Dünyanın bu günü - 25.02.2021

FEVRAL DÖYÜŞLƏRİ

(2017)

 

2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycan ordusu ilə təmas xəttində növbəti təxribat törədib. Məqsəd Ermənistan ordusunun 2016-cı ilin aprel döyüşləri zamanı itirdiyi Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri və Cəbrayıl rayonundakı Lələtəpə yüksəkliyini geri qaytarmaq olub. Fevralın 25-də mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu - mayor Aqşin İsmayıl oğlu Abdullayev, baş leytenantlar Şahlar Yaşar oğlu Nəzərov, Tural Əbdül oğlu Haşımlı, baş çavuş Zülfü Rəhim oğlu Qədimov və əsgər Zakir Nazim oğlu Cəfərov şəhid olub, 1 hərbçi yaralanıb. Ermənistan tərəfindən isə 7-8 hərbçi öldürülüb, 1 PUA və 1 tank məhv edilib.

 

 

SƏBAHƏDDİN ƏLİ

   (1907-1948)

                 

Məşhur türk şairi və yazıçısı Səbahəddin Əli 1907-ci il fevralın 25-də o vaxtlar Osmanlı imperiyasının tərkibinə daxil olan, indiki Bolqarıstanın ərazisində yerləşən Eğrideredə anadan olub. 1928-1930-cu illərdə Berlin Universitetinin filologiya fakültəsində təhsil alıb, lakin alman tələbə yoldaşı ilə aralarında olan münaqişə səbəbindən təhsilini yarımçıq qoyaraq Almaniyanı tərk edib. Türkiyədə müəllim və qəzet redaktoru işləyib. Bütün hekayə və romanlarında ötən əsrin 30-40-cı illərində Türkiyədə mövcud olan sosial problemlər qabarıq şəkildə əks etdirib. "Quyucaqlı Yusif", "İçimizdəki şeytan", "Xəz paltolu Madonna" onun ən məşhur romanlarıdır. Sezen Aksu, Ahmet Kaya, Nükhet Duru və Volkan Konak şairin sözlərinə yazılmış musiqilər oxuyub. Səbahəddin Əli yazıları üzündən 3 ay həbsdə olub. Həbsdən çıxdıqdan sonra siyasi basqı, təqiblər və işsizlik ucbatından 1948-ci il aprelin 2-də xaricə qaçmaq istərkən qətlə yetirilib. Məzarının yeri bilinmir.

 

 

AKİF ƏLİZADƏ

          (1934)

 

Azərbaycanın əməkdar elm xadimi, Dövlət Mükafatı Laureatı, Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti, geologiya-mineralogiya elmlər doktoru, akademik Akif Əlizadə 25 fevral 1934-cü ildə tanınmış Azərbaycan həkimləri Ağamehdi və Əfşan Əlizadələrin ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olub. 1957-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda işləyib. 35 yaşında doktorluq dissertasiyası müdafiə edərək, SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri, Azərbaycan Elmlər Akademiyası sistemində isə ən cavan direktor müavini olub. Tədqiqatlarının çox hissəsi dərslik və dərs vəsaitlərinə daxil edilib. Onun təşəbbüsü və rəhbərliyi ilə Geologiya və Geofizika İnstitutunda Azərbaycan Dövlət Neft Akademiyasının  və Bakı Dövlət Universitetinin baza kafedraları yaradılıb. Akif Əlizadə 2013-2019-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

 

 

CAVANŞİR BALAYEV

(1958-1992) 

 

Şəhid Cavanşir Musa oğlu Balayev 1958-ci il fevralın 25-də Şamaxı şəhərində anadan olub. 1991-ci ildə hərbi xidmətə yollanıb və Naxçıvanik, Tap Qaraqoyunlu, Gülablı qəsəbələri və Xocalı şəhərinin müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. Cavanşir Balayev 1992-ci il iyunun 12-də Ağdam rayonu istiqamətində baş tutan Qaraqaya əməliyyatında şəhid olub.

 

 

SAHİL MƏMMƏDOV

     (1964)

 

Azərbaycanın Milli Qəhrəmanı Sahil Ələmdar oğlu Məmmədov 1964-cü ilin bu günü Qərbi Azərbaycanın Uluxanlı rayonunda anadan olub. 1983-cü ildə SSRİ DİN-in Ali Siyasi Məktəbinə daxil olub. 1987-ci ildən Ukraynada xidmətə başlayıb, 1992-ci ildə Hərbi Polis Alayında rota komandiri kimi xidmətə başlayıb. Zəngilan rayonunun müdafiəsi zamanı qəhrəmanlıq göstərib və ağır yaralanıb. Sahil Məmmədov 1994-cü ildən DİN-in Pasport, Viza və Qeydiyyat İdarəsində baş inspektor çalışır.

 

 

OLEQ BABAK

 (1967-1991)

 

Sonuncu Sovet İttifaqı Qəhrəmanı Oleq Babak 25 fevral 1967-ci ildə Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində fəhlə ailəsində doğulub. Orta təhsilini 1974-cü ildən 1982-ci ilə kimi Viktoriya kənd məktəbində, sonra isə qonşu Teplovsk kəndində alıb. 1989-cu ildə Ali Siyasi Kolleci bitirdikdən sonra SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı 21-ci briqadasında siyasi hissə üzrə 11-ci bölüyün komandir müavini vəzifəsində xidmət edib. 1991-ci ilin mart ayından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirib. 7 aprel 1991-ci ildə Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra SSRİ Daxili İşlər Nazirliyinin 21-ci briqadasının tərkibində hadisə yerinə göndərilib. Bircə nəfər də azərbaycanlının əsir düşməsinə imkan verməyərək son gülləsinə qədər vuruşan Oleq Babak qəhrəmancasına həlak olub və doğulduğu kənddə dəfn olunub. Onun bu şücaəti nəticəsində yüzlərlə azərbaycanlının həyatı xilas olub.

 

 

ETİQAT HACIYEV 

 (1974-1993)

 

Qarabağ müharibəsi şəhidi Etiqat Balaxan oğlu Hacıyev 1974-cü il fevralın bu günü Lerik rayonunun Rvarud kəndində doğulub. 1992-ci ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətə Ağdam şəhərində yerləşən N saylı artilleriya batalyonundan başlayıb, tank sürücüsü olub. Ağdamın Quzanlı, Mərzili və digər kəndlərinin müdafiəsində şəxsi igidlik göstərib. Ağdamda gedən döyüşlərin birində tank əleyhinə minaya düşərək ağır yaralanıb və 5 iyul 1993-cü ildə hospitalda dünyasını dəyişib. Etiqat Hacıyev doğulduğu kənddə dəfn olunub.

 

 

TEYMUR ABBASOV

(1981-2020)

 

Şəhid Teymur Feyruz oğlu Abbasov 1981-ci il fevralın 25-də Bakıda anadan olub. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsinə könüllü qatılıb. Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Leytenant Teymur Abbasov oktyabrın 12-də Hadrut istiqamətində şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ASƏF NƏSİBOV

(1994-2020)

 

Şəhid Asəf Səfəralı oğlu Nəsibov 25 fevral 1994-cü ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. Əmək fəaliyyətinə "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də başlayıb. 2016-cı ilin Aprel döyüşlərində və 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Cəbrayıl, Qubadlı və Laçın rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərib və düşmən hücumunun qarşısını alarkən şəhid olub. Əsgər Asəf Nəsibov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

 

 

ELMƏDDİN HƏSƏNOV 

(1996-2020)

 

Şəhid Elməddin Elşən oğlu Həsənov  1996-cı ilin bu günü Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. 2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2018-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi ordu sıralarına qayıdıb, Xüsusi Təyinatlı Qüvvələrdə snayper olub. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Elməddin Həsənov oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

 

ORXAN DADAŞOV

(1996-2020)

 

Şəhid Orxan Vaqif oğlu Dadaşov 1996-cı il fevralın 25-də Ağdam rayonunun Mirəşelli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsinə könüllü yollanıb. Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Orxan Dadaşov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

CƏMİL XƏLƏFOV 

(1997-2020)

 

Şəhid Cəmil Fikrət oğlu Xələfov  25 fevral 1997-ci ildə Quba rayonunun Nərimanabad kəndində anadan olub. 2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsində kəşfiyyatçı-pulemyotçu kimi iştirak edib. Əsgər Cəmil Xələfov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub və Quba şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

TOĞRUL ATAKİŞİYEV

(2000-2020)

 

Şəhid Toğrul Ramil oğlu Atakişiyev 2000-ci ilin bu günü Beyləqan şəhərində anadan olub. Müdafiə Nazirliyinin nəzdində Hərbi Polis İdarəsində çalışıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Toğrul Atakişiyev oktyabrın 21-də Hadrut döyüşləri zamanı şəhid olub və Beyləqan şəhərində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

İHSAN DOĞRAMACI

(1915-2010)

 

Dünya şöhrətli pediatr, AMEA-nın fəxri üzvü İhsan Doğramacının anım günüdür. O, 1915-ci il aprelin 3-də o vaxt Osmanlı imperiyasının tərkibində olan İraqın Ərbil şəhərində anadan olub. Kökən olaraq İraq türkmanlarındandır. Orta məktəbi Beyrutda btirib, daha sonra Bağdad və İstanbulda tibb üzrə ali təhsil alıb. Ankara Universitetinin Tibb fakültəsində dosent, professor, universitetin rektoru, Orta Doğu Texniki Universitetinin heyət rəhbəri, Hacəttərə Universitetinin rektoru, Paris Universitetinin müəllimi, ömrünün sonunadək Bilkənd Universitetinin heyət sədri vəzifəsində çalışıb. Dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların nüfuzlu mükafatları, Azərbaycanın "İstiqlal" və "Heydər Əliyev" ordeni ilə təltif olunub. İhsan Doğramacı 2010-cu il fevralın 25-də Ankarada vəfat edib.

 

 

HƏSƏN MİRZƏYEV

(1927-2015)

 

Azərbaycanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həsən İbrahim oğlu Mirzəyev də bu gün xatırlanır. O, 1927-ci il noyabrın 26-da Qərbi Azərbaycanın Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunda və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb, daha sonra rayon xalq maarif şöbəsinin müfəttişi, Qovuşuq kənd orta məktəbinin direktoru olub. Daha sonra Bakıya köçüb və ömrünün sonunadək Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrində çalışıb. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 200-dən çox elmi əsərin, 25 kitabın və 10-a yaxın dərs vəsaitinin müəllifidir. “Şöhrət” ordeninə layiq görülən Həsən Mirzəyev 25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat edib.

 

 

İLHAMƏ QULİYEVA

         (1943-2016)

 

Bu gün Azərbaycanın xalq artisti, müğənni-xanəndə İlhamə Məzahir qızı Quliyevanın xatirə günüdür. O, 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olub. Bir sıra xarici ölkələrdə qastrolda olub. İlhamə Quliyeva 2016-cı ildə tromboemboliyadan vəfat edib və  İkinci Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın xalq artisti Həbib Bayramov ögey atası, Tükəzban İsmayılova isə anasıdır.

Müəllif | Apa.Tv
Apa.tv