Dünyanın bu günü - 22.11.2020

ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜ

(2000)

 

22 noyabr – Azərbaycanda Ədliyyə işçilərinin peşə bayramıdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiqləndiyi gün Prezident Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə Ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir.

 

 

ŞARL DE QOLL

(1890-1970)

 

Fransanın dövlət, hərbi və siyasi xadimi Şarl De Qoll O, 22 noyabr 1890-cı ildə Fransanın Lill şəhərində dünyaya gəlib. 1908-ci ildə Sen-Sire şəhərində yerləşən hərbi məktəbə daxil olub və oranı 1912-ci ildə leytenant rütbəsində başa vurub. İkinci Dünya müharibəsində alman faşistlərinə qarşı Fransa Müqavimət hərəkatına rəhbərlik edib və Fransanın alman faşizmi əsarətindən xilas edilməsində böyük xidmətləri olub. 1959-1969-cu illərdə Fransa Prezidenti olan Şarl de Qoll 9 noyabr 1970-ci ildə Kolombe şəhərində vəfat edib və burada da dəfn olunub.

 

 

FİKRƏT ƏMİROV

(1922-1984)

 

SSRİ və Azərbaycanın xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, bəstəkar Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə məşhur musiqiçi Məşədi Cəmil Əmirovun ailəsində dünyaya gəlib. Azərbaycan Dövlət Konservatoriyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin və Boris Zeydmanın sinfində oxuyub. 1942-1943-cü illərdə Gəncə Filarmoniyasının və 1947-ci ildə Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1956-59-cu illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifələrində çalışıb. Uzun illər Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub, SSRİ Bəstəkarlar İttifaqının katibi seçilib. “Sevil” operası, “Min bir gecə” və “Nizami” baletləri, “Şur”, “Kürd ovşarı” və “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamları kimi məşhur əsərlərin müəllifidir. Fikrət Əmirov 20 fevral 1984-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

HÜSEYN ABBASZADƏ

(1922-2007)

 

Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı Hüseyn Abbas oğlu Abbaszadə 1922-ci ilin bu günü Bakı şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar ordu sıralarına çağırılıb. Bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlayıb və bu mövzuya daim sadiq qalıb. 1945-1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində ali təhsil alıb. Əmək fəaliyyətinə “Pioner” jurnalında şöbə müdiri, məsul katib kimi başlayıb. 1958-1964-cü illərdə “Göyərçin” jurnalı redaksiyasında məsul katib, 1964-1966-cı illərdə baş redaktor, 1966-1971-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin, 1972-1975-ci illərdə isə yenidən “Göyərçin” jurnalının baş redaktoru olub. 1975-1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışıb. Yazıçının iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr olunmuş “General” romanı müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını bütün dolğunluğu ilə əks etdirən parlaq nəsr nümunəsidir. Bir sıra hərbi orden və medallarla, o cümlədən müstəqil Azərbaycanın “Şöhrət” ordeni ilə təltif olunan Hüseyn Abbaszadə 12 dekabr 2007-ci ildə Bakı şəhərində vəfat edib.

 

 

ADİL QULİYEV

(1922-1992)

 

Əfsanəvi Azərbaycan təyyarəçisi, Sovet İttifaqı Qəhrəmanı Adil Hüseyn oğlu Quliyev 22 noyabr 1922-ci ildə Bakıda anadan olub. 1941-ci ildə hərbi xidmətə çağırılıb. 1942-ci ildə Stalinqrad hərbi təyyarəçilik məktəbini bitirib. 1942-ci ilin oktyabrından Belarus, Pribaltika və Şərqi Prussiya səmalarında vuruşub. 14 mart 1943-cü ildə Staraya Russa şəhəri yaxınlığında təyyarəsi vurulsa da, təyyarəni cəbhə xəttinə qədər çatdıraraq, paraşütlə tullanıb. 1945-ci ilin 23 fevralında Sovet İttifaqı Qəhrəmanı fəxri adına, “Lenin” ordeninə və “Qızıl Ulduz” medalına layiq görülüb. 1956-cı ildə Hərbi Hava Qüvvələri Akademiyasını bitirib. 1966-cı ildə polkovnik rütbəsində istefaya çıxıb. Uzun müddət Bakı Aeroportunun rəisi işləyib. SSRİ Ali Sovetinin deputatı olub. 3 dəfə “Lenin” ordeni, “Qırmızı Bayraq”, “Aleksandr Nevski”, “Qırmızı Ulduz”, I və II dərəcəli “Vətən Müharibəsi” ordenləri və ilə təltif edilib. Adil Quliyev 1992-ci ildə vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn olunub.

 

 

RASİM OCAQOV

(1933-2006)

 

Azərbaycanın görkəmli kino rejissoru və operatoru, xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı Rasim Ocaqov 1933-cü il noyabrın 22-də Şəkidə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu 1966-cı ildə bitirsə də, bundan 10 il əvvəl «Azərbaycanfilm» kinostudiyasında əmək fəaliyyətinə başlayıb. «Bir məhəlləli iki oğlan», «Uzaq sahillərdə», «Onun böyük ürəyi», «Mən rəqs edəcəyəm», «Bir cənub şəhərində» və digər filmlərin operatoru olub. 1974-cü ildən rejissor kimi fəaliyyətə başlayıb. «Qatır Məmməd», «Tütək səsi», «Ad günü», «İstintaq», «Həm ziyarət, həm ticarət» və başqa filmləri geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb. Rasim Ocaqov 11 iyul 2006-cı ildə Bakı şəhərində dünyasını dəyişib.

 

 

HƏSƏN MƏMMƏDOV

(1938-2003)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru, SSRİ Dövlət Mükafatı laureatı Həsən Ağaməmməd oğlu Məmmədov 1938-ci ilin bu günü Salyanda anadan olub. 1960-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra Akademik Milli Dram Teatrında və kinoda fəaliyyətə başlayıb. «Böyük dayaq», «Arşın mal alan», «Yeddi oğul istərəm», «Bir cənub şəhərində», «Axırıncı aşırım», «Dədə Qorqud», «İstintaq», «Sevil» və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. Həsən Məmmədov 26 avqust 2003-cü ildə Bakıda vəfat edib. 

 

 

RAUF ADIGÖZƏLOV

(1940-2002)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, skripkaçı, müğәnni, professor Rauf Zülfü oğlu Adıgözəlov 22 noyabr 1940-cı ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında və Moskva Dövlət Konservatoriyasında təhsil alıb. Uzun illər Azərbaycan Dövlət Simfonik Orkestrində konsertmeyster vəzifəsində, Azərbaycan Dövlət Kamera Orkestrində çalışıb. 1996-cı ildə Misir Musiqi Akademiyasına professor kimi dəvət olunub. Rauf Adıgözəlov 2002-ci ilin iyunun 29-da vəfat edib. O, görkəmli xanəndə Zülfü Adıgözəlovun oğlu, bəstəkar Vasif Adıgözəlovun qardaşı, dirijor Yalçın Adıgözəlovun əmisidir.

 

 

CEK LONDON

(1876-1916)

 

Məşhur amerikalı yazıçı Cek Londonun anım günüdür. O, 1876-cı il yanvarın 12-də ABŞ-ın San-Fransisko şəhərində anadan olub. Çox kiçik yaşlarından ağır zəhmətə qatlaşmalı olub. Məktəbli illərində qəzetlər satıb, 14 yaşında konserv fabrikinə işə düzəlsə də, işi çox ağır olduğundan, buranı tərk etməli olub. San-Fransisko limanında dəniz ilbizləri ovu ilə də məşğul olub. 1893-cü ildə Yaponiya sahillərinə və Berinq dənizinə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlib. İlk dəniz səfəri olduqca böyük təəssüratlar oyatmaqla onun gələcək yaradıcılığına böyük təsir göstərib. Ədəbi yaradıcılığa "Yaponiya sahillərində tayfun" adlı oçerki ilə gəlib və San-Fransisko qəzetlərindən biri gənc yazıçını mükafatlandırıb. Bir az sonra qələmə aldığı "Canavar oğlu", "Ataların tanrısı", "Şaxtanın övladları", "İnsana inam", "Ayüzlü", "İtirilmiş sima" hekayələrindən ibarət toplu, "Qarlar qızı", "Dəniz canavarı" və "Martin İden" romanları ona böyük şöhrət gətirib. Cek London 1916-cı il noyabrın 22-də Kaliforniyanın Qlen-Ellen şəhərciyində vəfat edib.

 

 

CON FİTSCERALD KENNEDİ

(1917-1963)

 

Amerika Birləşmiş Ştatlarının 35-ci prezidenti Con Fitscerald Kennedinin xatirə günüdür. O, 29 may 1917-ci ildə Massaçusets ştatının Bruklayn şəhərində anadan olub. London İqtisadiyyat Məktəbində, Prinston və Harvard universitetlərində təhsil alıb. Massaçusets Konqres dairəsindən Nümayəndələr Palatasının üzvü seçilib. 20 yanvar 1961-ci ildə ABŞ tarixində ilk katolik prezidenti və Teodor Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti olub. Con Kennedi 1963-cü il noyabrın 22-də Dallasda snayper atəşi ilə qətlə yetirilib və noyabrın 25-də Arlinqton milli qəbiristanlığında torpağa tapşırılıb, qəbrin üzərində isə xanımı Jaklin Kennedinin təklifi ilə daimi od yandırılıb.

 

 

İBRAHİM SƏFƏROV

(1913-1998)

 

Azərbaycanda meşəçilik elminin banilərindən biri, professor İbrahim Səfər oğlu Səfərov da bu gün xatırlanır. O, 28 avqust 1913-cü ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olub. Tiflis şəhərində meşəçilik və hüquqşünaslıq üzrə iki ali təhsil alıb. 1939-1940-cı illərdə Azərbaycan Xalq Komissarlığının Baş meşə-sənaye idarəsinə baş mühəndis, daha sonra Bakı Kənd Təsərrüfatı Texnikumuna direktor vəzifəsinə təyin edilib. 1942-1945-ci illərdə zabit rütbəsində İkinci Dünya müharibəsində iştirak edib. 1945-1952-ci illərdə Azərbaycan SSR Meşə Təsərrüfatı nazirinin birinci müavini, 1952-1953-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini və eyni zamanda sovxozlar naziri vəzifəsində çalışıb. 1953-1961-ci illərdə Azərbaycanın ən iri elmi-tədqiqat institutlarından biri olan Əkinçilik İnstitutuna rəhbərlik edib. 1961-ci ildən ömrünün sonuna kimi Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda çalışıb. "Şöhrət" ordeni ilə təltif olunan İbrahim Səfərov 22 noyabr 1998-ci ildə dünyasını dəyişib.

 

 

HÖKUMƏ BİLLURİ

 (1926-2000)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, şair, ədəbiyyatşünas, filologiya elmləri namizədi Hökumə (Həkimə) İbrahim qızı Billurinin anım günüdür. O, 1926-cı il martın 3-də Güney Azərbaycanın Zəncan şəhərində dünyaya göz açıb. Uşaq ikən ailəsi ilə birlikdə Quzey Azərbaycana köçüb. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini, 1963-cü ildə Moskvada İctimai Elmlər Akademiyasını bitirib. Azərbaycan Demokrat Firqəsinin orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi olub, "Azərnəşr"in Bədii ədəbiyyat şöbəsində işləyib. Bir neçə kitab və poemanın müəllifi olan Hökumə Billuri 22 noyabr 2000-ci ildə Bakıda vəfat edib.

 

 

YAŞAR NURİ

(1951-2012)

 

Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı, aktyor Yaşar Nurinin xatirə günüdür. O, 3 sentyabr 1951-ci ildə Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə 11 yaşında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxıb. 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1972-ci ildə institutu bitirdikdən sonra bir il orduda xidmət edib, daha sonra institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabrın 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvət ilə bu kollektivin aktyor truppasına qəbul olunub. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşa, bədii kompozisiya və satirik səhnəciklərdə iştirak edib. Yaşar Nuri 22 noyabr 2012-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

NATİQ QƏDİMOV

(1976-2017)

 

Jurnalist Natiq Aydın oğlu Qədimov da bu gün xatırlanır. O, 2 iyul 1976-cı ildə Bakıda dünyaya göz açıb. Uzun müddət "Ayna" ("Zerkalo") və digər mətbu orqanlarda çalışıb. ANS televiziyasında yayımlanan "İç Xəbər" və "Növbətçi" verilişləri ona böyük populyarlıq gətirib. Sonuncu iş yeri APA TV olub. Natiq Qədimov 22 noyabr 2017-ci ildə Bakıda infarktdan dünyasını dəyişib.

Müəllif | Apa.Tv
Apa.tv