00:01 27 fevral 2021 118
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 27.02.2021

MİRMAHMUD KAZIMOVSKİ

 (1882-1940)

 

Azərbaycanın əməkdar artisti, pedaqoq, dramaturq, bir sıra birpərdəli pyeslərin, vodevillərin və musiqili komediyaların müəllifi, aktyor, rejissor Mirmahmud Mirələkbər Kazımovski 27 fevral 1882-ci ildə Bakının Bilgəh kəndində doğulub. Həbib bəy Mahmudbəyovun üç siniflik rus-tatar məktəbində təhsil alıb. Səhnə fəaliyyətinə Cahangir Zeynalovun “Ev Teatrı”nda başlayıb, sonralar “Nicat” cəmiyyəti nəzdindəki teatr truppasında çalışıb. 1906-cı ildə yaradılmış Bakı Müsəlman Teatrının ilk üzvlərindən biri və təşkilatçısı olub. Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında işləyib. 1921-ci ildə Dərbənddə teatr yaradılmasında iştirak edib. Azərbaycanın ilk peşəkar aktyorlarından olub. Qadınlardan ibarət aktyor heyəti olmadığı bir zamanda qadın rollarında da çıxış edib. Bir çox tamaşaların rejissoru olub. Bir neçə pyes və vodevil yazıb. Bir müddət rus dili, rəsm, nəğmə, hesab dərsləri deməklə yanaşı, həm də məktəblərdə idman dərsi aparıb. Azərbaycanda idmana aid ilk dərsliyin müəllifidir. “Neft və milyonlar səltənətində”, “Bismillah”, “Bakılılar”, “Kəndlilər”, “Sovqat” filmlərində aktyor kimi maraqlı obrazlar yaradıb. Mirmahmud Kazımovski 1940-cı il dekabrın 1-də Bakıda vəfat edib.

 

 

ƏLİ VƏLİYEV

 (1901-1983)

 

Azərbaycanın xalq yazıçısı Əli Qara oğlu Vəliyev  1901-ci il fevralın 27-də Qərbi Azərbaycanın Sisyan rayonunun Ağudi kəndində anadan olub. 1923-cü ildə Şuşa firqə məktəbinə daxil olub, daha sonra Şuşa firqə məktəbində, Bakı mərkəzi firqə məktəbində və mühazirəçilər qrupunda təhsilini davam etdirib, 1931-ci ildə isə Azərbaycan Dövlət Darülfünunun pedaqoji fakültəsini bitirib. Müxtəlif illərdə Kürdüstan qəzasında, qəzetlərdə, ittifaqlarda redaktor, redaktor müavini, məsul vəzifələrdə işləyib. Yaradıcılığa Bakı mərkəzi firqə məktəbində oxuyarkən başlayan nasir 1941-1942-ci illərdə İkinci Dünya müharibəsi cəbhələrində yazıçı-jurnalist kimi iştirak edib, gördüyü, şahidi olduğu insanlar və onların qəhrəmanlığı haqqında "Cəbhə hekayələri"  kitabını yazıb. Onun "Gülşən" povesti və "Çiçəkli" romanı M.F.Axundov adına Respublika Dövlət Mükafatına layiq görülüb. Xidmətlərinə görə müxtəlif orden və medallarla təltif olunan Əli Vəliyev 2 fevral 1983-cü ildə Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

KAMİL SADIXOV

 (1927-2016)

 

Azərbaycan kimyaçı alimi, kimya elmləri doktoru, akademik Kamil İsmayıl oğlu Sadıxov 1927-ci ilin bu günü Şimalı Qafqazda anadan olub. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alan alim 1948-ci ildən əmək fəaliyyətinə başlayıb, 1969-cu ildə isə neft-qaz üzrə kimya mühəndisi olub. Azərbaycan Dövlət Neft Akademiyasının laboratoriyasında maşın yağı almaq üçün məhsul sintez edib. Kamil Axundov 2016-cı il iyulun 8-də Bakıda dünyasını dəyişib.

 

 

SƏBUHİ HACIYEV

 (1969-1990)

 

Şəhid Səbuhi Hacıyev 27 fevral 1969-cu ildə Göygöl rayonunda anadan olub. 1990-cı il yanvarın 14-də Hacıkənd qəsəbəsində atışma gedib. Bu zaman səmada olan hərbi vertolyotdan atəş açılıb və Səbuhi Hacıyev şəhid olub. Göygöl rayonundakı küçələrin birinə onun adı verilib.

 

 

EMİN ALMƏMMƏDOV

(1989-2020)

 

Şəhid Emin Akif oğlu Alməmmədov 1989-cu ilin bu günü Şəmkir şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. 2014-cü ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Emin Alməmmədov sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub və Şəmkir şəhərində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

 

 

TOFİQ ƏMİRLİ

(1992-2020)

 

Şəhid Tofiq Şəmsəddin oğlu Əmirli 1992-ci il fevralın 27-də Cəlilabad rayonunun Fətullaqışlaq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Xocavənd və Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Gizir Tofiq Əmirli oktyabrın 13-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

VACİB MƏMMƏDOV

(2001-2020)

 

Şəhid Vacib Zabit oğlu Məmmədov 27 fevral 2001-ci ildə Şəmkir rayonunun Morul kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Vacib Məmmədov sentyabrın 30-da Tərtər rayonunun Talış qəsəbəsi uğrunda gedən döyüşlər zamanı şəhid olub və Şəmkir rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

BƏSTİ BAĞIROVA

(1905-1962)

 

Sovet Azərbaycanının məşhur pambıq ustası, iki əllə pambıq yığımı hərəkatının təşəbbüsçüsü, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Məsim qızı Bağırovanın anım günüdür. O, 10 aprel 1905-ci ildə Goranboy rayonunun Bağçakürd kəndində anadan olub. 1930-1933-cü illərdə "Bağçakürd" kolxozunda kolxozçu, 1933-1950-ci illərdə manqa başçısı, 1953-1962-ci illərdə isə sədri olub. Bakı Ali Partiya Məktəbini bitirib. Bir neçə çağırış SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olub. 3 dəfə “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif edilib. Bəsti Bağırova 1962-ci il fevralın 27-də doğulduğu Bağçakürd kəndində vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn edilib.

 

 

AKİM ABBASOV

(1911-1992)

 

Azərbaycan-sovet hərbi və dövlət xadimi, general-mayor Akim Əli oğlu Abbasovun xatirə günüdür. O, 25 may 1911-ci ildə Zəngəzur qəzasının Ərikli kəndində anadan olub. Fəhlə-Kəndli Qızıl Ordusunun Zaqafqaziya hərbi hazırlıq məktəbində, Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb. Müxtəlif illərdə taqım komandiri, alay komandiri, qərargah rəisi, komandir müavini, komandir olub. İkinci Dünya müharibəsində iştirak edib. 1967-ci ilin iyunundan 1979-cu ilədək Azərbaycan SSR Avtomobil sənayesi nazirinin müavini, 1982-ci ildən Azərbaycan SSR Sülhün Müdafiəsi Komitəsinin sədr müavini, 1989-cu ildən Bakı şəhər Müharibə Veteranları Komitəsinin sədri vəzifələrində çalışıb. "Qırmızı Bayraq", "Qırmızı Ulduz" ordenləri və müxtəlif medallarla təltif olunub. Akim Abbasov 1992-ci il fevralın 27-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn edilib.

 

 

NƏCMƏDDİN ƏRBAKAN

(1926-2011)

 

Türkiyənin 23-cü baş naziri Nəcməddin Ərbakan da bu gün xatırlanır. O, 1926-cı il oktyabrın 29-da Sinop şəhərində anadan olub. İstanbul Texniki Universitetində təhsil alıb. Müxtəlif illərdə Türkiyə Palatalar və Birjalar İttifaqının baş katibi, üç koalisiya hökumətində Baş nazirin müavini və baş nazir vəzifələrində çalışıb. 1970-ci ildə Milli Nizam Partiyasını, 1972-ci ildə Milli Salamatlıq Partiyasını yaradıb. 1995-ci ildə keçirilən seçkilərdə onun rəhbərlik etdiyi Rifah Partiyası Türkiyə Böyük Millət Məclisində 158 deputat yeri qazanaraq birinci olub və Rifah-Yol hökumətində bir il Türkiyənin 23-cü Baş naziri kimi fəaliyyət göstərib. 2010-cu ildən ömrünün sonuna qədər Səadət Partiyasının sədri olub. Nəcməddin Ərbakan 2011-ci il fevralın 27-də Ankarada vəfat edib və İstanbulda dəfn olunub.

 

 

ELMİRA ƏMRAHQIZI

 (1952-1998)

 

Tanınmış Azərbaycan jurnalisti Elmira Əmrah qızı Əhmədovanın anım günüdür. O, 24 sentyabr 1952-ci ildə Ağstafa şəhərində dünyaya gəlib. 1969-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 1974-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Proqramların tərtibi şöbəsində işləyən jurnalist “Bakı”, “Baku”, “Nezavisimaya qazeta”, “Azərbaycan gəncliyi”, “Ulduz”, “Azərbaycan qadını”, “Azadlıq” və digər mətbuat orqanlarında işləyib, 1993-1998-ci illərdə “Azadlıq” radiosunun Bakı nümayəndəliyinin rəhbəri olub. SSRİ jurnalistlərinin kosmosa göndərilməsi ilə əlaqədar “Kosmos uşaqlar üçün” adlı proqramının qaliblərindən biri olub. “Qızıl qələm”, “Həsən Bəy Zərdabi” və “İlin qadını” mükafatlarına layiq görülən Elmira Əmrahqızı 27 fevral 1998-ci ildə dünyasını dəyişib və II Fəxri Xiyabanda dəfn edilib.

 

 

ELVİN ƏHMƏDOV

(1997-2017)

 

Şəhid Elvin Süleyman oğlu Əhmədovun xatirə günüdür. O, 1997-ci ildə Tovuz rayonunun Yanıqlı kəndində anadan olub. 2017-ci ildə fevral döyüşləri zamanı Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman yaralanıb, fevralın 27-də hərbi hospitalda vəfat edib. Doğulduğu Tovuz rayonunda son mənzilə yola salınıb. Elvin Əhmədov ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif edilib.

 

 

 

 

 

 

 

 

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın