Dünyanın bu günü - 28.02.2021

SUMQAYIT HADİSƏLƏRİ

(1988)

 

Bu gün Sumqayıt hadisələrinin ildönümüdür. 1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində ermənilər tərəfindən törədilmiş təxribat xarakterli iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. Hər il bu hadisələrin ildönümü yaxınlaşanda erməni təbliğat maşını bütün gücü ilə işə düşür və azərbaycanlılar vəhşi, ermənilərə qarşı milli dözümsüzlük nümayiş etdirən bir xalq kimi təqdim olunur. Əslində isə bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi.

 

Qeyd edək ki, qırğınların baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən SSRİ DTK-nın himayə etdiyi ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb. Erməni milliyyətindən olan 26 nəfərin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Şahid ifadələri də əsl günahkarın əslində erməni əsilli E.Qriqoryan olduğunu sübut edir. Lakin Sumqayıt hadisələrinin əsas baiskarı olan E.Qriqoryan layiqli cəzasını almayıb. Belə ki, dövlət ittihamçısı E.Qriqoryan üçün ömürlük iş istəsə də, bu tələb qəbul olunmayıb. Ona cəmi 12 il iş verilsə də, bir neçə ildən sonra azadlığa buraxılıb. Sumqayıtda keçirilmiş məhkəmə proseslərində azərbaycanlılara qarşı qərəz nümayiş etdirilib. Dövlət ittihamçısının xəstə və hadisələrdə heç bir günahı olmayan Nəcəf Nəcəfalıyev haqqında həbs-qətimkan tədbirin dəyişdirilməsi ilə bağlı təklifi də qəbul olunmayıb və o, prosesin gedişində vəfat edib. Digər təqsirləndirilən şəxs Əhməd Əhmədov isə heç bir günahı olmadan Moskvada keçirilmiş məhkəmənin qərarı ilə güllələnib.

 

 

MUSTAFA MƏRDANOV 

     (1894-1968)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Mustafa Həşim oğlu Mərdanov 28 fevral 1894-cü ildə Güney Azərbaycanın Mərənd şəhərində anadan olub. 1917-ci ildə gimnaziyanı bitirdikdən sonra Rostova gedərək oradakı Tibb Universitetinə daxil olub, lakin Rostov mühitinə alışa bilməyərək 1918-ci ildə yenidən Tiflisə qayıdıb. Ali təhsil almaq arzusu ilə Moskvaya gedən gənc aktyor 1924-cü ildə isə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlib, ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışıb. "Bismillah" filmindəki Muzdur Qulu onun kinoda ilk rolu olub. “Kəndlilər” filmindən sonra “Yeni horizont”, “Səbuhi”, “O olmasın, bu olsun”, "Əhməd haradadır?", "Qanun naminə" filmlərində çəkilib. 1959-cu ildə onun "50 il Azərbaycan səhnəsində xatirələrim" kitabı, 1973-cü ildə ölümündən sonra isə "Mənim müasirlərim" xatirə kitabı nəşr edilib. Mustafa Mərdanov 12 dekabr 1968-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

ƏNVƏR MƏMMƏDXANLI

  (1913-1990)

 

Azərbaycanın xalq yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Qafar oğlu  Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulub. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda N.Nərimanov adına Sənaye Texnikumunda təhsil alıb. Sonralar Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan Elmi-Tədqiqat İnstitutunda texnik-elektrik işləyib. Eyni zamanda Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil alıb. Ədəbi fəaliyyətə 1930-cu illərdən başlayıb, Avropa və rus klassik yazıçılarından tərcümələr edib. “Azərnəşr”in bədii şöbəsində redaktor və tərcüməçi, Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim, "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, İkinci Dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində "Qızıl Ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olub, Azərbaycan Radio Verilişləri Komitəsində redaktor, Təbrizdə nəşr olunan "Vətən yolunda" ordu qəzeti redaksiyasında xüsusi müxbir kimi çalışıb. Ordudan tərxis ediləndən sonra “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olub. İki dəfə "Şərəf nişanı", "Qırmızı Əmək bayrağı" və "İkinci Dünya müharibəsi" ordenləri, döyüş medalları ilə təltif olunub. Ənvər Məmmədxanlı 1990-cı il dekabrın 19-da Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

SOFİYA BƏSİRZADƏ

         (1918-2000)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktrisası Sofiya (Sofa) Bəşir qızı Bəsirzadə (Vəzirova) 28 fevral 1918-ci ildə Kazan quberniyasının Köhnə Çukan kəndində doğulub. Bakıdakı 134 saylı məktəbdə orta təhsil aldıqdan sonra 1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə daxil olub. Həmin ildən başlayaraq Azərbaycan Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə, epizodik rollarda səhnəyə çıxıb, 1938-ci ildə isə teatrın aktyor truppasına qəbul edilib. Teatr səhnəsində 62 ildən çox çalışıb, ondan artıq bədii filmə çəkilib. Ömrünün son illərini Bakı Bələdiyyə Teatrında çalışan Sofiya Bəsirzadə 4 yanvar 2000-ci ildə Bakıda vəfat edib.

 

 

NƏZAKƏT MƏMMƏDOVA

        (1944-1980)

 

Azərbaycanın əməkdar artisti, müğənni Nəzakət Əli qızı Məmmədova 28 fevral 1944-cü ildə Gəncə şəhərində anadan olub. Xarici Dillər İnstitutuna daxil olsa da, təhsilini Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda və İncəsənət İnstitutunda davam etdirib. Bir müddət "Lalə" qızlar ansamblında çalışıb, 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunub və 1971-ci ildə tamaşaçılar qarşısına Leyli rolunda çıxıb. "Rast", "Qatar", "Şahnaz", "Segah" və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınıb, bir sıra ölkələrdə qastrol səfərlərində olub. Nəzakət Məmmədova 1980-ci il oktyabrın 21-də estetik əməliyyat zamanı həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişib.

 

 

ELDAR MANSUROV

       (1952)

 

Azərbaycanın xalq artisti, bəstəkar Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda musiqiçi ailəsində anadan olub. 1968-1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində, 1974-1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb. "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib. 2007-2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyən Eldar Mansurov görkəmli tarzən Bəhram Mansurovun oğlu, dirijor Aydın Mansurovun və tarzən Elxan Mansurovun qardaşıdır.

 

 

ELTON QULİYEV

     (1956-2015)

 

Müstəqil Azərbaycanda vəkillik institutunun banilərindən biri Elton Rasim oğlu Quliyev 1956-cı il fevralın bu günü Ağdam şəhərində qulluqçu ailəsində dünyaya gəlib. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra təyinatla daxili işlər orqanlarına işə götürülüb. 1977-1991-ci illərdə Azərbaycan Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb. 1996-cı ildən Vəkillər Kollegiyasının üzvü olub. Elton Quliyev 2015-ci il dekabrın 16-da Bakıda vəfat edib.

 

 

OLEQ YUSUPOV

(1944-1990)

 

20 Yanvar şəhidi Oleq Kərim oğlu Yusupov 28 fevral 1944-cü ildə Bakı şəhərində anadan olub. 1 nömrəli hərbiləşdirilmiş yanğın dəstəsində sürücü işləyib. 1990-cı il yanvarın 20-də “Azərbaycan” nəşriyyatına çağırışa gedərkən idarə etdiyi avtomobil sovet əsgərləri tərəfindən atəşə tutulub. Sinəsindən ağır güllə yarası alan Oleq Yusupov həlak olub və Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

ELMAN HÜSEYNOV

       (1952-1993)

 

Azərbaycanın Milli Qəhrəmanı Elman Süleyman oğlu Hüseynov 1952-ci il fevralın 28-də Tərtər rayonunun Azad Qaraqoyunlu (İlxıçılar) kəndində doğulub. 1973-cü ildə Azərbaycan Dövlət Politexnik İnstitutundan mühəndis ixtisası üzrə məzun olub. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində hərbi xidmət keçib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1988-1990-cı illərdə Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışıb, dəfələrlə rayon sovetinə deputat seçilib. 1991-ci ildən Tərtər özünümüdafiə qərargahının rəisi, daha sonra Tərtər ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunub. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edərək, döyüşlərdə iki dəfə yaralanıb. Elman Hüseynov 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.

 

 

 

 

KAMRAN ŞİRƏLİYEV

    (1994-2016)

 

Şəhid Kamran Faiq oğlu Şirəliyev 1994-cü ilin bu günü Bakıda anadan olub. Xəzər rayonundakı yerləşən H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin 9-cu sinfini bitirdikdən sonra peşə məktəbinə daxil olub. 2016-cı ilin aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə  ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

 

 

KAMRAN SƏMƏDOV

(1997-2020)

 

Şəhid Kamran Ceyhun oğlu Səmədov 1997-ci il fevralın 28-də Lənkəran rayonunun Liman şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Kamran Səmədov oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

SƏRVAN GÖYÜŞOV

(1997-2020)

 

Şəhid Sərvan Mehman oğlu Göyüşov 28 fevral 1997-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Sərvan Göyüşov elə həmin gün Murovdağ döyüşləri zamanı şəhid olub və Ağdam rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

 

 

ÜLFƏT BABAZADƏ 

(2000-2020)

 

Şəhid Ülfət Qabil oğlu Babazadə  2000-ci il fevralın 28-də Lənkəran rayonunun Daştatük kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Ülfət Babazadə noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub və Lənkəran rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

MƏMMƏDPAŞA QULUZADƏ

(1914-1994) 

 

Azərbaycanın əməkdar elm və texnika xadimi, SSRİ-nin fəxri neftçisi, əməkdar mühəndis, Dövlət Mükafatı laureatı, texnika elmləri doktoru, professor, akademik Məmmədpaşa Piri oğlu Quluzadənin anım günüdür. O, 1914-cü il sentyabrın 5-də Bakının Əmircan kəndində anadan olub. Azərbaycan Sənaye Texnikumunu və Azərbaycan Sənaye İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, qazma üzrə dağ mühəndisi ixtisasına yiyələnib. Əmək fəaliyyətinə Azərbaycan Sənaye İnstitutunda başlayıb. 1951-1964-cü illərdə assistent, dosent, professor, kafedra müdiri, elmi işlər üzrə prorektor vəzifələrində çalışıb. 400 elmi əsərin, o cümlədən 15 monoqrafiya, 15 ixtira və kəşflərin, Azərbaycan dilində qazma işinə dair yazılmış ilk fundamental dərsliklərin və dərs vəsaitlərinin müəllifidir. Akademik Məmmədpaşa Quluzadə 1994-cü il fevralın 28-də Bakıda vəfat edib.

 

 

MİKAYIL MUSTAFAYEV 

(1974-1993)

 

Şəhid Mikayıl Murtuzəli oğlu Mustafayevin xatirə günüdür. O, 1974-cü il oktyabrın 3-də Qərbi Azərbaycanın Ağbaba mahalının Düzkənd kəndində anadan olub. 1988-ci ildə ailəsi ilə birlikdə Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmağa məcbur olub. 1991-ci ildə burada orta məktəbi bitirdikdən sonra Milli ordu sıralarına yollanıb. Vətən uğrunda gedən döyüşlərdə iştirak edib. Mikayıl Mustafayev 28 fevral 1993-cü ildə Ağdərə rayonu ərazisində gedən döyüşlərdə şəhid olub və Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunub. Bayan kənd orta məktəbinə onun adı verilib.

Müəllif | Apa.Tv
Apa.tv