Dünyanın bu günü - 26.01.2021

DAŞALTI ƏMƏLİYYATI

(1992)

 

Şuşa yaxınlığındakı Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatın ildönümüdür. Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ilk uğursuz əməliyyatı olmaqla yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb. Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb. O zamankı müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik etdiyi əməliyyatda yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak ediblər. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltına daxil olan Azərbaycan əsgərləri düşmənin pusqusuna düşərək məhv edilib. Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa, onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.

 

 

FİRUDİN BƏY KÖÇƏRLİ

(1863-1920)

 

Görkəmli Azərbaycan alimi, filosof və ədəbiyyatşünas Firudin bəy Əhməd bəy oğlu Köçərli 1863-cü il yanvarın 26-da Şuşada anadan olub. Qori Müəllimlər Seminariyasını bitirib, bir müddət İrəvan gimnaziyasında, sonra isə Qori seminariyasında dərs deyib, ədəbi fəaliyyətə də həmin vaxtdan başlayıb. Azərbaycan ədəbiyyatı tarixinə aid ilk əsərlərdən olan “Azərbaycan ədəbiyyatı”, “Mirzə Fətəli Axundov” kitabçalarını nəşr etdirib. 1908-ci ildə “Azərbaycan türk ədəbiyyatı” adlı fundamental əsərini bitirib. Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Çexov, Qoqol, Sereteli və başqaları haqqında elmi məqalələr yazıb. Tərcümə sahəsində də səmərəli çalışıb. 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Qazax şəhərinə köçürərək, onu müstəqil milli seminariyaya çevirib. Firudin bəy Köçərli 1920-ci il iyunun 6-da anti-sovet Gəncə üsyanının təşkilatçılarından biri kimi həbs olunaraq güllələnib.

 

 

NİKOLAE ÇAUŞESKU

(1918-1989)

 

Rumın siyasətçi və dövlət xadimi Nikolae Çauşesku 26 yanvar 1918-ci ildə dünyaya gəlib. Ailəsi kasıb yaşasa da, atası ona ibtidai təhsil verə bilib. 11 yaşı olarkən Buxarestə köçüb, çəkməçi yanında çəkməçiliyi öyrənməyə başlayıb. 1932-ci ildə gizli fəaliyyət göstərən kommunist gənclər hərəkatına qoşulub, 1936-cı ildə isə Kommunist Partiyasına üzv olub. Kommunistlərin mitinqlərində iştiraka və təbliğata görə həbs edilən gələcək diktator iki il həbs həyatı yaşayıb. Həbsdən çıxandan sonra 1946-cı ildə Yelena Petresku ilə ailə qurub. Əvvəlcə kənd təsərrüfatı naziri, ardınca isə silahlı qüvvələr nazirinin müavini vəzifəsində çalışıb. 1952-ci ildə Mərkəzi Komitəyə, iki ildən sonra isə Rumıniya Kommunist Partiyasının Siyasi Bürosuna üzv olub. 1965-ci ilin mart ayında baş katib Georgiu-Dejanın ölümündən sonra Rumıniya Kommunist Partiyasının birinci katibi olub. 1974-cü ildə konstitusiyanı dəyişmək qərarına gəlib və ölkədə prezident vəzifəsini tətbiq edib. 1972-ci ildə xanımını Mərkəzi Komitəyə üzv, 1980-ci ildə isə baş nazirin birinci müavini vəzifəsinə təyin edib. Baş nazir vəzifəsini prezident postu ilə birləşdirib. 1989-cu ilin dekabrında ölkədə narazılıqlar başlanıb, lakin əhalinin böyük hissəsinin onu dəstəkləyəcəyinə ümid edən Çauşesku 1989-cu ilin dekabrın 17-də Timişoarada nümayişçilərin güllələnməsinə qərar verib. Ancaq bir gün sonra Rumıniyanın bütün şəhərlərində minlərlə insan küçələrə axışdığı üçün üsyanın qarşısının alınması mümkünsüz olub. Diktator xanımı ilə birgə Rumıniya Senatının damından qaçsa da, Tırqovişte şəhərində həbs edilib. Dekabrın 25-də rumın hərbçilər prezident və xanımı üzərində televiziya vasitəsilə yayımlanan məhkəmə prosesi başladıb. Cəmi iki saat davam edən məhkəmə prosesində Nikolae və Yelena Çauşeskular ölüm hökmünə məhkum edilib. Keçmiş diktator və xanımının meyiti bir neçə gün stadionda qalandan sonra Buxarestdə dəfn olunub.

 

 

ƏZİZƏ ƏHMƏDOVA 

(1932)

 

Azərbaycanlı yazıçı, şair, tərcüməçi, dramaturq, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru Əzizə Yəhya qızı Əhmədova 1932-ci ilin bu günü Bakıda dünyaya göz açıb. Pedaqoji texnikumda, Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində təhsil alıb.  "Uşaq və gənclər" nəşriyyatında əmək fəaliyyətinə başlayıb, daha sonra Azərbaycan ensiklopediyasında böyük redaktor, "Gənclik" nəşriyyatına direktor vəzifələrində çalışıb.  "Xınalı qayalar", "Yaz qarı", "Onu çiçəklər sevdi", "Bu ellərə vurulmuşam", "Bir ürək sındırmışam", "Çiçəklərim" və başqa əsərlərin müəllifidir. Əzizə Əhmədova tərçüməçi kimidə böyük işlər görüb.

 

 

MUSA MİRZƏYEV

(1933-2016)

 

Azərbaycanın xalq artisti,  professor Musa Abdulla oğlu Mirzəyev 26 yanvar 1933-cü ildə Bakı şəhərində dünyaya gəlib. Asəf Zeynallı adına Bakı musiqi texnikumunda, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında görkəmli sənətkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb. Əmək fəaliyyətinə 1958-ci ildən etibarən Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində gənclər xorunun konsertmeysteri kimi başlayıb və 1978-ci ilədək burada çalışıb. Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, “Şur” musiqi nəşriyyatında müxtəlif vəzifələrdə işləyib, 1993-cü ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında çalışıb. "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunan Musa Mirzəyev 29 yanvar 2016-cı ildə Bakıda vəfat edib.

 

 

AYGÜN KAZIMOVA

(1971) 

 

Azərbaycanın xalq artisti, müğənni, bəstəkar və aktrisa Aygün Ələsgər qızı Kazımova  1971-ci il yanvarın 26-da Bakı şəhərində dünyaya gəlib. 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə gedib. 8-ci sinifdə oxuyarkən atasını itirib. 1986-cı ildə Mədəni Maarif texnikumunda təhsili yarımçıq qalıb. O dövrlərdə “Qaya” vokal instrumental ansamblının solisti olaraq fəaliyyət göstərib. Peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə gəlib. Müsabiqədə Vaqif Gərayzadənin bəstələdiyi “Yarım eşitsin məni” mahnısını ifa edib və ilk Qran-prisini məhz bu yarışmada qazanıb. Aygün Kazımovanın ilk evliliyindən İlqarə adlı bir qızı var.

 

 

ŞAMİL BABAYEV

(1988-2020)

 

Şəhid Şamil Baloğlan oğlu Babayev 1988-ci ilin bu günü Culfa rayonunda anadan olub. Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının kapitanı olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində bir sıra döyüşlərdə iştirak edib. Şamil Babayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub və Culfa rayonunda dəfn edilib. Ölümündən sonra  "Zəfər" ordeninə, "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.

 

 

NURLAN ABDULLAYEV 

(1992-2020)

 

Şəhid Nurlan İnqilab oğlu Abdullayev 26 yanvar 1992-ci ildə Beyləqan rayonunda anadan olub. 2010-2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildə könüllü olaraq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Çavuş Nurlan Abdullayev sentyabrın 30-da Füzuli rayonunun Horadiz kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub və Beyləqan Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

TƏBRİZ BƏKİROV

(1993-2020)

 

Şəhid Təbriz Etibar oğlu Bəkirov 1993-cü il yanvarın 26-da Ucar rayonunun Bağırbəyli kəndində anadan olub. Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. Həqiqi hərbi xidmət zamanı Azərbaycan sülhməramlı qoşunlarında xidmət edib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib və oktyabrın 8-də Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Təbriz Bəkirov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

ELMƏDDİN QƏHRƏMANOV 

(1997-2020)

 

Şəhid Elməddin Niyaməddin oğlu Qəhrəmanov 1997-ci ilin bu günü Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib. Leytenant Elməddin Qəhrəmanov oktyabrın 6-da Ağdam rayonu istiqamətində şəhid olub və Kəngərli rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.

 

KAZIM QARABƏKİR PAŞA

(1882-19480

 

Türkiyənin görkəmli hərbi və siyasi xadimi, general Musa Kazım Qarabəkirin anım günüdür. O, 1882-ci il iyulun 23-də İstanbulda dünyaya gəlib. 1902-ci ildə Hərbiyyə Məktəbindən, 1905-ci ildə Baş Qərargahın məktəbindən məzun olub. Atatürkün yaxın silahdaşlarından biri olub. Birinci Dünya müharibəsində iştirak edib, hərbi sahədəki xidmətlərinə görə diviziya generalı, sonra ordu generalı rütbəsinədək yüksəlib. Osmanlı Şərq ordusunun baş komandanı kimi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsinin erməni silahlı qüvvələrinin təcavüzündən müdafiəsində mühüm xidmətlər göstərib. Türkiyənin istiqlal savaşında iştirak edib, Cümhuriyyətin elanından sonra siyasi fəaliyyətlə məşğul olub, bir müddət Türkiyə Böyük Millət Məclisinin sədri olub. Türkiyənin “İstiqlal” ordeninə layiq görülən Kazım Qarabəkir Paşa 26 yanvar 1948-ci ildə Ankarada vəfat edib. Naxçıvanda adına məscid var.

 

 

XURAMAN ABBASOVA

(1927-1998)

 

Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı Xuraman Zeynal qızı Abbasovanın xatirə günüdür. O, 31 dekabr 1927-ci ildə Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub. Əmək fəaliyyətinə erkən başlayıb, rayonun Əli Bayramov adına sovxozunda çalışıb. Gənc yaşlarından əmək fəaliyyəti ilə yanaşı, təhsilini də davam etdirib və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirərək aqronom ixtisasına yiyələnib. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1988-ci ilin fevralında Dağlıq Qarabağda azərbaycanlıların Əsgərandakı erməni separatçılarının üzərinə yürüş edənlərin qarşısına yaylığını atması ilə daha çox məşhurlaşıb. Xuraman Abbasova 1998-ci il yanvarın 26-da Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn edilib.

 

 

TAMİLLA MUSAYEVA 

(1931-2019)

 

Azərbaycanın əməkdar elm xadimi, tarix üzrə elmlər doktoru, professor Tamilla Həşim qızı Musayeva da bu gün xatırlanır. O, 1931-ci il dekabrın 31-də Bakıda anadan olub. Bakı şəhərindəki 46 saylı orta məktəbdə və Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun "Azərbaycanın müasir tarixi" şöbəsinin baş elmi işçisi, "Azərbaycan mədəniyyəti tarixi" şöbəsinin müdiri vəzifələrində çalışıb. 100-dən artıq elmi əsərin, o cümlədən dörd monoqrafiyanın müəllifidir. Üçcildlik "Azərbaycan tarixi" kitabının,  Azərbaycan Sovet Ensiklopediyasında nəşr olunmuş bir sıra məqalələrin müəllifidir.  Azərbaycan SSR-in Dövlət Mükafatına layiq görülən Tamilla Musayeva 26 yanvar 2019-cu ildə Bakıda vəfat edib və "Qurd qapısı" qəbiristanlığında həyat yoldaşı, tarix elmləri doktoru, professor Adil Məmmədovun yanında dəfn olunub.

 

 

İSLAM RZAYEV

(1934-2008)

 

Azərbaycanın xalq artisti, xanəndə İslam Tapdıq oğlu Rzayevin anım günüdür. O, 1934-cü il noyabrın 11-də Füzuli rayonunun Sərdarlı kəndində doğulub. Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində Seyid Şuşinskinin sinfində təhsil alıb. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra solist kimi fəaliyyət göstərib. 1988-ci ildən ömrünün sonuna kimi “Muğam” teatrının bədii rəhbəri olub. Milli Konservatoriyada və İncəsənət Universitetində dərs deyib. Nadir səs tembrinə və geniş diapazona malik sənətkarın ifasında səslənən mahnılar Azərbaycan teleradiosunun qızıl fondunda saxlanılır. 2003-cü ildə “Şöhrət” ordeninə layiq görülən İslam Rzayev 26 yanvar 2008-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

TOFİQ QASIMOV

(1938-2020)

 

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Məsim oğlu Qasımovun xatirə günüdür. O,  1938-ci il aprelin 10-da Ağdaş rayonunun Ləki kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil alıb, universitetdə Stalin təqaüdçüsü olub. Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda başlayıb. Elmlər Akademiyasının bir qrup əməkdaşı ilə birlikdə əvvəlcə “Bakı Alimlər Klubu”nu yaradıb. Azərbaycan Xalq Cəbhəsinin nizamnaməsinin hazırlanmasında iştirak edib və qurumun idarə heyətinin üzvü olub. 1992-ci ilin may ayında Xarici İşlər naziri təyin edilib və 1993-cü il iyunun 26-dək bu vəzifədə çalışıb. Müsavat Partiyasının bərpaçılarından biri olub.  1995-ci ildə qeyri-qanuni təşkilat yaratmaq və dövlət çevrilişinə cəhd ittihamları ilə həbs edilib, bir müddət sonra səhhətində yaranmış problemlərlə əlaqədar azadlığa buraxılıb. Türkiyə universitetlərində pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra əvvəlcə Norveçə, oradan da İsveçrəyə köçüb. Tofiq Qasımov 2020-ci il yanvarın 26-da İsveçrənin Lütsern şəhərində vəfat edib və orada dəfn olunub.

 

 

GÖYÜŞ QARAYEV

(1970-1994)

 

Şəhid Göyüş Adil oğlu Qarayev də bu gün xatırlanır. O, 1970-ci il dekabrın 15-də Bakıda anadan olub. Badamdar qəsəbədəki 239 saylı orta məktəbi bitirib. Daxili Qoşunların hərbi qulluqçusu kimi torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Gizir Görüş Qarayev 26 yanvar 1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Badamdar qəsəbəsinin küçələrindən birinə onun adı verilib, yaşadığı binaya isə barelyefi vurulub.

Müəllif | Apa.Tv
Apa.tv