Dünyanın bu günü - 23.12.2020
FATMA SÜLEYMANOVA
(1912-1978)
SSRİ-nin əməkdar ixtiraçısı, texnika elmləri doktoru, professor Fatma Həmzə qızı Süleymanova 23 dekabr 1912-ci ildə Şuşada anadan olub. Leninqrad Avtomobil Yolları İnstitutunda təhsil alıb. Azərbaycan SSR Avtomobil Nəqliyyat Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan EA Neft və Kimya Prosesləri və Aşqarlar Kimyası institutlarında laboratoriya müdiri, 1970-ci ildən Azərbaycan Politexnik İnstitutunda avtomobil kafedrasının müdiri işləyib. Tədqiqatları əsasən motor yanacağı və yağlar sahəsinə aiddir. 15 müəlliflik səhadətnaməsi alıb. "Qırmızı Əmək Bayrağı" və "Şərəf Nişanı" ordenləri ilə təltif edilən Fatma Süleymanova 1978-ci il dekabrın 2-də vəfat edib.
ÇİMNAZ BABAYEVA
(1946-2019)
Azərbaycanın xalq artisti, balerina Çimnaz Məmməd qızı Babayeva 1946-cı il dekabrın 23-də Bakıda anadan olub. 1954-1964-cü illərdə Bakı Xoreoqrafiya Məktəbində Qəmər Almaszadənin sinfində təhsil alıb. Böyük səhnəyə 9 yaşında Boris Zeydmanın "Qızıl açar" baletində Buratino rolu ilə çıxıb. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, sonralar teatrda məşqçi-pedaqoq işləyib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası ilə bir çox ölkələrdə çıxış edib. Azərbaycan SSR Dövlət Mükafatına layiq görülən Çimnaz Babayeva 23 dekabr 2019-cu ildə, 73-cü doğum günündə vəfat edib.
ŞÖHRƏT HƏSƏNOV
(1944-1992)
Qarabağ müharibəsi şəhidi Şöhrət Həsənov 1944-cü ilin bu günü Xocalı rayonunda doğulub. Uzun müddət müxtəlif vəzifələrdə çalışıb. Xocalı soyqırımı baş verən zaman rayon icra hakimiyyəti başçısının birinci müavini olub. Şöhrət Həsənov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə son gülləsinədək döyüşərək şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Beş qızı və bir oğlu yadigar qalıb.
ƏZİZAĞA ƏSƏDOV
(1973-1993)
Şəhid Əzizağa Mirzəağa oğlu Əsədov 23 dekabr 1973-cü ildə Hacıqabul rayonunda anadan olub. Burada 1 saylı orta məktəbdə təhsil alıb. 1992-ci ildə Şirvan şəhərindən hərbi xidmətə çağırılıb. Azərbaycan Milli Ordusunun sıralarına əsgər kimi yollanan Əzizağa Əsədov 1993-cü il yanvarın 2-də Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olub və Hacıqabul şəhərində dəfn edilib.
FƏRİD RAMAZANOV
(1991-2020)
Vətən Müharibəsinin şəhidi Fərid Ömər oğlu Ramazanov 1991-ci il dekabrın 23-də Qax rayonunun Qum kəndində anadan olub. 1998-2009-cu illərdə kənd orta məktəbində təhsil alıb. 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub, daha sonra Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində gizir kurslarını bitirib. 2018-ci ilin yanvarından Azərbaycan Silahlı Qüvvələri "N" saylı hərbi hissəsində taqım komandirinin müavini vəzifəsində çalışıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsinə qatılan gizi Fərid Ramazanov oktyabrın 9-da Suqovuşan uğrunda döyüşlərdə şəhid olub və Qax rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
XALİDƏ SƏFƏROVA
(1926-2005)
Azərbaycanın xalq rəssamı Xalidə Ələkbər qızı Səfərovanın xatirə günüdür. O, 25 avqust 1926-cı ildə Gəncə şəhərində anadan olub. 1941-1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1949-1955-ci illərdə isə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb. Yaradıcılığında əsas yeri peyzaj və natürmort janrlarında çəkilmiş rəsm əsərləri tutub. Əsərləri ABŞ, Almaniya, Rusiya, Türkiyə və Çexiyada bir sıra muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Xalidə Səfərova 2005-ci il dekabrın 23-də Bakıda vəfat edib.
SƏRDAR KƏRİMLİ
(1954-2003)
Görkəmli dövlət xadimi, əməkdar həkim Sərdar İsa oğlu Kərimli də bu gün xatırlanır. O, 1954-cü il dekabrın 5-də Göyçə mahalının Kəsəmən kəndində dünyaya göz açıb. Bakı şəhərindəki 30 saylı orta məktəbdə, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində və Bakı Ali Partiya məktəbdə təhsil alıb. Bir sıra tibb müəssisələrində çalışdıqdan sonra Bakı Ali Partiya Həmkarlar İttifaqı Komitəsinin sədri, Azərbaycan KP Nəsimi Rayon Partiya Komitəsində rayon səhiyyəsinin kuratoru işləyib. Səhiyyə Nazirliyinin İşlər İdarəsində 1-ci dərəcəli həkim-inspektor, kadrlar və tədris müəssisələri idarəsinin aparıcı mütəxəssisi və rəisi, Kadrlar, elm və təhsil Baş İdarəsinin rəisi, 1999-cu ildən ömrünün sonunadək isə Səhiyyə nazirinin 1-ci müavini vəzifələrində çalışıb. Bir sıra şeirlərin də müəllifi olan Sərdar Kərimli 2003-cü il dekabrın 23-də Bakıda vəfat edib.
FAİQ AĞAYEV
(1969-1991)
Azərbaycanın Milli Qəhrəmanı Faiq Alış oğlu Ağayevin anım günüdür. O, 6 iyun 1969-cu ildə Ağdam rayonunun Papravənd kəndində doğulub. 1990-cı ilin sentyabr ayında Ağdam Rayon Polis Şöbəsinin tərkibində yaranmış polis alayına daxil olub. 23 dekabr 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndinə erməni silahlılarının hücumunu dəf edərkən onlarla qadını və uşağı xilas edib, özü isə qəhrəmanlıqla şəhid olub. Ağdam rayonunun Papravənd kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Faiq Ağayevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.
HİDAYƏT RÜSTƏMOV
(1970-1991)
Azərbaycanın Milli Qəhrəmanı Hidayət Eldar oğlu Rüstəmovun xatirə günüdür. O, 1970-ci il avqustun 19-da Ağdam rayonunun Xıdırlı kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra 50 saylı Ağdam texniki-peşə məktəbində təhsilini davam etdirib. 1988-1990-cı illərdə sovet ordusunda hərbi xidmətdə olub. 1991-ci ildə Ağdam rayon Daxili İşlər Şöbəsinin post-patrul alayına daxil olub. Hidayət Rüstəmov 23 dekabr 1991-ci ildə Meşəli kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.