Dünyanın bu günü - 24.04.2021

ABDULLA FARUQ

(1907-1944)

 

Şair, tərcüməçi Abdulla Musa oğlu Əfəndiyev (Abdulla Faruq) 1907-ci il aprelin 24-də Göyçay rayonunun Poti kəndində əkinçi ailəsində doğulub. İlk təhsilini burada alıb, sonra Bakı Müəllimlər Seminariyasına göndərilib. Oranı bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub, lakin Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinə göndərildiyindən, ictimai-tarix şöbəsini burada qurtarıb. Pedaqoji fəaliyyətə Göyçay rayonunda başlayıb, Bakı məktəblərində müəllimlik edib. "Qızıl Şərq" mətbəəsində Baş mətbuat idarəsinin nümayəndəsi işləyib. Qısa fasilələrlə "Ədəbiyyat qəzeti" və "Şərq qadını" jurnalları redaksiyalarında, “Azərnəşr”də çalışıb. "Sovet Gürcüstanı" və "Qızıl əsgər" cəbhə qəzetlərində mübariz şeirləri dərc olunub. "Qara Məmməd" mənzum pyesini, "Otuz qəhrəman" poemasını bu dövrdə qələmə alıb. Kiçik leytenant rütbəsi ilə İkinci Dünya müharibəsində cəbhədə iştirak edib və 1944-cü ildə Taqanroq ətrafında döyüşlərdə həlak olub. Ədəbi irsi ilk dəfə 1987-ci ildə "Qəlbimin sahilsiz dalğaları" adlı kitabda toplanıb.

 

 

ƏLƏŞRƏF ƏLİZADƏ

(1911-1985)

 

İki dəfə SSRİ Dövlət Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, akademik Ələşrəf Əbdülhüseyn oğlu Əlizadə 24 aprel 1911-ci ildə Şamaxıda anadan olub. 1930-1935-ci illərdə Azərbaycan Neft İnstitutunun geoloji-kəşfiyyat fakültəsində təhsil alıb. 1942-1944-cü illərdə Azərbaycan KP MK katibi, 1944-cü ildə Azərbaycan KP MK-nın ikinci katibi seçilib. 1945-ci ildə Azərbaycan EA-nın yaradıcılarından biri olub. 1946-1948-ci illərdə "Azneft" və "Azneftkəşfiyyat" birliklərinin rəisi, 1949-1954-cü illərdə Türkmənistan Dövlət Universitetində kafedra müdiri və Türkmənistan EA faydalı qazıntılar bölməsinin müdiri vəzifələrində çalışıb. 1959-1977-ci illərdə Azərbaycan Dövlət Neft Sənayesi Elmi Tədqiqat və Layihə İnstitutunun direktoru, 1977-ci ildən Azərbaycan EA-nın Geologiya İnstitutunda regional geologiya və tektonika şöbəsinin rəhbəri olub, neft yataqlarının açılmasında iştirak edib. SSRİ Ali Sovetinin deputatı seçilən, orden və medallarla təltif olunan Ələşrəf Əlizadə 1985-ci il martın 23-də Bakıda vəfat edib.

 

 

ELXAN QASIMOV

(1945)

 

Azərbaycanın əməkdar artisti, aktyor və kinorejissor Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib, Leninqradda rejissorluq təhsili alıb. 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. "Əhməd haradadır" filmində oynadığı "Sürücü Əhməd" rolu onu böyük populyarlıq qazandırıb. Elxan Qasımov bədii, sənədli filmlərin və "Mozalan" kinojurnalında bir sıra süjetlərin müəllifidir.

 

 

ŞƏHİD ELVİN HƏSƏNOV

(1994-2014)

 

24 aprel Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Elvin Çingiz oğlu Həsənovun doğum günüdür. O, 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 34 saylı tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Əsgər Elvin Həsənov 16 mart 2014-cü ildə erməni silahlı bölmələrinin açdığı atəş nəticəsində şəhid olub. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

 

 

RAMİL YUSİFOV

(1978-2020)

 

Şəhid Ramil Mürşid oğlu Yusifov 1978-ci il aprelin 24-də İsmayıllı rayonunun Ağbulaq kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən orduya qayıdıb. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsində iştirak edib. Baş gizir Ramil Yusifov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

RƏŞİD MƏDİNOV

(1996-2020)

 

Şəhid Rəşid Nəzər oğlu Mədinov 24 aprel 1996-cı ildə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində dünyaya göz açıb. Bakı Dövlət Sosial-İqtisadi Kollecində "Bank işi" ixtisası üzrə təhsil alıb. 2015-ci ilin iyulunda həqiqi hərbi xidmətə yollanıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib. Murovdağ və Füzuli uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib. Əsgər Rəşid Mədinov oktyabrın 13-də şəhid olub və doğulduğu qəsəbədə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

SULTAN  İBRAHİMOV

(1996-2020)

 

Şəhid Sultan Mikayıl oğlu İbrahimov 1996-cı ilin bu günü Salyan şəhərində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən orduya qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Dövlət Sərhəd Xidmətinin kiçik giziri Sultan İbrahimov oktyabrın 24-də Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində şəhid olub və Salyanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

MƏHƏMMƏD MAQOMAYEV

(1916-1945)

 

Kino rəssamı Məhəmməd Maqomayev 1945-ci ilin bu günü dünyasını dəyişib. O, 1916-cı ildə Bakı şəhərində anadan olub. İkinci Dünya müharibəsində cəbhəyə yollanıb və 1945-ci ildə Berlin yaxınlığında qəhrəmancasına həlak olub, Polşada dəfn edilib. Məhəmməd Maqomayev bəstəkar Müslüm Maqomayevin oğlu, müğənni Müslüm Maqomayevin atasıdır.

 

 

BALAŞ AZƏROĞLU

(1921-2011)

 

Azərbaycanın xalq şairi, ədəbiyyatşünas, filologiya elmləri namizədi Balaş Azəroğlunun xatirə günüdür. Balaş Allahbaxış oğlu Abizadə 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olub. Orta təhsilini də burada alıb. Məktəbin ədəbiyyat müəllimi Cəfər Rəmzi bu sahədə ona böyük təsir göstərib. Hələ 16 yaşında ikən bədii yaradıcılığa başlayıb, “Dnepr” adlı ilk şeiri 1937-ci ildə Bakıda çapdan çıxıb. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüklərindən, burada fars ibtidai məktəbində təhsil alıb. Orada milli azadlıq hərəkatına qoşulub, İran Xalq Partiyasına daxil olub. Ərdəbil və Təbrizdə ilk şeir kitabları dərc olunub. Pişəvəri hərəkatının qan içində boğulmasından sonra yenidən Bakıya qayıdıb. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi və Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifələrində çalışıb. Şairə Mədinə Gülgün ilə evli olan Balaş Azəroğlu 2011-ci il aprelin 24-də Bakıda vəfat edib.

 

 

MƏLEYKƏ AĞAZADƏ

(1929-2019)

 

Aktrisa Məleykə Ağazadənin anım günüdür. O, 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından ayrı-ayrı şəhərlərdə solist kimi çıxışlar edib. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunub. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxuyub. Daha sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynayıb. 1972-ci ilə qədər filmlərə çəkilib. Ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır. Bundan başqa, “Onu bağışlamaq olarmı?”, “Qəribə əhvalat”, “Yaşamaq gözəldir, qardaşım!”, “Var olun, qızlar...” filmlərində yaddaqalan obrazlar yaradıb. Məleykə Ağazadə 24 aprel 2019-cu Bakıda vəfat edib.

 

 

TARİYEL VƏLİYEV

(1944-2012)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, kino və televiziya rejissoru, professor Tariyel Təyyar oğlu Vəliyev də xatırlanır. O, 24 fevral 1944-cü ildə İmişli rayonunda anadan olub. Orta təhsilini Bakının 172 saylı məktəbində, ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda alıb. 1967-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində radio rejissoru vəzifəsində işə başlayıb. Azərbaycan televiziya məkanında ilk çoxseriyalı televiziya tamaşasının - Aslan Qəhrəmanovun "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyasının quruluşçu rejissorudur. İsi Məlikzadənin "Qaranquş yuvası", Anarın "Ötən ilin son gecəsi", "Evləri köndələn yar", Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam" və s. teletamaşalarını çəkib. Azərbaycan Dövlət Televiziyasında "Ədəbi-dram verilişləri" baş redaksiyasının baş rejissoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Televiziya rejissoru" kafedrasının müdiri olub. Tariyel Vəliyev 24 aprel 2012-ci ildə Bakıda vəfat edib.

 

 

ELÇİN HÜSEYNOV

(1973-1994)

 

Şəhid Elçin Əlif oğlu Hüseynovun anım günüdür. O, 19 fevral 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 16 aprel 1992-ci ildə Bərdə rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılıb, 703-cü hərbi hissənin kəşfiyyatçısı olub. Sıravi əsgər Elçin Hüseynov 24 aprel 1994-cü ildə Ağdərə bölgəsində döyüş zamanı şəhid olub. Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn edilib.

 

 

ALLAHVERDİ XƏLİLOV

(1974-1994)

 

Şəhid Allahverdi Sabir oğlu Xəlilov 1974-cü il iyulun 30-da Qərbi Azərbaycanın Noyemberyan rayonunun Ayrım qəsəbəsində anadan olub. Bakının Xətai rayonundakı 263 saylı orta məktəbdə və Dəmiryolu texnikumunda təhsil alıb. 1992-ci ilin oktyabrında Azərbaycan Ordusunda hərbi xidmətə yollanıb. Qubadlı, Zəngilan, Füzuli, Ağdam, Ağdərə, Kəlbəcər və Qazax bölgələrində gedən döyüşlərdə iştirak edib. Allahverdi Xəlilov 1994-cü il aprelin 24-də şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. Bitirdiyi məktəb onun adını daşıyır.

Müəllif | Apa.Tv
Apa.tv