Dünyanın bu günü - 26.05.2021

SULTANMƏCİD ƏFƏNDİYEV

(1887-1938)

 

Həkim, ictimai-siyasi xadim, inqilabçı və Sultanməcid Məcid oğlu Əfəndiyev 26 may 1887-ci ildə Şamaxı şəhərində tacir ailəsində doğulub. 1904-cü ildən RSDFP üzvü, RSDFP Bakı Komitəsi yanında “Hümmət” qrupunun rəhbərlərindən biri olub. Birinci Rus inqilabında fəal iştirak edib, zəhmətkeşlər arasında təbliğat aparıb. 1907-ci ilin fevral ayında inqilabi və anti-çarizm fəaliyyətinə görə Kazan şəhərinə sürgün olunub, burada Kazan Dövlət Universitetindən məzun olub və həkimlik peşəsinə yiyələnib. 1919-cu ilin avqustunda Həştərxanda həkim kimi dəmir polka daxil olub, bir qədər sonra RK(b)P MK yanında Şərq xalqları kommunist təşkilatlarının Mərkəzi Bürosunun sədr müavini təyin olunub. 1919-cu ilin iyunundan Milli işlər üzrə Xalq Komissarlığı yanında Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar olub. 1920-ci ilin aprel işğalından sonra Azərbaycana qayıdıb. 1920-ci ilin iyunundan Azərbaycan K(b) P MK-nın Gəncə quberniyasında fövqəladə müvəkkil və Gəncə quberniyasının fövqəladə komissarı, 1921-ci ildə Azərbaycan SSR xalq torpaq komissarı təyin edilib. 1929-cu ildən Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədr müavini, 1931-ci ilin dekabrından 1937-ci ilin iyununadək sədri olub. 1937-ci ilin yayında həbs olunan Sultanməcid Əfəndiyev 21 aprel 1938-ci ildə güllələnib.

 

 

VƏLİ XULUFLU

(1894-1938)

 

Ədəbiyyatşünas, publisist, professor Vəli Məmmədhüseyn oğlu Xuluflu 1894-cü il mayın bu günü Yelizavetpol quberniyasının Xuluflu qəsəbəsində doğulub. İbtidai təhsilini mollaxanada alıb, sonra isə "Mədrəseyi-Ruhaniyyə"ni bitirib və elə həmin məktəbdə müəllim saxlanılıb. O vaxtdan etibarən gizli inqilabi işə qoşulub, sonra RSDFP sıralarına daxil olub. Gəncə quberniyasında qəza partiya komitəsinin katibi işləyib. Bakıda Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsilini davam etdirdiyi müddətdə yeni türk (Azərbaycan) əlifbası komitəsində çalışıb. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda elmi katib, Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, Mərkəzi Arxiv İdarəsinin müdiri, Azərbaycan SSR Xalq Maarif Komissarlığında idarə rəisi və Dövlət Elmi Şurasının sədr müavini olub. 1927-ci ildə "El aşıqları" toplusunu çap etdirib. Vəli Xuluflu 1938-ci il repressiyası dövründə həlak olub.

 

 

NƏCİB FAZİL KISAKÜRƏK

(1904-1983)

 

Müasir türk mütəfəkkiri, şair və yazıçı Nəcib Fazil Kısakürək 1904-cü il mayın 26-da anadan olub. "Bəhriyyə" məktəbində, İstanbul Universitetinin Ədəbiyyat fakültəsində və Sorbonna Universitetinin Fəlsəfə fakültəsində təhsil alıb. Türkiyəyə qayıtdıqdan sonra banklarda müfəttiş, mühasibat şöbəsinin müdiri vəzifələrində işləyib, universitetlərdə müəllimlik edib. Adıdeğmez, Mürid, Əhməd Abdülbaki kimi təxəllüslərdən istifadə edərək, gündəlik yazılarını müxtəlif qəzetlərdə dərc etdirib. Bir sıra kitabların müəllifi olan Nəcib Fazil Kısakürək 1983-cü il mayın 25-də vəfat edib.

 

 

İLYAS ƏFƏNDİYEV

(1914-1996)

 

Azərbaycanın xalq yazıçısı, nasir, dramaturq, Dövlət Mükafatı laureatı İlyas Məhəmməd oğlu Əfəndiyev 26 may 1914-cü ildə Füzuli şəhərində dünyaya göz açıb. 1930-cu ildə pedaqoji təmayüllü orta məktəbi bitirib. 1933-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinə daxil olub, 1938-ci ildə bu ali təhsil ocağının coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirib. Həmin ilin axırlarından Bakıda “Yeni yol”, “Kommunist” və “Ədəbiyyat qəzeti” redaksiyalarında çalışıb. Onun ilk mətbu əsəri olan “Buruqlar arasında” oçerki 1938-ci ilin noyabrında, eləcə də “Berlində bir gecə” adlı ilk hekayəsi “Ədəbiyyat qəzeti”nin 1939-cu il 26 yanvar tarixli nömrəsində dərc olunub. “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Geriyə baxma, qoca”, “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Məhv olmuş gündəliklər” və digər əsərləri ilə adını XX əsr Azərbaycan ədəbiyyatının sütunları sırasına yazdıra bilib, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açaraq “İlyas Əfəndiyev teatrı”nı yaradıb. İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub. O, xalq yazıçısı Elçinin və əməkdar elm xadimi Timuçin Əfəndiyevin atasıdır.

 

 

XƏLİL İNALCIQ

(1916-2016)

 

Krım tatar əsilli məşhur türkiyəli tarixçi Xəlil İnalcığın doğum günüdür. O, 1916-cı ildə İstanbul şəhərində anadan olub. Balıkesir Müəllim Məktəbini bitirdikdən sonra 1935-ci ildə Ankara Universiteti Dil, Tarix və Coğrafiya Fakültəsinin Yeni Çağ Tarixi bölümündə ali təhsil alıb. Uzun illər bu fakültədə Osmanlı və Avropa tarixi üzrə müəllim kimi çalışdıqdan sonra 1972-ci ildə Çikaqo Universitetinin Tarix bölümünə dəvət edilib. 1973-cü ildə nəşr olunan “Osmanlı imperiyası: klassik dövr (1300-1600)” adlı kitabı ona böyük şöhrət gətirib. 1993-cü ildə Bilkənt Universitetinə dəvət edilib və burada Tarix bölməsini yaradıb. Xəlil İnalcıq 2016-cı il iyunun 25-də Ankarada dünyasını dəyişib.

 

 

OFELİYA SƏNANİ

(1941)

 

Azərbaycanın xalq artisti, teleaparıcı və aktrisa Ofeliya Hacağa qızı Sənani 1941-ci ilin bu günü dünyaya gəlib. 1966-cı ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1959-1975-ci illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən televiziyada fəaliyyət göstərir. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirib. "Dağlarda döyüş", "Ulduzlar sönmür" kimi filmlərdə də çəkilib. Ofeliya Sənani məşhur idman şərhçisi Valid Sənaninin həyat yoldaşı, xalq artisti Möhsün Sənaninin gəlinidir.

 

 

ƏLƏMDAR MAHİR

(1950-2014)

 

Görkəmli qəzəlxan-şair, füzulişünas tədqiqatçı Ələmdar Mahirin doğum günüdür. O, 1950-ci ildə Bakının Nardaran kəndində gözünü dünyaya açıb. Buradakı orta məktəbdə oxuyub, lakin ailə-məişət qayğıları ali təhsil almasına imkan verməyib. İslam dini ehkamlarını, klassik Şərq poeziyasını, muğam və əruz elmlərini bütün incəlikləri ilə bilən müdrik ağsaqqalların söhbətlərini dinləyib, maariflənib. İstər din və şəriət məsələlərində, istər klassik Azərbaycan poeziyası sahəsində canlı ensiklopediya sayılıb. Ələmdar Mahir 2014-cü ilin fevralın 21-də vəfat edib və Nardaranda dəfn olunub.

 

 

ASİM ABBASOV 

(1987-2020)

 

Şəhid Asim Rasim oğlu Abbasov 1987-ci il mayın 26-da İmişli rayonunun Hacırüstəmli kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2012-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Çavuş Asim Abbasov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

DENİS ƏLİYEV 

(1989-2020)

 

Şəhid Denis Aleksandroviç Əliyev 26 may 1989-cu ildə Xətai rayonunda anadan olub. Xətai rayonundakı 59 nömrəli tam orta məktəbdə təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Əsgər Denis Əliyev oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı şəhid olub və Keşlədəki Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

RƏŞAD MİRZƏLİ

(1995-2020)

 

Şəhid Rəşad Hafiz oğlu Mirzəli 1995-ci ilin bu günü Tərtər rayonunun Hacıqərvənd kəndində dünyaya gəlib. Mingəçevir İdman və Turizm Kollecində təhsil alıb. Hərbi xidmət zamanı sülhməramlı qüvvələrin sıralarında Əfqanıstanda xidmət edib. Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə Türkiyə Prezidenti tərəfindən təltif olunub.  Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Talış kəndi və Suqovuşan qəsəbəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Gizir Rəşad Mirzəli oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

ELMİR KƏRİMOV

(1998-2020)

 

Şəhid Elmir Rəhim oğlu Kərimov 1998-ci il mayın 26-da Balakən rayonunun Hənifə kəndində anadan olub. 2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2018-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elmir Kərimov Suqovuşan döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

 

MİRCƏFƏR BAĞIROV

(1896-1956)

 

Sovet Azərbaycanının ən qəddar rəhbəri Mircəfər Mirabbas oğlu Bağırov 26 may 1956-cı ildə güllələnib. O, 1896-cı il sentyabrın 17-də Quba şəhərində anadan olub. İlk təhsilini mollaxanada alıb. Quba şəhərindəki ibtidai məktəbi bitirdikdən sonra təhsilini Quba ali ibtidai məktəbində davam etdirib. 1913-cü ildə məktəbi bitirib, daha sonra Petrovsk şəhərində 2 illik pedaqoji kursa daxil olub. Əmək fəaliyyətinə gənc müəllim kimi Xudat stansiyasındakı kənd məktəbində başlayıb. 1917-ci ildən inqilabi fəaliyyətə qoşulub və Həştərxana gedib. 1921-ci il aprelin 2-də ona Azərbaycan Fövqəladə Komissiyasının təşkili tapşırılıb. Bu vəzifədə 1927-ci ilin sentyabrın ortalarına kimi çalışıb. 1927-1928-ci illərdə Zaqafqaziya su təsərrüfatı idarəsinin, 1928-1929-cu illərdə Zaqafqaziya kənd təsərrüfatı idarəsinin sədri, 1929-1930-cu illərdə Azərbaycan Dövlət Siyasi İdarəsinin, 1932-1933-cü illərdə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri olub. 1933-cü ildən etibarən 22 il ərzində Sovet Azərbaycanına rəhbərlik edib. Onun fəaliyyətində 1937-1938-ci illər repressiyası qara ləkə kimi iz buraxıb. Mircəfər Bağırov 1955-ci ildə həbs olunub və 12-26 aprel 1956-cı ildə Bakıda keçirilmiş məhkəmədə güllələnməyə məhkum edilib.

 

 

ZBİQNEV BJEZİNSKİ

(1928-2017)

26 may eyni zamanda Amerika politoloqu, sosioloqu və dövlət xadimi Zbiqnev Bjezinskinin anım günüdür. O, 1928-ci il martın 28-də Polşanın paytaxtı Varşavada diplomat ailəsində dünyaya göz açıb. Uşaqlığı öz doğma şəhərində keçsə də, tezliklə ailəsi ilə birlikdə oranı tərk etməli olub. Çünki dövrünün nüfuzlu diplomatlarından sayılan atası 1938-ci ildə Polşanın Monrealdakı konsulluğuna işə göndərilib. Bir qədər sonra başlayan İkinci Dünya müharibəsi onların vətənə dönməyinə mane olub və beləliklə, Monrealda təhsilini davam etdirib. 1950-ci illərdə ciddi siyasi fəaliyyətə başlayıb və Demokratlar Partiyasına qatılıb. 1966-1968-ci illərdə ABŞ Dövlət Departamentinin siyasi planlaşma şurasının üzvlüyünə seçilib və burada SSRİ-yə qarşı aparılan "soyuq müharibə" strategiyası üzrə fəaliyyətlə məşğul olub. 1976-cı ildə ABŞ Prezidenti seçilən Cimmi Karterin dövründə milli təhlükəsizlik məsələləri üzrə köməkçi postuna təyin edilib. Elmi fəaliyyəti dövründə yazdığı "İki epoxa arasında: Amerika texniki erada", "Böyük iflas", "Hakimiyyət və prinsip", "Böyük şahmat taxtası", "Seçim: qlobal hakimiyyət, yaxud qlobal liderlik" və digər əsərləri indi də öz əhəmiyyətini qoruyub saxlayır. Zbiqnev Bjezinski 2017-ci ildə ABŞ-ın Virciniya ştatında dünyasını dəyişib.

Müəllif | Apa.Tv
Apa.tv