Dünyanın bu günü - 25.11.2020

QADIN ZORAKILIĞINA QARŞI BEYNƏLXALQ MÜBARİZƏ GÜNÜ

(1999)

 

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 17 dekabr 1999-cu il tarixli qərarına əsasən, hər il noyabr ayının 25-i bütün dünyada Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edilib. Bu, 1961-ci ildə Dominikan Respublikasında baş verən hadisədən qaynaqlanır. Həmin vaxt Dominikan Prezidenti Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb. Qadınların zorakılığa qarşı mübarizə simvolu ağ lentdir. 2000-ci il 31 oktyabr tarixində isə BMT Təhlükəsizlik Şurası qadın, sülh və təhlükəsizlik məsələləri ilə bağlı qətnamə qəbul edib.

 

 

RƏŞAD NURİ GÜNTƏKİN

(1889-1956)

 

Türkiyənin məşhur yazıçısı Rəşad Nuri Güntəkin 25 noyabr 1889-cu ildə İstanbulda anadan olub. Çanaqqalada orta məktəbdə, İzmirdəki Frerlər məktəbində və İstanbul Universitetinin Ədəbiyyat fakültəsində təhsil alıb. Müxtəlif liseylərdə fransız və türk dillərindən dərs deyib. Maarif müfəttişi, tələbə müfəttişi vəzifələrində çalışıb, İstanbul Şəhər Teatrlarının ədəbi şurasında fəaliyyət göstərib. 1939-1946-cı illərdə millət vəkili olub. Yaradıcılığında Türkiyə həyatının geniş realist təsvirini, sosial problemlərin, şəxsiyyət və cəmiyyət münasibətlərinin aydın mənzərəsini yaradıb. Azərbaycanda onun “Çalı quşu”, “Damğa”, “Dodaqdan qəlbə” roman və povestləri populyarlıq qazanıb. Rəşad Nuri Güntəkin 1956-cı il dekabrın 7-də müalicə üçün getdiyi Londonda ağciyər xərçəngindən dünyasını dəyişib və İstanbulda dəfn edilib.

 

 

ƏLİHEYDƏR ORUCOV

(1905-1987)

 

Azərbaycan EA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əliheydər Əliabbas oğlu Orucov 1905-ci il noyabrın 25-də Quba şəhərində anadan olub. Azərbayc­an Döv­lət Universite­tinin Filolo­giya fakültə­sində və Moskvada Re­­daksiya-Nəşriyyat İnstitu­tun­da təhsil alıb. “Gənc İşçi” qəzetinin məsul ka­tibi, Azər­bay­can Döv­lət Nəş­­­riy­yatının Gənc­lər ədə­biy­ya­tı şö­­bə­­sinin mü­di­ri, Azər­bay­can Elmi Tədqiqat Lü­ğət­­çilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, Lü­ğətlər şöbəsinin mü­di­ri və Azərbaycan Elmlər Aka­­­demi­ya­sı Rə­ya­sət He­yə­ti yanında Ter­mi­no­­lo­gi­ya Ko­mi­tə­si­nin sədr müa­vini vəzifələrində çalışıb. Dörd­cildlik “Rusca-azər­bay­canca lü­ğət”in əsas tərtib­çi­lə­rin­dən biri olub. “Şərəf nişanı” or­deni və müxtəlif me­­dal­lar­­la təltif olun­an Əliheydər Oru­cov 27 oktyabr 1987-ci ildə Bakıda vəfat edib.

 

 

NƏSRULLA KƏNGƏRLİ

(1913-1991)

 

Azərbaycanın əməkdar inşaatçısı, memar, pedaqoq Nəsrulla Yaqub oğlu Kəngərli 1913-cü ilin bu günü Naxçıvanda anadan olub. Naxçıvan Pedaqoji Texnikumunda, Gəncə Toxuculuq İnstitutunda və Azərbaycan Sənaye İnstitutunun memarlıq-inşaat fakültəsində təhsil alıb. İkinci Dünya müharibəsində iştirak edib. “Azərdövlətmemarlayihə”, “Bakışəhərbaşlayihə”, “Azərdövlətlayihə” institutlarında çalışıb. Bakıda Mərkəzi Univermağın, Tibb Universitetinin korpusunun və idman kompleksinin, Gəncədə Dəmiryol vağzalının, Xankəndində inzibati binaların layihələri ona böyük nüfuz gətirib. Respublikanın orta ixtisas və ali məktəblərində dərs deyib, Azərbaycan Politexnik institutunda və İnşaat Mühəndisləri İnstitutunda Memarlıq konstruksiyaları kafedrasının dosenti olub. “Qırmızı Ulduz“ ordeni və müxtəlif medallarla təltif edilib, SSRİ Dövlət Mükafatı laureatı olub. Nəsrulla Kəngərli 1991-ci il fevralın 25-də Bakıda vəfat edib. 

 

 

AUQUSTO PİNOÇET

(1915-2006)

 

Çilinin dövlət və hərbi xadimi, general Auqusto Pinoçet 25 noyabr 1915-ci ildə Çilinin ikinci böyük şəhəri Valparaisoda dünyaya gəlib. 1933-1937-ci illərdə hərbi məktəbdə oxuyub. 1949-cu ildə Hərbi Akademiyaya daxil olub. 1956-cı ildə ABŞ-da Çilinin hərbi müşaviri vəzifəsinə təyin edilib. 1961-ci ildə “Esmeralda” alayına komandir, 1964-cü ildə Hərbi Akademiyanın vitse-direktoru təyin olunub. 1973-cü il sentyabrın 11-də ordu komandanı Pinoçet azad seçkilər yolu ilə seçilmiş prezident Salvador Alyendenin hakimiyyətinə son qoyub və özünü Çilinin prezidenti elan edib. 1990-cı ildə istefa verən Auqusto Pinoçet 3 dekabr 2006-cı ildə Santyaqoda vəfat edib.

 

 

ALPARSLAN TÜRKEŞ

(1917-1997)

 

Türkiyənin görkəmli siyasi və hərbi xadimi, Milliyyətçi Hərəkat Partiyasının qurucusu və ilk rəhbəri Alparslan Türkeş 1917-ci il noyabrın 25-də Lefkoşada dünyaya gəlib. 1936-cı ildə Kuleli Hərbi Liseyini, 1938-ci ildə Hərbi Akademiyanı bitirib. 1939-cu ildə atıcılıq məktəbinə daxil olub və leytenant rütbəsi alıb. 1944-cü ildə Nihal Atsız və Nejdət Sançarla birlikdə "İrqçilik-Turançılıq" məhkəmə iddiası üzrə mühakimə olunub və 9 aydan artıq bir müddətdə Topxana Əsgər Həbsxanasında saxlanılıb. 1945-ci ildə sərbəst buraxılıb, 1947-ci ildə bəraət alıb. 1955-ci ildə Hərbi Akademiyanı bitirdikdən sonra ABŞ-a göndərilib və orada piyada məktəbində təhsil alıb. 1955-1957-ci illərdə Vaşinqtonda NATO Daimi Komitəsində türk ordusunu təmsil edən heyətin tərkibində yer alıb. 1963-1980-ci illərdə Ankara və Adanadan millət vəkili seçilib. Alparslan Türkeş 4 aprel 1997-ci ildə Ankarada vəfat edib.

 

 

İMRAN QASIMOV

(1918-1981)

 

Azərbaycanın xalq yazıçısı İmran Haşım oğlu Qasımov 1918-ci ilin bu günü Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində, sonra Moskvada kinossenaristlər kursunda təhsil alıb. Azərbaycan SSR Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsi sədrinin birinci müavini, “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru, 1975-ci ildən ömrünün sonuna kimi Azərbaycan Yazıçılar İttifaqının birinci katibi vəzifələrində çalışıb. Ədəbi fəaliyyətə 20 yaşında başlayıb. Ssenarisi əsasında çəkilmiş “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Bizim küçə” və başqa filmlər tamaşaçıların böyük rəğbətini qazanıb. “Uzaq sahillərdə” filmi xüsusilə geniş şöhrət qazanıb, dünyanın 25 dilinə tərcümə olunub, Asiya və Afrika ölkələrinin festivallarında birinci yer tutub, Kanadada mükafata layiq görülüb. 20-dək roman, povest və hekayə kitabının müəllifidir. Azərbaycanın Dövlət mükafatı, “Lenin”, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif olunan İmran Qasımov 1981-ci il aprelin 20-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

HÜSEYNBALA ƏLİYEV

(1918-1941)

 

İkinci Dünya müharibəsində şücaət göstərmiş azərbaycanlı təyyarəçi Hüseynbala Balaəli oğlu Əliyev 25 noyabr 1918-ci ildə Bakının Pirşağı qəsəbəsində anadan olub. "Qırmızı dəmirçi" fabrik-zavod məktəbində və Yeysk Hərbi Dəniz Aviasiyası Məktəbində təhsil alıb. Baltik Donanmasının Hərbi Hava Qüvvələri tərkibində Tallinn və Leninqradda xidmət edib. Qırıcı təyyarəçi kimi 49 döyüş uçuşu keçirib. 1941-ci il iyulun 18-də Leninqrad səmasında düşmənin üç "Yunkers-88" təyyarəsi ilə döyüşə girib və qəhrəmancasına həlak olub. Leytenant Hüseynbala Əliyev ölümündən sonra "Lenin" ordeni ilə təltif edilib. Xalq şairi Məmməd Rahimin "Leninqrad göylərində" poeması ona həsr olunub, həmçinin haqqında film çəkilib və adına küçə verilib.   

 

 

ABBASƏLİ NƏZƏRƏLİYEV 

(1962-1990)

 

Şəhid Abbasəli Qaragöz oğlu Nəzərəliyev 1962-ci il noyabrın 25-də Naxçıvan MR Babək rayonunun Əliabad kəndində anadan olub. Tikintidə dülgər işləyib. 1990-cı ildə yanvarın 18-19-da Sədərək qəsəbəsinin müdafiəsində iştirak edib. Dostunun köməyinə gedən zaman həlak olub və anadan olduğu kənddə dəfn edilib. Əliabad kənd orta məktəbinə Abbasəli Nəzərəliyevin adı verilib.

 

 

MAHİR MUSTAFAYEV 

(1968-1990)

 

Şəhid Mahir Vaqif oğlu Mustafayev 1968-ci ilin bu günü Bakıda anadan olub. 2 nömrəli avtobus parkında sürücü işləyib. 1990-cı il yanvarın 20-də üç dostu ilə birlikdə “Nərimanov” kinoteatrının yanında yaralılara kömək edib, səhərə kimi  maşında yaralıları daşıyıblar. Səhər saatlarında sovet əsgərlərinin gülləsinə tuş gələn Mahir Mustafayev şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

ORXAN ALIYEV 

(1994-2013)

 

Şəhid Orxan Şirazi oğlu Alıyev 25 noyabr 1994-cü ildə Bakı şəhərində dünyaya gəlib. Əslən Qərbi Azərbaycanın Göyçə mahalındandır. İdmanın cüdo və qaydasız döyüş növləri ilə məşğul olub. 4 yanvar 2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb, 3 ay Bakıda xidmət etdikdən sonra ona çavuş rütbəsi verilib və cəbhə bölgəsinə göndərilib. Milli Ordunun artilleriya qoşunlarında kəşfiyyatçı olaraq xidmətini davam etdirib. Orxan Alıyev xidməti bitirməyinə 6 ay qalmış - 11 dekabr 2013-cü ildə düşmənin atəşkəsi pozması nəticəsində şəhid olub.

 

 

MƏHƏMMƏD BÜRCƏLİYEV

(1914-1994)

 

Azərbaycanın xalq artisti, aktyor və rejissor Məhəmməd İsmayıl oğlu Bürcəliyevin anım günüdür. O, 1914-cü il aprelin 25-də Şəkidə anadan olub. Burada beşillik təhsilini başa vurduqdan sonra fabrik-zavod məktəbinə daxil olub. Əmək fəaliyyətinə Şəki Dövlət Dram Teatrında başlayıb. 1935-ci ildən ömrünün sonunadək Gəncə Dövlət Dram Teatrında çalışıb, 300-dən çox maraqlı obraz yaradıb. “Dəli Kür”, “Mən ki, gözəl deyildim” və başqa filmlərdə yaddaqalan obrazlara imza atıb. Məhəmməd Bürcəliyev 1994-cü il noyabrın 25-də Gəncədə vəfat edib.

 

 

AĞA LAÇINLI 

(1940-2007)

 

Şair, filologiya elmləri namizədi Ağa Laçınlının xatirə günüdür. Ağa Əliqəmə oğlu Əliyev 1940-cı il mayın 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil alıb. Müxtəlif illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin şeir şöbəsində ədəbi işçi, Bakı Dövlət Universitetinin dosenti vəzifələrində çalışıb, Filologiya fakültəsində ədəbiyyat dərnəyinə başçılıq edib, Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub. Bir neçə kitabın müəllifidir. Əsərləri Rusiya, Fransa, Türkiyə, ABŞ, Çin, Hindistan və başqa ölkələrdə çap edilib. Ağa Laçınlı 2007-ci il noyabrın 25-də Bakı şəhərində vəfat edib. O, yazıçı Fəxri Uğurlunun, jurnalistlər Azər Qaraçənli və Oqtay Qorçunun atasıdır.

 

Müəllif | Apa.Tv
Apa.tv