Dünyanın bu günü - 29.04.2021
ƏDİLƏ HÜSEYNZADƏ
(1916-2005)
Əməkdar incəsənət xadimi, bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hacıağa qızı Hüseynzadə 1916-cı ilin bu günü Bakıda dünyaya gəlib. 1942-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi şöbəsində Üzeyir Hacıbəyovdan dərs alıb. Bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata və xor miniatürləri yaradıb. Onun Nizaminin sözlərinə yazılmış "Vəslin həvəsi" romansı, habelə Nəsimi, Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şeirlərinə bəstələnmiş romansları və şəksiz nailiyyəti olan "Duyğular" vokal silsiləsi musiqimizin inciləridir. O, "Arşın mal alan" operettası əsasında çəkilmiş bədii filmdə Asya rolunu səsləndirib. Uzun illər Bülbül adına orta ixtisas musiqi məktəbində bəstəkarlıq fənnindən dərs deyib. 1944-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Ədilə Hüseynzadə 2005-ci il iyulun 20-də vəfat edib.
ƏJDƏR İBRAHİMOV
(1919-1993)
Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov 1919-cu il aprelin 29-da Bakıda anadan olub. 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsini bitirib. 1937-1942-ci illərdə Aşqabad musiqili dram teatrında aktyorluq edib, daha sonra Bakıya qayıdaraq kinostudiyada işləyib. “Firuzə”, “Xəzər dənizinin şərqində” mənzərə filmlərini, “Azərbaycanfilm” kinostudiyasında “Bir məhəlləli iki oğlan”, “Onun böyük ürəyi” bədii filmlərini çəkib. Bir müddət Vyetnamda işlədikdən sonra “Mosfilm” studiyasında rejissor kimi fəaliyyət göstərib. “26-lar”, “Ulduzlar sönmür” bədii filmlərinə quruluş verib. “Məhəbbətim mənim, kədərim mənim” onun son filmi olub. Ssenarist Marqarita Maleyevanın həyat yoldaşı olan Əjdər İbrahimov 20 sentyabr 1993-cü ildə Moskvada vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn edilib.
NAMİQ MAİLOV
(1983-2020)
Şəhid Namiq Abış oğlu Mailov 29 aprel 1983-cü ildə Biləsuvar rayonunda anadan olub. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. 2007-ci ildə hərbi məktəbdə gizirliyi oxuyub, tank komandiri kursunu bitirərək Naxçıvanda xidmətə başlayıb. 2015-ci ildə nümunəvi xidməti nəzərə alınaraq zabit kurslarına göndərilib. 2016-cı ilin Aprel döyüşlərində və 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Baş leytenant Namiq Mailov elə müharibənin ilk günündə Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olub və Biləsuvar şəhər qəbiristanlığında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
ANAR CAVADZADƏ
(1990-2020)
Şəhid Anar Tahir oğlu Cavadzadə 1990-cı ilin bu günü İmişli rayonunda dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Əsgər Anar Cavadzadə 17 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən döyüşlər şəhid olub və İmişli rayonunun Telişli kəndində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
FƏRİD MƏMMƏDOV
(1990-2020)
Şəhid Fərid Vəlhəd oğlu Məmmədov 29 aprel 1990-cı ildə Abşeron rayonunun Xırdalan şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. 2008-2010-cu illərdə həqiqi hərbi xidmətdə olub. 2010-2016-cı illərdə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Daxili Qoşunlarda kimi xidmət edib. 2017-ci ildə 3 aylıq gizir hazırlığı kursunu bitirdikdən sonra Təlim Tədris Mərkəzinə təyin olunub. 2019-cu ilin dekabr ayında Ehtiyat Zabitlər kursunu bitirərək, leytenant rütbəsi ilə tağım komandiri vəzifəsinə təyin olunub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Fərid Məmmədov oktyabrın 25-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və İkinci Fəxri Xiyabanda dəfn edilib.
TELMAN NƏHMƏTOV
(1990-2020)
Şəhid Telman Təyyar oğlu Nəhmətov 1990-cı il aprelin 29-da Astara rayonunun Alaşa kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Çevik Polis Alayında və Daxili Qoşunlarda xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Kiçik çavuş Telman Nəhmətov oktyabrın 31-də Xocavənd döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
AĞALİ AĞAYEV
(1995-2020)
Şəhid Ağali Tağı oğlu Ağayev 29 aprel 1995-ci ildə Siyəzən rayonunun Balaca Həmyə kəndində anadan olub. 2013-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kiçik gizir Ağali Ağayev oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
ELVİN QURBANOV
(1999-2020)
Şəhid Elvin Elmar oğlu Qurbanov 1999-cu il aprelin 29-da Qusar şəhərində anadan olub. Orta təhsilini tamamladıqdan sonra həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elvin Qurbanov oktyabrın 1-də şəhid olub və Qusar şəhərində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
MİR İBRAHİM BƏY TALIŞİNSKİ
(1828-1894)
Azərbaycan hərbçisi, general-mayor Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu Talışinskinin xatirə günüdür. O, 1828-ci ilin iyulun 11-də Lənkəranda dünyaya göz açıb. 1845-ci ildə zabit rütbəsində xidmətə başlayıb. 1850-ci ildə Abşeron piyada polkuna göndərilib, oradakı nümunəvi xidmətinə görə podporuçik rütbəsinə yüksəlib. 1849-1858-ci illərdə Turçidağ, Kutiş, Kumukda hərbi səfərlərdə, Kaytağ və Tabasaran üsyanına qarşı hərbi döyüşlərdə iştirak edib. Göstərdiyi xidmətlərə görə 4-cü dərəcəli "Müqəddəs Anna", 3-cü və 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordenlərinə layiq görülüb və müxtəlif medallarla təltif olunub. O, elmi yaradıcılıqla da məşğul olub, "Rusca-talışca lüğət" tərtib edib. Mir İbrahim bəy Talışinski 1894-cü ilin aprelində Lənkəranda vəfat edib və Böyük Bazar məscidinin yanında tikdirdiyi "Yaranal xan təkyəsi"ndə dəfn olunub.
HƏNİFƏ ƏLƏSGƏROV
(1912-1991)
Bu gün Bakı şəhərinin baş memarı Hənifə Əliskəndər oğlu Ələsgərovun anım günüdür. O, 1912-ci il yanvarın 1-də müəllim ailəsində anadan olub. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsini bitirib. 1939-cu ildə Dövlət Layihə İnstitutunda Şəhərlərin planlaşdırma şöbəsinə rəhbər təyin olunub. Sonralar Azərbaycan SSR Nazirlər Soveti yanında memarlıq işləri üzrə birinci müdir müavini, Bakı şəhərinin Baş memarı vəzifəsində işləyib. Gəncədə toxuculuq kombinatının inzibati binası, Şuşada mehmanxana və pansionat, Bilgəhdə müalicə məişət korpusu, Bakıda Rus Dili və Ədəbiyyatı İnstitutunun tədris korpusunun tikilməsində, Nizami və Azadlıq meydanlarının yenidən qurulmasında iştirak edib. Bakı Metropoliteninin "Qara Qarayev" stansiyasının layihəsini verən memar 50-dən çox məqalə, kitab və kitabçaların müəllifidir. SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı adına layiq görülüb, 1-ci dərəcəli “Vətən müharibəsi”, “Qırmızı Ulduz”, “Şərəf nişanı” ordenləri və medallarla təltif edilib. Hənifə Ələsgərov 1991-ci ilin aprelində Bakıda dünyasını dəyişib.