00:01 22 iyun 2021 478
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 22.06.2021

MİRZƏ KAZIMBƏY

(1802-1870)

 

Böyük Azərbaycan alimi, filosof, dilçi və şərqşünas Mirzə Kazımbəy 22 iyun 1802-ci ildə İranın Rəşt şəhərində anadan olub. 9 yaşında ikən anası ilə birlikdə Rəştdən Dərbəndə atasının yanına gəlib. Rus, ərəb, fars, ingilis, alman və fransız dillərini mükəmməl öyrənib. 17 yaşında ikən “Ərəb dilinin qrammatikası təcrübəsi” adlı ilk əsərini yazıb. 26 yaşında London Kral Asiya Cəmiyyətinin həqiqi üzvü, 33 yaşında isə Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1824-cü ildən Kazan Universitetində, 1849-cu ildən isə Peterburq Universitetində çalışıb, burada Şərq dilləri fakültəsinin ilk dekanı olub. Qafqazda Şeyx Şamil hərəkatı, Azərbaycan tarixi, türk dillərinin qrammatikası haqqında və s. əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub. Mirzə Kazımbəy 27 noyabr 1870-ci ildə Peterburqda vəfat edib.

 

 

BÜLBÜL

(1897-1961)

 

Dünya şöhrətli opera müğənnisi, SSRİ xalq artisti Bülbülün doğum günüdür. Murtuza Məşədi Rza oğlu Məmmədov 1897-ci il iyunun 22-də Şuşada dünyaya gəlib. Kiçik yaşlarından məlahətli zəngulələrinə görə xalq ona Bülbül adını verib. Bakı Konservatoriyasını bitirib, İtaliyada vokal təhsili alan ilk azərbaycanlı olub. Geniş diapazonlu, gözəl axıcı səsi olan müğənni böyük aktyorluq istedadına malik olub. Opera və Balet Teatrının səhnəsində onlarla bənzərsiz obrazlar yaradıb. Təbii ki, bunların zirvəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operasında oynadığı Koroğlunun partiyası durur. Bülbül xalq mahnılarını, təsnif və romansları da böyük sənətkarlıqla ifa edib. Konservatoriya nəzdindəki orta ixtisas musiqi məktəbi Bülbülün adını daşıyır. Böyük sənətkar 1961-ci il sentyabrın 26-da Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

CƏLAL BƏRGÜŞAD

(1924-1996)

 

Yazıçı-jurnalist Cəlal Novruz oğlu Cavadov 22 iyun 1924-cü ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. Orta təhsilini Qubadlı kəndində fəhlə-gənclər məktəbində alıb. İkinci Dünya müharibəsində iştirak edib, ağır döyüşlərin birində kantuziya aldığına görə ordudan tərxis edilib. Bir müddət Qubadlı rayon Daxili İşlər Şöbəsində bölmə müdiri işləyib. Onun "Cənub taydan əsən meh" adlı ilk şeiri də Qubadlıda çıxan "Avanqard" qəzetində dərc edilib. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsini bitirdikdən sonra "Azərbaycan pioneri" qəzeti redaksiyasına ədəbi işçi təyin olunub. 1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində çalışıb. Onun ssenarisi əsasında "Çoban Boran", "Göygöl", "Torpağın ətri", "Çinar yarpağı" televiziya filmləri çəkilib. Xidmətlərinə görə 1-ci dərəcəli "İkinci Dünya müharibəsi" ordeni və medallarla təltif edilib. “Bozatın belində”, “Sıyrılmış qılınc” kimi tarixi romanların və digər əsərlərin müəllifidir. Cəlal Bərgüşad 1996-cı il iyulun 9-da Bakıda vəfat edib.

 

 

FƏRHAD ZEYNALOV

(1929-1984)

 

Görkəmli Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, professor Fərhad Ramazan oğlu Zeynalov 1929-cu il iyunun 22-də Ordubad şəhərində anadan olub. 1947-ci ildə orta məktəbi bitirdikdən sonra Ordubad şəhər Mədəniyyət Evində direktor işləyib. 1948-1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində və Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alıb. 1956-cı ildən Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində çalışıb, Universitet nəşriyyatının direktoru vəzifəsini icra edib. 1962-ci ildən Ümumi dilçilik kafedrasının dosenti olub. “Türkologiyanın əsasları” adlı fundamental monoqrafiyasında türk dillərinin yeni təsnifini verib. Ümumilikdə 70-dən çox elmi əsərin, o cümlədən 20-yə yaxın monoqrafiyanın müəllifi olan Fərhad Zeynalov 1984-cü il oktyabrın 16-da vəfat edib və Ordubadda dəfn olunub.

 

 

BƏHRAM NƏSİBOV

(1942-1998)

 

Bəstəkar, şair, tar və gitara ifaçısı Bəhram Paşa oğlu Nəsibov 1942-ci ilin bu günü Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya şöbəsində Soltan Hacıbəyovun kursunda təhsil alıb. İlk dəfə mahnı bəstələməyə də həmin illərdə başlayıb. O vaxtlar yazdığı ilk mahnısı "Qarabağ" indi də dillər əzbəridir. "Sən də həmdəm, mən də həmdəm", "Var gülüşündə", "Şahnaz" təsnifi kimi məşhurlaşan "Deyin hardadır", "Səni qəmli görəndə", "Gecələr", "Bəxtəvər gəlin", "Ay gecikən məhəbbətim", "Qurban olum", "Sən güləndə", "Ay qız", "Xatirəsən", "Gəl inad etmə" və 300-ə yaxın digər mahnıların, çoxlu sayda şeirlər və bəhri-təvillərin müəllifidir. Bəhram Nəsibov 1998-ci ildə Bakıda vəfat edib.

 

 

ELDAR BAXIŞ

(1947-1996)

 

Şair Eldar Baxış oğlu Ağayev (Eldar Baxış) 1947-ci il iyunun 22-də Qubadlı rayonunun Diləli Müskanlı kəndində doğulub. Burada ibtidai məktəbi, Qubadlıda isə tam orta məktəbi bitirib. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. Bakı kəndlərində müəllimlik edib, öz ərizəsi ilə bir il hərbi xidmətdə olub. "Köynək" adlı ilk şeiri 1966-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Azərbaycan Dövlət Televiziyasında kiçik redaktor, redaktor, Ədəbi-dram verilişləri baş redaksiyasının televiziya tamaşaları şöbəsinin böyük redaktoru, Gənclik yaradıcılıq birliyinin ictimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışıb. "Səs" və "Nəfəs" qəzetlərini yaradıb, "Səs" qəzetinin baş redaktoru olub. 1993-cü ildən Azərbaycan Dövlət Radiosunun bilgi və uşaq dünyası verilişləri baş redaksiyasının baş redaktoru olub. Eldar Baxış 1996-cı il mayın 22-də Bakıda vəfat edib.

 

 

BAXIŞ QULİYEV 

(1959-1992)

 

Şəhid Baxış Hüseyn oğlu Quliyev 1959-cu ilin bu günü Ağdam rayonunun Quzanlı kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunda, Ümumittifaq Yüngül Sənaye və Toxuculuq İnstitutunda təhsil alıb. 1992-ci ilin martında könüllü olaraq Milli Orduya yazılıb. Batareya komandiri kimi Ağdam və Ağdərə bölgələrində bir sıra qanlı döyüşlərdə iştirak edib. İyulun sonunda batalyonun bir qrup əsgəri ilə birgə Sırxavənddə mühasirəyə düşərək, bədəninin dörd yerindən qəlpə yarası alıb və sentyabrın 13-də hospitalda vəfat edib. Baş leytenant Baxış Quliyev Quzanlı qəbiristanlığında dəfn olunub.

 

 

GÜNDÜZ ABDULLAYEV

(1965-1999)

 

Gündüz Məhərrəm oğlu Abdullayev 22 iyun 1965-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra 1981-ci ildə Sumqayıt şəhəri 17 saylı peşə məktəbinə daxil olub. 1983-cü ildə sovet ordusu sıralarında Almaniyada hərbi xidmətdə olub. 1985-ci ildə gizirlər məktəbini bitirib. 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 1992-ci ildən Daxili Qoşunlarında taqım komandiri kimi fəaliyyətinə davam etdirib. 1996-cı ildə Polis Akademiyasına daxil olub. Gündüz Abdullayev 8 yanvar 1999-cu ildə Qobustan həbsxanasında baş verən qiyamın qarşısını alarkən həlak olub. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

 

 

FAİQ ƏMİROV

(1975-1995)

 

Azərbaycanın Milli Qəhrəmanı Faiq İsfəndiyar oğlu Əmirov 1975-ci il iyunun 22-də Zaqatala rayonunun Bəhmədli kəndində anadan olub. 1992-ci ildə burada orta məktəbi bitirib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. Füzuli, Tərtər və Ağdərə uğrunda gedən döyüşlərdə şücaət göstərib. 17 mart 1995-ci ildə dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı həlak olub. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Faiq Əmirov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Zaqatala şəhərində adına küçə verilib.

 

 

TEYMUR ƏZİZOV

(1987-2020)

 

Şəhid Teymur Əli oğlu Əzizov 1987-ci ilin bu günü Sumqayıt şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsində zamanı Azərbaycan Ordusunun taqım komandiri kimi iştirak edib. Leytenant Teymur Əzizov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub və Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

BALAZADƏ ABDULLAYEV

(1991-2020)

 

Şəhid Balazadə Abdullayev 22 iyun 1991-ci ildə Salyanda anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Əsgər Balazadə Abdullayev oktyabrın 18-də Ağdərədə hərbçi yoldaşlarına su aparan zaman düşmənin atəşinə tuş gələrək şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

ETİBAR MƏMMƏDOV

(1994-2020)

 

Şəhid Etibar Səday oğlu Məmmədov 1994-cü il iyunun 22-də Ağstafa rayonunun Yaradullu kəndində anadan olub. 2012-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Etibar Məmmədov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

ALI HƏSƏNLİ

(1995-2020)

 

Şəhid Alı Nofəl oğlu Həsənli 1995-ci ilin bu günü Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra SOCAR-ın Təhlükəsizlik idarəsində çalışıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Əsgər Alı Həsənli oktyabrın 20-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

ŞAHBAZ ŞAHBAZOV

(1996-2020)

 

Şəhid Şahbaz Mirzə oğlu Şahbazov 22 iyun 1996-cı ildə Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Şahbaz Şahbazov oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

SADIQ NƏCƏFLİ

(2000-2020)

 

Şəhid Sadiq Nüsrət oğlu Nəcəfli 2000-ci il iyunun 22-də Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik leytenant Sadiq Nəcəfli noyabrın 6-da Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

İSMAYIL OSMANLI

(1902-1978)

 

Görkəmli aktyor xalq artisti İsmayıl Osman oğlu Osmanlının anım günüdür. O, 11 aprel 1902-ci ildə Şəkidə doğulub. 11 yaşından yetim qaldığı üçün Şəki ipək fabrikində işləyib. 1920-ci ildə rayondakı Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Azərbaycan Dövlət Dram Teatrına dəvət alıb. 1929-cu ildə Bakıya gələrək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib. “O olmasın, bu olsun”, "Mən ki gözəl deyildim", "26-lar”, "Ulduzlar sönmür", "Nəsimi", "Yeddi oğul istərəm" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. İsmayıl Osmanlı 22 iyun 1978-ci ildə Bakıda vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn olunub.

 

 

AĞADADAŞ QURBANOV

(1911-1965)

 

Azərbaycanın xalq artisti, aktyor Ağadadaş Qurban oğlu Qurbanovun xatirə günüdür. O, 8 mart 1911-ci ildə Bakıda doğulub. 1927-ci il martın 15-də "Dənizçilər klubu"nda Lətif Kərimlinin "Fırtına" pyesinin tamaşası oynanılıb və bu tamaşanı Ağadadaş Qurbanov başda olmaqla, talelərini teatra bağlayan məktəblilər hazırlayıb. Bununla da Bakıda sonralar Gənc Tamaşaçılar Teatrı adlanacaq Fəhlə Uşaqlar Teatrının təməli qoyulub. Həmin vaxtdan 1952-ci ilədək bu teatrda, 1952-ci ildən ömrünün sonunadək Milli Dram Teatrında çalışıb. "Səbuhi", "Koroğlu", "Bir qalanın sirri", "Kölgələr sürünür" filmlərinə çəkilib. Həm teatrda, həm də kinoda yaratdığı dramatik və komik obrazlar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Ağadadaş Qurbanov 1965-ci il iyunun 22-də Salyanda mehmanxananın eyvanının qəfildən uçması nəticəsində faciəli şəkildə həlak olub və Bakıda Fəxri Xiyabanda dəfn olunub. Görkəmli sənətkar opera müğənnisi Gülxar Həsənovanın həyat yoldaşı, aktyor Hamlet Qurbanovun və aktrisa Gülşən Qurbanovanın atasıdır.

 

 

XƏLİL RZA ULUTÜRK

(1932-1994)

 

Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi, filologiya elmləri namizədi Xəlil Rza Ulutürk də bu gün xatırlanır. O, 21 oktyabr 1932-ci ildə Salyan rayonunun Pirəbbə kəndində anadan olub. 2 saylı şəhər orta məktəbində təhsil alıb. Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü olub. 1948-ci ildə “Abşeron” adlı ilk şeirini yazıb. 1949-1954-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlayıb. 1950-1960-cı illərdə Azərbaycan Pedaqoji Universitetində baş müəllim işləyib. 1957-1959-cu illərdə Moskvada Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutu nəzdindəki ali ədəbiyyat kurslarında təhsil alıb. Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsinə görə 1990-cı il yanvarın 26-da SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib və bir müddət həbsdə olub. 31 yanvar 1992-ci ildə oğlu Təbriz Xəlilbəyli Daşaltı əməliyyatı zamanı şəhid olub. Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub. Ölümündən sonra "İstiqlal" ordeni ilə təltif edilib.

 

 

İSAXAN AŞUROV

(1955-2012)

 

Tanınmış vəkil, sabiq polis zabiti İsaxan Aşurovun anım günüdür. O, 1955-ci il avqustun 1-də Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1972-ci ildə kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1977-1981-ci illərdə Qazax, 1981-84-cü illərdə Tovuz Rayon Polis şöbələrində müstəntiq, 1984-89-cu illərdə isə SSRİ DİN-in Baş İstintaq Qrupu istintaq briqadasının müstəntiqi vəzifəsində çalışıb. 1989-1991-ci illərdə Tovuz Rayon Polis Şöbəsi istintaq bölməsinin rəisi, 1991-1992-ci illərdə Göyçay Rayon Polis Şöbəsində baş müstəntiq, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifəsində işləyib. 1996-cı ildən vəkillik fəaliyyəti ilə məşğul olan İsaxan Aşurov 2012-ci il iyunun 22-də ABŞ-da vəfat edib və doğulduğu kənddə dəfn olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın