Dünyanın bu günü - 26.10.2020
BAHADUR EYVAZOV
(1907-1987)
Əməkdar həkim, dermatoveneroloq, tibb elmləri doktoru, professor Bahadur Əsgər bəy oğlu Eyvazov 26 oktyabr 1907-ci ildə Qaryagin qəzasının Qarğabazar kəndində anadan olub. Natamam orta məktəbi bitirdikdən sonra Bakı şəhərində orta təhsil alıb, Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsini bitirib. 1935-1937-ci illərdə Azərbaycan SSR Səhiyyə Komissarlığında Elm və tibb təhsili idarəsinə başçılıq edib, 1938-1946-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutunun direktoru olub. 1946-1964-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru, 1973-cü ildən Azərbaycan SSR Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun direktoru vəzifələrində çalışıb. Hazırda həmin institut onun adını daşıyır. Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Həsən bəy Ağayevin qızı Xurşid Ağayeva ilə evli olan Bahadur Eyvazov 1987-ci ildə vəfat edib.
FRANSUA MİTTERAN
(1916-1996)
Fransanın görkəmli siyasi və hərbi xadimi Fransua Mitteran 1916-cı il oktyabrın 26-da Jarnak şəhərciyində zadəgan nəslindən olan xırda sahibkar ailəsində anadan olub. İkinci Dünya müharibəsinə baş serjant rütbəsində qatılıb. Döyüşlərin birində yaralanaraq faşistlərə əsir düşüb. Həbs düşərgəsindən iki dəfə uğursuz olaraq qaçmağa çalışıb, yalnız üçüncü dəfə buna nail olaraq Fransaya gəlib və Müqavimət hərəkatına qoşulub. Tezliklə hərbi əsirlərin və deportasiya edilmiş insanların gizli milli hərəkatına rəhbərlik edib. Fransa azad olunduqdan sonra Demokratik və Sosialist Müqavimət İttifaqı Partiyasının rəhbəri olub. Dördüncü respublika dövründə 11 hökumətdə ikinci dərəcəli vəzifələr tutub. 1981-1995-ci illərdə Fransa Prezidenti olub. Fransua Mitteran 8 yanvar 1996-cı ildə dünyasını dəyişib.
MƏHƏMMƏD RZA PƏHLƏVİ
(1919-1980)
Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi 1919-cu ilin bu günü İranın paytaxtı Tehran şəhərində görkəmli sərkərdə və Pəhləvilər sülaləsinin banisi Rza xanın ailəsində anadan olub. 1925-ci ildə Rza xan özünü İranın şahı, Məhəmməd Rzanı isə şahzadə elan edib. 1935-ci ildə İsveçrədəki İnstitut Le Roseyi (kollec) bitirdikdən sonra İrana qayıdıb və Tehran hərbi məktəbində hərbi təhsil alıb. 16 sentyabr 1941-ci ildən 11 fevral 1979-cu il tarixinədək İran şahənşahı olub. 1979-cu ilin fevralında baş verən İslam inqilabı nəticəsində İranda şahənşahlıq ləğv olunub və İran İslam Respublikası elan edilib. Vətənini tərk edərək mühacirətə yollanmaq məcburiyyətində qalan Məhəmməd Rza Pəhləvi 27 iyul 1980-ci ildə Misirin paytaxtı Qahirədə dünyasını dəyişib və əl-Rifahi məscidində dəfn edilib.
QURBAN ABBASOV
(1926-1994)
Azərbaycanın əməkdar mühəndisi, fəxri neftçi, Sosialist Əməyi Qəhrəmanı, xalq arasında “Neftçi Qurban” adı ilə məşhur olan Qurban Abasqulu oğlu Abbasov 26 oktyabr 1926-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində anadan olub. Azərbaycan Neft İnstitutunun neft-mədən fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə fəhlə kimi başlayıb. Müxtəlif illərdə qazmaçı, buruq ustası, qazma sahəsi idarəsinin rəisi, müdir, baş direktor müavini və baş direktor vəzifələrində, 1992-ci ildən isə ömrünün sonunadək Azərbaycan Dövlət Neft Şirkətinin baş müşaviri kimi çalışıb. O, açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarından biri olub. “Qırmızı Əmək Bayrağı”, “Oktyabr inqilabı” və “Şöhrət” ordenlərinə, bir çox mükafatlara və medallara layiq görülüb. Qurban Abbasov 1994-cü ilin sentyabrın 14-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
FƏRHAD XƏLİLOV
(1946)
Azərbaycanın xalq rəssamı Fərhad Qurban oğlu Xəlilov 1946-cı il oktyabrın 26-da Bakıda anadan olub. 23 saylı orta məktəbdə təhsil alıb. İlk peşə təhsilini 1961-1966-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində alıb. Daha sonra Stroqanov Rəssamlıq Məktəbində və Moskva Poliqrafiya İnstitutunda təhsilini davam etdirib. 1987-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilib. Fərhad Xəlilov 2006-cı ildə Azərbaycan incəsənətinin inkişafında göstərdiyi xidmətlərə görə "Şöhrət" ordeni, 2016-cı ildə "Şərəf" ordeni ilə təltif olunub. 2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin "Birliyin ulduzu" mükafatına layiq görülüb.
ŞAHLAR HÜSEYNOV
(1968-1992)
Azərbaycanın Milli Qəhrəmanı Şahlar İsa oğlu Hüseynov 1968-ci ilin bu günü Qərbi Azərbaycanın Dərəçiçək mahalının Razdan rayonunun Hankavan kəndində dünyaya gəlib. 1985-ci ildə burada təhsilini rus dilində başa vurub, 1986-1988-ci illərdə Moskvada hərbi xidmətdə olub. Gəncə şəhərindəki 27 saylı texniki-peşə məktəbini bitirdikdən sonra Alüminium zavodunda çilingər işləməyə başlayıb. Xocalı soyqırımından sonra könüllü olaraq Gəncə batalyonuna yazılıb və Qarabağ uğrunda döyüşlərə qatılıb. Şahlar Hüseynov 10 aprel 1992-ci ildə Şıxarx kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olub və Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Gəncə küçələrindən biri onun adını daşıyır.
RAFİQ HÜSEYNOV
(1946-2017)
Azərbaycanın xalq artisti, diktor Rafiq Hüseyn oğlu Hüseynovun anım günüdür. O, 4 avqust 1946-cı ildə Şuşa şəhərində anadan olub. 17 yaşından Azərbaycan Televiziyasında çalışıb, 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. “Şəki”, “Fəryad”, “Nəsrulla Nəsrullayev”, “Biz qayıdacağıq”, “Gün keçdi” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. 2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülüb. Rafiq Hüseynov 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib və Bakının Yasamal qəbiristanlığında dəfn olunub.