Dünyanın bu günü - 22.09.2020

ƏHMƏDİYYƏ CƏBRAYILOV

(1920-1994)

 

İkinci Dünya müharibəsinin iştirakçısı, Fransanın Milli Qəhrəmanı, partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov 1920-ci il sentyabrın 22-də Şəki rayonunun Oxud kəndində anadan olub. Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. Almaniyanın SSRİ-yə hücumundan sonra könüllü müharibəyə getmək və cəbhədə kəşfiyyatçı olmaq istəsə də, komandanlıq tərəfindən aviasiya məktəbinə göndərilib və hazırlıq bitdikdən sonra bombardmançı-eskadrilyaya təyin olunub. 1942-ci ilin mayında yaralı halda faşistlərə əsir düşüb və Fransadakı Monqoban əsir düşərgəsinə yerləşdirilib. 1943-cü ildə düşərgə komendantının qulluqçusunun köməyi ilə əsirlikdən xilas olub. Sağaldıqdan sonra fransız dilini öyrənib və Fransa müqavimət hərəkatının fəalları ilə əlaqə yaradıb, kapitan Delplankın rəhbərlik etdiyi eskadronun üzvü olub. "Armed Mişel", "Ryus Armed", "Xarqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Xidmətlərinə görə marşal Jukovdan sonra Fransa Respublikasının ali hərbi mükafatı - "Dəmir Xaç"la təltif olunan ikinci sovet vətəndaşı olub. Fransa hökuməti Dijonda ona kiçik avtomobil zavodu hədiyyə edib. Üstəlik, Fransa prezidenti Şarl de Qollun dəftərxanasında məsul vəzifəyə təyin olunub. Lakin 1951-ci ildə Azərbaycana qayıtmaq qərarına gəlib. SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən Oxud kəndini tərk etmək qadağan edilib və burada çobanlıq etməyə başlayıb. Yalnız 1966-cı ildə Sovet İttifaqında rəsmi səfərdə olan Fransa prezidenti general Şarl de Qoll ilə görüşündən sonra ona qarşı təzyiqlər səngiyib, müsadirə olunan hərbi mükafatları geri qaytarılıb. Əhmədiyyə Cəbrayılov 1994-cü il oktyabrın 10-da avtomobil qəzasında həlak olub və doğulduğu kənddə dəfn edilib. O, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atasıdır.

 

 

İLYAS HÜSEYNOV

(1924-2017)

 

Azərbaycanın görkəmli kontrabas ifaçısı İlyas Hüseyn oğlu Hüseynov 22 sentyabr 1924-cü ildə Bakı şəhərində anadan olub. Yeddi yaşından fortepiano, on yaşından piano ilə məşğul olmağa başlayıb. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında M.M.Çudnovskinin sinfində təhsil alıb. Sonralar kontrabas sinfinə rəhbərlik edib, konservatoriyanın professoru olub. Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestrində kontrabasçılar qrupunun konsertmeysteri olub, kamera orkestrində fəaliyyət göstərib. Kontrabas aləti üçün dərslik və metodiki tövsiyələrin müəllifi olmaqla yanaşı, milli musiqi nümunələrinin kontrabas aləti üçün işləmələrini də həyata keçirib. Azərbaycanda kontrabas ifaçılığı və tədrisinin banilərindən biri İlyas Hüseynov 2017-ci il yanvarın 12-də Berlin şəhərində vəfat edib və orada dəfn olunub.

 

 

ƏHMƏD BƏY QARACA

 (1929-2005)

 

Azərbaycanın müstəqilliyi uğrunda mübariz, Məhəmməd Əmin Rəsulzadənin yaxın silahdaşı, jurnalist və pedaqoq Əhməd bəy Qaraca 1929-cu ilin bu günü Türkiyənin Hakveyis kəndində anadan olub. Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra ailəsi 1924-cü ildə İrəvan yaxınlığındakı Persi (sonradan Buravet) kəndindən Türkiyəyə köçüb. İqdırda orta məktəbi bitirdikdən sonra Atatürk Liseyində və Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsində təhsil alıb. 1949-cu ildə Məhəmməd Əmin Rəsulzadə tərəfindən yaradılan Azərbaycan Kültür Dərnəyinin üzvü olub, 1955-ci ildən ömrünün sonunadək dərnəyin baş katibi postunu daşıyıb. Müxtəlif illərdə Türkiyədə mühacirətdə olan Müsavat Partiyasının Divan üzvü və baş katibi kimi də milli mücadilənin içində olub. Azərbaycanın mədəniyyəti və tarixi ilə bağlı dəyərli əsərlərin müəllifidir. Əhməd Qaraca 2005-ci il mayın 16-da Ankara şəhərində dünyasını dəyişib.

 

 

ZÖHRAB MİRZƏYEV

(1974-1992)

 

Şəhid Zöhrab Mirzə oğlu Mirzəyev 1974-cü il sentyabrın 22-də Qərbi Azərbaycanın Vedi rayonunun Şidli kəndində anadan olub. 1988-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Xətai rayonundakı 116 saylı orta məktəbi bitirdikdən sonra “Azəristiliktəchizat”da elektrik montyoru işləyib. 1992-ci il avqustun 11-də könüllü olaraq cəbhəyə yollanan Zöhrab Mirzəyev avqustun 16-da Ağdam rayonunun Yenikənd və Gülablının azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn olunub.

 

 

XANƏLİ FƏTTAYEV

(1998-2017)

 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid Xanəli Qəribəli oğlu Fəttayev 22 sentyabr 1998-ci ildə Lerik rayonunun Molalan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 29 yanvar 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttinin Tovuz rayonu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Əsgər Xanəli Fəttayev yanvarın 30-da Bakının Binə qəsəbəsində son mənzilə yola salınıb.

 

 

İSLAM ABDULLAYEV

(1876-1964)

 

“Segah” muğamının ən mahir ifaçılarından biri, xanəndə İslam Əbdül oğlu Abdullayevin anım günüdür. O, 1876-cı ilin dekabr ayında Şuşa şəhərində anadan olub. Şuşa şəhər məktəbində təhsil alıb. Musiqişünas alim Mir Möhsun Nəvvabdan, xanəndə Hacı Hüsüdən və Qarabağın bir çox məşhur xanəndələrindən muğamları öyrənib, xanəndəlik sənətinə yiyələnib və tarzən Mirzə Sadıq Əsəd oğlunun müşayiət ilə çıxış etməyə başlayıb. Milli musiqi tarixində “Segah” muğamını və onun bütün variantlarını – “Zabul-Segah”, “Mirzə Hüseyn Segahı”, “Orta Segah”, “Xaric Segah” muğamlarını xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən “Segah İslam” adlandırılıb. 1910-1915-ci illərdə “Sport-Rekord” və “Ekstrafon” səsyazma şirkətləri tərəfindən onun ifasında “Segah”, “Bayatı-Qacar”, “Şahnaz”, “Şüştər” muğamları və bir sıra təsniflər qrammofon vallarına yazılıb. Xan Şuşinski, Yaqub Məmmədov, Sahib Şükürov kimi xanəndələrin yetişməsində böyük rol oynayıb. Ömrünün sonuna yaxın Ağdama köçüb, burada musiqi məktəbində muğamdan dərs deyib. İslam Abdullayev 22 sentyabr 1964-cü ildə Bakıda vəfat edib.

 

 

HƏBİBULLA BƏY ŞAHTAXTINSKİ

(1900-1986)

 

Azərbaycan EA-nın həqiqi üzvü, əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Həbibulla bəy Baxşəli oğlu Şahtaxtinskinin anım günüdür. O, 1900-cü il sentyabrın 9-da Naxçıvanın Şahtaxtı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsini və Azərbaycan Politexnik İnstitutunun kimya-texnologiya fakültəsini bitirib. Politexnik İnstitutunda və Azərbaycan Sənaye İnstitutunda kafedra müdiri, Azərbaycan EA-nın Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda laboratoriya müdiri işləyib. 7 monoqrafiya və dərsliyin, 380-dən çox məqalə və digər elmi əsərlərin müəllifidir. 1937-ci ildə çapdan çıxmış “Miqdari kimyəvi analiz” dərsliyi bu gün də ali məktəblərdə tələbə və müəllimlərin istifadə etdiyi ən qiymətli vəsaitdir. Həbibulla bəy Şahtaxtinski 1986-cı ilin sentyabrında vəfat edib. O, əməkdar elm xadimi, akademik Məhəmməd Əmin Şahtaxtinskinin atasıdır.

Müəllif | Apa.Tv
Apa.tv