Dünyanın bu günü - 23.05.2020

İBRAHİM QULİYEV

(1947)

 

1. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, geologiya-mineralogiya üzrə elmlər doktoru, professor İbrahim Səid oğlu Quliyev 1947-ci il mayın 23-də Qırğızıstanın Bazar-Kurqan kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun Geoloji-kəşfiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan EA Geologiya İnstitutunda başlayıb. Böyük laborant, mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, Neft və Qaz İnstitutunun direktor müavini, direktoru və AMEA-nın vitse-prezidenti vəzifələrində çalışıb. Bir çox elmi əsərlərin müəllifi olan İbrahim Quliyev Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neft-qazlılığının öyrənilməsi üzrə silsilə işlərə görə bir qrup alimlə birlikdə Azərbaycanın Dövlət Mükafatına, əməkdar elm xadimi fəxri adına və "Şöhrət" ordeninə layiq görülüb.

 

 

İBRAHİM QULİYEV

(1959-2010)

 

2. Azərbaycanın əməkdar incəsənət xadimi, musiqiçi İbrahim Quliyev Hacıbaba oğlu 1959-cu ilin bu günü Bakı şəhərində doğulub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Azərbaycan Mədəniyyətinin Xeyriyyə Fondunun icraçı direktoru, Bakı Musiqi Akademiyasının “Konsertmeyster ustalığı” kafedrasının baş müəllimi, “Azərbaycan-İrs” jurnalının direktoru, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədr müavini olub. Maestro” və “Maestro belə yazırdı” kitablarının müəllifidir. İbrahim Quliyev 2010-cu il yanvarın 16-da vəfat edib.

 

 

CEYHUN MƏMMƏDOV

(1968)

 

3. Sambo üzrə 6 qat Avropa, 7 qat dünya və 13 qat SSRİ çempionu Ceyhun Məmmədov 23 may 1968-ci ildə Ağdam şəhərində anadan olub. 1985-1991-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Müxtəlif illərdə “Tərəqqi” medalı, "Şöhrət" ordeni, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı və "Əməkdar bədən tərbiyə idman xadimi" fəxri adı ilə təltif olunub. 2003-cü ildən Azərbaycan Sambo Federasiyasının prezidentidir.

 

 

YUSİF MİRZƏYEV

        (1958-1993)

 

4. Azərbaycanın Milli Qəhrəmanı Yusif Əli oğlu Mirzəyev 1958-ci il mayın 23-də Babək rayonunun Böyükdüz kəndində anadan olub. 1975-ci ildə 1 saylı orta məktəbi bitirib. 1988-ci ildə xalq hərəkatına qoşulub. 20 Yanvar faciəsi zamanı etdiyi etirazlara görə Bakı şəhər komendantı tərəfindən həbs edilib. Həbsdə işgəncələr gördüyü üçün böyrəkləri zədələnib. Daha sonra könüllü olaraq cəbhəyə yollanıb, Goranboy və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Yusif Mirzəyev 1993-cü il fevralın 19-da Ağdərədə mühasirəyə düşmüş əsgərləri xilas etməyə çalışarkən şəhid olub və Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Naxçıvan şəhərində büstü qoyulub. Bakının Nəsimi rayonundakı 44 saylı orta məktəbə onun adı verilib, qarşısında büstü ucaldılıb. Ailəli idi, bir övladı yadigar qalıb.

 

 

RAMİN ƏHMƏDOV

(1981-2000)

 

5. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid Ramin Viktor oğlu Əhmədov 23 may 1981-ci ildə Goranboy rayonunun Faxralı kəndində anadan olub. 1987-1998-ci illərdə Faxralı kənd orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Beyləqan rayonunun “N” saylı hərbi hissəsində 2 ay xidmət etdikdən sonra ön xəttə gedərək, Haramı düzü deyilən yerdə hərbi xidmətini davam etdirib. Ramin Əhmədov 4 may 2000-ci ildə hərbi borcunu yerinə yetirərkən əsgər yoldaşları ilə birlikdə mina partlayışı zamanı şəhid olub, 5 may 2000-ci ildə doğulduğu kənddə dəfn olunub.

 

 

ŞAH İSMAYIL XƏTAİ

(1487-1524)

 

6. Səfəvilər dövlətinin banisi və ilk şahı, şair Şah İsmayıl Xətainin anım günüdür. O, 1487-ci il iyulun 23-də Ərdəbil şəhərində Səfəvi təriqətinin başçısı Şeyx Səfiəddinin nəslindən olan Şeyx Heydərin ailəsində dünyaya  göz açıb. Kiçik yaşlarından hakimiyyət uğrunda mübarizəyə başlayıb, atasından və qardaşı Sultanəlidən sonra qızılbaşlar hərəkatına başçılıq edib. 1499-cu ildə Şərurda  Ağqoyunlu hökmdarı Əlvənd Mirzəni  məğlubiyyətə uğratdıqdan sonra Təbrizdə özünü şah elan edib və bununla da Azərbaycan Səfəvilər Dövlətinin əsası qoyulub. Bədii yaradıcılıqla da məşğul olan Şah İsmayıl Xətai “Dəhnamə” poemasını, “Nəsihətnamə” məsnəvisini qələmə alıb. “Divan”ına əruz vəznində yazılmış qəzəllərlə bərabər, ilk dəfə heca vəzni nümunələri - qoşma, gəraylı və bayatılar daxil edib. Şah İsmayıl Xətai 1524-cü ilin bu günü vəfat edib və Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn edilib.

 

 

CON ROKFELLER

(1839-1937)

 

7. Dünyanın ilk milyarderi Con Devidson Rokfeller 1937-ci il mayın 23-də dünyasını dəyişib. O, 8 iyul 1839-cu ildə ABŞ-ın Nyu-York ştatının Riçford şəhərində anadan olub. Kollecə daxil olsa da, təhsilini yarımçıq qoyaraq 3 aylıq mühasibatlıq kursu keçdikdən sonra baş mühasibin köməkçisi və baş mühasib kimi fəaliyyət göstərib. 1870-ci ldə “Standart Oil” şirkətinin əsasını qoyub, 1911-ci ildə isə şirkət 32 şirkətə bölünüb. Öz adını tarixə təkcə neft maqnatı kimi deyil, həm də xeyriyyəçi kimi həkk edən Rokfellerin 1913-cü ildə yaratdığı xeyriyyə fondu bir çox universitet və təhsil müəssisələri, xəstəxanalar və binaların tikilməsində iştirak edib, bir sıra xeyriyyə məqsədli tədbirləri və elmi araşdırmaları maliyyələşdirib. Rokfeller Fondu hazırda 50-dən çox gəlirsiz təşkilatı himayə edir.

 

 

ŞƏMSİ BƏDƏLBƏYLİ

(1911-1987)

 

8. Azərbaycanın xalq artisti, görkəmli rejissor və aktyor Şəmsi Bədəl bəy oğlu Bədəlbəylinin xatirə günüdür. O, 1911-ci il fevralın 23-də Şuşada ziyalı ailəsində doğulub. Orta məktəbi bitirdikdən sonra atası kimi müəllim olmaq istəyi onu Bakı Pedaqoji Texnikumuna gətirib. Hələ yeniyetmə çağlarından musiqiyə həvəs göstərən Şəmsi Azərbaycan Dövlət Konservatoriyasında xalq çalğı alətləri sinfində təhsil alıb. 1932-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əmək fəaliyyətinə başlayıb və burada on il rejissor vəzifəsində çalışıb. Teatrda ilk yaradıcılıq işi Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyası olub. Sənətkarın 1939-cu ildə quruluş verdiyi “Ölülər” komediyası da ona olduqca böyük şöhrət gətirib. Bu teatrda onun quruluş verdiyi son tamaşa Şekspirin “Kral Lir” pyesi olub. Xalq artisti bir müddət də Filarmoniyanın bədii rəhbəri və direktoru olub, bir neçə filmə çəkilib. 1976-cı ildən ömrünün sonuna kimi Teatr Cəmiyyətinin sədri vəzifəsində fəaliyyət göstərən Şəmsi Bədəlbəyli 1987-ci ilin mayında Bakı şəhərində vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub. O, görkəmli dirijor Əfrasiyab Bədəlbəylinin qardaşı, xalq artisti Fərhad Bədəlbəylinin atasıdır.

Müəllif | Apa.Tv
Apa.tv