Dünyanın bu günü - 28.09.2020
ƏLİRZA RASİZADƏ (1884-1923)
Azərbaycanlı maarifçi, ictimai-siyasi və dövlət xadimi Əlirza Rasizadə 1884-cü il sentyabrın 28-də Naxçıvanda din xadimi Abdulla Rasizadənin ailəsində anadan olub. 1900-cü ildə Gürcüstanın Qori Müəllimlər Seminariyasına daxil olub. Naxçıvanda rus dili və ədəbiyyatı üzrə məktəb müəllimi işləyib, daha sonra maarif sahəsində kifayət qədər sürətli karyera edib və İrəvan Quberniyasının Naxçıvan Qəzasında Xalq Təhsili Departamentinin rəisi vəzifəsinə yüksəlib. 1920-ci ildə müstəqil Naxçıvan SSR-in Xalq Komissarları Şurasında xalq maarifi komissarı vəzifəsinə təyin olunub. Bir sıra orden və medallarla təltif olunub. Əlirza Rasizadə 1923-cü il noyabrın 30-da Bakıda vəfat edib. O, görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qardaşıdır.
İLKİN CAVANŞİROV (1933-1990)
20 Yanvar şəhidi İlkin Zülqədər oğlu Cavanşirov 28 sentyabr 1933-cü ildə doğulub. 2 nömrəli taksi parkında sürücü işləyib. 9 övlad böyüdüb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yaralını götürüb xəstəxanaya apararkən sovet əsgərləri tərəfindən atəşə tutulub və 18 güllə yarası alıb. İlkin Cavanşirov yanvarın 23-də xəstəxanada vəfat edib və Şəhidlər Xiyabanında dəfn olunub.
ZÜLFÜQAR ARZUMANOV (1971-1993)
Şəhid Zülfüqar Ata oğlu Arzumanov 1971-ci ilin bu günü Xaçmaz rayonunun Yergüc qəsəbəsində anadan olub. Orta təhsilini bitirdikdən sonra 1989-cu ildə sovet ordusunda hərbi xidmətə çağırılıb. 1991-ci ildə könüllü olaraq Qarabağ döyüşlərinə qatılıb, Ağdam rayonunun yeddi kəndinin azad olunmasında iştirak edib. “Rembo” ləqəbli Zülfüqar Arzumanov 1993-cü il fevralın 9-da Ağdərə rayonunda döyüş zamanı şəhid olub və doğulduğu qəsəbədə dəfn olunub.
HEYDƏR ŞƏMSİZADƏ (1905-1981)
Azərbaycanın əməkdar artisti, teatr aktyoru və rejissor Heydər Məşədi Aslan oğlu Şəmsizadənin xatirə günüdür. O, 1905-ci il martın 25-də Şuşa şəhərində anadan olub. Şuşa realnı məktəbində, Moskvada Lunaçarski adına Dövlət Teatrı İnstitutunun rejissorları təkmilləşdirmə kursunda təhsil alıb. Həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərib. Bir neçə həvəskarla birləşib Ağdam şəhərində teatr truppası yaradıb. Ağdam xalq teatrı dövlət teatrı statusu alandan sonra burada rejissor, baş rejissor və bədii rəhbər olub. Bir müddət Aşqabadda çalışıb, orada "Arşın mal alan" tamaşasını səhnəyə qoyub. Heydər Şəmsizadə 1981-ci il sentyabrın 28-də vəfat edib.
MİR CƏLAL PAŞAYEV (1908-1978)
Azərbaycanın əməkdar elm xadimi, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mir Cəlal Əli oğlu Paşayevin anım günüdür. O, 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən, uşaqlığı burada keçib. 1918-1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb, daha sonra Gəncə Darülmüəlliminə daxil olub. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib. Təhsilini Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində və Azərbaycan Elmlər Akademiyasının aspiranturasında davam etdirib. 1928-ci ildə mətbuatda ilk şeirləri çap olunub. 1930-cu ildən etibarən hekayələr yazıb. İlk irihəcmli əsəri - "Dirilən adam" romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunub. İlk dəfə 1937-39-cu illərdə hissə-hissə "Revolyusiya və kultura" jurnalında nəşr olunan "Bir gəncin manifesti" əsəri isə yazıçının həyatında böyük bir dönüş yaradıb. "Kommunist" qəzetində şöbə müdiri, "Gənc işçi" qəzetində məsul katib, Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda elmi işçi, Azərbaycan Dövlət Universitetində dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb. Bir sıra orden və medallarla təltif edilib. Mir Cəlal Paşayev 28 sentyabr 1978-ci ildə vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.
CAMAL ƏBDÜL NASİR (1918-1970)
Misirin ikinci prezidenti, Sovet İttifaqı Qəhrəmanı Camal Əbdül Nasir də bu gün xatırlanır. O, 1918-ci il yanvarın 15-də Misirin Əsyut vilayətində kiçik poçt məmurunun ailəsində anadan olub. 1937-ci ildə hərbi kollecə daxil olub. 1938-ci ilin sonlarında kurs yoldaşları ilə birgə Sudanla sərhəddə yerləşən Məkkəbad polkunda qulluq etməyə başlayıb. 1952-ci ildə Misirdə monarxiyanın devrilməsinə rəhbərlik edib və növbəti il geniş torpaq islahatları həyata keçirib. 1956-cı ilin iyununda rəsmi olaraq prezident seçilib və ömrünün sonuna qədər bu vəzifədə çalışıb. Camal Əbdül Nasir 1970-ci il sentyabrın 28-də dünyasını dəyişib.
ŞİMON PERES (1923-2016)
İsrailin 9-cu prezidenti Şimon Peresin anım günüdür. O, 2 avqust 1923-cü ildə Polşanın Vişneva rayonunda anadan olub. 1934-cü ildə anası və kiçik qardaşı ilə birlikdə Fələstinə köçüb. Təl-Əviv şəhərinin sayılıb-seçilən təhsil ocaqlarından olan "Belfur" gimnaziyasını və kənd təsərrüfatı üzrə ixtisaslaşmış peşə məktəbini bitirib. Bir müddət fermer kimi müxtəlif yerlərdə işləyib. 1950-ci illərdə ABŞ-ın Nyu-York və Harvard universitetlərində təhsilini davam etdirib. Karyerasının 70 ili ərzində İsraildə demək olar ki, bütün ali siyasi vəzifələri tutub, o cümlədən prezident, baş nazir, xarici işlər və maliyyə naziri vəzifələrində çalışıb. 1994-cü ildə Fələstinlə müvəqqəti sülh sazişinə nail olduğuna görə Yasir Ərəfat və İshak Rabinlə birlikdə Nobel sülh mükafatına layiq görülüb. 11 kitab müəllifi olan Şimon Peres 2016-cı il sentyabrın 28-də vəfat edib.
FİRUDİN HAŞIMZADƏ (1935-2018)
AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Firudin Haşımzadənin xatirə günüdür. O, 1935-ci il dekabrın 7-də Bakıda Azərbaycanın ilk fiziklərindən biri olan Məmmədəli Uğur oğlu Haşımzadənin ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. Azərbaycan EA-nın Fizika İnstitutunda aspirant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri, direktor, baş elmi işçi vəzifələrində çalışıb. Elmi fəaliyyəti ilə yanaşı, 30 ildən artıq müddətdə Bakı Dövlət Universitetində mühazirələr oxuyub. "Fizika" elmi jurnalının və yarımkeçiricilərin nəzəriyyəsi sahəsində elmi məktəbin yaradıcısıdır. 150-dən çox elmi əsərin və 1 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 11 elmlər doktoru, 22 fəlsəfə doktoru hazırlanıb. Azərbaycanın Dövlət Mükafatına və AMEA-nın “Nəsirəddin Tusi” adına mükafatına layiq görülüb. Firudin Haşımzadə 28 sentyabr 2018-ci ildə vəfat edib.