Dünyanın bu günü - 23.08.2020
1. 23 avqust 1993-cü ildə Azərbaycanın Füzuli və Cəbrayıl rayonları Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125 368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.
1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə Füzuli sakini döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 113 nəfər girov götürülüb, 1450 rayon sakini əlil olub.
Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Hazırda Cəbrayıl üzrə 351 nəfər şəhid ailəsi var. Cəbrayıldan olan 61 100 məcburi köçkün 58 rayonda, daha çox isə Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıb.
Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər Cəbrayıl sakini həlak olub, 14 nəfər polis, 60 mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
2. Azərbaycan SSR EA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Əliövsət Nəcəfqulu oğlu Quliyev 1922-ci il avqustun 23-də Salyan rayonunun Qızılağac kəndində anadan olub. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1948-ci ildə namizədlik dissertasiyası müdafiə edib, 1961-ci ildə nəşr etdirdiyi elmi əsərlərinin ümumi həcminə görə tarix elmləri doktoru alimlik dərəcəsi alıb və professor elmi adına layiq görülüb. 1968-ci ildə isə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib, 1953-1958-ci və 1967-1969-cu illərdə Azərbaycan EA Tarix İnstitutunun direktoru olub. Onun rəhbərliyi ilə 3 cildlik "Azərbaycan tarixi" hazırlanaraq nəşr olunub. Elmi və ictimai fəaliyyətinə görə "Qırmızı Əmək Bayrağı" ordeni, "Qafqazın müdafiəsinə görə", "1941–1945-ci illər Böyük Vətən müharibəsində şərəfli əməyə görə" və digər medallarla təltif olunub. Əliövsət Quliyev 1969-cu il noyabrın 6-da vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Bakının mərkəzi küçələrindən biri və Salyan Mədəniyyət Evi onun adını daşıyır.
3. Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı, kino aktyoru Şahmar Zülfüqar oğlu Ələkbərov 1943-cü ilin bu günü Gəncədə anadan olub. Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Hələ üçüncü kursda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə götürülüb. Xalq artisti Adil İsgəndərov onu "Azərbaycanfilm" kinostudiyasının nəzdində yaratdığı "Kino aktyorluğu" studiyasına dəvət edib. Kinostudiyada aktyor və rejissor kimi fəaliyyət göstərib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi ali məktəbdə saxlanılıb. Eyni zamanda teleradio sahəsində də fəal olub. Azərbaycan radiosunda ilk dəfə "Ulduz" proqramının aparıcısı kimi çıxış edib. “Babək”, “Dağlarda döyüş”, “Qatır Məmməd”, “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Mən ki gözəl deyildim” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb. Kinoda sonuncu işi rejissor kimi lentə aldığı “Qəzəlxan” filmi olub. Şahmar Ələkbərov 1992-ci il avqustun 12-də Bakıda vəfat edib.
4. Azərbaycanın əməkdar jurnalisti, Prezident təqaüdçüsü Flora Fətulla qızı Xəlilzadə 23 avqust 1955-ci ildə Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində anadan olub. Rayonun Vağədi kənd orta məktəbində təhsil alıb. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "Azərbaycan təbiəti" jurnalında, "Azərbaycan müəllimi" və "Azərbaycan" qəzetlərində işləyib. Bir müddət "Azərbaycan qadını" jurnalının redaktoru olub. Uzun müddət İctimai Televiziyada layihə rəhbəri, "Yadigarlar" verilişinin müəllifi və aparıcısı, Azərbaycan Televiziyasının Ədəbi-dram verilişləri Baş Redaksiyasının baş redaktoru olub. Prezident Mükafatına, Mətbuat Şurasının Ali Media Mükafatına, Həsən bəy Zərdabi, Cəfər Cabbarlı, Məmməd Araz və Salatın Əsgərova mükafatlarına layiq görülüb. Flora Xəlilzadə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 20-yə yaxın kitabın müəllifidir.
5. Qarabağ müharibəsi şəhidi Millət Söhbətəli oğlu Əliyev 1961-ci ilin avqustun 23-də Yardımlı rayonunun Separadi kəndində anadan olub. 1968-1978-ci illərdə Sumqayıtdakı 22 saylı orta məktəbdə təhsil alıb. 1983-cü ildə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirdikdən sonra təyinatla Cəlilabad rayonuna göndərilib və 3 il həmin rayonda riyaziyyat müəllimi işləyib. Sonra Sumqayıt şəhərinə qayıdaraq, 41 saylı orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirib. 1993-cü il yanvarın 12-də könüllü olaraq Milli Orduya yazılıb. Ağdərə, Qubadlı, Laçın və Ağdamda gedən döyüşlərdə iştirak edib. Madakez kəndi uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənib, düşmənin bir tankını və raketini məhv edib. Baş leytenant Millət Əliyev 1 may 1994-cü ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub və Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn olunub.
6. Azərbaycan sovet tənqidçisi və ədəbiyyatşünası Əli Nazimin anım günüdür. Əliəkbər Mahmud oğlu Mahmudzadə 1906-cı ildə Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. Burada ilk təhsilini “Mədrəseyi-Nicat”da farsca alıb. 1916-1922-ci illərdə Batumidə yaşadığı dövrdə rus dilini öyrənib, yeni əlifba komitəsində çalışıb. Ədəbi yaradıcılığa 1921-ci ildə “İştirak” qəzetində dərc etdirdiyi şeir və məqalələrlə başlayıb. Taleyini Bakı ilə bağladıqdan sonra “Yeni yol”, “Kommunist” qəzeti səhifələrində tez-tez çıxış edib. 1925-ci ildə burada pedaqoji texnikumu bitirib və Leninqrad Şərqşünaslıq İnstitutuna daxil olub. Tələbə ikən 1927-ci ildə Türkiyəyə elmi ezamiyyətə göndərilib. 1927-1932-ci illərdə Moskva Kommunist Akademiyasında aspirant, elmi işçi, SSRİ xalqları ədəbiyyatı və incəsənəti bölməsinin elmi katibi olub. Bakıya köçəndən sonra Azərbaycan Elmi-Tədqiqat İnstitutunda Ədəbiyyat şöbəsinin müdiri və Ali Pedaqoji İnstitutda kafedra müdiri vəzifələrində çalışıb. Orta məktəbin yuxarı sinif şagirdləri üçün ədəbiyyat müntəxəbatı tərtib edib, Hənəfi Zeynallı ilə birlikdə dərslik hazırlayıb. Ədəbiyyat nəzəriyyəsi, poetika, ədəbiyyat tarixi və digər kurslarda mühazirələr oxuyub. Eyni zamanda “Ədəbiyyat ensiklopediyası”nın redaktoru olub. 17 mart 1937-ci ildə "xalq düşməni" kimi həbs edilib və 10 il müddətinə azadlıqdan məhrum olunub. Əli Nazim 1941-ci il avqustun 23-də həbsxanada vəfat edib və 1957-ci ildə bəraət alıb.
7. Görkəmli ictimai-siyasi xadim, diplomat, tarix elmləri namizədi Cavanşir Mehdixan oğlu Vəkilovun xatirə günüdür. O, 1951-ci il fevralın 7-də Bakıda xalq şairi Səməd Vurğunun qardaşı Mehdixan Vəkilovun ailəsində anadan olub. 1967-ci ildə 190 nömrəli orta məktəbi bitirib, 1967-1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsində təhsil alıb. 1972-1975-ci illərdə Əfqanıstanda, 1978-1979-cu illərdə İranda tərcüməçi işləyib. 1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondunda, 1976-1992-ci illərdə Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş laborant və baş elmi işçi vəzifələrində çalışıb. 1988-ci ildə "Azərbaycanın SSRİ-İran mədəni əlaqələrində iştirakı (1941-46-cı illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra diplomatiya sahəsinə keçib, Ankara, Tehran və Qahirədə diplomatiya kurslarında təhsil alıb. Azərbaycan Xarici İşlər Nazirliyində 1-ci katib, 1995-ci il mayın 1-dən Azərbaycanın İrandakı səfirliyinin 2-ci katibi vəzifələrində çalışıb. 1993-1995-ci illərdə Azərbaycan Prezidentinin İran nümayəndə heyətləri ilə danışıqlarında fars dili tərcüməçisi qismində iştirak edib. 1998-ci ilin noyabrında İrandakı diplomatik fəaliyyəti bitdikdən sonra XİN aparatına qayıdıb, 2-ci Ərazi İdarəsinin Orta Şərq və Cənubi Asiya şöbəsinin müdiri işləyib. 2003-cü ildə yenidən İrandakı səfirliyimizə - müşavir vəzifəsinə təyin olunub. 2004-cü ildə Təbrizdə Azərbaycan Baş Konsulluğunun işini təşkil edib və 2005-ci ilin martınadək baş konsul vəzifəsini icra edib. Sonra yenidən Bakıya XİN aparatına qayıdıb. Cavanşir Vəkilov 2013-cü il avqustun 23-də dənizdə boğularaq vəfat edib.
8. Azərbaycanın Milli Qəhrəmanı Soltanağa Nəhmət oğlu Bayramov da bu gün xatırlanır. O, 17 oktyabr 1936-cı ildə Lənkəran rayonunun Şürük kəndində anadan olub. Orta təhsilini Astara rayonunda aldıqdan sonra 1957-ci ildə Lənkəranda tibb məktəbini bitirib. Təyinatla hərbi hospitalda əmək fəaliyyətinə başlayıb, əvvəlcə fizioterapevt, sonra rentgenoloq-texnik vəzifəsində işləyib. Hospitalda çalışdığı müddətdə “Səhiyyə əlaçısı” adını qazanıb. Soltanağa Bayramov 23 avqust 1993-cü ildə Azərbaycanın cənubunda bir qrup cinayətkar separatçının hərbi hospitala hücumunun qarşısını alarkən həlak olub və Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 24 avqust 1993-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
9. Azərbaycanın Milli Qəhrəmanı Paşa Qurban oğlu Təhməzovun anım günüdür. O, 1949-cu il martın 23-də Lənkəran şəhərində doğulub. 1964-cü ildə burada 6 saylı orta məktəbi bitirib. Əmək fəaliyyətinə Əhaliyə Məişət Xidməti İstehsalat Kombinatında usta köməkçisi kimi başlayıb. 1993-cü il avqustun 23-də Azərbaycanın cənub bölgəsində "Talış Muğan Respublikası" adı ilə baş qaldıran separatçılıq hərəkətlərinin qarşısını almağa yollanıb. Paşa Təhməzov cinayətkar dəstə ilə baş verən qarşıdurma nəticəsində qəhrəmancasına həlak olub və Lənkəran şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
10. Azərbaycanın Milli Qəhrəmanı Etibar Böyükağa oğlu Əliyevin xatirə günüdür. O, 11 iyul 1955-ci ildə Lənkəran şəhərində anadan olub. 5 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra 1969-cu ildə 34 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnib. 1973-cü ildə hərbi xidmətə çağırılıb. Əmək fəaliyyətinə Lənkəran şəhər Əhaliyə Məişət Xidməti İdarəsində başlayıb, daha sonra Lənkəran Konserv Kombinatında və “Sevinc” kiçik müəssisəsində işləyib. Azərbaycanda xalq hərəkatının öncüllərindən biri olub. Etibar Əliyev 1993-cü il avqustun 23-də Azərbaycanın cənub bölgəsində “Talış-Muğan Respublikası” yaratmaq iddiasında olan bir qrup separatçının yaratdığı qarmaqarışıqlıq zamanı şəhid olub və Lənkəranın Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 24 avqust 1993-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
11. Qarabağ müharibəsi şəhidi Yasif Fəzi oğlu Kərimov da bu gün xatırlanır. O, 1 mart 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 24 mart 1992-ci ildə Bərdə rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılıb. Yasif Kərimov 23 avqust 1992-ci ildə Ağdərənin Drmbon kəndi yaxınlığında gedən döyüşdə şəhid olub və Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunub. Təhsil aldığı Yeni Daşkənd kənd tam orta məktəbi onun adını daşıyır.