Dünyanın bu günü - 23.06.2020

AZADISTAN DÖVLƏTİ

(1920)

 

1. 1920-ci il aprelin 7-də Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə başlayan silahlı üsyan iyunun 23-də Azadıstan dövlətinin elan olunması ilə başa çatıb. Həmin gün Xiyabaninin başçılığı ilə Milli Hökumət yaradılıb. Bu hadisə Təbrizdə ümumxalq bayramına çevrilib. Bütün müəssisələrdə, tədris ocaqlarında iş dayandırılıb, bazarlar bağlanıb. Azərbaycan Demokrat Firqəsinin fəallarından ibarət olan Milli Hökumətin qərarı ilə İran valisi də daxil olmaqla, mərkəzdən göndərilmiş bütün dövlət məmurları Təbrizdən çıxarılıb. Milli Hökumət iqtisadiyyat, maarif, səhiyyə və digər sahələrdə islahatlara başlayıb. Savadsızlığın ləğvi məqsədilə milli məktəblər, xəstəxanalar açılıb. Təbrizdə yoxsul uşaqları üçün pulsuz qız məktəbi fəaliyyətə başlayıb. Yeni açılmış milli məktəblərdə dərs demək üçün Bakıdan, Türkiyədən, habelə Tiflisdən müəllimlər dəvət olunub. Milli qvardiya yaradılması üçün hazırlıq işlərinə başlanıb, jandarm və polis dəstələri yaradılıb, polis məktəbi açılıb. Eyni zamanda yeni iş yerləri açılması, pul islahatı keçirilməsi, bank-maliyyə sistemi yaradılması, bələdiyyə seçkiləri keçirilməsi üçün hazırlıq işləri görülməsinə və torpaq islahatına başlanıb. Bu məqsədlə yeni idarələr, müəssisələr, nazirliklər yaradılıb. 1920-ci il sentyabrın 12-də təpədən dırnağadək silahlanmış İran irtica qüvvələri Təbrizə hücum edib. Sentyabrın 14-də Şeyx Məhəmməd Xiyabani öldürülüb və üsyan qan içində boğulub.

 

 

NİGAR RƏFİBƏYLİ

(1913-1981)

 

2. Xalq şairi, əməkdar mədəniyyət işçisi, tərcüməçi Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində doğulub. Atası Azərbaycan Xalq Cümhuriyyəti dövründə səhiyyə naziri və Gəncənin general-qubernatoru olmuş, bolşevik işğalından sonra güllələnmiş Xudadat bəy Rəfibəylidir. Bakı Pedaqoji Texnikumunda və Moskva Pedaqoji İnstitutunda təhsil alıb. Bakı kinostudiyasında ssenari şöbəsində, fəhlə-gənclər məktəbində, “Azərnəşr”də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində işləyib. Bir sıra şeir və tərcümə kitablarının müəllifidir. "Şərəf Nişanı" ordeni, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib. Nigar Rəfibəyli 1981-ci il iyulun 9-da Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

QASIM QASIMZADƏ

(1923-1993)

 

3. Şair, tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Qasım Xansuvar oğlu Qasımzadə 23 iyun 1923-cü ildə Qubadlı rayonunun Xocamusaxlı kəndində anadan olub. Şəki pedaqoji texnikumunda, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Kəlbəcərdə məktəb müəllimi, Yevlax rayon Xalq Maarifi Şöbəsində metodist, müxtəlif qəzetlərdə və institutlarda şöbə müdiri, baş elmi işçi, redaktor vəzifələrində çalışıb. Bir neçə kitabın müəllifidir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına və Dövlət Mükafatına layiq görülüb. Qasım Qasımzadə 1993-cü il iyulun 28-də vəfat edib.

 

 

 

GÜLCAHAN GÜLƏHMƏDOVA-MARTINOVA

(1925-2018)

 

4. Azərbaycanın xalq artisti, ilk peşəkar qadın teatr rejissoru Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova 1925-ci ilin bu günü Bakı şəhərində anadan olub. Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Müxtəlif illərdə Rus Dram Teatrında və Opera Studiyasında işləyib, Bakı Musiqi Akademiyasında vokal kafedrasının müdiri və professoru olub. 30 il ərzində teatrda 70-ə yaxın tamaşanın quruluşçu rejissoru olub. Azərbaycanın Dövlət Mükafatı laureatı Gülcahan Güləhmədova-Martınova 2018-ci il yanvarın 20-də vəfat edib.

 

 

ANNA AXMATOVA 

(1889-1966)

 

5. Rus ədəbiyyatının klassiki hesab olunan şairə, yazıçı, ədəbiyyatşünas və tərcüməçi Anna Axmatova (Qorenko) 1889-cu il iyunun 23-də Odessada təqaüddə olan gəmi mühəndisinin ailəsində doğulub. İlk şeirini 11 yaşında yazıb. Atası ona şeirlərini Qorenko familiyası ilə nəşr etdirməyi qadağan etdiyindən, Anna ulu ana nənəsi Praskofya Fedoseyevna Axmatovanın qızlıq familiyası ilə şeirlərini çap etdirməyə başlayıb. İlk şeirləri 1911-ci ildə "Novaya jizn", "Apollon" və "Russkaya mısl" jurnallarında dərc edilib və böyük maraqla qarşılanıb. 1912-ci ildə "Axşam", 1914-cü ildə "Təsbeh" adlı şeirlər kitabı nəşr olunub. Çarskoselskoe Gimnaziyasında və Kiyevdəki Funduklevo Gimnaziyasında təhsil alıb. Kiyevdəki ali qadın kurslarına və Peterburqdakı ali ədəbi-tarixi kurslara gedib. 1910-cu ildə Nikolay Qumilyovla ailə qurub və bu nikahdan Lev Nikolayeviç Qumilyov dünyaya gəlib. 1923-cü ildən 1934-cü ilə qədər Anna Axmatovanın əsərləri demək olar ki, çap olunmayıb. Daima ora-bura köçən şairə yazdığı şeirlərin çoxunu yollarda itirib. Ömrünün son illərində şair kimi dünya şöhrəti qazanıb. 1964-cü ildə İtaliyada ona nüfuzlu “Etna-Taormina” mükafatı verilir, 1965-ci ildə isə Oksford Universitetinin fəxri professoru seçilib. Anna Axmatova 1966-cı il martın 5-də Moskvada vəfat edib və Komarovo şəhərində dəfn olunub.

 

 

ZİNƏDDİN ZİDAN

(1972)

 

6. Məşhur fransalı futbolçu, BMT-nin səfiri Zinəddin Yazid Zidan 23 iyun 1972-ci ildə Fransanın Marsel şəhərində doğulub. 10 yaşında futbolçu lisenziyası aldıqdan sonra yerli "Sen Anri" və "Setem-le-Vallon" klublarında oynayıb. 1987-ci ildə ilk peşəkar müqaviləsinə imza ataraq "Kann”a keçib. Karyerasını "Bordo", "Yuventus" və "Real Madrid" klublarında davam etdirib. Müxtəlif klublarla UEFA Çempionlar Liqası, Avropa Superkuboku və Qitələrarası Kubokun ikiqat qalibi, İspaniya çempionu, İspaniya Superkubokunun qalibi, İtaliya çempionu və İtaliya Superkubokunun qalibi olub. 1998, 2000 və 2003-cü illərdə dünyanın ən yaxşı futbolçusu seçilib. 1994-2006-cı illərdə Fransa milli futbol komandasının heyətində 108 oyun keçirib və 31 qol vurub. 1996-cı ildə Avropa çempionatının bürünc medalını, 1998-ci dünya çempionatının qızıl medalını, 2006-cı ildə dünya çempionatının gümüş medalını qazanıb. Futbolçu karyerasını "Real Madrid" klubunda prezidentin müşaviri, idman direktoru və baş məşqçinin assistenti kimi davam etdirib. Hazırda klubun baş məşqçisidir.

 

 

ƏLİQULU AĞALAROV

(1923-1982)

 

7. Azərbaycanın əməkdar elm xadimi, neyrocərrah, tibb elmləri doktoru, professor  Əliqulu Behbud bəy oğlu Ağalarovun xatirə günüdür. O, 1923-cü il martın 23-də Ordubad şəhərində doğulub. Azərbaycan Tibb İnstitutunda təhsil alıb. İkinci dünya müharibəsi illərində xəstəxanada cərrahlıq edib.  Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunun kiçik elmi işçisi, Azərbaycan Tibb İnstitutunun təxliyə cərrahiyyəsi kafedrasının assistenti olub. Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Neyrocərrahiyyə İnstitutunda və Burdenko adına Neyrocərrahiyyə Klinikasında işləyib. Azərbaycanda səhiyyənin müasir tələblərlə yenidən qurulmasında əvəzsiz xidmətləri olub. 1971-ci ildən ömrünün son günlərinədək Azərbaycan Tibb İnstitutunda neyrocərrahiyyə kafedrasının müdiri kimi fəaliyyət göstərib.  Zaqafqaziyada ilk dəfə olaraq Azərbaycanda onun səyləri sayəsində neyrocərrahiyyə mərkəzi yaradılıb. Bir sıra orden və medallarla təltif edilən Əliqulu Ağalarov 1982-ci ilin iyununda Bakı şəhərində vəfat edib.

Müəllif | Apa.Tv
Apa.tv