00:01 23 iyun 2021 559
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 23.06.2021

AZADISTAN DÖVLƏTİ

(1920)

 

1920-ci il aprelin 7-də Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə başlayan silahlı üsyan iyunun 23-də Azadıstan dövlətinin elan olunması ilə başa çatıb. Həmin gün Xiyabaninin başçılığı ilə Milli Hökumət yaradılıb. Bu hadisə Təbrizdə ümumxalq bayramına çevrilib. Bütün müəssisələrdə, tədris ocaqlarında iş dayandırılıb, bazarlar bağlanıb. Azərbaycan Demokrat Firqəsinin fəallarından ibarət olan Milli Hökumətin qərarı ilə İran valisi də daxil olmaqla, mərkəzdən göndərilmiş bütün dövlət məmurları Təbrizdən çıxarılıb. Milli Hökumət iqtisadiyyat, maarif, səhiyyə və digər sahələrdə islahatlara başlayıb. Savadsızlığın ləğvi məqsədilə milli məktəblər, xəstəxanalar açılıb. Təbrizdə yoxsul uşaqları üçün pulsuz qız məktəbi fəaliyyətə başlayıb. Yeni açılmış milli məktəblərdə dərs demək üçün Bakıdan, Türkiyədən, habelə Tiflisdən müəllimlər dəvət olunub. Milli qvardiya yaradılması üçün hazırlıq işlərinə başlanıb, jandarm və polis dəstələri yaradılıb, polis məktəbi açılıb. Eyni zamanda yeni iş yerləri açılması, pul islahatı keçirilməsi, bank-maliyyə sistemi yaradılması, bələdiyyə seçkiləri keçirilməsi üçün hazırlıq işləri görülməsinə və torpaq islahatına başlanıb. Bu məqsədlə yeni idarələr, müəssisələr, nazirliklər yaradılıb. 1920-ci il sentyabrın 12-də təpədən dırnağadək silahlanmış İran irtica qüvvələri Təbrizə hücum edib. Sentyabrın 14-də Şeyx Məhəmməd Xiyabani öldürülüb və üsyan qan içində boğulub.

 

 

ANNA AXMATOVA

(1889-1966)

 

Rus ədəbiyyatının klassiki hesab olunan şairə, yazıçı, ədəbiyyatşünas və tərcüməçi Anna Axmatova (Qorenko) 1889-cu il iyunun 23-də Odessada təqaüddə olan gəmi mühəndisinin ailəsində doğulub. İlk şeirini 11 yaşında yazıb. Atası ona şeirlərini Qorenko familiyası ilə nəşr etdirməyi qadağan etdiyindən, Anna ulu ana nənəsi Praskofya Fedoseyevna Axmatovanın qızlıq familiyası ilə şeirlərini çap etdirməyə başlayıb. İlk şeirləri 1911-ci ildə "Novaya jizn", "Apollon" və "Russkaya mısl" jurnallarında dərc edilib və böyük maraqla qarşılanıb. 1912-ci ildə "Axşam", 1914-cü ildə "Təsbeh" adlı şeirlər kitabı nəşr olunub. Çarskoselskoe Gimnaziyasında və Kiyevdəki Funduklevo Gimnaziyasında təhsil alıb. Kiyevdəki ali qadın kurslarına və Peterburqdakı ali ədəbi-tarixi kurslara gedib. 1910-cu ildə Nikolay Qumilyovla ailə qurub və bu nikahdan Lev Nikolayeviç Qumilyov dünyaya gəlib. 1923-cü ildən 1934-cü ilə qədər Anna Axmatovanın əsərləri demək olar ki, çap olunmayıb. Daima ora-bura köçən şairə yazdığı şeirlərin çoxunu yollarda itirib. Ömrünün son illərində şair kimi dünya şöhrəti qazanıb. 1964-cü ildə İtaliyada ona nüfuzlu “Etna-Taormina” mükafatı verilib, 1965-ci ildə isə Oksford Universitetinin fəxri professoru seçilib. Anna Axmatova 1966-cı il martın 5-də Moskvada vəfat edib və Komarovo şəhərində dəfn olunub.

 

 

NİGAR RƏFİBƏYLİ

(1913-1981)

 

Azərbaycanın xalq şairi, əməkdar mədəniyyət işçisi, tərcüməçi Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində doğulub. Atası Azərbaycan Xalq Cümhuriyyəti dövründə səhiyyə naziri və Gəncənin general-qubernatoru olmuş, bolşevik işğalından sonra güllələnmiş Xudadat bəy Rəfibəylidir. Bakı Pedaqoji Texnikumunda və Moskva Pedaqoji İnstitutunda təhsil alıb. Bakı Kinostudiyasında ssenari şöbəsində, fəhlə-gənclər məktəbində, “Azərnəşr”də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində işləyib. Bir sıra şeir və tərcümə kitablarının müəllifidir. "Şərəf Nişanı" ordeni, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib. Nigar Rəfibəyli 1981-ci il iyulun 9-da Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

QASIM QASIMZADƏ

(1923-1993)

 

Şair, tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Qasım Xansuvar oğlu Qasımzadə 23 iyun 1923-cü ildə Qubadlı rayonunun Xocamusaxlı kəndində anadan olub. Şəki pedaqoji texnikumunda, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Kəlbəcərdə məktəb müəllimi, Yevlax rayon Xalq Maarifi Şöbəsində metodist, müxtəlif qəzetlərdə və institutlarda şöbə müdiri, baş elmi işçi, redaktor vəzifələrində çalışıb. Bir neçə kitabın müəllifidir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına və Dövlət Mükafatına layiq görülüb. Qasım Qasımzadə 1993-cü il iyulun 28-də Bakıda vəfat edib.

 

 

GÜLCAHAN GÜLƏHMƏDOVA-MARTINOVA

(1925-2018)

 

Azərbaycanın xalq artisti, ilk peşəkar qadın teatr rejissoru Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova 1925-ci ilin bu günü Bakı şəhərində anadan olub. Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Müxtəlif illərdə Rus Dram Teatrında və Opera Studiyasında işləyib, Bakı Musiqi Akademiyasında vokal kafedrasının müdiri və professoru olub. 30 il ərzində teatrda 70-ə yaxın tamaşanın quruluşçu rejissoru olub. Azərbaycanın Dövlət Mükafatı laureatı Gülcahan Güləhmədova-Martınova 2018-ci il yanvarın 20-də Bakıda vəfat edib.

 

 

ZİNƏDDİN ZİDAN

(1972)

 

Məşhur fransalı futbolçu, BMT-nin səfiri Zinəddin Yazid Zidan 23 iyun 1972-ci ildə Fransanın Marsel şəhərində doğulub. 10 yaşında futbolçu lisenziyası aldıqdan sonra yerli "Sen Anri" və "Setem-le-Vallon" klublarında oynayıb. 1987-ci ildə ilk peşəkar müqaviləsinə imza ataraq "Kann”a keçib. Karyerasını "Bordo", "Yuventus" və "Real Madrid" klublarında davam etdirib. Müxtəlif klublarla UEFA Çempionlar Liqası, Avropa Superkuboku və Qitələrarası Kubokun ikiqat qalibi, İspaniya çempionu, İspaniya Superkubokunun qalibi, İtaliya çempionu və İtaliya Superkubokunun qalibi olub. 1998, 2000 və 2003-cü illərdə dünyanın ən yaxşı futbolçusu seçilib. 1994-2006-cı illərdə Fransa milli futbol komandasının heyətində 108 oyun keçirib və 31 qol vurub. 1996-cı ildə Avropa çempionatının bürünc medalını, 1998-ci dünya çempionatının qızıl medalını, 2006-cı ildə dünya çempionatının gümüş medalını qazanıb. Futbolçu karyerasını "Real Madrid" klubunda prezidentin müşaviri, idman direktoru, baş məşqçinin assistenti və baş məşqçi kimi davam etdirib.

 

 

SADİQ MƏMMƏDOV

(1981-2020)

 

Şəhid Sadiq Sadəddin oğlu Məmmədov 1981-ci il iyunun 23-də Qax şəhərində anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. 1998-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Polkovnik-leytenant Sadiq Məmmədov oktyabrın 24-də Xocavənd döyüşləri zamanı şəhid olub və Qax Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

SƏBUHİ SƏMƏDOV

(1985-2020)

 

Şəhid Səbuhi İbrahim oğlu Səmədov 1985-ci ilin bu günü Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Səbuhi Səmədov oktyabrın 9-da Cəbrayıl döyüşləri zamanı şəhid olub və doğulduğu qəsəbədə torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

ELŞƏN MEHBALIYEV 

(1994-2020)

 

Şəhid Elşən Təvəkkül oğlu Mehbalıyev 23 iyun 1994-cü ildə Bərdə rayonunun Otuzikilər kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik gizir Elşən Mehbalıyev noyabrın 4-də Ağdərə istiqamətində şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

FƏRİD HÜSEYNOV 

(1994-2020)

 

Şəhid Fərid Fətəli oğlu Hüseynov  1994-cü il iyunun 23-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Daxili Qoşunların baş çavuşu Fərid Hüseynov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

RÖYAL ƏLƏKBƏROV

(1994-2020)

 

Şəhid Röyal Fərmail oğlu Ələkbərov 1994-cü ilin bu günü Naxçıvan MR Kəngərli rayonunun Qıvraq kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Baş leytenant Röyal Ələkbərov oktyabrın 16-da Cəbrayıl döyüşləri zamanı şəhid olub və Bakıda II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

NAHİD TEYMURZADƏ 

(1997-2020)

 

Şəhid Nahid Üzeyir oğlu Teymurzadə 23 iyun 1997-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 2015-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Əsgər Nahid Teymurzadə oktyabrın 22-də şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

ƏHMƏD HACIYUSİFOV

(2001-2020)

 

Şəhid Əhməd Teymur oğlu Hacıyusifov 2001-ci il iyunun 23-də Şəki rayonunun Baş Göynük kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Əhməd Hacıyusifov noyabr ayında Şuşa döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

HİKMƏT İBRAHİMOV

(2001-2020)

 

Şəhid Hikmət Zaur oğlu İbrahimov 2001-ci ilin bu günü Ucar rayonunun Qarabörk kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Hikmət İbrahimov oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

 

 

ƏLİQULU AĞALAROV

(1923-1982)

 

Azərbaycanın əməkdar elm xadimi, neyrocərrah, tibb elmləri doktoru, professor Əliqulu Behbud bəy oğlu Ağalarovun xatirə günüdür. O, 1923-cü il martın 23-də Ordubad şəhərində doğulub. Azərbaycan Tibb İnstitutunda təhsil alıb. İkinci dünya müharibəsi illərində xəstəxanada cərrahlıq edib. Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunun kiçik elmi işçisi, Azərbaycan Tibb İnstitutunun təxliyə cərrahiyyəsi kafedrasının assistenti olub. Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Neyrocərrahiyyə İnstitutunda və Burdenko adına Neyrocərrahiyyə Klinikasında işləyib. Azərbaycanda səhiyyənin müasir tələblərlə yenidən qurulmasında əvəzsiz xidmətləri olub. 1971-ci ildən ömrünün son günlərinədək Azərbaycan Tibb İnstitutunda neyrocərrahiyyə kafedrasının müdiri kimi fəaliyyət göstərib. Zaqafqaziyada ilk dəfə olaraq Azərbaycanda onun səyləri sayəsində neyrocərrahiyyə mərkəzi yaradılıb. Bir sıra orden və medallarla təltif edilən Əliqulu Ağalarov 1982-ci ilin iyununda Bakı şəhərində vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın