Dünyanın bu günü - 27.09.2020
ÜMUMDÜNYA TURİZM GÜNÜ (1970)
27 sentyabr dünya ölkələrində Ümumdünya Turizm Günü kimi qeyd olunur. 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm Təşkilatı 1970-ci il sentyabrın 27-də Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. Bu günün başlıca məqsədi turizmin təbliği, dünya cəmiyyəti iqtisadiyyatına qoyulan vəsaitin işıqlandırılması və müxtəlif ölkə xalqları arasında əlaqələrin inkişafıdır. Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən - Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur.
BÖYÜKBƏY MAHMUDBƏYOV (1902-?)
Azərbaycanın əməkdar elm xadimi, cərrah, tibb elmləri doktoru, professor Böyükbəy Mahmud bəy oğlu Mahmudbəyov 27 sentyabr 1902-ci ildə Şamaxıda anadan olub. İkinci Dünya müharibəsində iştirak edib, tibb xidməti polkovnikidir. Azərbaycan Dövlət Tibb İnstitutunun Tibb cərrahlıq kafedrasının müdiri olub, 1977-ci ildən həyatının sonuna kimi həmin kafedranın məsləhətçisi olub. Onun elmi fəaliyyəti əsasən irinli cərrahi xəstəliklərə, hərbi səhra cərrahlığına, qaraciyər və öd yollarının patologiyasına aiddir. Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən Müharibəsi ordeni və medallarla təltif edilib. Akademik Mir Əsədulla Mirqasımovun yetirməsi olan Böyükbəy Mahmudbəyovun ölüm tarixi məlum deyil.
İSMAYIL ELOĞLU (1912-1957)
Müğənni İsmayıl Məşədi Bəşir oğlu Hüseynov 1912-ci il sentyabrın 27-də Şuşa şəhərində anadan olub. Birinci dərəcəli Şuşa məktəbini bitirib, Bülbül onun səsini dinlədikdən sonra Bakıya aparıb. Orada Eloğlu ləqəbini qəbul edərək oxumağa başlayıb və bir çox ölkələrə qastrol səfərlərinə çıxıb. Mirzə Fətəli Axundov adına Opera və Balet Teatrında çalışıb. Teatrın səhnəsində "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu" və digər tamaşalarda yaddaqalan obrazlar yaradıb. İsmayıl Eloğlu 1957-ci ilin iyulun 21-də Bakı şəhərində vəfat edib.
SADIQ RƏHİMOV (1914-1975)
Görkəmli dövlət xadimi Sadıq Hacıyarəli oğlu Rəhimov 1914-cü ilin bu günü Bakının Balaxanı kəndində fəhlə ailəsində doğulub. Bakı Neft Texnikumunda oxuyub. Azərbaycan Sənaye İnstitutunun maşınqayırma fakültəsini bitirib. Daha sonra Moskvada Ali Partiya Məktəbində təhsil alıb. İkinci Dünya müharibəsində ağır yaralandıqdan sonra Bakıya qayıdıb. Müxtəlif illərdə Azərbaycan SSR-in toxuculuq sənayesi naziri, yüngül sənaye naziri, kommunal təsərrüfatı və mülki tikinti naziri, çoxişlənən sənaye malları naziri vəzifəsində çalışıb. 1954-cü ildən başlanan "mülayimləşmə" dövründə Azərbaycanın "qızıl üçlük adlanan yeni rəhbərliyində İmam Mustafayev və Mirzə İbrahimovla birlikdə təmsil olunub, 1958-ci ilədək Azərbaycan SSR Nazirlər Sovetinə sədrlik edib. Həmin vaxt Bakıya gələn erməni katolikosunun Dağlıq Qarabağın Ermənistana verilməsi ilə bağlı təklifindən əsəbiləşərək ağır söyüşlərlə onu təhqir edib və otağından qovub. 1958-1961-ci illərdə Nazirlər Sovetinin Sənayedə təhlükəsiz iş aparılması üzərində Nəzarət və Dağ-Mədən Nəzarəti Dövlət Komitəsinə sədrlik edib, 1961-1965-ci illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi, 1965-1975-ci illərdə yüngül sənaye naziri olub. “Lenin”, “Qırmızı Bayraq”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf Nişanı” ordenləri və medallarla təltif olunub. Sadıq Rəhimov 1975-ci il iyunun 11-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. O, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun babasıdır.
MƏDƏT QULİYEV (1958)
Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Qəzənfər oğlu Quliyev 27 sentyabr 1958-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1980-1982-ci illərdə Ermənistan və Gürcüstanda sovet ordusunda həqiqi hərbi xidmətdə olub. 1971-ci ildən idmanla məşğul olub, sambo üzrə Azərbaycan SSR yığmasının heyətində çıxış edib və bir sıra yarışlarda uğurlar qazanıb, karate üzrə III dan qara kəmərə sahib olub. 1983-cü ildən Azərbaycanın daxili işlər orqanlarında müxtəlif vəzifələrdə xidmət edib. Ədliyyə nazirinin müavini, eyni zamanda da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi olub. 14 dekabr 2015-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, 20 iyun 2019-cu ildə müdafiə sənayesi naziri təyin edilib. Mədət Quliyev Azərbaycan Prezidentinin 26 dekabr 1995-ci il tarixli fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. Müxtəlif illərdə II və III dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub.
PƏHLİVAN FƏRZƏLİYEV (1958-1992)
Azərbaycanın Milli Qəhrəmanı Pəhlivan Əhliman oğlu Fərzəliyev 1958-ci il sentyabrın 27-də Füzuli rayonunun Qobu Dilağarda kəndində anadan olub. Şuşa Kənd Təsərrüfatı Texnikumunu bitirib. İdmanla məşğul olub və Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanıb. 1979-cu ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətdən tərxis olunduqdan sonra Qazaxıstanın Aktyubinsk şəhərinin daxili işlər orqanlarında işə başlayıb. 1986-cı ildə Orenburq Politexnik Universitetini bitirib. 1990-cı ildə baş leytenant rütbəsində Vətənə qayıdıb və Füzuli rayon Daxili İşlər Şöbəsində növbətçi inspektor vəzifəsinə təyin olunub. 1991-ci ilin mart ayında Füzulidə post-patrul rotası yaradılarkən rotanın 3-cü taqımının komandiri və BTR-in ekipaj komandiri vəzifələri ona tapşırılıb. Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında mərdliklə vuruşub. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və bir BTR məhv edilib. Pəhlivan Fərzəliyev 1992-ci il aprelin 11-də şəhid olub və doğulduğu kənddə dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. İki oğlu, bir qızı yadigar qalıb.
ELBRUS ALLAHVERDİYEV (1958-1993)
Azərbaycanın Milli Qəhrəmanı Elbrus Hacı oğlu Allahverdiyev 1958-ci ilin bu günü Gəncə şəhərində fəhlə ailəsində anadan olub. Orenburq Praporşiklər Məktəbində və Orconikidze Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb. 17 may 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb, Azərbaycan Silahlı Qüvvələrində artilleriyanın ilk təşkilatçılarından olub. Ağdam və Ağdərə döyüşlərində şücaət göstərib, düşmənin xeyli zirehli texnikasını sıradan çıxarıb. 1993-cü il iyunun 16-da Ermənistan hərbi qüvvələrinin Ağdam rayonunun Şelli kəndi istiqamətində hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olub və Gəncənin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
ƏHMƏD CƏMİL (1913-1977)
Azərbaycan şairi Əhməd Cəmilin anım günüdür. Əhməd Səttar oğlu Cəmilzadə 1913-cü il oktyabrın 20-də İrəvan şəhərində doğulub. Bakıda Ali Pedaqoji İnstitutun ədəbiyyat fakültəsində təhsil alıb. Müxtəlif illərdə orta və ali məktəblərdə müəllim, metodist, redaksiyalarda məsləhətçi, ədəbi işçi, məsul katib, redaktor, baş redaktor vəzifələrində çalışıb. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin Gəncə bölməsində fəal iştirak edib. Onun şeirləri "Qızıl Gəncə", "Dağıstan füqərası", "Gənc bolşevik", "Hücum", "İnqilab və mədəniyyət" qəzet və jurnallarında vaxtaşırı dərc olunub. Rus, gürcü, Ukrayna, erməni, özbək, belarus, tacik və başqa dillərdən Azərbaycan dilinə tərcümələr edib. İki dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medallarla təltif olunub. Əhməd Cəmil 1977-ci il sentyabrın 27-də Bakıda vəfat edib.
NATİQ ORUCOV (1973-1992)
Şəhid Natiq Əlyar oğlu Orucovun xatirə günüdür. O, 1973-cü ildə Masallı rayonunun Qasımlı kəndində anadan olub. 1991-ci ildə Yeddioymaq kənd məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanıb və Gəncə batalyonunda xidmət edib. Ağdərə rayonunun ona yaxın kəndinin ermənilərdən təmizlənməsində fəal iştirak edib. Natiq Orucov 1992-ci il sentyabrın 22-də Çıldıran kəndi uğrunda gedən döyüşdə ağır yaralanıb və sentyabrın 27-də Tərtər hospitalında vəfat edib. Masallı rayonunun Şıxlar kəndində dəfn olunub. Təhsil aldığı 1 nömrəli Şıxlar kənd məktəbinə onun adı verilib.
RAUF VƏLİYEV (1991-2015)
Şəhid Rauf Fəxrəddin oğlu Vəliyev də bu gün xatırlanır. O, 1991-ci il iyulun 17-də Ağdam rayonunun Ayaq Qərvənd kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Əsgər Rauf Vəliyev 2015-ci il sentyabrın 27-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.