Dünyanın bu günü - 29.01.2021

MİQ-29 TƏYYARƏSİNİN QƏZAYA UĞRAMASI

(2008)

 

29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi bazadan təlim uçuşu üçün havaya qalxan "MiQ-29" markalı döyüş təyyarəsi sahildən 6 km uzaqlıqda dənizə düşüb. Qəza nəticəsində təyyarəni idarə edən pilotlar - polkovnik-leytenant Fəxrəddin Əsgərov və kapitan Əfqan Aslanov həlak olub. Əfqan Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, Fəxrəddin Əsgərovun meyitini tapmaq mümkün olmayıb. Hər iki pilotun 34 yaşı vardı.

 

 

ANTON ÇEXOV

(1860-1904)

 

Görkəmli rus yazıçısı Anton Pavloviç Çexov 1860-cı il yanvarın 29-da Rusiyanın Taqanroq şəhərində anadan olub. Buradakı Yunan məktəbində və Taqanroq Gimnaziyasında, Moskva Dövlət Tibb Universitetinin tibb fakültəsində təhsil alıb. Dramaturq kimi klassik rus ədəbiyyatının ən yaxşı nümunələrini yaradıb. 25 illik yaradıcılığı ərzində 300-dən artıq əsər yazıb. "Qağayı", "Vişnə Bağçası", "Üç Bacı", "İvanov", “6 nömrəli palata”, “Duel” və başqa əsərlərin müəllifidir. Anton Pavloviç Çexov 1904-cü il iyulun 15-də Almaniyanın Badenvayler şəhərində vəfat edib və Uspenski kilsəsindəki monastır qəbiristanlığında, atasının yanında dəfn edilib.

 

 

CƏMO BƏY CƏBRAYILBƏYLİ

          (1887-1965)

 

Görkəmli pedaqoq və ictimai xadim Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli 29 yanvar 1887-ci ildə Şamaxı şəhərində anadan olub. Mir Cəfər Seyidzadənin mənəvi yardımı ilə 1896-cı ildən 1901-ci ilədək Şamaxı şəhər məktəbində oxuyub. 1908-ci ildən pedaqoji fəaliyyətə başlayıb. 1919-cu ilə kimi Şamaxıda müəllim işləyib. Bakı mətbuatında, əsasən “Məktəb” jurnalında uşaq pyesləri, hekayələr və şeirlər dərc etdirib. 1922-ci ildə ali pedaqoji kursları, 1931-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun biologiya fakültəsini bitirib. Müxtəlif illərdə Sənaye Akademiyasında və Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda işləyib. Azərbaycanda pedaqoji kadrların hazırlanmasına böyük əmək sərf edib. Bir sıra dərsliklərin, 30-dan çox elmi-metodik kitabın müəllifidir. Cəmo bəy Cəbrayılbəyli 1965-ci il iyulun 30-da Bakıda dünyasını dəyişib.

 

 

TOFİQ BƏHRAMOV

       (1925-1993)

 

Azərbaycanın məşhur futbol hakimi və futbolçusu Tofiq Bəhram oğlu Bəhramov 1925-ci ilin bu günü Ağdamda doğulub. Uzun illər “Neftçi” futbol komandasında oynayıb, sonra həmin klubun məşqçisi olub. 1960-cı illərin əvvəlindən isə hakimlik etməyə başlayıb. 1966-cı il dünya çempionatında İngiltərə və AFR (Qərbi Almaniya) milliləri arasında keçirilmiş final matçı onu məşhurlaşdırıb. Hesab 2:2 ikən əlavə vaxtda isveçrəli baş hakim Qottfrid Dinst azərbaycanlı yan xətt hakimi ilə məsləhətləşdikdən sonra mərkəzi göstərib. Sonradan daha bir qol vuran İngiltərə yığması 4:2 hesabı ilə qələbə sayəsində dünya çempionu olub. Tofiq Bəhramov sonrakı dünya çempionatında da hakimlik edib. AFFA-da Hakimlər Komitəsinin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Tofiq Bəhramov 1993-cü il martın 26-da Bakıda dünyasını dəyişib. Hazırda ölkənin ən böyük idman qurğusu - Bakıdakı Respublika stadionu Tofiq Bəhramovun adını daşıyır. O, dünya futbol tarixində heykəli qoyulan və adı stadiona verilən ilk hakimdir.

 

 

LEYLA VƏKİLOVA

(1927-1999)

 

Azərbaycanın xalq artisti, milli balet sənətinin əfsanəvi və klassik dühalarından Leyla Məhəd qızı Vəkilova 1927-ci il yanvarın 29-da Bakıda doğulub. Bakı Xoreoqrafiya Məktəbini bitirdikdən sonra Moskvada təcrübə keçib. 1943-1971-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Milli baletlərdə klassik rəqs texnikası və xalq rəqslərinə xas elementlərdən məharətlə istifadə edib. Dünya və Azərbaycan bəstəkarlarının balet tamaşalarında yaddaqalan obrazlar yaradıb. Dünyanın bir çox şəhərlərində qastrollarda olub. Leyla Vəkilova 20 fevral 1999-cu ildə Bakıda vəfat edib.

 

 

KAMİL CƏLİLOV

        (1938)

 

Azərbaycan qoboyçusu, bəstəkar və pedaqoq Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində dülgər ailəsində anadan olub. 14 yaşında ikən musiqi məktəbini bitirib. Asəf Zeynallı adına Musiqi Məktəbini və Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Pedaqoji fəaliyyətə qarmon müəllimi kimi başlayıb, Respublika İncəsənət Gimnaziyasında 25 ildən artıq müəllimlik edib. 1965-ci ildə Nazim Rzayevin rəhbərlik etdiyi indiki Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə solist təyin olunub. Həmin illərdə Kamil Cəlilov həm də Azərbaycan Televiziya və Radiosunun simfonik orkestrində solist olaraq çalışırdı. O, qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır.

 

 

ŞAHİN ALLAHYAROV 

(1993-2020)

 

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Hüseynbala oğlu Allahyarov 1993-cü il yanvarın 29-da Şamaxı rayonunun Paşalı kəndində anadan olub. 1995-ci ildən Quba rayonunda yaşayıb. Zizi kənd tam orta məktəbində təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Baş gizir Şahin Allahyarov noyabrın 1-də Şuşa döyüşləri zamanı şəhid olub və Quba rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.

 

 

ƏLİ ƏSGƏR MƏMMƏDOV

          (1919-2000)

 

Şərqşünas alim, pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycanda müasir ərəbşünaslığın banisi Əli Əsgər Cəfər oğlu Məmmədovun anım günüdür. O, 10 oktyabr 1919-cu ildə Bakının Keşlə kəndində dünyaya gəlib. 7 illik məktəbi bitirdikdən sonra Bakı Sənaye Texnikumuna daxil olub. Sonralar Azərbaycan Pedaqoji İnstitutunun xarici dillər fakültəsinin alman dili şöbəsini, Moskva Hərbi Xarici Dillər İnstitutunun ərəb dili şöbəsini bitirib. Əmək fəaliyyətinə Bakı Xüsusi Hərbi Dəniz Məktəbində alman dilinin tədrisi ilə başlayıb. SSRİ Xarici İşlər Nazirliyinin xətti ilə 1945-ci ilin dekabr ayından 1946-cı ilin fevral ayınadək Nürnberq Beynəlxalq Hərbi Tribunalında alman dili tərcüməçisi kimi iştirak edib. O, həmin prosesdə iştirak edən yeganə azərbaycanlı olub. 1947-ci ilin avqust ayından Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində çalışıb. 1947-1950-ci illərdə Universitetdə baş müəllim vəzifəsində işləyib. 1994-cü Azərbaycanda müdafiə etmədən doktorluq dərəcəsi alan ilk alim olub. Əli Əsgər Məmmədov 29 yanvar 2000-ci ildə Bakıda dünyasını dəyişib.

 

 

MUSA MİRZƏYEV

(1933-2016)

 

Azərbaycanın xalq artisti,  professor Musa Abdulla oğlu Mirzəyev də bu gün xatırlanır. O,  26 yanvar 1933-cü ildə Bakı şəhərində dünyaya gəlib. Asəf Zeynallı adına Bakı musiqi texnikumunda və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə görkəmli sənətkar Qara Qarayevin sinfində təhsil alıb. Əmək fəaliyyətinə 1958-ci ildən etibarən Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində gənclər xorunun konsertmeysteri kimi başlayıb və 1978-ci ilədək burada çalışıb. Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, “Şur” musiqi nəşriyyatında müxtəlif vəzifələrdə işləyib, 1993-cü ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında çalışıb. "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunan Musa Mirzəyev 29 yanvar 2016-cı ildə Bakıda vəfat edib.

 

 

FƏRHAD SÜLEYMANOV

        (1973-1995)

 

Qarabağ müharibəsinin iştirakçısı Fərhad Süleymanovun xatirə günüdür. O, 15 sentyabr 1973-cü ildə  Hacıqabul rayonunda anadan olub. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, daha sonra Omsk şəhər Ali Məktəbinə daxil olub. 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. 1993-cü ilin may ayında ağır döyüşlər zamanı ermənilər Fərhadı və ondan başqa 7 nəfər döyüşçünü əsir götürüb. Onları dəhşətli işgəncələrdən sonra İrəvan şəhərinə gətiriblər. Fərhad Süleymanov 1995-ci il yanvarın 29-da ağır işgəncələr nəticəsində şəhid olub.

 

 

NAHİD SƏFƏROV

       (1996-2016)

 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Nahid Fikrət oğlu Səfərovun xatirə günüdür. O, 1996-cı ildə Lənkəran şəhərinin Vilvan kəndində anadan olub. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və doğulduğu kənddə dəfn olunub. Nahid Səfərov göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə

Müəllif | Apa.Tv
Apa.tv