Dünyanın bu günü - 26.07.2020

FRED ASİF

(1952-1994)

 

Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin doğum günüdür. Asif Yusif oğlu Məhərrəmov 26 iyul 1952-ci ildə Ağdam şəhərində anadan olub. 1969-cu ildə burada 1 saylı orta məktəbi bitirib. Əmək fəaliyyətinə Ağdam Dəzgahqayırma Zavodunda fəhlə kimi başlayıb. Ermənilərin Azərbaycana hərbi təcavüzü başlayandan sonra Xalq Cəbhəsinin özünümüdafiə dəstəsini yaradıb. 1992-ci ildə məhz onun köməyi nəticəsində Aranzəmin, Pircamal və Dəhraz kəndləri düşməndən azad edilib. Naxçıvanik uğrunda gedən döyüşdə ağır yaralanıb, müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdıb. Azərbaycan Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb, amma sağlığında bu adı qəbul etməkdən imtina edib. 1993-cü ilin oktyabrında Şelli uğrunda gedən döyüşdə iştirak edib, səhhəti ağırlaşdığı üçün hərbi hissəni təhvil verib və müalicə məqsədilə Yalta şəhərinə gedib. Fred Asif 1 iyul 1994-cü ildə Yaltada vərəmdən vəfat edib və Bakıda II Fəxri Xiyabanda dəfn edilib. Paytaxt küçələrindən biri onun adını daşıyır.

 

 

AĞACƏBRAYIL ABASƏLİYEV

(1955)

 

Azərbaycanın xalq artisti, kamança ifaçısı Ağacəbrayıl Ağa Saleh oğlu Abasəliyev 1955-ci il iyulun 26-da Bakı şəhərində anadan olub. 6 nömrəli musiqi məktəbində, Asəf Zeynallı adına musiqi kollecində və Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasının Dirijorluq və Xalq musiqisi ifaçısı-solist fakültələrində təhsil alıb. 1972-ci ildən Opera və Balet Teatrında milli üçlükdə iştirak edib. 1975-ci ildə həmin teatrda ilk dəfə olaraq Xalq Çalğı Alətləri ansamblını yaradıb. 1976-cı ildə ekranlaşdırılmış “Dərviş Parisi partladır” filmində kamança ifasını səsləndirib. Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülən Ağacəbrayıl Abasəliyev hazırda Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir.

 

 

TOĞRUL MƏMMƏDOV 

(1988-2016)

 

Şəhid Toğrul Səyyad oğlu Məmmədov 1988-ci il iyulun bu günü  Babək rayonunun Şıxmahmud kəndində anadan olub. Burada kənd orta məktəbində, Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2009-cu ildə leytenant hərbi rütbəsinə layiq görülüb, daha sonra Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində 1 illik ixtisasartırma kursu keçib. Kapitan Toğrul Məmmədov 2016-cı il iyulun 14-də təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və doğulduğu kənddə dəfn olunub.

 

 

RƏŞİD MEHDİYEV

(1990-2016)

 

Şəhid Rəşid Rövşən oğlu Mehdiyev 26 iyul 1990-cı ildə Salyan rayonunun Xələc kəndində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Baş leytenant Rəşid Mehdiyev 2016-cı il aprel 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub və Salyan rayonunun Xələc kəndində dəfn olunub. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

 

 

ELİMDAR SƏFƏROV

(1992-2016)

 

Şəhid Elimdar Səlimxan oğlu Səfərov 1992-ci il iyulun 26-da Yardımlı şəhərində anadan olub. 1993-cü ildə ailəsi ilə birgə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçüb. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Gizir Elimdar Səfərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı qəhrəmancasına şəhid olub və Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dəfn olunub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

 

 

RZA ŞAH PƏHLƏVİ

(1878-1944)

 

İran şahı, Pəhləvilər sülaləsinin banisi Rza şah Pəhləvinin ölüm günüdür. O, 1878-ci il martın 15-də Mazandaran əyalətinin Savadkuh şəhərindəki Alaşt kəndində anadan olub.

Atası Abbas Əli Savadkuhda polkovnik, anası Nüşafərin Zəhra qafqazlı mühacir olub. Atasını kiçik yaşda itirdiyi üçün anası ilə birlikdə Tehranda dayısının yanına köçüb. 1898-ci ildə kazak birliyinin ilk iranlı komandiri olub. Oxuyub yazmağı orta yaşlarında öyrənsə də, şəxsi bacarığı sayəsində karyera pillələrində sürətlə irəliləyib. 1921-ci ildə Qacar dövlətinin hərb naziri və Baş Qərargah rəisi, 1923-cü ildə baş nazir olub. 1925-ci ildə Qacar sülaləsinin sonuncu padşahı Əhməd şah Qacarı devirərək öz xanədanlığını qurub. 1941-ci ilin avqustunda sovet qoşunları şimal-qərbdən, ingilislər cənubdan İran ərazisinə daxil olub və faşist Almaniyası ilə əlaqə saxladığı üçün Rza şah taxtdan salınıb, yerinə oğlu Məhəmməd Rza Pəhləvi gətirilib. O, 1944-cü il iyulun 26-da Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində ölüb. Ölümündən sonra nəşi Misirdə mumiyalanaraq Qahirədəki məscidlərin birində gizlədilib, 1950-ci ildə isə Rey şəhərində dəfn olunub. 1979-cu ilin fevralında baş verən İran İslam inqilabından sonra Rza şah Mavzoleyi ayətullah Xomeyninin göstərişi ilə dağıdılıb. 2018-ci ilin aprel ayında Rza şah Pəhləvinin mumiyasının Tehran şəhəri yaxınlığında yerləşən Şeyx Əbdüləzim türbəsində aşkarlandığı elan edilib.

 

 

ZƏKİ VƏLİDİ TOĞAN

(1890-1970)

 

Görkəmli başqırd alimi, pedaqoq, professor Əhməd Zəki Vəlidi Toğanın anım günüdür. O, 10 dekabr 1890-cı ildə Başqırdıstanın Sterlitamak mahalının Küzən kəndində anadan olub. Mədrəsədə təhsil alıb, ərəb və fars dillərini öyrənib, türk xalqının tarixi ilə bağlı elmi araşdırmalar aparıb. 1912-ci ildə Kazanda nəşr olunan “Türk və tatar tarixi” əsərinə görə Kazan Universiteti Tarix və Arxeologiya Cəmiyyətinin üzvlüyünə qəbul edilib. 1917-ci ildə yaranan Başqırd milli hökumətinin daxili işlər naziri təyin olunub. Bolşevik işğalından sonra İstanbul, Paris və Berlində yaşayıb. 1935-ci ildə Vyana Universitetində “İbn Fədlanın səyahətnaməsi” mövzusunda dissertasiya işini müdafiə edib. Əhməd Zəki Vəlidi Toğan 1970-ci ilin iyulunda İstanbulda vəfat edib.

 

 

İSMAYIL ŞIXLI

(1919-1995)

 

Azərbaycanın xalq yazıçısı, publisist, pedaqoq və ssenarist İsmayıl Qəhrəman oğlu Şıxlı da bu gün xatırlanır. O, 22 mart 1919-cu ildə Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Kosalar kəndində ibtidai məktəbini bitirdikdən sonra Qazax Pedaqoji Məktəbində təhsil alıb, Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləyib. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olub. Kafedra müdiri, Azərbaycan Yazıçılar İttifaqının katibi və sədri, SSRİ Yazıçılar İttifaqının katibi, "Azərbaycan" jurnalının baş redaktoru vəzifələrində çalışıb. İki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı olub. “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanlarının və digər əsərlərin müəllifidir. Bir sıra orden və medallarla təltif edilən İsmayıl Şıxlı 1995-ci ilin iyulunda Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

ŞƏFİQƏ AXUNDOVA

(1924-2013)

 

Azərbaycanın xalq artisti, Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Qulam qızı Axundovanın xatirə günüdür. O,  1924-cü il yanvarın 21-də Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirib. O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilən Şəfiqə Axundova 2013-cü ilin iyulunda Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

NADİR ƏBDÜRRƏHMANOV

(1925-2008)

 

Azərbaycanın xalq rəssamı, professor Nadir Qəmbər oğlu Əbdürrəhmanovun anım günüdür. O, 1925-ci il dekabrın 5-də Laçında anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Tibb İnstitutunda, Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. Azərbaycan Rəssamlıq Məktəbində dərs deyib, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru, Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olub. Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri və Azərbaycan Ali Sovetinin deputatı kimi də səmərəli ictimai fəaliyyət göstərib. "Bakının görünüşü", "Sənaye mənzərəsi", "Yaylaqda", "Dağlarda qürub", "Talış qızı", "Sevimli naxışlar" və başqa əsərlərin müəllifidir. "Şöhrət" ordeninə layiq görülən Nadir Əbdürrəhmanov 2008-ci ilin iyulunda Bakı şəhərində vəfat edib.

Müəllif | Apa.Tv
Apa.tv