Dünyanın bu günü - 23.10.2020
PELE
(1940)
Dünya futbol tarixinin ən məşhur futbolçusu, “Futbol kralı” Pele 1940-cı il oktyabrın 23-də Braziliyanın Minas-Jerays ştatının Tres-Korasoyns şəhərində kasıb bir ailədə anadan olub. Əsl adı Edson Arantes du Nasimentudur. Uşaqlıqdan təyyarəçi olmaq arzusu ilə yaşasa da, valideynlərinə maddi cəhətdən kömək etmək üçün çəkməçi emalatxanasında işləyib. 1956-cı ilin sentyabr ayında hələ 16 yaşı tamam olmadan ilk dəfə rəsmi matça çıxıb və qol vurub. “Santos”, “Kosmos” klublarında oynayıb. Yeganə oyunçudur ki, üç dəfə dünya çempionu titulunu qazanıb. 1990-cı ilin ortalarında Braziliyanın gənclər, idman və turizm naziri vəzifəsində işləyib. Pele hazırda biznes fəaliyyəti ilə məşğuldur, həmçinin mahnı bəstələyir və müəllifi olduğu mahnıları özü ifa edir.
LYUDMİLA DUXOVNAYA
(1944)
Azərbaycanın xalq artisti, aktrisa Lyudmila Semyonovna Duxovnaya 23 oktyabr 1944-cü ildə Bakıda anadan olub. 1963-cü ildə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı nəzdindəki studiyanı bitirib. Bu teatrda və Azərbaycan Milli Dram Teatrında çıxış edib. Klassik və müasir dramaturqların pyeslərində, filmlərdə müxtəlif obrazlar yaradıb. 2016-cı ildə Rusiyada milli aktyor mükafatı olan Andrey Mironov adına "Fiqaro" mükafatı, 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub. Lyudmila Duxovnaya Azərbaycan Prezidentinin fərdi təqaüdçüsüdür.
SƏXAVƏT MƏMMƏDOV
(1953-1991)
Tanınmış Azərbaycan xanəndəsi Səxavət Əmirxan oğlu Məmmədov 1953-cü ilin bu günü Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənib, Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edib. “Humayun” xalq ansamblının solisti olub. Yaratdığı “Qarabağ” instrumental ansamblı xanəndənin şah əsərlərindən biri kimi Azərbaycan incəsənəti tarixinə düşüb. Səxavət Məmmədov 1991-ci il sentyabrın 30-da avtomobil qəzası nəticəsində dünyasını dəyişib. O, uşaq verilişlərinin aparıcısı, aktyor və diplomat Bəxtiyar Məmmədovun atası, xanəndə Firuz Səxavətin böyük qardaşıdır.
ƏLİ BABAYEV
(1910-1985)
İkinci Dünya müharibəsi dövründə İtaliyadakı partizan hərəkatının fəal iştirakçısı Əli Baba oğlu Babayevin anım günüdür. O, 1910-cu ildə Naxçıvanda dünyaya göz açıb. 1940-cı ildə sovet ordusu sıralarına çağırılıb. 1942-ci ildə faşistlər tərəfindən əsir götürülsə də, italyan kommunistlərinin köməyi ilə əsir düşərgəsindən qaçıb. Sovet ordusunun hərbi əsirlərindən ibarət Çapayev batalyonunu yaradıb və komandiri olub. Döyüşlərdəki igidliyinə görə İtaliyanın “Hərbi şücaətə görə” gümüş medalı ilə təltif olunub. 1951-ci ilin yanvarında Bakıda Azərbaycan legionunun üzvü kimi 15 il azadlıqdan məhrum edilib, Stalinin ölümündən sonra isə əfv edilib. Əli Babayev 1985-ci il oktyabrın 23-də Culfa rayonunun Ərəfsə kəndində vəfat edib.