Dünyanın bu günü - 24.02.2021

ƏLİ BƏY HÜSEYNZADƏ

    (1864-1940)

 

XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist Əli bəy Hüseyn oğlu Hüseynzadə 1864-cü il fevralın 24-də Salyanda dünyaya gəlib. 1885-ci ildə Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olub. Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Türkiyəyə, İstanbula gəlib və burada Darülfünunda hərbi tibb fakültəsində tədris almaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanıb. 1897-ci ildə Qızıl Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedib və üç il sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda hərbi tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilib. Burada da inqilabçı “Gənc Türklər” hərəkatına qoşulduğun və "İttihad və Tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olduğu üçün təqib olunub. Öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edən, türkün tərəqqisi naminə bütün gücü ilə çarpışan Əli bəy "Kaspi", "Həyat", qəzetlərində çalışıb, 1906-cı il noyabrın 1-də isə Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan "Füyuzat" jurnalını nəşr etdirib. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır. 1910-cu ildən Türkiyədə yaşayan Əli bəy Hüseynzadə 1940-cı il martın 17-də İstanbulda vəfat edib və Qaraca Əhməd məzarlığında dəfn olunub.

 

 

ABDULLA ŞAİQ

  (1881-1959)

 

Əməkdar incəsənət xadimi, şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri Abdulla Axund Mustafa oğlu Talıbzadə (Abdulla Şaiq) 1881-ci ilin bu günü Tiflisdə ruhani ailəsində dünyaya göz açıb. Ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən Abdulla Şaiq maarif və məktəb işləri ilə məşğul olub, qadınlar üçün jurnal çıxarmaq, uşaqlar üçün bağça açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq üçün yollar arayıb tapıb. Eyni zamanda “Əlifba” kitabını, müxtəlif  dərslik və dərs proqramlarını hazırlayıb. 1906-cı ildən başlayaraq silsilə şeirləri, dünya ədəbiyyatından tərcümələri ilə milli uşaq ədəbiyyatının əsasını qoyub. Uşaqlar üçün yazdığı “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” və digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri uşaqlar tərəfindən indi də maraqla qarşılanır. Abdulla Şaiq 1959-cu il iyunun 24-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. 

 

 

ABBASQULU BƏY ŞADLİNSKİ

           (1886-1930)

 

Xalq qəhrəmanı Abbasqulu bəy Xanbala oğlu Şadlinski 1886-cı il fevralın 24-də Qərbi Azərbaycanın Vedibasar qəzasının Vedi kəndində anadan olub. 1894-cü ildə anasının köməyi ilə iki illik rus-tatar məktəbində oxuyub, amma maddi çatışmazlıq üzündən məktəbi bitirməyib. 1902-ci ildə atasından qalma tarlada işləyib. 1917-ci il Fevral inqilabı siyasi baxışlarında əhəmiyyətli dəyişiklik edib. 1918-1919-cu illərdə daşnak dəstələrinə qarşı özünümüdafiə qüvvələrinə rəhbərlik edib. 1920-ci ildə Naxçıvan kommunistlərinin təşəbbüsü ilə “Qırmızı tabor” partizan dəstəsi yaradılıb, Abbasqulu Şadlinski isə onun başçısı olub. O, 1922-ci ilin axırına qədər Naxçıvanda qalıb, dövlət sərhədlərini mühafizə dəstəsinə başçılıq edib. Vediyə qayıtdıqdan sonra 1922-ci ildən 1928-ci ilə qədər Ermənistanda bir neçə vəzifədə çalışıb, sonra isə Davala kəndində sement zavodunun tikintisinə rəhbər təyin edilib. Abbasqulu bəy Şadlinski 1930-cu ilin fevral ayında müəmmalı şəraitdə qətlə yetirilib.

 

 

BAHADUR ƏLİYEV

(1933-2002)

 

Aktyor Bahadur Atabala oğlu Əliyev 1933-cü ilin bu günü Masallı rayonunun Sığıncaq kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 50 ilə yaxın “Azərbaycanfilm” kinostudiyasında çalışıb. 80-dək filmdə rol alıb və səsləndirilməsində iştirak edib. “Böyük dayaq”, “Axırıncı aşırım”, “Babək”, “Dərviş Parisi partladır”, “Əlibaba və 40 quldur”, özbəklərin sevilən “Şerəli və Aybərçin” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. “Ulduz” filmində oynadığı Qədir obrazı ona böyük populyarlıq qazandırıb. Bahadur Əliyev 16 sentyabr 2002-ci ildə Sumqayıtda vəfat edib.

 

 

CƏMİL MÜFİDZADƏ

          (1934-2019)

 

Azərbaycanın xalq rəssamı Cəmil Miryusif oğlu Müfidzadə 1934-cü il fevralın 24-də Ordubad rayonunda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb, daha sonra Ukraynada Kiyev Orta Rəssamlıq Məktəbinin və Xarkov Dövlət Rəssamlıq İnstitutunun Qrafika fakültəsinin tələbəsi olub. Qrafika sənətinin fərqli texnikalarından yaradıcılıqla istifadə edən rəssamın Polşa, Rusiya, İran, Fransa və Türkiyədə fərdi sərgiləri təşkil olunub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Qrafika kafedrasına rəhbərlik edən Cəmil Müfidzadə 20 dekabr 2019-cu ildə Bakıda dünyasını dəyişib.

 

 

STİV COBS

(1955-2011)

 

Tanınmış Amerika ixtiraçısı və iş adamı Stiv Cobs 1955-ci il 24 fevralında dünyaya gəlib. Kaliforniyanın Kupertino şəhərindəki orta məktəbdə və Oreqon ştatının Portlend şəhərindəki kollecdə təhsil alıb. Müxtəlif şirkətlərdə video-oyun istehsalı üzrə mexanik işləyib. 1 aprel 1976-cı ildə Voznyak və Ronald Ueyn ilə birlikdə “Apple” şirkətini təsis edib. Daha sonra 1986-cı ildə qurulan “Pixar” studiyasında müxtəlif cizgi filmləri çəkib. Bir müddət “Apple”dən uzaqlaşıb və 7 milyon dollar kapitalla “NeXT Computer” şirkətini qurub. Daha sonra yenidən şirkətə qayıdaraq, ömrünün sonunadək “Apple”in idarə heyətinin sədri olub. Stiv Cobs 5 oktyabr 2011-ci ildə Kaliforniyada vəfat edib.

 

 

SƏKİNƏ İSMAYILOVA

          (1956)

 

Azərbaycanın xalq artisti, muğam ifaçısı Səkinə Qulu qızı İsmayılova 24 fevral 1956-cı ildə anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbinin muğam sinfini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. O, muğamı qavalla ifa edən ilk qadın xanəndədir. Opera və Balet Teatrının səhnəsində əksər muğam operalarında aparıcı partiyaları ifa edib. Səkinə İsmayılova dünyanın bir çox ölkələrində Azərbaycan muğamını dəfələrlə yüksək səviyyədə təmsil edib. Azərbaycan muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

 

 

İNQİLAB İSMAYILOV

(1962-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı İnqilab Ələkbər oğlu İsmayılov 1962-ci il fevralın 24-də Xocalıda anadan olub. Orta məktəbi 1979-cu ildə bitirib. 1981-ci ildə ordu sıralarına çağırılıb və Daxili Qoşunlarda xidmətə başlayıb. Hərbi xidmətdə olduğu vaxtda Xarkov şəhərində gizirlik məktəbini bitirib. 1984-cü ildə doğma Xocalıya qayıdıb və sovxozda traktorçu işləyib. 1990-cı ildə Xocalı Rayon Polis Şöbəsində xidmətə başlayıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda yoldaşları ilə birlikdə vuruşa-vuruşa sağ qalmış insanların bir hissəsini düşmən mühasirəsindən çıxara bilib. İnqilab İsmayılov 12 iyun 1992-ci ildə Daşbaşı yüksəkliyinin müdafiəsi zamanı qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 

 

ƏFQAN HÜSEYNOV

(1963-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Əfqan Qaraxan oğlu Hüseynov 1963-cü ilin bu günü Bakı şəhərində anadan olub. 109 saylı orta məktəbdə, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Bakı Ümumqoşun Komandirləri Məktəbində təhsil alıb. Daha sonra leytenant hərbi rütbəsi ilə tağım komandirinin müavini təyin edilib. 1985-1987-ci illərdə Əfqanıstanda gedən döyüşlərdə iştirak edib və ağır yaralanıb. SSRİ-nin “Qırmızı Ulduz” ordeni ilə təltif edilib. 1988-ci ildə Bakıya qayıdıb və vaxtilə oxuduğu Hərbi Liseydə birinci rotanın komandiri təyin edilib. 1991-1992-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində işləyib. 1992-ci ilin yanvar ayında Milli Qvardiyada xidmətə başlayıb, alay komandiri kimi fasiləsiz olaraq döyüş əməliyyatlarına başçılıq edib. Cəsur komandirin başçılığı ilə düşmənin xeyli qüvvəsi məhv edilib, silah-sursat ələ keçirilib. Əfqan Hüseynov 1 noyabr 1992-ci ildə alayın düşmənlə döyüşdə qəhrəmancasına şəhid olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

MÜŞVİQ BABAYEV 

(1971-1992)

 

Şəhid Müşviq Adil oğlu Babayev 24 fevral 1971-ci ildə Şamaxı rayonunun Sabirli kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra 1992-ci ildə hərbi xidmətə yollanıb və Qarabağ uğrunda bir sıra döyüşlərdə şücaət göstərib. Müşviq Babayev 1992-ci il sentyabrın 10-da Ağdərə istiqamətində şəhid olub və Şamaxının Şəhidlər Xiyabanında dəfn olunub.

 

 

MEHMAN ŞİRVANOV

(1980-2020)

 

Şəhid Mehman Mirəziz oğlu Şirvanov 1980-ci il fevralın 24-də Lənkəran rayonunun Ürgə kəndində anadan olub. Bakı Ümumqoşun Komandirləri Məktəbini bitirib. 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinin ilk günündə şəhid olub və Lənkəran rayonunda dəfn edilib. Polkovnik-leytenant Mehman Şirvanov ölümündən sonra "Qarabağ" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

MƏRHƏMƏT HƏMZƏYEV 

(1997-2020)

 

Şəhid Mərhəmət Rizvan oğlu Həmzəyev 24 fevral 1997-ci ildə Şahbuz rayonunun Keçili kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Mərhəmət Həmzəyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub və Şahbuz rayonunda dəfn edilib.

 

 

XƏYAL İDRİSOV

(2000-2020)

 

Şəhid Xəyal İbrahim oğlu İdrisov 2000-ci ilin bu günü Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Xəyal İdrisov oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

ƏNVƏR ŞIXƏLİYEV

(2001-2020)

 

Şəhid Ənvər Vadim oğlu Şıxəliyev 2001-ci il fevralın 24-də Qusar rayonunun Xürəl kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Ənvər Şıxəliyev noyabrın 10-da şəhid olub və Qusar rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

ELDAR MƏMMƏDOV

(1968-1993)

 

Azərbaycanın Milli Qəhrəmanı Eldar Harun oğlu Məmmədovun anım günüdür. O, 1968-ci il yanvarın 10-da Bakı şəhərində doğulub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Riqada Ali Hərbi Siyasi Məktəbdə təhsil alıb. 1989-1991-ci illərdə Rusiyanın Orenburq vilayətində zabit kimi hərbi xidmətdə olub. Azərbaycana qayıtdıqdan sonra əvvəl Raket Qoşunlarında, sonra isə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində hərbçi kimi fəaliyyətini davam etdirib. Eldar Məmmədov Ağdərədə gedən döyüşlərdə xüsusi fədakarlıq nümayiş etdirib və 1993-cü il fevralın 24-də qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 11 dekabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.

Müəllif | Apa.Tv
Apa.tv