərbaycanın xalq rəssamı, heykəltəraş, akademik Ömər Həsən oğlu Eldarov 21 dekabr 1927-ci ildə Dağıstanın Dərbənd şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsində, Leninqraddakı İ.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsində təhsil alıb. 1946-cı ildən etibarən mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olub. SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifələrində çalışıb. 1995-ci ildə I çağırış Milli Məclisə deputat seçilib. Ömər Eldarov 2017-ci ildə "Heydər Əliyev" ordeni ilə təltif olunub.

 

 

VƏFA QULUZADƏ

(1940-2015)

 

Azərbaycanın görkəmli dövlət xadimi, politoloq Vəfa Mirzəağa oğlu Quluzadə 1940-cı il dekabrın 21-də Bakıda anadan olub. Bakıdakı 23 nömrəli tam orta məktəbdə, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb. Misir və Əlcəzairdəki SSRİ səfirliyində, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində çalışıb. 1990-cı ildə Azərbaycana qayıdıb və əvvəlcə Əbülfəz Elçibəyin, sonra isə Heydər Əliyevin prezidentliyi dövründə xarici siyasət üzrə dövlət müşaviri işləyib. 1999-cu il oktyabrın 8-də istefa verənə qədər Azərbaycan Təhlükəsizlik Şurasının üzvü olub. İstefa verdikdən sonra Xəzər regionu dövlətlərinin siyasi tədqiqatı Fondunun prezidenti olub və fəaliyyətini mətbuatla qurub. Vəfa Quluzadə 1 may 2015-ci ildə Bakıda vəfat edib və Yasamal qəbiristanlığında oğlunun məzarı yanında dəfn edilib.

 

 

ADİL MİRSEYİD

(1952-2014)

 

Rəssam, şair və tərcüməçi Adil Mirseyid oğlu Baxışov 1952-ci ilin bu günü Ağdaş şəhərində doğulub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Ağdaş rayonunda Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam, Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində redaktor vəzifələrində işləyib. Bir neçə kitabın, 200-dən artıq esse və məqalənin müəllifidir. "Vektor" Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Rəsul Rza və Türk Ədəbiyyatına xidmət mükafatlarına layiq görülüb. Adil Mirseyid 2014-cü il iyulun 17-də Bakıda vəfat edib.

 

 

MAHİR QULİYEV

(1993-2016)

 

Şəhid Mahir Qədir oğlu Quliyev 21 dekabr 1993-cü ildə  Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetində təhsil alıb. Təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı qəhrəmancasına şəhid olub və II Fəxri Xiyabanda dəfn olunub. Əsgər Mahir Quliyev  ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

 

 

AĞAXAN TALIŞINSKİ

(1885-1949)

 

Azərbaycanda travmatologiya elminin banisi, tibb elmləri doktoru, professor Ağaxan Talışınskinin anım günüdür. Mir Əbülfət bəy Mir Rza xan oğlu Talışınski 19 sentyabr 1885-ci ildə Lənkəran şəhərində anadan olub. Lənkəran şəhər birdərəcəli məktəbində, Bakıda gimnaziyada və Kiyev Dövlət İnstitutunun Tibb fakültəsində təhsil alıb. Müxtəlif illərdə müəllim, dosent və kafedra müdiri vəzifələrində çalışıb. 1945-ci ildən ömrünün axırına qədər Azərbaycan Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun travmatologiya-ortopediya və protezləşmə klinikasının müdiri olub. 1935-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun tələbələri üçün Azərbaycan dilində ilk dərslik – “Travmotologiya” monoqrafiyasını yazıb. Ağaxan Talışınski 21 dekabr 1949-cu ildə Bakıda vəfat edib.

 

 

ƏLƏSGƏR MƏMMƏDOĞLU

(1946-2015)

 

Azərbaycanın əməkdar artisti, teatr və kino aktyoru Ələsgər Məmmədoğlunun xatirə günüdür. O, 9 fevral 1946-cı ildə Bakı şəhərində doğulub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb. "Mozalan" satirik kinojurnalının 20-yə yaxın süjetinə çəkilib, bədii filmlərdə də rol alıb. Xüsusilə "Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır. Son dəfə "Xoxan" filminə çəkilib. Ələsgər Məmmədoğlu 2015-ci il dekabrın 21-də Bakıda vəfat edib.

Müəllif | Apa.Tv
Apa.tv