Dünyanın bu günü - 25.01.2021

HACI ZEYNALABDİN TAĞIYEV

(1823-1924)

 

Məşhur Bakı milyonçusu, xeyriyyəçi, Rusiya imperiyasının həqiqi dövlət müşaviri, Müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyev 25 yanvar 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. 10 yaşında bənna köməkçisi olub, 12 yaşında daş yonub, 15 yaşında bənnalıq etməyə başlayıb. 1872-ci ildə sahibkarlığa başlayıb və qısa müddət ərzində xeyriyyəçi tədbirləri ilə şöhrət tapıb. 1900-cü ildə toxuculuq fabriki, milli teatr binası inşa etdirib, məktəblərin, mədəni-maarif cəmiyyətlərinin açılmasına, milli kadrların hazırlanmasına xeyli vəsait sərf edib. 1911-ci ildə “Xəzər manufaktura cəmiyyəti”ni, 1916-cı ildə “Tağıyev balıq sənayesi səhmdar cəmiyyəti”ni təşkil edib. Sağlığında ən yüksək titul və rütbələr, orden və medallarla təltif olunub. Tam olmayan məlumata görə, 1917-ci ilin sonlarında onun kapitalı 30 milyon manata çatırdı. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra hazırda Dendrari kimi tanınan Mərdəkandakı bağı istisna olmaqla bütün əmlakı əlindən alınıb. Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabr 1-də Mərdəkanda vəfat edib.

 

 

MUSTAFA AĞA VƏKİLOV

       (1899-1943)

 

Azərbaycanın ilk hüquq professoru, Sarbonna Universitetinin məzunu Mustafa ağa Vəkilov 1899-cu il tarixin bu günü Qazax qəzasında görkəmli ictimai xadim Məhəmməd ağa Vəkilovun ailəsində doğulub. 1917-ci ildə Tiflis kişi gimnaziyasını bitirib və Azərbaycan Xalq Cümhuriyyətinin Tiflisdəki daimi nümayəndəliyində tərcüməçi işləyib. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini hüquq sahəsində davam etdirmək üçün Fransaya göndərilib. Orada universiteti bitirdikdən sonra hüquq magistri elmi dərəcəsi alıb. 1925-ci ilin mayında hakim kimi Ədliyyə Komissarlığına işə qəbul olub. 1927-ci ildə Xalq Ədliyyə Komissarlığında müfəttiş-təlimatçı, mühüm işlər üzrə xalq məhkəməsi hakimi vəzifəsində çalışıb. 1927-ci ildən dərs dediyi Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində pedaqoji və elmi fəaliyyətlə, 1935-ci ildə Azərbaycan SSR Konstitusiyası türk mətninin redaktoru, tərcümə və redaktə işləri ilə məşğul olub. 1935-ci ildə dövlət və hüquq elmləri namizədi alimlik dərəcəsi alaraq, təsərrüfat-hüquq kafedrasının professoru və Azərbaycanda hüquq professoru adını almış ilk azərbaycanlı alim olub. 1937-ci il repressiyaları Mustafa ağa Vəkilovdan da yan keçməyib və onu evində axtarış apararaq həbs ediblər. Nisbətən yüngül cəza alan Mustafa Vəkilov sürgün vaxtını bitirsə də, azad olub vətənə dönə bilməyib və 1943-cü il aprelin 30-da sürgündə vəfat edib.

 

 

EDUARD ŞEVARDNADZE

 (1928-2014)

 

Gürcüstanın sabiq prezidenti, SSRİ-nin sonuncu Xarici İşlər naziri, Sosialist Əməyi Qəhrəmanı Eduard Şevarnadze 1928-ci il yanvarın 25-də Gürcüstanın Lançxuti şəhərində doğulub. 1946-cı ildə komsomola qəbul olunub və sürətli karyera irəliləyişindən sonra 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin Xarici İşlər naziri vəzifələrində çalşıb. 1995-2003-cü illərdə Gürcüstan Prezidenti olub. 2003-cü ildə Gürcüstanda baş vermiş olan “Qızılgül inqilabı” nəticəsində hakimiyyətdən devrilib. Eduard Şevarnadze 7 iyul 2014-cü ildə Tiflisdə vəfat edib.

 

 

ELDOST BAYRAM

(1947)

 

Məşhur Azərbaycan diktoru Eldost Əlövsət oğlu Bayram 1947-ci ilin bu günü Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurub. Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə diktor vəzifəsinə qəbul olunub. Hazırda ali dərəcəli diktor kimi fəaliyyətini uğurla davam etdirir. Eldost Bayram 2006-cı ildə əməkdar artist fəxri adına, 2008-ci ilin noyabrında isə “Tərəqqi” medalına layiq görülüb.

 

 

FƏRHAD HAŞIMOV

(1959-1992)

 

Qarabağ müharibəsinin iştirakçısı, şəhid Fərhad Ağasalah oğlu Haşımov 25 yanvar 1959-cu ildə Abşeron rayonunun Digah qəsəbəsində dünyaya göz açıb. 1966-1976-cı illərdə Digah qəsəbə tam orta məktəbində və qarmon sinfi üzrə 5 illik musiqi məktəbində təhsil alıb. 1978-1980-ci illərdə Ukraynanın Kiyev şəhərində sovet ordusunda hərbi xidmətdə olub. 1992-ci ilin may ayında könüllü olaraq Milli Ordu sıralarına yazılıb. Milli Qəhrəman Koroğlu Rəhimovun komandirlik etdiyi dəstədə olub, Başkənd, Madagiz, Gülüstan, Buzluq, Çartaz, Erkəç və Mənəşli kəndlərini düşmən işğalından azad edib. Fərhad Qasımov 1992-ci ildə iyul ayının 3-də Ağdərə uğrunda olan döyüşlərdə itkin düşüb.

 

 

VLADİMİR ZELENSKİ

 (1978)

 

Ukraynalı siyasətçi, şoumen, aktyor, rejissor, ssenarist, prodüser, Ukrayna Respublikasının Prezidenti Vladimir Aleksandroviç Zelenski 1978-ci ilin bu günü Krivoy Roq şəhərində anadan olub. Orta məktəbdə təhsil aldıqdan sonra Kiyev Dövlət İqtisad Universitetinin Krivoy Roq İqtisadi İnstitutuna qəbul olub. 2006-cı ildə "Ulduzlarla rəqs - 1" layihəsinin Ukrayna versiyasında iştirak edib və bir sıra filmlərdə müxtəlif obrazlar canlandırıb. Vladimir Zelenski 20 may 2019-cu ildə Ukrayna Respublikasının prezidenti seçilib.

 

 

AL KAPONE

(1899-1947)

 

ABŞ-ın ən məşhur mafiya rəhbəri, Al Kapone kimi tanınan Alfons Qabrielin anım günüdür. O, 17 yanvar 1899-cu ildə Nyu-Yorkun Bruklin məhəlləsində anadan olub. 6-cı sinifdən sonra orta məktəbi tərk edərək, mafiya dəstələrinə üzv olub. Yeddi il Çikaqo Outfit klanına rəhbərlik edib və ABŞ iqtisadiyyatının çətin günlər yaşadığı bir vaxtda qanunsuz içkilər sataraq öz maddi imkanını yaxşılaşdırıb. İşlədiyi digər cinayətlərə görə yaxalanması mümkün olmayıb, vergidən yayınma ittihamı ilə 22 oktyabr 1931-ci ildə 11 il həbs cəzası alıb və Alkatraz həbsxanasına göndərilib. 1941-ci ildə sifilisin ağır formasına yoluxan Al Kapone həbsdən çıxdıqdan sonra bir daha mafiya işlərinə qayıtmayıb və 25 yanvar 1947-ci ildə Floridada dünyasını dəyişib.

 

 

MƏMMƏDRZA ŞEYXZAMANOV

 (1915-1984)

 

Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Məmmədrza İsa oğlu Şeyxzamanovun xatirə günüdür. O,  1915-ci il avqustun 4-də Gəncədə doğulub. 1929-cu ildə ibtidai məktəbi bitirdikdən sonra orta məktəbə daxil olub. Orada oxuya-oxuya teatr studiyasına qəbul olunub. 1954-cü ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayıb. Böyük ekrana ilk dəfə  1955-ci ildə “Bəxtiyar” filmində Rəcəbov rolunda çıxıb. Daha sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm” Dövlət Kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilib. Məmmədrza Şeyxzamanov 25 yanvar 1984-cü ildə Bakıda vəfat edib.

 

 

RİAD ƏHMƏDOV

(1956-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Riad Fikrət oğlu Əhmədov da bu gün xatırlanır. O, 1956-cı il dekabrın 20-də Bakıda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Minsk Ali Hərbi Məktəbində təhsil alıb. Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası İnstitutunda laborant, Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. Daha sonra Milli Təhlükəsizlik Nazirliyinin əks-kəşfiyyat idarəsində işləyib. 1991-ci ildə Çaykəndin ermənilərdən azad olunması əməliyyatında xüsusi igidlik göstərdiyinə görə yüksək mükafata layiq görülüb. 1992-ci il yanvarın 25-də öz dəstəsi ilə Şuşaya göndərilib. Həmin il yanvarın 26-da Şuşa-Laçın yolunun üstündəki Daşaltı kəndində gedən qeyri-bərabər döyüşdə itkin düşüb, sonrakı taleyi haqda heç bir məlumat yoxdur. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə polkovnik-leytenant Riad Əhmədov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bakı şəhərindəki 203 nömrəli tam orta məktəb onun adını daşıyır.

 

 

ƏSƏD ƏSƏDOV

(1956-1991)

 

Azərbaycanın Milli Qəhrəmanı Əsəd Soltan oğlu Əsədovun anım günüdür. O, 1956-cı ilin bu günü Zəngilan rayonunun Turabad kəndində doğulub. 1975-ci ildə Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra sovet ordusu sıralarına çağırılıb, hərbi xidmətini başa vurduqdan sonra isə Saratov vilayətinin Krasnokutsk şəhərindəki Təyyarəçilik Məktəbinin mülki aviasiya şöbəsinə daxil olub. 1991-ci il oktyabrın 29-da Xocalı aeroportunda ermənilərdən ibarət işçi qrupunu aeroportun texniki istismarından uzaqlaşdıran AZAL-ın əməkdaşları Bakıya qayıdarkən təyyarə düşmən tərəfindən raketlə vurulub. Cəsur komandir Əsəd Əsədov heyət üzvləri ilə birlikdə həlak olub və Zəngilan rayonunda dəfn edilib. Azərbaycan Prezidentinin 25 noyabr 1992-ci il tarixli fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

 

İLQAR QULİYEV

(1960-1994)

 

Şəhid İlqar Əbdülhəmid oğlu Quliyevin xatirə günüdür. O, 1960-cı il dekabrın 28-də Bakının Kürdəxanı qəsəbəsində anadan olub. Buradakı 113 saylı orta məktəbi, 1978-ci ildə isə orta məktəbi bitirib. Daha sonra Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsinə daxil olub. 1985-ci ildə ali təhsilini başa vurub və Bakı elektrik ştampları zavodunda işləməyə başlayıb. 1992-ci ildə Müdafiə Nazirliyi tərəfindən Füzuli bölgəsindəki N saylı hərbi hissənin rəisi təyin olunub. Füzuli rayonunun böyük bir ərazisini minadan təmizləyib. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı İlqar Quliyev 1994-cü il yanvarın 25-də Füzuli rayonunun Kürdmahmudlu kəndində qəhrəmancasına həlak olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Müəllif | Apa.Tv
Apa.tv