Dünyanın bu günü - 25.05.2021

QAFQAZ İSLAM ORDUSUNUN GƏLİŞİ

(1918)

 

25 may 1918-ci ildə Nuri Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Gəncəyə gəlib. Üç gün sonra Tiflisdə Azərbaycan Milli Şurası Araz çayından şimaldakı torpaqlarda Xalq Cümhuriyyətinin yaradıldığını elan edib. 15 sentyabr 1918-ci ildə isə Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik işğalından azad edərək, Azərbaycan hökumətinin sərəncamına verib.



GƏNCƏ ÜSYANI

(1920)

 

25 may 1920-ci ildə Gəncədə bolşevik işğalına qarşı üsyan başlayıb. İyunun 4-dək davam edən toqquşmalar nəticəsində 12 min nəfərdən çox üsyançı həlak olub, XI Qızıl Ordu isə 8 min nəfər itki verib. Polkovnik Cahangir bəy Kazımbəylinin rəhbərlik etdiyi üsyan qan içində boğulduqdan dərhal sonra başlayan repressiya nəticəsində Azərbaycan Ordusundan 6 general, 6 polkovnik, 3 mayor və 7 kapitan qətlə yetirilib, ümumi sayı 76 nəfərə çatan hərbçi Narginə aparılaraq orada güllələnib. Gəncə üsyanının qurbanları arasında general-mayor Məhəmməd Mirzə Qacar, Qaçaq Qənbər, mühəndis Abuzər Rzayev, müəllim Mirzə Abbaszadə və görkəmli ədəbiyyat tarixçimiz Firidun bəy Köçərli də olub. Gəncə üsyanı Cümhuriyyət liderlərinin və bütövlükdə Azərbaycan xalqının üzərindən "hakimiyyəti müqavimətsiz təhvil verdilər" ittihamını götürən tarixi hadisədir.

 

 

RUS ORDUSU AZƏRBAYCANI TƏRK EDİB

(1993)


25 may 1993-cü ildə Rusiyanın Azərbaycandakı sonuncu hərbi hissəsi Gəncəni tərk edib. Bununla da 12 oktyabr 1813-cü ildə imzalanmış Gülüstan müqaviləsindən etibarən rus ordularının Azərbaycanda olma müddəti başa çatıb və 180 il davam edən prosesə son qoyulub.

 

 

ELDAR ƏZİMZADƏ

(1934-2003)

 

Azərbaycan-sovet futbol hakimi, FİFA arbitri Eldar Muxtar oğlu Əzimzadə 1934-cü il mayın 25-də Şuşada anadan olub. Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb, daha sonra burada qalaraq futbol üzrə müəllim, Bakı Bədən Tərbiyəsi Texnikumunda direktor müavini, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində futbol şöbəsinin, Bakı Rabitə Texnikumunda bədən tərbiyəsi şöbəsinin müdiri vəzifələrində çalışıb. 23 yaşından hakimlik fəaliyyətinə başlayıb. Eldar Əzimzadə Bakı birinciliyində də hakimlik edib. 1974-cü ildə SSRİ-də “10 ən güclü hakim” siyahısına daxil edilib, 5 ildən sonra isə ölkənin bir nömrəli hakimi hesab olunub və daha iki dəfə bu adı qazanıb. SSRİ Futbol Federasiyasının qızıl medalına layiq görülüb. “Məhəbbətim mənim - futbol” adlı kitabın müəllifi olan Eldar Əzimzadə 2003-cü il yanvarın 20-də Bakı şəhərində dünyasını dəyişib.

 

 

ALEKSANDR KALYAGİN

(1942)

 

Rusiyanın xalq artisti, aktyor Aleksandr Aleksandroviç Kalyagin 25 may 1942-ci ildə Kirov vilayətinin Malmıj şəhərində anadan olub. Teatr Məktəbində təhsil alıb. Müxtəlif teatrlarda bədii rəhbər, kinoaktyor və kinorejissor kimi çalışıb. Azərbaycan tamaşaçısına yaxşı tanış olan Aleksandr Kalyagin “Azərbaycanfilm” kinostudiyasında rejissor Rasim Ocaqovun “İstintaq”, “Bağlı qapı”, “Park” və “Özgə ömür” filmlərinə çəkilib. Aktyor “İstintaq” filmində (1979) oynadığı müstəntiq roluna görə yaradıcı heyətin bir neçə üzvü ilə birlikdə SSRİ Dövlət Mükafatına layiq görülüb.

 

 

ZAMİQ ƏLİYEV

(1950)

 

Azərbaycanın xalq artisti, tarzən Zamiq Balarza oğlu Əliyev 1950-ci il mayın 25-də Bakı şəhərində anadan olub. 1968-1972-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda ali təhsil alıb. Azərbaycan Dövlət Filarmoniyasında, Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan Ulduzu" instrumental ansamblında tarzən, xalq artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında musiqi rəhbəri kimi çalışıb. 1998-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "İnstrumental ifaçılıq" kafedrasında pedaqoji fəaliyyət göstərir, hazırda həmin kafedranın professorudur. Zamiq Əliyev həm də bir çox tanınmış şairlərin şeirlərinə olan mahnıların müəllifidir.

 

 

RAMİZ NOVRUZ

(1955)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Ramiz Qəvvam oğlu Novruzov (Ramiz Novruz) 1955-ci ilin bu günü Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb, rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursu bitirib. Sumqayıt Dövlət Dram Teatrında və Akademik Milli Dram Teatrında çalışıb. Bir sıra tamaşa və filmlərdə yaddaqalan obrazlar yaradıb. Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz Prezident Mükafatına və Prezidentin fərdi təqaüdünə layiq görülüb. O, aktyor Cavidan Novruzun və stilist Şəfəq Novruzun atasıdır.

 

 

CƏFƏR CƏMİLOV

(1958-1993)

 

Şəhid Cəfər İsaq oğlu Cəmilov 1958-ci ilin 25 mayında Bərdə rayonunun Yeni Daşkənd kəndində dünyaya göz açıb. Azərbaycan Politexnik İnstitutunda ali təhsil alıb. 1980-ci ildə Ağdam islah əmək koloniyasında leytenant rütbəsi ilə xidmət edib. 1992-ci ildə Milli Orduya çağırılıb və 708 saylı hərbi hissənin tağım komandiri olub. Baş leytenant Cəfər Cəmilov 18 sentyabr 1993-cü ildə Ağdamda şəhid olub və Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunub.

 

 

İLQAR ƏHMƏDOV

(1965-1990)

 

20 Yanvar şəhidi İlqar Hümmət oğlu Əhmədov 1965-ci il mayın 25-də qədim Borçalı mahalının Faxralı kəndində anadan olub. 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycan Politexnik İnstitutunun 4-cü kurs tələbəsi olub. Salyan kazarmasının yanında dostları ilə birlikdə yaralıları və ölüləri maşınlara qoyub xəstəxanaya yola salarkən sovet əsgərləri tərəfindən atəşə tutulublar. İlqar Əhmədov yerindəcə dünyasını dəyişib və Faxralı kəndində dəfn edilib.

 

 

RƏCƏB MUSAYEV

(1975-2011)

 

Azərbaycanlı müğənni, aparıcı Rəcəb Zakir oğlu Musayev 25 may 1975-ci ildə anadan olub. Bakı şəhərində yerləşən 88 saylı məktəbdə, Türkiyənin Anadolu Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 2005-ci ildə ATV kanalında yayımlanan "Yeni Ulduz-2" musiqi müsabiqəsinin qalibi olub. Azərbaycan Televiziyasında yayımlanan "Əsgər anı" adlı yumoristik verilişin aparıcı və aktyorlarından biri olub. Rəcəb Musayev 2011-ci il yanvarın 8-də Sabunçu rayonu ərazisində baş verən avtomobil qəzasında həlak olub.

 

 

ƏFQAN ABDURAHMANOV

(1976-2020)

 

Şəhid Əfqan Ağasəf oğlu Abdurahmanov 1976-cı ilin bu günü Bakı şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Polkovnik-leytenant Əfqan Abdurahmanov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub və Qəbələ rayonunun Əmirvan kəndində dəfn edilib. Ölümündən sonra  "Vətən Müharibəsi Qəhrəmanı" adına, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medallarına layiq görülüb.

 

 

NİCAT HACIYEV

(1989-2020)

 

Şəhid Nicat Cahangir oğlu Hacıyev 25 may 1989-cu ildə Füzuli şəhərində anadan olub. 2007-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Nicat Hacıyev oktyabrın 2-də Cəbrayıl döyüşləri zamanı şəhid olub və Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

ŞƏHRİYAR QULİYEV 

(1990-2020)

 

Şəhid Şəhriyar Nəsib oğlu Quliyev 1990-cı il mayın 25-də Ağdam rayonunun Cinli kəndində anadan olub. 2008-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub. 2009-cu ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Şəhriyar Quliyev oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

COŞQUN BAYRAMOV

(1991-2020)

 

Şəhid Coşqun Ənvər oğlu Bayramov 1991-ci ilin bu günü Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. 2009-2011-ci illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik çavuş Çoşqun Bayramov oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub və Qəbələ rayonunun Kiçik Əmilli kəndində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

RUSLAN CƏFƏRLİ

(1995-2020)

 

Şəhid Ruslan Nəcəf oğlu Cəfərli 25 may 1995-ci ildə Mingəçevir şəhərində anadan olub. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Ruslan Cəfərli oktyabrın 21-də Suqovuşan döyüşləri zamanı şəhid olub və Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

RUSLAN ABBASOV

(2000-2020)

 

Şəhid Ruslan Hikmət oğlu Abbasov 2000-ci il mayın 25-də Bakının Sahil qəsəbəsində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Ruslan Abbasov oktyabrın 14-də cəbhənin Füzuli istiqamətində şəhid olub və Lökbatan Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

MAQSUD CAVADOV

(1902-1972)

 

Əməkdar elm xadimi, Azərbaycan EA-nın müxbir üzvü, əməkdar müəllim Maqsud Əlisimran oğlu Cavadovun anım günüdür. O, 1902-ci il aprelin 13-də Şamaxı qəzasının Basqal qəsəbəsində toxucu ailəsində anadan olub. İbtidai təhsilini Basqal məktəbində alıb, 1914-1918-ci illərdə təhsilini Şəki Gimnaziyasında davam etdirib. 1927-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna fizika-riyaziyyat fakültəsini bitirib. 1930-1934-cü illərdə indiki Azərbaycan Dövlət Neft Akademiyasının Ali riyaziyyat kafedrasında çalışıb. 1934-cü ildə Azərbaycan Dövlət Universitetində dosent vəzifəsində çalışmağa başlayıb. Dörd il sonra həndəsə kafedrasının müdiri, 1943-1944-cü illərdə fizika-riyaziyyat fakültəsinin dekanı, 1944-1952-ci illərdə isə Universitetin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. "Lenin", iki dəfə "Qırmızı Əmək Bayrağı” və "Şərəf nişanı" ordenləri ilə təltif olunub. Nəsrəddin Tusidən sonra Azərbaycanda ikinci həndəsəçi sayılan Maqsud Cavadov 1972-ci ilin 25 mayında vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

HÜSEYN ƏLİYEV

(1911-1991)

 

Görkəmli fırça ustası, Azərbaycanın xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyevin xatirə günüdür. O, 1911-ci il aprelin 22-də Qərbi Azərbaycanın Comərdli kəndində dünyaya göz açıb. İlk əl işini 12 yaşında ərsəyə gətirib. Bakıda Rəssamlıq Texnikumunda oxuyub. 1922-1931-ci illərdə "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edib, bir sıra karikaturaları jurnalın səhifələrində çap edilib. Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən təqaüdə çıxanadək “Xalq qəzeti”nin bədii tərtibat şöbəsində əvvəlcə baş rəssam, sonra da bədii tərtibat şöbəsinin müdiri vəzifəsində işləyib. İkinci Dünya müharibəsinin iştirakçısı olub, bir sıra medallar və “Xalqlar dostluğu” ordeni ilə təltif edilib. Üç dəfə Azərbaycan, bir dəfə Ukrayna SSR Ali Sovetinin fəxri fərmanlarına layiq görülüb. Ulu öndər Heydər Əliyevin qardaşı olan Hüseyn Əliyev 1991-ci ilin 25 mayında vəfat edib.

 

 

RƏMZİ ƏSGƏROV

(1967-1992)

 

Qarabağ müharibəsi şəhidi Rəmzi Əsgər oğlu Əsgərovun xatirə günüdür. O, 1967-ci il yanvarın 21-də Laçında anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub, lakin ali təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb. Moskva ətrafındakı hərbi hissələrin birində xidmətdən sonra yenidən Azərbaycana dönüb və ali təhsilini davam etdirib. İnstitutun V kursunda oxuyarkən təhsilini yenidən yarımçıq qoyaraq, Laçına – vətəninin müdafiəsinə yollanıb. Rəmzi Əsgərov 1992-ci ilin 25 mayında Laçının Güləbird kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Müəllif | Apa.Tv
Apa.tv