Dünyanın bu günü - 26.06.2021

AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ

(1918)

 

İyunun 26-sı Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaranıb. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb. Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib. Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları daxildir. Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.

 

 

SALVADOR ALYENDE

(1908-1973)

 

Çilinin sosialist prezidenti Salvador Alyende 1908-ci il iyunun 26-da Santyaqo şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Valparasio Universitetində tibb təhsili alıb. Tələbəlik illərində qısa zamanda üzvü olduğu təşkilatın liderlərindən birinə çevrilib və dostları ilə birlikdə sol yönümlü “Partido Socialista” adlı kommunist partiyasını yaradıb. 1939-cu ildə səhiyyə naziri, 1943-cü ildə isə Çili Sosialist Partiyasının icra komitəsinin rəhbəri təyin olunub. Sosial baxımdan az təmin olunmuş insanlar üçün bəzi qanunların qəbul olunmasına nail olub, bu cür fəaliyyətinə görə “Kasıbların Kralı” adını alıb. 1952, 1958 və 1964-cü ildə keçirilən prezident seçkilərində namizədliyini irəli sürüb, ancaq qalib gələ bilməyib. 1967-ci ildə keçirilən seçkilərdə isə qalib gəlib. Seçkilər vasitəsilə hakimiyyətə gəlmiş ilk marksist prezident kimi tarixə düşüb. 1970-ci ildə sosialist, kommunist və liberallardan ibarət Xalq Birliyi adlı siyasi komitə yaradıb. Salvador Alyende 11 sentyabr 1973-cü ildə general Auqusto Pinoçet tərəfindən devrilib və silahlı çevriliş zamanı Prezident Sarayında qətlə yetirilibb.

 

 

HÜSEYN RƏSULBƏYOV

(1917-1984)

 

Azərbaycanın əməkdar mühəndisi, hərbi və dövlət xadimi Hüseyn Cümşüd oğlu Rəsulbəyov 26 iyun 1917-ci ildə Dərbənddə poçt işçisinin ailəsində anadan olub. Orconikidze şəhərindəki Rabitə və Yollar Politexnikumunda, Leninqrad Elektrotexnika Siqnalizasiya və Rabitə Mühəndisləri İnstitutunda, Moskvada Artilleriya Akademiyasında təhsil alıb. İkinci Dünya müharibəsində iştirak edib, rabitə cihazlarının mühəndisi, artilleriya qrupunun rəhbəri, Hava Hücumundan Müdafiə diviziyasının artilleriya üzrə rəisi, zenit-artilleriya qoşunları komandanının müavini və komandanı olub. 1968-ci ildə nümunəvi xidmətlərinə görə ona artilleriya general-leytenantı ali hərbi rütbəsi verilib. Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1975-ci ildə sovet ordusundan ehtiyata buraxılaraq, Azərbaycanın Rabitə naziri təyin edilib və ömrünün sonuna qədər bu vəzifədə çalışıb. Nazir olduğu dövr Azərbaycan rabitəsinin “qızıl dövrü” kimi dəyərləndirilir. Bakı Teleqülləsinin tikintisinə məhz bu dövrdə başlanıb. Bir sıra ordenlər və 14 medalla təltif edilən Hüseyn Rəsulbəyov 1984-cü ildə Bakı şəhərində vəfat edib. Bakıda və Dərbənddə adına küçə verilib.

 

 

NURƏDDİN RZAYEV

(1929-2011)

 

Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Nurəddin Məmmədbağır oğlu Rzayev 1929-cu ilin bu günü Gədəbəydə ziyalı ailəsində anadan olub. Azərbaycan Tibb İnstitutunda təhsil alıb. Bir müddət Türkmənistanda işləyib, sonra Bakıya qayıdaraq, müxtəlif illərdə elmi katib, elmi işlər üzrə direktor müavini, institut direktoru, departament müdiri, universitet prorektoru, professor-konsultant kimi vəzifələrdə çalışıb. 5 elmi ixtiranın, 300-dək elmi məqalənin müəllifi, 5 elmlər doktoru və 31 elmlər namizədinin elmi rəhbəri olub. Nurəddin Rzayev 16 oktyabr 2011-ci ildə dünyasını dəyişib.

 

 

BABƏK QURBANOV

(1939-2019)

 

Fəlsəfə elmləri doktoru, professor Babək Qurbanov 26 iyun 1939-cu ildə Qazax rayonunda Azərbaycanın xalq şairi Osman Sarıvəllinin ailəsində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının musiqi nəzəriyyəsi fakültəsində təhsil alıb. Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda Estetika və etika bölməsinin müdiri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda fəlsəfə və mədəniyyət tarixi kafedrasının müdiri olub. Türkiyədə Atatürk Universitetinin professoru, kafedra müdiri olub, Qaziantəp Türk Musiqisi Dövlət Konservatoriyasında işləyib. 700-ə yaxın əsərin və 30-a yaxın kitabın müəllifidir. Babək Qurbanov 2019-cu il martın 28-də vəfat edib.

 

 

MƏRAHİM FƏRZƏLİBƏYOV

(1949)

 

Azərbaycanın xalq artisti, rejissor Mərahim Fərzəli oğlu Fərzəlibəyov 1949-cu il iyunun 26-da Bakıda anadan olub. Leninqrad Dövlət Teatr və Musiqili Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Çeçenistanın paytaxtı Qroznı şəhərindəki Mixail Lermontov adına Dövlət Rus Dram Teatrında, Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluşçu rejissor, rejissor və baş rejissor kimi çalışıb. Bir çox pyeslərin və filmlərin rejissoru olub, bir neçə film və tamaşada aktyor kimi də rol alıb. Mərahim Fərzəlibəyov 2019-cu ildə Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

 

 

ZAKİR MƏCİDOV

(1956-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Zakir Nüsrət oğlu Məcidov 1956-cı ilin bu günü Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açıb. Orta təhsilini 1973-cü ildə Bakıda başa vurduqdan sonra 1974-cü ildə Rusiyanın Ryazan vilayətinin Sasovo şəhərinə gedərək, Ali Hərbi Aviasiya məktəbinə daxil olub. Əmək fəaliyyətinə leytenant rütbəsi ilə Yevlax aviadəstəsində AN-2 təyyarəsinin ikinci pilotu kimi başlayıb. Müxtəlif illərdə Zabrat aviadəstəsində AN-2 təyyarəsinin komandiri, Mi-2 vertolyotunda heyət komandiri olub. 1992-ci il avqustun 6-da ermənilərin Kasapet yüksəkliyindəki üç mövqeyini susduraraq geri dönüb, lakin dördüncü dəfə havaya qalxan zaman vertolyot raketlə vurulub və Zakir Məcidov öz ekipajı ilə birlikdə qəhrəmancasına həlak olub. Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 14 sentyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

 

MEHDİ MƏHƏRRƏMOV

(1973-1993)

 

Şəhid Mehdi Əmirxan oğlu Məhərrəmov 1973-cü il iyunun 26-da Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1988-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşıb, burada kənd orta məktəbini bitirib. 1992-ci ildə hərbi xidmətə çağırılıb və Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olub. Ağdərə rayonunda gedən döyüşlərdə bacarıqlı rabitəçi kimi xidmət göstərib. 5 fevral 1993-cü ildə Çıldıran kəndində gedən döyüşlər zamanı itkin düşüb və Bərdə rayon Məhkəməsinin qərarı ilə ona şəhid statusu verilib.

 

 

İLKİN ƏHƏDZADƏ 

(1985-2020)

 

Şəhid İlkin Qələmşah oğlu Əhədzadə 26 iyun 1985-ci ildə Bakı şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Mayor İlkin Əhədzadə sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub və II Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

SƏRXAN MUXTAROV

(1988-2021)

 

Şəhid Sərxan İlqar oğlu Muxtarov 1988-ci ilin bu günü Gəncə şəhərində anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Kapitan Sərxan Muxtarov 12 yanvar 2021-ci ildə Qubadlı rayonunda xidmətdə olarkən minaya düşərək şəhid olub və Gəncədə torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ANAR BAHADUROV

(1992-2020)

 

Şəhid Anar Süleyman oğlu Bahadurov 1992-ci il iyunun 26-da Sabirabad şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Anar Bahadurov noyabrın 8-də Şuşa istiqamətində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

ELŞƏN KƏRİMOV

(2001-2020)

 

Şəhid Elşən Rövşən oğlu Kərimov 26 iyun 2001-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elşən Kərimov oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

 

 

HÜSEYN QULUYEV

(2002-2020)

 

Şəhid Hüseyn Həbib oğlu Quluyev 2002-ci ilin bu günü Tovuz rayonunun Ağbaşlar kəndində anadan olub. 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Hüseyn Quluyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub və Tovuz rayonunun Dondar Quşçu kəndində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

CAHANGİR QƏHRƏMANOV

(1927-1995)

 

Azərbaycanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Cahangir Vahid oğlu Qəhrəmanovun anım günüdür. O, 10 fevral 1927-ci ildə Qəbələ şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Orta təhsilini Bakıda alıb. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı şöbəsini bitirdikdən sonra Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alıb. 1955-1960-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda müəllim işləyib. Qədim mənbələrə, xüsusilə də əlyazmalara olan dərin marağı onu 1960-cı ildə Azərbaycan EA-nın Əlyazmalar Fonduna gətirib. 1972-ci ildən ömrünün sonunadək bu müəssisənin rəhbəri olub. “Fədakar əməyə görə” medalı, “Şərəf nişanı” ordeni, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə təltif edilən Cahangir Qəhrəmanov 1995-ci ilin iyununda Bakıda vəfat edib.

 

 

QƏNDAB QULİYEVA

(1949-2017)

 

Azərbaycanın xalq artisti, müğənni Qəndab Həbib qızı Quliyeva da bu gün xatırlanır. 1949-cu il avqustun 10-da Füzuli rayonunun Dilağarda kəndində anadan olub. Azərbaycan Dövlət Musiqi Məktəbində, Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib, səhnəmizin Leylilərindən biri olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğamdan dərs deyib. Bir çox ölkələrdə qastrol səfərlərində olub. Onun ifasında “Xaric Segah”, “Şahnaz”, “Mahur-Hindi”, “Bayatı-Şiraz”, “Şur” muğamları AzTV-nin “Qızıl Fondu”nda saxlanılır. Qəndab Quliyeva 2017-ci ilin iyununda Bakıda vəfat edib.

Müəllif | Apa.Tv
Apa.tv