Dünyanın bu günü - 26.12.2020
ƏMİNƏ DİLBAZİ
(1919-2010)
Azərbaycanın xalq artisti, rəqqasə, baletmeyster və pedaqoq, milli rəqslərin ustası və səhnə quruluşçusu Əminə Paşa qızı Dilbazi 26 dekabr 1919-cu ildə Qazaxda anadan olub. İlk təhsilini Bakıdakı 132 saylı məktəbin rus bölməsində alıb. Səhnə fəaliyyətinə 1935-ci ildə başlayan rəqqasə ilk əvvəl estradada milli rəqslərin ifaçısı kimi çıxış edib. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq, Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib. Əminə Dilbazi 2010-cu il aprelin 30-da Bakı şəhərində vəfat edib. O, məşhur bəstəkar, Azərbaycanın xalq artisti Cövdət Hacıyevin həyat yoldaşı, xalq şairi Mirvarid Dilbazinin bacısı, bəstəkar-dirijor İsmayıl Hacıyevin anasıdır.
ƏLİ CAVAN
(1926-2016)
Azərbaycan əsilli məşhur Amerika alimi, fizik Əli Cavan 1926-cı il dekabrın 26-da Təbrizdə doğulub. Tehran Universitetindә bir il tәhsil aldıqdan sonra ABŞ-a köçüb, burada Kolumbiya Universitetinin fizika-riyaziyyat fakültәsini bitirәrәk, alimlik dәrәcәsi alıb. “Bell-Telefon Laboratoriz” şirkәtindә laboratoriya rәhbәri olub, 1960-cı ildәn fәaliyyәtini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. Massaçusets Universitetinin professoru olub. Kvant elektronikası vә tәtbiqi, hәmçinin lazer spektroskopiyasına dair tәdqiqatlar aparıb, qeyri-xәtti spektroskopiyanın әsasını qoyub. 30-dan artıq ABŞ patentinin müәllifidir. 1975-ci ildə Amerika Optik Cəmiyyəti tərəfindən ən yüksək mükafata, 1993-cü ildə isə nüfuzlu Albert Eynşteyn mükafatına layiq görülüb. “Şərqin Eynşteyni” və “Lazerin atası” ləqəbləri ilə tanınıb. “Elm dünyasının 100 dahisi” siyahısına düşən Əli Cavan 2016-cı il sentyabrın 12-də Los-Ancelesdə vəfat edib.
NURİYYƏ ƏHMƏDOVA
(1950-2015)
Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü, aktrisa Nuriyyə Əliağa qızı Əhmədova 1950-ci ilin bu günü Bakıda doğulub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" kinojurnalının süjetlərinə çəkildikdən sonra olub. “Həm ziyarət, həm ticarət” filmində canlandırdığı Nuriyyə obrazı ona böyük populyarlıq gətirib. Nuriyyə Əhmədova 2015-ci il oktyabrın 10-da Bakıda vəfat edib.
VƏZİR ORUCOV
(1956-1993)
Azərbaycanın Milli Qəhrəmanı Vəzir Surxay oğlu Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Bakı Yüngül Sənaye Texnikumunda təhsil alıb. 1977-ci ildə hərbi xidmətdən tərxis olunub. Tərtər Çörək Zavodunda çalışıb. Ermənistanın Azərbaycana hərbi təcavüzünün başlanması ilə əlaqədar Vətən torpaqlarının müdafiəsinə qalxıb, sıravi döyüşçüdən batalyon komandirinin müavini vəzifəsinədək yüksəlib. Bir sıra döyüşlərdə şəxsi şücaət göstərib və yaralanıb. Vəzir Orucov 22 mart 1993-cü ildə Ağdərə yaxınlığındakı Qlobus yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 27 mart 1993-cü il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
ELDAR HƏSƏNOV
(1965-1994)
Azərbaycanın Milli Qəhrəmanı Eldar İsfəndiyar oğlu Həsənov 1965-ci il dekabrın 26-da Cəlilabad rayonunda anadan olub. 1983-cü ildə kənd orta məktəbini bitirib. 1984-1986-cı illərdə hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra Cəlilabad rayonunda sürücü işləyib. 1990-cı ildə Xüsusi Təyinatlı Milis Dəstəsinə yazılıb və torpaqlarımızın müdafiəsində misilsiz şücaətlər göstərib. 1994-cü ilin yanvar ayında Füzuli cəbhəsində düşmənin bir neçə zirehli texnikasını, onlarla canlı qüvvəsini məhv edib. Eldar Həsənov 1994-cü il mayın 12-də Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə həlak olub və Cəlilabad rayonunun Lallar kəndində dəfn edilib.
FEYZİ AKÜZÜM
(1922-1991)
Azərbaycan mühacirətinin liderlərindən yazıçı-jurnalist Feyzi Aküzümün anım günüdür. Feyzi bəy Əsədulla bəy oğlu İskəndərbəyov 1922-ci ildə Qarsda doğulub. İlk və orta təhsilini Qarsda alıb, Ankara Universitetinin Ziraət fakültəsini bitirib. Türkiyə Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrdə işləyib. 1949-cu ildən Azərbaycan Kültür Dərnəyinin işlərində böyük fəallıq göstərib, Azərbaycan Milli Mərkəzinin üzvü və Azərbaycan Kültür Dərnəyinin Başqanı olub. "Azərbaycan” dərgisində çoxsaylı yazıları çap edilib. Feyzi Aküzüm 26 dekabr 1991-ci ildə Ankarada vəfat edib.
GƏRAY FƏZLİ
(1924-1995)
Azərbaycan şairi, nasir, publisist və jurnalist Gəray Fəzli oğlu Alimov da bu gün xatırlanır. O, 1924-cü il noyabrın 14-də Qax rayonunun İlisu kəndində dünyaya gəlib. Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. İkinci Dünya müharibəsində iştirak edib, orden və medallara layiq görülüb. Müharibədən sonra ömrünün sonuna kimi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Bir neçə kitabın müəllifidir. Gəray Fəzli 1995-ci il dekabrın 26-da Bakıda vəfat edib.
MƏŞƏDİXANIM NEMƏT
(1924-2016)
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Məşədixanım Sədulla qızı Nemətin xatirə günüdür. O, 1924-cü il yanvarın 5-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb. Elmi fəaliyyətinə 1953-cü ildən Azərbaycan SSR EA Tarix İnstitutunda başlayıb, 1993-cü ildən Arxeologiya İnstitutunda eyniadlı qrupun rəhbəri olub. 60 illik elmi fəaliyyəti dövründə Azərbaycanın bütün tarixi ərazisini – indiki Ermənistan, Dağıstan və Gürcüstanı addım-addım gəzərək, ərəb qrafikasının çətin oxunan kufi kitabələrini araşdıraraq oxuyub və onların tarixi əhəmiyyətini müəyyənləşdirib. 300-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir. Məşədixanım Nemət 2016-cı il dekabrın 26-da Bakıda vəfat edib.