Dünyanın bu günü - 27.07.2020

ALEKSANDR DÜMA

(1824-1895)

 

Fransız yazıçısı Aleksandr Düma 1824-cü il iyulun 27-də Parisdə görkəmli fransız dramaturqu Aleksandr Dümanın ailəsində dünyaya göz açıb. Atası ilə dəyişik salmamaq üçün oğul Aleksandr Düma adı ilə tanınır. 18 yaşında dövri mətbuatda ilk şeiri dərc olunub. 15-ə yaxın roman, eyni zamanda bir çox pyeslər qələmə alıb. Onun ən məşhur əsəri Mari Duplessi adlı məşuqəsindən təsirlənərək yazdığı “Kameliyalı Qadın” romanıdır. 1858-ci ilin ikinci yarısından 1859-cu ilin əvvəlinə kimi Qafqaz da daxil olmaqla Çar Rusiyası ərazisində, o cümlədən Dərbənd, Quba, Bakı, Şamaxı, Nuxa və Tiflisdə olub. Vətənə qayıtdıqdan sonra səfər qeydlərini 68 fəsildən ibarət "Qafqaz səfəri" adlı əsərində oxucuları ilə bölüşüb. Əsər boyu azərbaycanlılardan tatarlar deyə bəhs edən Aleksandr Düma 1895-ci il noyabrın 27-də vəfat edib.

 

 

MƏCNUN VAHİDOV

(1946-2009)

 

Azərbaycanlı yazıçı-ssenarist, müəllim, pedaqoq, texnika elmləri namizədi Məcnun Abdulvahid oğlu Vahidov 27 iyul 1946-cı ildə Ağdaşda anadan olub. 1969-cu ildə Azərbaycan Neft-Kimya İnstitutunun Neft-mexanika fakültəsini bitirib və ömrünün sonuna kimi bu təhsil ocağında çalışıb. 80 elmi əsərin və 10 ixtiranın müəllifidir. Azərbaycan Şahmat Federasiyası nəzdində şahmat bəstəçiliyi üzrə komissiyasının sədri və milli komandanın kapitanı olub. Şahmat bəstəçiliyinə aid bir sıra nəzəri məqalələr dərc edib. 200-ə qədər şahmat məsələləri, etüdləri tərtib edib və bunların bir qismi beynəlxalq müsabiqələrdə mükafat qazanıb. Bakı, Azərbaycan, SSRİ birinciliklərində və beynəlxalq yarışlarda hakimlik edib. Eyni zamanda ədəbi yaradıcılıqla da məşğul olub, bir çox yumoristik hekayələrin və "Yarımştat" televiziya tamaşasının müəllifidir. Dosent Məcnun Vahidov 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror aktı nəticəsində həlak olub.

 

 

MİXAİL LERMONTOV

(1814-1841)

 

Görkəmli rus şairi Mixail Yuryeviç Lermontovun anım günüdür. O, 1814-cü il oktyabrın 15-də Moskva şəhərində dünyaya gəlib. Puşkinin xatirəsinə yazdığı “Şairin ölümü” şeirindən sonra Qafqaza hərbi xidmətə göndərilib. Bu dövrdə Azərbaycanın Quba, Şamaxı, Qusar və digər şəhərlərində olub. Mirzə Fətəli Axundovun köməyi ilə Azərbaycan dilini və şifahi xalq ədəbiyyatını öyrənib. Cənub təbiəti, məişəti və poeziyası ilə tanışlıq onun yaradıcılığına yeni mövzular gətirib. “Aşıq Qərib”, “İsmayıl bəy”, “Fərari” və “Demon” əsərlərini yaradıb. Lermontov Azərbaycan dilini yüksək qiymətləndirərək yazmışdı: “Avropada fransız dili vacib olduğu kimi, Asiyada da Azərbaycan dilini bilmək zəruridir”. Cəmi 27 il ömür sürən şair 1841-ci ilin iyulunda Pyatiqorskda baş tutan dueldə öldürülüb.

 

 

MƏHƏMMƏDHƏSƏN BƏY VƏLİYEV-BAHARLI 

(1896-1937)

 

Azərbaycan Dövlət Bankının ilk müdiri, iqtisadçı və etnoqraf Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu Vəliyev-Baharlının xatirə günüdür. O, 1896-cı ildə Şuşa şəhərində dünyaya gəlib. Bakı Gimnaziyasında və Kiyev Universitetinin İqtisadi coğrafiya fakültəsində təhsil alıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı Dövlət Universitetində dərs deyib. 1919-cu ilin sentyabrın 30-da yaradılmış Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində və Dövlət Plan Komitəsində çalışıb. 1923-1929-cu illərdə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Təbliğ Cəmiyyətinin üzvü seçilib, 1937-ci ilə qədər gizli surətdə fəaliyyət göstərən Azərbaycan İstiqlal Təşkilatının katiblərindən biri olub. Bir çox məqalənin müəllifidir, ölümündən sonra isə dövri mətbuatda onun yaradıcılığının müxtəlif aspektlərini işıqlandıran məqalələri dərc olunub. 1926-cı ildə Solovko əsir düşərgəsindən sürgündən qayıtdıqdan sonra ikinci dəfə 1937-ci ildə həbs edilən Məhəmmədhəsən bəy Vəliyev-Baharlı  iyulun 27-də güllələnib. O, şair Nəcəfqulu bəy Şeydanın oğludur. Anası isə Həsən bəy Zərdabinin bacısı Şirinxanım Məlikovanın qızı İmarət xanım Məlikovadır.

 

 

ƏZİZ ƏLİYEV

(1897-1962)

 

Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyev də bu gün xatırlanır. O, 1897-ci il yanvarın 1-də İrəvan quberniyasının Hamamlı kəndində Məmmədkərim Kərbəlayi Qurbanəli oğlunun ailəsində anadan olub. İrəvan Gimnaziyasında və Bakı Dövlət Universitetinin Tibb fakültəsində təhsil alıb. Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, xalq səhiyyə komissarının müavini, xalq səhiyyə komissarı, Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru, Azərbaycan KP MK-nın katibi, Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləyib. 87 elmi əsərin müəllifidir. I-II çağırış SSRİ Ali Sovetinin deputatı seçilib, həmçinin Azərbaycan SSR Ali Sovetinin I-III çağırış, Dağıstan MSSR Ali Sovetinin II çağırış deputatı olub. Bir sıra orden və medallarla təltif edilən Əziz Əliyev 1962-ci ilin iyulunda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. O, Azərbaycanın əməkdar elm xadimləri Zərifə Əliyevanın, Tamerlan Əliyevin, Cəmil Əliyevin və əməkdar incəsənət xadimi Gülarə Əliyevanın atası, ümummilli lider Heydər Əliyevin qayınatası, Azərbaycan Prezidenti İlham Əliyevin babasıdır. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakı, Naxçıvan və Mahaçqalanın mərkəzi küçələrindən biri onun adını daşıyır.

 

 

GÜLARƏ ƏLİYEVA

(1933-1991)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, musiqiçi və pianoçu, sənətşünaslıq elmləri namizədi  Gülarə Əziz qızı Əliyevanın anım günüdür. O, 17 noyabr 1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində, Əhsən Dadaşov adına Xalq Çalğı Alətləri Ansamblında çalışıb. 1966-cı ildən özünün təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblının rəhbəri, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Musiqi nəzəriyyəsi kafedrasının müdiri olub. "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-Kürd" və "Şur" fantaziyalarının müəllifidir. Gülarə Əliyeva 1991-ci ilin iyulunda Bakıda baş verən bədbəxt hadisə nəticəsində vəfat edib. O, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin qızı, əməkdar elm xadimləri Zərifə Əliyevanın, Tamerlan Əliyevin və Cəmil Əliyevin bacısıdır. "Dan ulduzu" ansamblına onun adı verilib.

 

 

NƏCİBƏ MƏLİKOVA

(1921-1992)

 

Azərbaycanın xalq artisti, aktrisa Nəcibə Haşımbəy qızı Məlikovanın xatirə günüdür. O, 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinfində və Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil alıb. Gəncə Dövlət Dram Teatrında və Akademik Milli Dram Teatrında çalışıb. “Arşın mal alan”, "Ögey ana", “Əhməd haradadır?”, “Fətəli xan”, "Aygün", “Qanun naminə” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. Nəcibə Məlikova 27 iyul 1992-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub. O, jurnalist Haşım bəy Sağibin qızı, dövlət və partiya xadimi Ruhulla Axundovun bacısı qızıdır.

Müəllif | Apa.Tv
Apa.tv