Dünyanın bu günü - 27.04.2021
MİKAYIL CƏBRAYILOV
(1950-1990)
Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılov Əhmədiyyə oğlu 1950-ci ilin bu günü Şəki rayonunun Oxud kəndində, İkinci Dünya müharibəsində əfsanəvi partizan olan Fransa Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ("Armed Mişel") ailəsində doğulub. Səkkizinci sinfə qədər doğulduğu kənddə oxuyub, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirib. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilib, 1978-ci ildə isə milis məktəbini bitirərək leytenant rütbəsi alıb və sahə müvəkkili təyin edilib. Dörd nəfər polislə Cəmilli kəndini müdafiə edən Mikayıl Cəbrayılov Cəmilli-Kosalar yolunda qəflətən erməni quldurları tərəfindən basqına məruz qalıb və 1990-cı il 15 dekabrda əsir düşən döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına döyüş meydanında həlak olub. Şəki rayonunun Oxud kəndində dəfn edilib. Ailəli idi, dörd övladı var.
ƏDALƏT VƏZİROV
(1951-2002)
Azərbaycanın əməkdar artisti, kamança ifaçısı Ədalət Səfərəli oğlu Vəzirov 1951-ci il aprelin 27-də Bakda dünyaya göz açıb. Bülbül adına orta ixtisas musiqi məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1974-cü ildə Moskvada keçirilən V Beynəlxalq Musiqi müsabiqəsinin qalibi olub. 1980-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında və Sumqayıt Musiqi Texnikumunda (2000-2002-ci illərdə direktor ) müəllim işləyib, uzun müddət əməkdar artist Baba Salahovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında, SSRİ Xalq Artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda çalışıb. Kamança ifaçılığından əlavə, peşəkar fortepiano və qarmon ifaçısı olan Ədalət Vəzirov ABŞ, Kanada, İraq, Misir, Türkiyədə və başqa ölkələrdə ifaçılıq sənətimizi yüksək səviyyədə nümayiş etdirib. Məşhur yəhudi kamança ifaçısı Mark Eliyahunun müəllimi olub, Azərbaycanın xalq artisti Kamil Vəzirovun qardaşıdır. Ədalət Vəzirov 5 oktyabr 2002-ci ildə Bakıda vəfat edib.
ƏLİXAN SƏMƏDOV
(1964)
Azərbaycanın xalq artisti, virtuoz balaban ifaçısı və ustadı Əlixan Səmədov 27 aprel 1964-cü ildə Sumqayıtda musiqiçi ailəsində anadan olub. Səməd Vurğun adına Musiqi Məktəbində və Nəriman Nərimanov adına Mədəniyyət Evində qarmon təhsili alıb, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Nəfəsli alətləri (balaban, klarnet, qaboy, tütək, zurna, saksafon) və xalq çalğı alətlərini (nağara, qoşanağara, dəf, qarmon) böyük bir ustalıqla ifa edən Əlixan Səmədov 1993-cü ildə musiqi sənətini daha da inkişaf etdirmək məqsədilə Türkiyəyə köçüb və balabanı ilə qısa müddətdə böyük dinləyici kütləsi qazanıb. O, “Balaban metodu” kitabının müəllifidir, müxtəlif mükafatlara layiq görülüb.
ALXAN ALXANOV
(1969-1992)
Şəhid Alxan Əşrəf oğlu Alxanov 1969-cu il aprelin 27-də Şamaxı rayonunun Sabir qəsəbəsində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanıb və bir sıra döyüşlərə qatılıb. Alxan Alxanov 1992-ci il 20 yanvarda Ağdam rayonu istiqamətində şəhid olub və Ağda rayonunda dəfn olunub.Ona Azərbaycan Prezidenti Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli fərmanı ilə ölümündən sonar "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
ZÜLFÜQAR FƏRƏCOV
(1977-2020)
Şəhid Zülfüqar Müseyib oğlu Fərəcov 27 aprel 1977-ci ildə Xocavənd rayonunun Əmiranlar kəndində anadan olub. 1996-1998-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik çavuş Zülfüqar Fərəcov sentyabrın 28-də Füzuli döyüşləri zamanı zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
ZAHİR MEHDİYEV
(1984-2020)
Şəhid Zahir Zakir oğlu Mehdiyev 1984-cü ilin bu günü Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Zahir Mehdiyev noyabrın 1-də Xocavənd döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
ELÇİN BAĞIROV
(1989-2020)
Şəhid Elçin Fərhad oğlu Bağırov 27 aprel 1989-cu ildə Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. 2007-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Kiçik çavuş Elçin Bağırov oktyabrın 1-də Talış kəndi istiqamətində şəhid olub. Nəşi 80 gündən sonra tapılıb.
MSTİSLAV ROSTROPOVİÇ
(1927-2007)
SSRİ xalq artisti, violonçel ifaçısı və dirijor Mstislav Leopoldoviç Rostropoviçin anım günüdür. O, 1927-ci il martın 27-də Bakıda dünyaya gəlib. Dörd yaşında anasından fortepianoda, on yaşında isə tanınmış violonçel ifaçısı olan atası Leopold Rostropoviçdən bu alətdə çalmağı öyrənib. 1943-cü ildə Moskvaya köçüb. 16 yaşında Moskva Konservatoriyasına qəbul olunub və orada fortepiano, violonçel ifaçılığı ilə yanaşı, dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnib. İlk violonçel konsertini 1942-ci ildə verib, üç il sonra isə SSRİ-də ilk dəfə keçirilən gənc musiqiçilərin birinciliyində qızıl medala layiq görülüb. 1948-ci ildə müəllimi Dmitri Şostakoviçin Leninqrad və Moskva konservatoriyalarında professorluq dərəcələrindən məhrum edilməsinə etiraz əlaməti olaraq konservatoriyanı tərk edir. 1970-ci ildə isə Sovet ideologiyasının təqiblərinə məruz qalmış yazıçı Aleksandr Soljenitsına öz evində sığınacaq verir. Soljenitsınla dostluq münasibətləri və digər dissidentlərə verdiyi dəstək səbəbindən hakimiyyətin qəzəbinə tuş gəlir. Nəticədə onun və həyat yoldaşının xarici səfərlərə yollanmasına məhdudiyyət qoyulur və musiqiçi solo konsertlər vermək üçün Sibirə göndərilir. Nəhayət, Rostropoviç ailəsi ilə birgə 1974-cü ildə Sovet İttifaqını tərk edərək ABŞ-a yollanır. 1978-ci ildə sovetlərin mədəni azadlığa qoyduğu məhdudiyyətlərə qarşı kəskin çıxışlarına görə SSRİ vətəndaşlığından məhrum edilir. 1977-1994-cü illərdə Vaşinqtonda ABŞ Milli Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru kimi fəaliyyət göstərən dünya şöhrətli musiqiçi çoxsaylı mükafatlara və ordenlərə, o cümlədən Azərbaycanın "Heydər Əliyev" ordeninə, Fransanın “Şərəf Legionu” ordeninə, müxtəlif universitetlərin fəxri doktoru adına və digər mükafatlara layiq görülüb. Mstislav Rostropoviç 2007-ci ilin 27 aprelində Moskvada vəfat edib.
ABUZƏR XƏLƏFOV
(1931-2020)
Azərbaycanın əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfovun xatirə günüdür. O, 1931-ci il dekabrın 25-də Qərbi Azərbaycanın Göyçə mahalındakı Cil kəndində anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin kitabxanaçılıq şöbəsində təhsil alıb. Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb. Onun fəal iştirakı ilə 1962-ci ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq şöbəsi müstəqil fakültəyə çevrilib və fakültənin ilk dekanı seçilib. 1962-1970-ci və 1980-1995-ci illərdə həmin fakültənin dekanı, eyni zamanda 1963-cü ildən 2016-cı ilədək Kitabxanaşünaslıq kafedrasının müdiri kimi fəaliyyət göstərib. 500-ə yaxın elmi əsərin, o cümlədən monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin müəllifi olub. “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edilən Abuzər Xələfov 27 aprel 2020-ci ildə vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.
RAMİZ ABBASOV
(1964-1994)
Şəhid Abbasov Ramiz Hüseyn oğlunun anım günüdür. O, 19 may 1964-cü ildə anadan olub. Buradakı şəhər 4 saylı orta məktəbi və Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. Təyinatla Almaniyada, Gürcüstanda xidmət edib. Vətənə qayıdıb və Yevlax Rayon Hərbi Komissarlığında II bölmənin rəisi işləyib. Könüllü olaraq cəbhəyə yollanan Ramiz Abbasov könüllülərdən ibarət batalyonun komandiri olub. Döyüş yolu Goranboy rayonun Talış və Gülüstan kəndlərindən başlayıb, Ağdərə Şuşa, Xocavənd, Laçın, Füzuli, Tərtər bölgələrində döyüşüb. 1994-cü ilin aprelində Tərtər rayonun Qaraqoyunlu kəndi səmtində gedən döyüşdə şəhid olub. Beyləqan şəhərində dəfn olunub. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.