Dünyanın bu günü - 28.04.2021

AZƏRBAYCANIN SOVET RUSİYASI TƏRƏFİNDƏN İŞĞALI

(1920)

 

Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalının və Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun ildönümüdür. 1920-ci il aprelin 27-də Sovet Rusiyasının rəhbəri Vladimir İliç Lenin tərəfindən Moskvada Nəriman Nərimanovun sədrliyi ilə Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsi yaradılıb. Komitənin tərkibinə Nərimanovdan başqa Qəzənfər Musabəyov, Həmid Sultanov, Dadaş Bünyadzadə, Mirzə Davud Hüseynov, A.Alimov və Əliheydər Qarayev daxil edilib. Komitənin yalnız azərbaycanlı kommunistlərdən təşkil olunması təbii ki, gözdən pərdə asmaq məqsədi güdürdü. Belə ki, həmin gün Nərimanov Moskvada olub, komitənin bəzi üzvləri Bakıda, bəziləri isə Azərbaycanın şimal sərhədində - rus ordusunun zirehli qatarında əmr gözləyirdi. Elə həmin gün Dağıstanda olan M.K.Levandovskinin başçılıq etdiyi XI Qızıl Orduya Azərbaycana hücum əmri verilib. Bolşeviklər bu məsələdə də hiylə işlədiblər - bəyan olunub ki, Qızıl Ordu Azərbaycandan keçməklə Anadoluda ölüm-dirim savaşı aparan Mustafa Kamal Atatürkün əsgərlərinə yardım etməyə gedir.

 

Aprelin 27-də Azərbaycan bolşevikləri Cümhuriyyət hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum verib. Ultimatumu özünü "Sovet Azərbaycanının Qırmızı Donanmasının komandanı, mühəndis" kimi təqdim edən Çingiz İldırım imzalayıb: "Tələb edirik ki, hakimiyyəti dərhal yoldaş Nərimanovun başçılıq etdiyi Sovet Fəhlə-Kəndli Hökumətinə təhvil verəsiniz. Bu halda Qırmızı Donanma milliyyətindən asılı olmayaraq, Bakı şəhərinin bütün əhalisinə sülh və sakitlik təminatı verir. Cavab iki saat ərzində göndərilməlidir. Əks halda, atəş açılacaq".

 

Cümhuriyyət Parlamentinin həmin gün saat 20:45-də başlayan iclası 3 saat davam edib. İclasda çıxış edən Məhəmməd Əmin Rəsulzadə XI Qızıl Ordunun Anadoluya yardıma getmədiyini və Azərbaycanı işğal etməyə gəldiyini bildirsə də, müzakirələrdən sonra hakimiyyətin Azərbaycan bolşeviklərinə təhvil verilməsi barədə qərar çıxarılıb. Həm ultimatumda, həm də digər danışıqlarda milli hökumət üzvlərinin təhlükəsizliyinə təminat verilsə də, bu vədlərə əməl edilməyib, AXC hökumətinin üzvlərinə qarşı repressiyalar, “qırmızı terror” başlayıb. Milli hökumət üzvlərinin bir qismi, o cümlədən M.Ə.Rəsulzadə isə mühacirətə getmək məcburiyyətində qalıb. Maraqlıdır ki, SSRİ dövründə 27 aprel deyil, 28 aprel tarixi Azərbaycanda sovet hakimiyyətinin qurulduğu tarix kimi bayram edilib. Azərbaycanda sovet hakimiyyəti 71 il davam edib. 30 avqust 1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə qəbul edilib. 18 oktyabr 1991-ci ildə isə Azərbaycan parlamenti “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib və bu Akt 29 dekabr 1991-ci ildə ümumxalq referendumu ilə təsdiq edilib. Hər iki sənədə əsasən, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-hüquqi varisi elan olunub. Cümhuriyyətin himni, gerbi və bayrağı da olduğu kimi qəbul edilib. 2 mart 1992-ci ildə Azərbaycan BMT-yə daxil olmaqla beynəlxalq aləmin tamhüquqlu üzvünə çevrilib.

 

 

ZƏRİFƏ ƏLİYEVA

(1923-1985)

 

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində tanınmış dövlət xadimi Əziz Əliyevin ailəsində anadan olub. 1947-ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb. Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professoru vəzifələrində çalışıb, laboratoriya rəhbəri olub. O, əsasən kimya və elektrotexnika istehsalı sahəsində çalışanların peşəsi ilə əlaqədar göz xəstəliklərinin öyrənilməsini, profilaktika və müalicə üsullarını tədqiq edib. “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə Əliyeva 1954-cü ildə Heydər Əliyev ilə ailə qurub. Bu evlilikdən 18 oktyabr 1955-ci ildə Sevil Əliyeva, 24 dekabr 1961-ci il isə İlham Əliyev dünyaya gəlib. 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edən Zərifə Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda atasının məzarı yanında dəfn olunub.

 

 

QILMAN İLKİN

(1914-2009)

 

Azərbaycanın xalq yazıçısı Qılman İsabala oğlu Musayev (Qılman İlkin) 28 aprel 1914-cü ildə Bakı qəzasının Mərdəkan kəndində dünyaya gəlib. İlk təhsilini burada alıb, şəhər pedaqoji texnikumunda və Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müəllimi olaraq başlayıb, daha sonra məsləhətçi, baş redaktor, direktor, müxbir, baş müəllim kimi vəzifələrdə çalışıb. "Qalada üsyan", "Şimal küləyi", "Hədiyyə", "Dağlı məhəlləsi", "Bakı və bakılılar", "Cərrahlar", "Tayqa nağılı", "Əsgər müharibədən qayıdırdı", "Geriyə yol yoxdur", "Çətin döngələr", "Baba və nəvə" və başqa əsərlərin müəllifidir. Onun "Qalada üsyan" romanı əsasında "Azərbaycanfilm"də "Yenilməz batalyon" filmi çəkilib, eyni zamanda "Kölgələr sürünür" filminin də ssenarisini yazıb. Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

MƏHLUQƏ SADIQOVA

(1917-2003)

 

Azərbaycanın xalq artisti, aktrisa Məhluqə Ələsgər qızı Sadıqova 1917-ci il aprelin bu günü Şuşa şəhərində doğulub. 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini bitirib, eyni zamanda rəqs və dram dərnəklərində məşğul olub. 54 il Akademik Milli Dram Teatrının truppasında çalışıb, daha sonra Bakı Bələdiyyə Teatrında aktrisalıq edib. "Oqtay Eloğlu", "Solğun çiçəklər", "Pəri cadu", "Vaqif", "Fərhad və Şirin", "Lənkəran xanının vəziri", "Atayevlər ailəsi", "Şadlıq sorağında" və başqa tamaşalarda çıxış edib. Qırx ildən çox radionun "Bulaq" folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub. Məhluqə Sadıqova 2003-cü il avqustun 15-də Bakıda vəfat edib.

 

 

HACI MƏMMƏDOV

(1920-1981)

 

Azərbaycanın xalq artisti, tarzən Hacı Məmməd oğlu Məmmədov 1920-ci il aprelin 28-də Şamaxıda anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 11 yaşında ikən Xalq Çalğı Alətləri Orkestrinə qəbul edilib və 18 il burada çalışıb. 40 ildən çox Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Rus və Qərbi Avropa müəlliflərinin klassik əsərlərinin tarda ilk ifaçısı olub. "Orta Mahur", "Çoban bayatı", “Zabul Segah”, “Bayatı-Şiraz”, “Şur”, “Çahargah” və digər xalq mahnıları onun ifasında məşhurdur. Hacı Məmmədov 2 avqust 1981-ci ildə Bakıda dünyasını dəyişib.

 

 

ƏLƏKBƏR TAĞIYEV

(1924-1981)

 

Azərbaycan bəstəkarı, hüquqşünas Ələkbər Tağıyev 28 aprel 1924-cü ildə Gəncədə anadan olub, ilk təhsilini də burda alıb. Əmək fəaliyyətinə 1938-ci ildə xalq məhkəməsində başlayıb. 36 ilə yaxın bir müddətdə prokurorluq orqanlarında çalışıb, SSRİ və Respublika prokurorluqlarının çoxsaylı Fəxri fərmanları ilə təltif olunub. 1964-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin nəzdindəki bəstəkarlıq kursunu bitirib, ardınca isə SSRİ Musiqi Fondunun üzvü seçilib. İlk mahnısı “Qonşu qız” olan bəstəkar “Azərbaycan qızıyam”, “Sən gəlməz oldun”, “Bakı gecələri”, “Azərbaycanım mənim”, “Eşqimi sönməyə qoymaram”, “Arzu qızım”, “Sənə qurban”, “Sədaqətim var” kimi məşhur mahnıların da müəllifidir. Azərbaycan musiqi tarixində adlarla mahnılar yazan ilk bəstəkarlardan olan Ələkbər Tağıyev 1981-ci ilin aprelin 16-da Bakıda dünyasını dəyişib.

 

 

NADİR SEYİDOV

(1932-2015)

 

Kimya elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi, akademik Nadir Miribrahim oğlu Seyidov 28 aprel 1932-ci ildə Naxçıvan şəhərində anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib. AMEA-da baş elmi işçi, laboratoriya müdiri, şöbə rəhbəri, elmi işlər üzrə direktor müavini, laboratoriya müdiri vəzifələrində işləyib. Çapdan çıxmış 300 elmi əsərin, 4 monoqrafiyanın müəllifidir. 100 müəlliflik şəhadətnaməsi və 20 xarici ölkənin patentini alan alim "Şərəf" və "Şöhrət" ordenləri ilə təltif edilib. Prezident təqaüdçüsü Nadir Seyidov 5 oktyabr 2015-ci ildə Bakıda vəfat edib.

 

 

TADEUŞ SVETOXOVSKİ

(1932-2017)

 

Polşa və ABŞ tarixçisi, Qafqazşünas və Azərbaycanşünas Tadeuş Svetoxovski 1932-ci il aprelin 28-də Fransada Polşa diplomatının ailəsində anadan olub. 1939-cu ildə Polşanın SSRİ və Almaniya arasında bölünməsindən sonra atası Moskvaya sürgün edilib. Müharibədən sonra Tadeuş Amerikaya mühacirət edib və Nyu-Yorkda Kolumbiya Universitetini bitirib. Monmouth Universitetinin tarix fakültəsində tarix professoru olub. “Almaniya ilə Rusiya arasındakı Polşa: iki düşmən nəzəriyyəsi”, “Rusiya Azərbaycanı (1905-1920): müsəlman icmasında milli kimliyin formalaşması”, “Azərbaycanın tarixi lüğəti” və başqa əsərlərin müəllifidir. Xəzər Universiteti və Bakı Dövlət Universitetinin fəxri professoru olan Tadeuş Svetoxovski 15 fevral 2017-ci ildə Nyu-Yorkda vəfat edib və vətəni Varşavada dəfn edilib.

 

 

SƏDDAM HÜSEYN

(1937-2006)

 

İraq diktatoru Səddam Hüseyn 28 aprel 1937-ci ildə İraqın Tikrit şəhərində çoban ailəsində doğulub. Bağdad Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1957-ci ildə BƏƏS partiyasına üzv olub. 1959-cu ildə İraqın Baş naziri Əbdülkərim Qasıma sui-qəsddə iştirak edib və yaralanıb. 1968-ci ildən BƏƏS partiyasının liderlərindən birinə çevrilib və İraqın vitse-prezidenti təyin olunub. 1979-cu ildən İraq prezidenti olub. 1980-1988-ci illərdə baş vermiş İran-İraq müharibəsinin əsas baiskarı sayılır. İraq şiələrinə və kürdlərinə qarşı sərt repressiyalar həyata keçirib. 2003-cü ildə ABŞ-ın hərbi müdaxiləsi ilə devrilən Səddam Hüseyn bir neçə ay gizlənsə də, həmin ilin dekabr ayında həbs edilib və 3 il istintaq altında saxlanıldıqdan sonra məhkəmənin qərarı ilə 2006-cı il dekabrın 30-da Bağdadda edam edilib. Öz vəsiyyətinə əsasən, Tikritdəki ailə məzarlığında dəfn edilib.

 

 

FÜZULİ SALAHOV

(1978-2017)

 

Şəhid Fizuli Süleyman oğlu Salahov 1978-ci ilin bu günü Şabran rayonunun Gəndov kəndində dünyaya gəlib. 20 ilə yaxın Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Prezident İlham Əliyev cəbhə bölgəsinə səfəri zamanı ona 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalını təqdim edib. Aprel döyüşlərinin də fəal iştirakçısı olan Fizuli Salahov 2017-ci il dekabrın 13-də cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb. 2018-ci ilin fevralın 23-də ölümündən sonra 2-ci dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalla təltif edilib. İki oğlu yadigar alıb.

 

 

ORXAN RƏHİMLİ

(1994-2020)

 

Şəhid Orxan Rəşid oğlu Rəhimli 1994-cü il aprelin 28-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb.  2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Bir neçə dəfə yaralansa da, döyüşməyə davam edib. Əsgər Orxan Rəhimli noyabrın 8-də Şuşa-Xankəndi istiqamətində şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ŞÖHRƏT CABBAROV

(1995-2020)

 

Şəhid Şöhrət Əli oğlu Cabbarov 1995-ci ilin bu günü İmişli rayonunun Ölcələr kəndində dünyaya göz açıb. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Şöhrət Cabbarov  elə həmin gün Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

BENİTO MUSSOLİNİ

(1883-1945)

 

İtaliya diktatoru, faşizm ideologiyasının banisi Benito Amilkare Andrea Mussolini bu gün edam edilib. O, 29 iyul 1883-cü ildə İtaliyanın Forli bölgəsində dünyaya gəlib. Karyerasına Böyük Britaniyanın Mİ-5 Kəşfiyyat İdarəsinin əməkdaşı kimi başlayıb. Gənclik illərində bir müddət mətbuatda çalışıb. Sonradan İtaliyada faşizm adlandırdığı yeni ideologiyanın əsasını qoyub. Baş nazir olduqdan sonra diktatura rejimi qurmağa başlayıb. İkinci Dünya Müharibəsində Almaniya diktatoru Adolf Hitlerlə müttəfiq olub. 1943-cü ilin iyununda Roma müttəfiqlərin təyyarələri tərəfindən bombardman edildikdən sonra Mussolini əhalinin böyük bir hissəsinin dəstəyini itirib. Bu səbəbdən Mussolini hökuməti istefaya getmək zorunda qalıb. İstefa verdikdən sonra Hitlerin göndərdiyi xüsusi qrup tərəfindən Almaniyaya qaçırılıb və bir müddət orada yaşayıb. Daha sonra İtaliyanın şimalına qayıdıb və nasistlərin nəzarətində İtaliya Sosialist Respublikasını qurub. 1945-ci ilin aprelində süquta uğrayan Benito Mussolini partizanalr tərəfindən əsir götürülüb və aprelin 28-də güllələnərək öldürülüb.

 

 

ƏLİŞİR MUSAYEV

(1949-2020)

 

AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Əlişir Veys oğlu Musayevin xatirə günüdür. O, 1949-cu il dekabrın 4-də qədim Borçalı mahalının Baş­keçid rayonunun Qızılkilsə kəndində dün­yaya göz açıb. Azərbaycan Dövlət Tibb İnstitutunun müa­licə-profilaktika fakültəsində, Moskvada Mər­kəzi Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İns­titu­tun­da “Sinir xəstəlikləri” ixtisası üzrə təhsil alıb. Azər­baycan Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, direktorun elmi işlər üzrə müavini və direktor vəzifələrində çalışıb. 230 elmi əsərin, o cümlədən 2 monoqrafiyanın, sinir sistemi xəstəliklərinin yeni müalicə üsullarını təklif edən 4 ixtiranın və 3 patentin, 8 səmərələşdirici təklifin, 14 meto­dik tövsiyənin müəllifidir. “Tərəqqi” medalı və 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunan Əlişir Musayev 28 aprel 2020-ci ildə vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

 

BÖYÜKKİŞİ HEYDƏRLİ

(1950-2015)

 

Yazıçı-jurnalist Böyükkişi Səfiyar oğlu Heydərli də bu gün xatırlanır. O, 1950-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. "Səs" qəzetində şöbə müdiri, "Yeni Müsavat" qəzetində redaktor, "Dünya" jurnalının redaktoru vəzifələrində çalışıb. Bədii yaradıcılığa erkən başlasa da, ilk şeirləri  30 yaşında "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb.  Əsərlərini Yazıçı Qor təxəllüsü ilə də yazıb. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və başqa əsərlərin müəllifidir. Böyükkişi Heydərli 28 aprel 2015-ci ildə Bakıda vəfat edib.

Müəllif | Apa.Tv
Apa.tv