Dünyanın bu günü - 24.07.2021

ALEKSANDR DÜMA

(1802-1870)

 

Fransız yazıçı Aleksandr Düma 1802-ci il iyulun 24-də Fransanın Viller-Kotre şəhərciyində doğulub. Dörd yaşında ikən atasını itirdiyi üçün yaxşı təhsil ala bilməyib. Əmək fəaliyyətinə notariat kontorunda xidmətlə başlayıb, daha sonra meylini teatra salıb. Ədəbiyyata da dramaturq kimi gəlib. “Kin”, "Qraf Monte Kristo", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" və başqa əsərlərin müəllifidir. “III Henri və onun sarayı” əsəri ona şöhrət gətirib. Aleksandr Düma 1870-ci il dekabrın 5-də Fransa-Prussiya müharibəsi və Fransanın alman ordusu tərəfindən işğalı zamanı vəfat edib, Villers-Koteretsdə dəfn edilib.

 

 

YALÇIN ƏFƏNDİYEV

(1937-2019)

 

Azərbaycanın xalq artisti, kinorejissor Yalçın Heydər (Əliheydər) oğlu Əfəndiyev 24 iyul 1937-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1960-cı ildə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsini, 1966-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışıb, burada sənədli filmlər birliyinin direktoru, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin bədii rəhbəri işləyib. Kinostudiyada cizgi filmləri sexinin bərpasından sonra çəkilən ilk cizgi filmi onun adı ilə bağlıdır. 1969-cu ildə çəkdiyi "Cırtdan" cizgi-applikasiya filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyən Yalçın Əfəndiyev 10 dekabr 2019-cu ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

GÜLNAR SALMANOVA

(1956-2015)

 

Azərbaycanın əməkdar artisti, aktrisa Gülnar Əlifağa qızı Salmanova 1956-cı ilin bu günü Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsində təhsil alıb. Musiqili Komediya Teatrında işləyib. Onun "50 yaşında cavan" tamaşasındakı Gülnaz, "Beşmanatlıq gəlin"dəki Naznaz, "Özümüz bilərik"dəki Ceyran, "Subaylarınızdan görəsiniz"dəki Çiçək, "Hicran"dakı Çarliston, "Bankir adaxlı"dakı Maral, "Məhəbbət oyunu"ndakı Ceyran obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb. 2015-ci ildə Prezident Mükafatına layiq görülən Gülnar Salmanova həmin il oktyabrın 24-də Bakıda vəfat edib.

 

 

GÜLZAR QURBANOVA

(1970)

 

Azərbaycanın əməkdar artisti, aktrisa Gülzar Qurban qızı Qurbanova 1970-ci il iyulun 24-də Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1990-cı ildən Yuğ Teatrında çalışır, İncəsənət Gimnaziyasında dərs deyir. “İtkin pay”, “Qəm pəncərəsi”, “Ölsəm, bağışla”, “Əlavə təsir”, “Sübhün səfiri”, “Qırmızı bağ” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. 2015-ci ildə "Yarımçıq xatirələr" filminə görə "Ən yaxşı qadın rolunun ifaçısı" nominasiyasında "Qızıl Pəri" mükafatına, 2018, 2019 və 2020-ci illərdə Prezident Mükafatına layiq görülüb. O, aktyor və rejissor Elxan Cəfərovun həyat yoldaşı, tanınmış telejurnalist Mailə Muradxanlının gəlinidir.

 

 

CENNİFER LOPEZ

(1969)

 

Puerto-Riko əsilli ABŞ pop-estrada müğənnisi və kino ulduzu Cennifer Lopez 24 iyul 1969-cu ildə Nyu-Yorkun Cənubi Bronks bölgəsində doğulub. Katolik məktəbində təhsil alıb, 5 yaşında rəqs məktəbinə gedib. 19 yaşı tamam olanda müzikldə rəqqasə kimi işə düzəlib. Daha sonra Hollivudda karyera qurub. “Canlı işıqda” komediyasına, "İkinci şans", "Malibuya aparan yol" seriallarına və başqa filmlərə çəkilib. Bir həftədə həm film ("Toy təşkilatçısı"), həm də albom ("J.Lo") çıxaran ilk qadın kimi tarixə düşüb, oynadığı rola görə isə 1 milyon dollar qonorar alan ilk Latın Amerikalı aktrisadır. İlk albomu 1 iyun 1999-cu ildə işıq üzü görüb. Dünya üzrə 55 milyondan artıq musiqi diskini satıb. Eyni zamanda çox güclü biznes qadını hesab olunan Cennifer Lopez 2012-ci il sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda, sentyabrın 23-də isə “Baku Crystal Hall”da çıxış edib.

 

 

VÜQAR HƏŞİMOV

(1986-2014)

 

Azərbaycan şahmatçısı, qrossmeyster Vüqar Qasım oğlu Həşimov 1986-cı il iyulun bu günü Bakı şəhərində anadan olub. 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanıb. 2011-ci ilin yanvarında İtaliyada 1958-ci ildən müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub. Vuqar Həşimov 11 yanvar 2014-cü ildə Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib və Bakıda dəfn olunub.

 

 

ABDULLA ŞAİQ

(1881-1959)

 

Əməkdar incəsənət xadimi, şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri Abdulla Axund Mustafa oğlu Talıbzadənin (Abdulla Şaiq) anım günüdür. O, 1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində dünyaya göz açıb. Ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən Abdulla Şaiq maarif və məktəb işləri ilə məşğul olub, qadınlar üçün jurnal çıxarmaq, uşaqlar üçün bağça açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq üçün yollar arayıb tapıb. Eyni zamanda “Əlifba” kitabını, müxtəlif dərslik və dərs proqramlarını hazırlayıb. 1906-cı ildən başlayaraq silsilə şeirləri, dünya ədəbiyyatından tərcümələri ilə milli uşaq ədəbiyyatının əsasını qoyub. Uşaqlar üçün yazdığı “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” və digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri uşaqlar tərəfindən indi də maraqla qarşılanır. Abdulla Şaiq 1959-cu ilin iyulunda Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

RƏŞAD ATAKİŞİYEV

(1985-2019)

 

Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Rəşad Saləddin oğlu Atakişiyevin xatirə günüdür. O, 1985-ci il yanvarın 7-də Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub. İlk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində "Uçuş Mühəndisi" ixtisasına yiyələnərək, oranı yüksək nəticələrlə başa vurub. 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarığı sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. 24 iyul 2019-cu ildə gecə saat 10 radələrində təlim-məşq uçuşlarını həyata keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə üç hərbi təyyarədən ikisi uçuş bazasına qayıdıb, pilot Rəşad Atakişiyevin idarə etdiyi MiQ-29 təyyarəsi isə radarlardan yoxa çıxıb. Sonradan müəyyən edilib ki, təyyarə Bakıdan 65 km şimalda yerləşən Zarat kəndindən 9 km şərqdə qəzaya uğrayıb və suyun üzərinə düşərkən parçalanıb. Avqustun 20-də pilotun nəşi tapılıb, avqustun 21-də isə II Fəxri Xiyabanda dəfn edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv