Dünyanın bu günü - 28.11.2020

FRİDRİX ENGELS

(1820-1895)

 

Fransız əsilli alman filosofu, sahibkar, marksizmin yaradıcılarından biri Fridrix Engels 28 noyabr 1820-ci ildə Almaniyanın Barmen şəhərində dünyaya gəlib. Barmen şəhərindəki məktəbdə və Elberfelddə Gimnaziyada təhsil alıb. Atasının ortağı olduğu "Ermen və Engels" firmasında işləyib. Varlı kapitalistlərə qarşı mübarizə aparan inqilabçıya çevrilib, 1849-cu ildə Cənub-Qərbi Almaniyadakı silahlı üsyanda iştirak edib, barrikadaların qurulmasında və küçə döyüşlərində xüsusi fəallıq göstərib. Marksizmin yaradıcılarından biri Karl Marksın yaxın dostu, köməkçisi və bir çox əsərlərinin həmmüəllifidir. Özü də fəlsəfəyə dair bir çox əsər yazıb. Karl Marksa maddi cəhətdən böyük kömək göstərib. Fridrix Engels 5 avqust 1895-ci ildə Londonda vəfat edib.

 

 

TƏRLAN ƏLİYARBƏYOV

(1892-1956)

 

Azərbaycan sərkərdəsi, general Tərlan Abdulla oğlu Əliyarbəyov 1892-ci il noyabrın 28-də Şamaxıda dünyaya gəlib. I və II Dünya müharibələrinin, Rusiyada vətəndaş müharibəsinin iştirakçısı olub. 1918-1919-cu illərdə Milli Orduda polk komandirinin, Bakı şəhər hərbi rəisinin müavini vəzifələrində çalışıb. 1923-29-cu illərdə Azərbaycan hərbi komissarının köməkçisi və ərazi idarəsinin rəisi olub. II Dünya müharibəsi illərində 416-cı Taqanroq diviziyasının komandiri, Azərbaycan Xalq Maarif Komissarının müdafiə işləri üzrə müavini və digər məsul vəzifələrdə çalışıb. 1948-ci ildə istefaya çıxıb. “Lenin”, “Qırmızı Bayraq”, “Müqəddəs Stanislav”, “Müqəddəs Georgi" və başqa ordenlərə layiq görülüb. Tərlan Əliyarbəyov 1956-cı il fevralın 15-də Bakıda vəfat edib. Bakıda və Şamaxıda adına küçə var, Şamaxı Tarix-diyarşünaslıq muzeyində guşəsi yaradılıb.

 

 

SEVDA İBRAHİMOVA

(1939)

 

Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, professor, bəstəkar Sevda Mirzə qızı İbrahimova 1939-cu ilin bu günü Bakıda anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını pianoçu və bəstəkar ixtisasları üzrə təhsil alıb. 1960-cı ildə Bülbül adına musiqi məktəbində pedaqoji fəaliyyətə başlayıb. 1971-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında çalışıb. Tar, piano, orqan və simli orkestr üçün silsilə əsərlərin müəllifidir. Bir sıra sənədli və bədii filmlərə mahnılar yazıb. Sevda İbrahimova xalq yazıçısı Mirzə İbrahimovun qızı, görkəmli tarzən Qurban Pirimovun nəvəsidir.

 

 

ALQAYIT

(1939-2013)

 

Tanınmış aşıq, el şairi Alqayıt Bayram oğlu Xəlilov 28 noyabr 1939-cu ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirdikdən sonra 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsinə daxil olub, 1967-ci ildə isə həmin institutun Dil və ədəbiyyat şöbəsini bitirib. 1967-1972-ci illərdə Daşkənd kənd orta məktəbində müəllimlik edib. 1972-1974-cü illərdə "Mingəçevir işıqları" qəzetində fəaliyyət göstərib. 1974-cü ildə yenidən Göyçə mahalına qayıdıb, Basarkeçər rayonunda çap olunan "Bolluq uğrunda" və "Vardenis" qəzetlərində çalışıb. 1979-cu ildən Göygöl rayonunda məskunlaşıb, Göygöl rayon Mədəniyyət Evində aşıqlar ansamblının bədii rəhbəri kimi fəaliyyət göstərib. 1996-cı ildən ömrünün axırına qədər Bakı şəhərində yaşayıb. Alqayıt 2013-cü il yanvarın 12-də Xırdalan şəhərində vəfat edib.
 

 

HƏSƏN AĞA BAKIXANOV

(1833-1898)

 

Azərbaycanın məşhur sərkərdələrindən Həsən Ağa Bakıxanovun anım günüdür. O, 1834-cü il Qubada anadan olub. Tiflisdə və Peterburqda kadet məktəbində oxuyub. Hərbi təhsilini bitirdikdən sonra əlahiddə Qafqaz ordusuna göndərilib. General Həsən ağa Bakıxanov Rusiyanın “Müqəddəs Vladimir”, “Müqəddəs Anna”, “Müqəddəs Stanislav”, “Müqəddəs Georgi” ordenlərinə, eləcə də İranın “Şire-Xurşid” ordeninə layiq görülüb. 1880-ci ildə isə general-mayor rütbəsində istefaya çıxıb və ömrünün axırınadək Qubada yaşayıb. Həsən ağa Bakıxanov 1898-ci il noyabrın 28-də vəfat edib.

 

 

HƏSƏN BƏY ZƏRDABİ

(1837-1907)

 

Azərbaycan milli mətbuatının banisi, maarifçi-demokrat, publisist və pedaqoq Həsən bəy Zərdabinin xatirə günüdür. Həsən bəy Səlim bəy oğlu Məlikov 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, orta təhsilini Tiflisdə tamamlayıb. Moskva Universitetinin Fizika-riyaziyyat fakültəsini təbiət elmləri üzrə bitirib. 10 mart 1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundovun "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyalarını tamaşaya qoyub, bununla da tarixə Azərbaycan milli teatrının banisi kimi düşüb. 1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan “Əkinçi”nin nəşrinə başlayıb. Lakin qəzetin ömrü uzun olmayıb və 1877-ci il sentyabrın 29-da nəşri dayandırılıb. 1880-1890-cı illərdə Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoe obozrenie" və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunub. Ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyən Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

ZƏHRA SALAYEVA

(1922-2005)

 

Azərbaycanın əməkdar elm xadimi, nevropatoloq, tibb elmləri doktoru, professor Zəhra Məmməd qızı Salayeva da bu gün xatırlanır. O, 15 mart 1922-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. İnstitutun sinir xəstəlikləri kafedrasının müdiri, Azərbaycan Tibbi Genetiklər Cəmiyyətinin sədri işləyib. 3 monoqrafiya, 4 dərslik və 4 dərs vəsaitinin müəllifidir. SSRİ Ali Sovetinin deputatı olub. Zəhra Salayeva 28 noyabr 2005-ci ildə Bakıda vəfat edib.

 

 

ZƏHRA QULİYEVA

(1923-2005)

 

Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Zəhra Tahir qızı Quliyevanın anım günüdür. O, 1923-cü il yanvarın 18-də Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 132 saylı orta məktəbdə aldıqdan sonra 1940-cı ildə məktəbi yaxşı qiymətlərlə bitirdiyi üçün Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə imtahansız qəbul edilib. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilib, 1975-ci ildə həmin kafedranın müdiri olub.  Azərbaycan Tibb İnstitutunun rektoru, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışıb, SSRİ Ali Sovetinin və Bakı Şəhər Sovetinin deputatı olub. 2000-ci ildə Nyu-Yorkda BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxış edən ilk azərbaycanlı qadın olub. Zəhra Quliyeva 2005-ci il noyabrın 28-də Bakıda vəfat edib.

 

 

RAFİQ MEHDİYEV 

(1933-2009)

 

Azərbaycanın xalq rəssamı, professor Rafiq Mahmud oğlu Mehdiyevin xatirə günüdür. O, 1933-cü il iyunun 10-da Naxçıvan MR-in Şahbuz rayonunda anadan olub. Bakıda 31 saylı məktəbdə, Əzim Əzimzadə adına rəssamlıq texnikumunda və Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika fakültəsində təhsil alıb. Bitirdiyi rəssamlıq texnikumunda və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim, Azərbaycan Dövlət İncəsənət İnstitutunda dekan vəzifələrində çalışıb. Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Prezident təqaüdçüsü Rafiq Mehdiyev 2009-cu il noyabrın 28-də Bakıda vəfat edib. O, şair Tofiq Mahmudun və kinorejissor Hüseyn Mehdiyevin qardaşı, rəssam Rəşad Mehdiyevin atası, heykəltəraş İmran Mehdiyevin babasıdır.

 

 

FİRUDİN HÜSEYNOV

(1937-2004)

 

Azərbaycanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Firudin Hüseyn oğlu Hüseynov da bu gün xatırlanır. O, 10 noyabr 1937-ci ildə Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olub. Kənd orta məktəbini və M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1963-1965-ci illərdə həmin institutda müəllim, 1965-1990-cı illərdə Azərbaycan Dövlət Universitetində müəllim və Rus dilçiliyi kafedrasının müdiri işləyib. 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin prorektoru, 1990-1997-ci illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda rektor vəzifəsində çalışıb. Akademik Yusif Məmmədəliyev adına mükafata layiq görülən Firudin Hüseynov 28 noyabr 2004-cü ildə Bakıda dünyasını dəyişib.

Müəllif | Apa.Tv
Apa.tv