00:01 22 mart 2021 169
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 22.03.2021

MƏHƏMMƏD TAĞI SİDQİ

(1854-1903)

 

Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqi 1854-cü il martın 22-də Ordubad şəhərində anadan olub. İlk təhsilini Molla Məhəmməd Tağı adlı axundun məktəbində alıb. Şah Hüseyn Soltan mədrəsəsində təhsilini davam etdirərək, klassik Şərq poeziyasını və fəlsəfəsini dərindən mənimsəyib. 1892-ci ildə Hüseyn Sultan Kəngərlinski ilə birlikdə Ordubadda “Əxtər” adlı yeni üsullu məktəb açıb. Buradakı “Əncüməni-şüəra” ədəbi məclisinin fəallarından olan şair 1894-cü ildə Naxçıvan şəhərində dini, eyni zamanda dünyəvi elmləri tədris edən “Tərbiyə” adlı məktəb təsis edib. 1894-1899-cu illərdə M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsəri əsasında hazırlanaraq Naxçıvan teatrında səhnələşdirilmiş eyniadlı tamaşaya quruluş verib. Elmi-pedaqoji dəyərə malik “Nümuneyi-əxlaq”, “Qızlara hədiyyə”, “Müxtəsər coğrafiya risaləsi”, “Ərəb dilinin sərfi-nəhvi”, “Ədəbiyyat”, “Pedaqogika” adlı əsərlərlə yanaşı, “Məsnəviyyati-mənəviyyə” adlı mənzumə, “Kəblə Nəsir” mənzum hekayəsini, “Heykəli-insana bir nəzər” ədəbi-fəlsəfi traktatını, 20-dən çox hekayənin cəm olunduğu “Məktəb hekayələri”ni və 300-dən çox qəzəl qələmə alıb. Həyatını maarifçiliyə və bədii yaradıcılığa həsr edən Məhəmməd Tağı Sidqi 1903-cü ildə 49 yaşında vəfat edib və Naxçıvanda dəfn olunub.

 

 

ABBAS MİRZƏ ŞƏRİFZADƏ

(1893-1938)

 

Azərbaycanın xalq artisti, teatr və kino rejissoru Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə 22 mart 1893-cü ildə Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olub. 1903-cü ildə gimnaziyaya daxil olub. Səhnə fəaliyyətinin 30 ili ərzində həm Azərbaycan, həm də dünya dram əsərlərindən onlarla rol oynayıb. Yaradıcılığının zirvəsi Uilyam Şekspirin faciələrində yaratdığı obrazlar hesab olunur. 1926-cı ildən Azərbaycan Dövlət Opera Teatrının baş rejissoru olub. "Şeyx Sənan", "Oqtay Eloğlu", "Aydın", "Ağa Məhəmməd Şah Qacar", "Qaçaq Kərəm" və başqa əsərləri səhnələşdirib, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib", "Şah İsmayıl" operalarının quruluşçu rejissoru, "Bismillah", "Hacı Qara", "Gilan Qızı", "Məhəbbət Oyunu" filmlərini çəkən ilk kino rejissorumuz olub. Azərbaycanda Stalin repressiyalarının qurbanlarından biri olan Abbas Mirzə Şərifzadə 1937-ci ilin dekabr ayında saxta ittihamlarla həbs olunub, dindirmələrdən və işgəncələrdən sonra 1938-ci il noyabrın 16-da güllələnib. 1955-ci il sentyabrın 17-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası ona bəraət verib.

 

 

SÜLEYMAN RƏHİMOV

(1900-1983)

 

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Hüseyn oğlu Rəhimov 1900-cü ilin bu günü Qubadlıda anadan olub. İbtidai təhsilini ikisinifli rus məktəbində alıb, Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlayıb. Azərbaycan nəsrinin gözəl nümunələri olan “Şamo”, “Saçlı”, “Mehman” əsərlərini yaradıb. Müxtəlif illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri və birinci katibi vəzifələrində çalışıb. Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına, üç dəfə “Lenin” ordeni, "Qırmızı Əmək Bayrağı”, "Şərəf nişanı" ordenləri və medallarla təltif edilib. Onun “Şamo” romanı 5 cilddən ibarət bütöv bir epopeyadır. Yazıçının “Mehman” povesti əsasında bədii film çəkilib. Süleyman Rəhimov 1983-cü il oktyabrın 11-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

MEHDİ HÜSEYN

(1909-1965)

 

Azərbaycanın xalq yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, SSRİ Dövlət Mükafatı laureatı Mehdi Əli oğlu Hüseyn 1909-cu il martın 22-də Qazax rayonunun Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Pedaqoji fakültəsinin Tarix şöbəsini və Moskva Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenaristlər kursunu bitirib. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olub. 1926-cı ildə "Bizdə futurizm cərəyanı" adlı ilk tənqidi məqaləsi, 1927-ci ildə "Qoyun qırxımı" adlı ilk hekayəsi dərc edilib. Yaradıcılığında tarixi hekayə, povest, roman, dram əsərləri və pyeslərə yer verib. Mehdi Hüseyn 1965-ci il martın 10-da Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

ƏLİAĞA AĞAYEV

(1913-1983)

 

Azərbaycanın xalq artisti, görkəmli komediya aktyoru Əliağa İsmayıl oğlu Ağayev 1913-cü il martın 22-də Bakıda doğulub. Erkən yaşlarında atasını itirib. 1930-cu ildə yeddinci sinfi bitirdikdən sonra Gəmi Təmiri Zavodu nəzdindəki sənət məktəbində oxuyub. İki il sonra oranı bitirərək, zavodda gəmi çilingəri işləyib. Zavodun dram dərnəyinə yazılıb, ilk rolu Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyasında Hacı Qara olub. 1936-cı ildə o vaxtlar Fəhlə Uşaqlar Teatrı adlanan Gənc Tamaşaçılar Teatrının kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin "Kapitan Qrantın uşaqları" tamaşasında Dik rolunda çıxıb. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsədiyi üçün tədricən repertuarın əksər tamaşalarında rollar ona tapşırılıb. Müxtəlif çeşidli rolları, xüsusən "O olmasın, bu olsun" bədii filmindəki Məşədi İbad obrazı ilə şöhrət qazanıb. 1961-ci ilin payızında Akademik Milli Dram Teatrının kollektivinə qəbul olunub. Televiziyanın qızıl fondunda aktyorun iştirak etdiyi tamaşaların və satirik səhnəciklərin lentləri saxlanılır. Həmişə populyar və sevilən aktyor olmuş Əliağa Ağayev 13 noyabr 1983-cü ildə Bakıda vəfat edib.

 

 

LÜTFƏLİ ABDULLAYEV

(1914-1973)

 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri, xalq artisti, aktyor Lütfəli Əmir oğlu Abdullayev 1914-cü ilin bu günü Şəki şəhərində doğulub. Oradakı yeddiillik məktəbi bitirdikdən sonra bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. 1928-ci ildə Bakıya gələrək, Dövlət Konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlayıb. 1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda truppaya qəbul edilib. Teatr 1949-cu ilin yazında maliyyə çətinliyi ilə bağlı fəaliyyətini dayandırmalı olanda Milli Dram Teatrına keçib. Burada səhnələşdirilən tamaşalarda müxtəlif obrazlar yaradıb. İki ildən sonra Azərbaycan Dövlət Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən musiqili komediya truppasında işləməyə başlayıb. "Arşın mal alan" filmində oynadığı Vəli roluna görə 1946-cı ildə SSRİ Dövlət Mükafatına layiq görülüb. Həmçinin "Əhməd haradadır?", "Ulduz", "Qəribə əhvalat" filmlərinə çəkilib. Lütfəli Abdullayev 9 dekabr 1973-cü ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır.

 

 

NƏCƏFQULU RƏFİYEV

 (1915-1970)

 

Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəcəbəli oğlu Rəfiyev 1915-ci ilin bu günü Ordubad şəhərində dünyaya gəlib. 1935-ci ildə Sovet Ordusuna çağırılıb və hərbi xidmətinin ikinci ilindən ali hərbi məktəbdə təhsil almağa başlayıb. Faşist Almaniyasının SSRİ-yə hücumundan sonra tank vzvodunun komandiri kimi Cənub-Qərb, Şimali Qafqaz, 1-ci Belarus cəbhələrində faşist işğalçılarına qarşı vuruşmalarda iştirak edən Nəcəfqulu Rəfiyev 1944-cü ildə Minsk şəhəri yaxınlığında gedən döyüşlərdə, Baronoviçi şəhərinin azad edilməsində qəhrəmanlıq göstərib. 1955-1959-cu illərdə Lənkəran şəhər Hərbi Komissarlığında şöbə rəisi, Culfa rayon hərbi komissarı işləyib. 1959-cu ildə ordudan tərxis olunub, əmək fəaliyyətini avtomobil nəqliyyatı sistemində davam etdirib. Nəcəfqulu Rəfiyev 1970-ci il dekabrın 24-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Ordubad şəhərində büstü qoyulub.

 

 

İSMAYIL ŞIXLI

(1919-1995)

 

Azərbaycanın xalq yazıçısı, publisist, pedaqoq, ssenarist İsmayıl Qəhrəman oğlu Şıxlı 22 mart 1919-cu ildə Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Kosalar kəndində ibtidai məktəbini bitirdikdən sonra Qazax Pedaqoji Məktəbində təhsil alıb. Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləyib. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olub, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi və sədri, SSRİ Yazıçılar İttifaqının katibi, "Azərbaycan" jurnalının baş redaktoru vəzifələrində çalışıb. İki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı olub. İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunub. “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerklərini, “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanlarını yazıb. "Qızıl Ulduz", "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı", II dərəcəli "Böyük Vətən müharibəsi"  ordenləri və medallarla, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı və Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilib. İsmayıl Şıxlı 1995-ci il iyulun 26-da Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

ZÜLEYXA SEYİDMƏMMƏDOVA

   (1919-1990(1999))

 

İlk azərbaycanlı təyyarəçi qadınlardan biri Züleyxa Mir Həbib qızı Seyidməmmədova 22 mart 1919-cu ildə Bakıda anadan olub. Orta mәktәbi bitirdikdәn sonra Azərbaycan Sәnaye İnstitutunda ali tәhsil alıb. 1935-ci ildә institutda Azәrbaycan qızları arasında paraşütdәn tullanma üzrә birinci yeri tutub. Təyyarәdәn paraşütlә 50 dәfә tullandığına görә paraşüt idmanı üzrә tәlimatçı vәzifәsinә tәyin edilib, 1938-ci ildə isə imtahan verərək Moskvada Jukovksi adına Hərbi-Hava Akademiyasına qəbul olunan ilk şturman qız olub. İkinci Dünya müharibəsində qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini kimi 500-dən artıq döyüş uçuşu keçirib, 125 döyüş aparıb, 38 alman təyyarəsi vurub. 1946-1952-ci illərdə komsomol və partiya komitələrində məsul vəzifələrdə çalışıb, 1952-1975-ci illərdə isə Azərbaycan SSR-in ilk qadın sosial təminat naziri olub. İki “Qırmızı Əmək Bayrağı”, “Lenin”, “Şərəf nişanı” ordenləri və medallarla təltif olunan Züleyxa Seyidməmmədova 1999-cu ildə Bakıda vəfat edib. Bәstәkar Tofiq Quliyev onun haqqında mahnı bәstәlәyib, sonradan vala yazılan bu mahnı yüksәk tirajla satılıb.

 

 

ZƏROŞ HƏMZƏYEVA

 (1925-2004)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktrisası, Prezident təqaüdçüsü Zəroş Mirzəbağır qızı Həmzəyeva 22 mart 1925-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində doğulub. Orta təhsili Nehrəm kəndində alan aktrisa məktəbin dram dərnəyində çıxış edib. Səhnə fəaliyyətinə 1942-ci ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında başlayıb, bir sıra tamaşalarda çıxış edib. 1948-1949-cu illərdə həyat yoldaşı İbrahim Həmzəyevlə birlikdə Füzuli Dövlət Dram Teatrında çalışıb. “Şöhrət” ordeni ilə təltif edilmiş Zəroş Həmzəyeva 2004-cü il iyunun 6-da Bakıda vəfat edib və ikinci Fəxri Xiyabanda dəfn olunub.

 

 

RÜBABƏ MURADOVA

(1933-1983)

 

Azərbaycanın xalq artisti, müğənni Rübabə Xəlil qızı Muradova 22 mart 1933-cü ildə Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Az müddət Sabirabad Dövlət Dram Teatrında işləyib. Ələsgər Ələkbərov təsadüfən onu görüb və Bakıya Filarmoniyaya dəvət edib. 1951-1955-ci illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfində təhsil alıb. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq kimi çalışıb. Rübabə Muradova 28 avqust 1983-cü ildə Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn edilib.

 

 

SABİR AZƏRİ

(1938-2010)

 

Görkəmli yazıçı-publisist Sabir Əli oğlu Tatlıyev (Sabir Azəri) 1938-ci il martın 22-də Ağstafa rayonunun Dağkəsəmən kəndində dünyaya gəlib. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil alıb. Elə ilk yazılarını da tələbə ikən yazmağa başlayıb. 1961-ci ildən etibarən 33 il ərzində mətbuat sahəsində, radioda çalışıb. Əvvəlcə "Azərbaycan gəncləri” qəzetində fəaliyyətə başlayıb. Jurnalistika üzrə tam kursu bitirdikdən sonra ona qəzetin ədəbi işçisi ixtisası verilib. Bir il sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor vəzifəsinə dəvət alıb. Televiziyadan sonra "Ədəbiyyat və incəsənət” qəzetində publisistika şöbəsinin müdiri vəzifəsini icra edib, "Ulduz” jurnalında nəsr şöbəsinin müdiri, məsul katib və baş redaktorun müavini olub. Yaradıcılığı boyu otuza yaxın kitab yazıb. 1993-cü ildən sonra sərbəst yaradıcılıqla məşğul olmağa başlayıb. Sabir Azəri 28 yanvar 2010-cu ildə Bakıda dünyasını dəyişib.

 

 

BAYRAM NƏSİBOV

(1930-1990)

 

Şəhid Bayram İsmayıl oğlu Nəsibov 22 mart 1930-cu ildə Goranboy rayonunun Todan kəndində anadan olub. Yanvarın 15-də Todan kəndinin üstündəki təpədə yerləşən Maraşen kəndi yaxınlığında və rusların yaşadığı Mixaylovka kəndi ətrafında baş verən toqquşmalarda iştirak edib və kəndin müdafiəsi uğrundakı atışma zamanı həlak olub. Bayram Nəsibov Gəncə qəbiristanlığında dəfn edilib. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülüb.

 

 

ƏSƏD ƏSƏDOV

 (1956-1991)

 

Azərbaycanın Milli Qəhrəmanı Əsəd Soltan oğlu Əsədov 1956-cı ilin bu günü Zəngilan rayonunun Turabad kəndində doğulub. 1975-ci ildə Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılıb, hərbi xidmətini başa vurduqdan sonra isə Saratov vilayətinin Krasnokutsk şəhərindəki Təyyarəçilik Məktəbinin mülki aviasiya şöbəsinə daxil olub. 1991-ci il oktyabrın 29-da Xocalı aeroportunda ermənilərdən ibarət işçi qrupunu aeroportun texniki istismarından uzaqlaşdıran AZAL-ın əməkdaşları Bakıya qayıdarkən təyyarə düşmən tərəfindən raketlə vurulub. Cəsur komandir Əsəd Əsədov heyət üzvləri ilə birlikdə həlak olub və Zəngilan rayonunda dəfn edilib.

 

 

İXTİYAR QASIMOV

(1970-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasım oğlu Qasımov 22 mart 1970-ci ildə Ağdam rayonunda anadan olub. 1977-ci ildə Salahlı kənd orta məktəbinə gedib və səkkizinci sinfə qədər burada təhsil alıb. 1985-ci ildə Bakıya gələrək təhsilini burada davam etdirib. 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılıb. 1992-ci il iyulun 14-də ermənilər Canyataq kəndinə hücuma keçiblər. Burada bir neçə döyüşçü yaralanıb. Onların erməni qəsbkarlarının əlinə keçməməsi üçün İxtiyar Qasımov özünü qabağa ataraq, əks-hücumun qarşısını almağa çalışıb və qəhrəmancasına həlak olub. Salahlı kənd qəbiristanlığında dəfn olunan İxtiyar Qasımov Azərbaycan Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

BAYRAM MƏMMƏDOV 

(1970-1992)

 

Şəhid Bayram Məhəmməd oğlu Məmmədov 1970-ci ilin bu günü Laçın rayonunun Minkənd kəndində doğulub. Kənd orta məktəbini bitirib, 1988-1990-cı illərdə hərbi xidmətini Rusiya Federasiyasının Orenburq vilayətindəki qapalı hərbi hissədə keçirib. 20 fevral 1990-cı ildə Xüsusi Təyinatlı Polis dəstəsinə daxil olub. Bayram Məmmədov 1992-ci il iyunun 7-də qəhrəmancasına həlak olub və Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 30 iyun 2005-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

RAMİL ƏLİYEV

(1996-2020)

 

Şəhid Ramil Qurban oğlu Əliyev 1996-cı il martın 22-də Babək rayonunun Güznüt kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib və elə həmin gün Füzuli döyüşləri zamanı şəhid olub, Babək rayonunda dəfn olunub. Leytenant Ramil Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

ELMAN NƏBİYEV

(2001-2020)

 

Şəhid Elmar Elman oğlu Nəbiyev 2001-ci ilin bu günü Bakının Pirallahı rayonunda dünyaya gəlib. 186 nömrəli tam orta məktəbi bitirdikdən sonra Odlar Yurdu Kollecinin Bank işi fakültəsinə qəbul olunub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elmar Nəbiyev oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub və Pirallahı rayonunda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

FƏRİD ƏLİYEV

(2001-2020)

 

Şəhid Fərid Hamlet oğlu Əliyev 22 mart 2001-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində dünyaya gəlib. 2018-ci ildə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinə qəbul olunub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Fərid Əliyev elə həmin gün Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub və sentyabrın 28-də doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

MƏMMƏDSADIQ NURİYEV

(1919-1975)

 

Görkəmli teatr və kino aktyoru Məmmədsadıq Qafar oğlu Nuriyevin anım günüdür. O, 1919-cu il martın 5-də Bakının Sovetski adlanan dağüstü məhəlləsində doğulub. 1928-ci ildən Bakıda Bədəl bəy Bədəlbəyovun məktəbində tam təhsil alıb, 1935-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olub. Teatr Məktəbində oxuyarkən Milli Dram Teatrının tamaşalarında çıxış edib. 1937-ci ildə Xalq Maarif Komissarlığı İncəsənət İşlər İdarəsi tərəfindən Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrına göndərilib, səkkiz ilə yaxın bu teatrda aktyor işləyib. 1946-cı ildən Gəncə Dövlət Dram Teatrında, 1956-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. İyirmiyə yaxın filmə çəkilib. Xalq artisti Yaşar Nurinin atası olan Məmmədsadıq Nuriyev 1975-ci il martın 22-də Bakıda vəfat edib.

 

 

VƏZİR ORUCOV

(1956-1993)

 

Azərbaycanın Milli Qəhrəmanı Vəzir Surxay oğlu Orucov da bu gün xatırlanır. O, 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Bakı Yüngül Sənaye Texnikumunda təhsil alıb. 1977-ci ildə hərbi xidmətdən tərxis olunub. Tərtər Çörək Zavodunda çalışıb. Ermənistanın Azərbaycana hərbi təcavüzünün başlanması ilə əlaqədar Vətən torpaqlarının müdafiəsinə qalxıb, sıravi döyüşçüdən batalyon komandirinin müavini vəzifəsinədək yüksəlib. Bir sıra döyüşlərdə şəxsi şücaət göstərib və yaralanıb. Vəzir Orucov 22 mart 1993-cü ildə Ağdərə yaxınlığındakı Qlobus yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 27 mart 1993-cü il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın